Dramatik poema

Şəxslər

Şair – 25 yaşında xəyalpərvər, sövdaməzac bir gənc
Qadın – 22 yaşında ruhnəvaz, həssas, dilbər bir qadın
Pərişan saçlı, əsmər çöhrəli gənc bir qadın kölgəsi. Şairin vəfat etmiş sevgilisi.

Aydın gecə... İki tərəfi ağaclıq, qayalıq, qocaman daşlar, yaşıl otlar, sarmaşıqlar və
yabanı çiçəklərlə təzyin edilmiş coşqun bir dərə... Seyrək ağaclı bir qaya üzərindən
ensiz bir cığırla Qadın və Şair dərəyə enərkən

Şair
Sallanaraq, canım, böylə nerəyə?

Qadın
Bax, bu cığır enir bir şux dərəyə.
Tut izimi, arxamca gəl, tez gedək, O sevdiyim yerləri bir seyr edək.
Çoxdandır həsrətəm o mənzərəyə, Ay doğmuşkən gəl enək bu dərəyə.

Şair
Tələsməyin nə mənası? Bir dayan...

Qadın
Gəl ki, qiymətlidir bu an, bu zaman. Bu sərinlik, bu aydınlıq, bu hava,
Qənimətdir, ələ düşməz bir daha. Əmdiyimiz aydınlığı saçan ay,
Bir bulud altına girərsə, hay-hay,
Görənmərik sövda üzlü o yeri.

Şair (tərəfə)

Qadın deyil, göydən enmiş bir pəri. Bu ruh, bu zövqdə bəşər tapılmaz.

Qadın

Tut izimi, ehtiyatlı ol bir az,

Ağaclıqdır, qaranlıqdır, bax, sakın!

Qayalardan büdrəməsin ayağın.

Şair

Ay, günəş ki, aydınladır fəzanı,

Səndən alır bu tükənməz ziyanı.

Sənin nurun mənim üçün çıraqdır,

Ay, ulduzdan, günəşdən də parlaqdır.

Bir quş olub uçsan da dağ, yamaca,

Ətək kimi sürünərəm arxanca.

Göy yarılsa, qiyamət etsə qiyam,

Kölgən kimi səndən mən ayrılmaram.

Qadın

Dostum, şairliyin gəlmiş sırası,

Bu sövdalı yerin incə xülyası

Daş ürəkli insanları yumşaldır,

Diz çökdürür, bulud kimi ağladır.

Yaşıl aydınlığı əmən bu axşam,

Bir şairə çoxmu, verərsə ilham?

Hər şeydə bir həzin sövda bildirir.

Şair

Hər şey sənin kimi incə bir şeir.
(Qadın dərəyə atıldıqdan sonra ətrafı həsrətlə süzərək həyəcanlı)

Qadın

Gəl, dostum, gəl, artıq endik dərəyə,

Ah, məftunəm bu dilbər mənzərəyə.

Baxsanız a, nur parlayan yarpaqlar,

Bu çağlayan dərə, coşqun irmaqlar,

Sanki bir çox dadlı sirlər anladır,

Donuq, sönük ürəkləri oynadır.

Bu yosunlu daş üstündə gəl, əylən.

Şair
Bu yerlər bir nümunədir cənnətdən,
Yarpaq kimi baxdıqca ruhum titrər.
Ətrafımda uçan bu şux nəğmələr.

Qadın
Hər bir şeyi unutdurur insana.

Şair
İşıq saçan ruhə, qəlbə, vicdana,
Gözəllikdir, sudur, yaşıllıq bir də.
Hər üçü toplanmış bu məsud yerdə.

Qadın
Hər qəlbi bu yerlər etməz bəxtiyar,
Atılmış yoxluğa incə bir şey var.

Şair
Nədir?

Qadın
Nədir? O bir şeydir ki, mümtaz –
Hər adama hər zaman qismət olmaz.
Bu pərişan gözəlliklər, nəğmələr,
Xəyal kimi tutulmayan kölgələr,
Qarşımızda bu canlanmış təbiət,
Yalnız mənə bunlar verir təsliyət,
Bu gözəllik bir qüvvətin əlilə,
Silinirsə...

Şair
Sən bir şair dililə,

Şair hissilə söz söylərsən, aman.
Sənin bu şairanə hallarından
Bütün-bütün, canım, heyrətdəyəm mən, Sən ən həssas, gözəl qəlbə maliksən, Bir ürək ki, şairlərin şerinin
Həm ruhudur, həm qəlbi, ey nazənin. Bir ürək ki, qızğın sevgi bağlamış,
Bir ürək ki, sevmiş, gülmüş, ağlamış. Bir ürək ki, böylə aydın gecədə,
Həyəcanlar keçirmişdir yenə də.
O ürəkdə qızğın sevgi, atəş var,
Bir ürək ki, sevmiş, olmuş bəxtiyar.

Qadın
Bax yenə də qızğındır, sönməmişdir, Dönük çərxi-fələk tək dönməmişdir. Sus, toxunma bu yaralı könlümə,
Keçmişləri gətirmə göz önümə,
Bir səfili üzmə, mərhəmət eylə!

Şair
Söylə, dediklərim yalanmı, söylə?! Bir ürək ki, mahtablara bürünmüş,
Sevdiyinin arxasınca sürünmüş.
Bir ürək ki, dadmış nəşə, həm kədər, Bir ürək ki, çırpınmış sübhə qədər, Çox bəxtiyar yaşamış.

Qadın
Çox bəxtiyar!
Səndə əsrar duyan haqqın dili var,
Şairlərə doğrumu ilham olur?

Şair
Bir çox zaman ilham olur, doğrudur, Bu tarixi gözlərindən oxudum.

Qadın
Tarixmi? Yox, o qorxunc bir uçurum –

(bir az sükutdan sonra həyəcanla)
Çox xoş günlər gördüm, çox da səfalət, Nə dadlıdır ilk sevgi, ilk məhəbbət!
Mən bir gəncə qızğın sevgi bağladım, İl uzunu sevdim, güldüm, ağladım.
Durğun göydə oynaşan saf mahtabdan Şən, bəxtiyar keçindik biz bir zaman. Ona bütün ürəyimi vermişdim,
Ən nəşəli səadətə irmişdim.
Mahtabların kölgəsində hər gecə,
Əhd-peyman bağlamışdıq gizlicə.
Bu yumuşaq saf ürəkli torpaqlar,
Bu ağaclar, pıçıldaşan yarpaqlar,
Ətək-ətək nur səpən ay və ulduz,
Şahiddir ki, pak niyyətli eşqimiz
Məsum çocuq sevgisindən parlaqdı.
Hava buludlandı, boz şimşək çaxdı,
Üz çevirdi məndən o etibarsız,
Getdi uzaq ölkələrə o yalnız.
Nə məktub var ondan, nə də bir xəbər, Eşqi olur ürəyimdə şöləvər.
İndi böylə xatırladıqca hər an,
Əfi udmuş kimi bağrım olur qan.
Ah, ilk sevgi, ilk müqəddəs xatirə...

Şair
İndi xəyal kimi gəlir nəzərə.

Qadın
Keçmişlərim yalnız mənə təsəlli,
Aramıza xain hicran girəli,
Yuxu belə gözlərimə düşmandır. Yediyim qəm, kədər, içdiyim qandır.
Gecə-gündüz yetim kimi inlərəm,
Fəryadımı yalnız özüm dinlərəm.
O baharı mən xəzansız sanırdım,
Çocuq kimi yatırdım, oyanırdım.
Mənə dövran da bəndəlik edərdi,
Silmişdi qəlbimdən kədəri, dərdi.
Zənn edərdim, daşqın, coşqun bu həyat
Əbədidir, indi solmuş kainat.
Sanki yer, göy dönmüş bütün tərsinə,
Hər şey saxta, müzlüm görünür mənə.
Həyat yalnız mənimçin bisəmərdir,
Udduqlarım hava deyil, zəhərdir.
Ah, ilk sevgi, ilk səmimi məhəbbət!
O uğursuz sevgini mən nəhayət
Gömdüm həsrətli könlümün içinə.
Soldum, söndüm, tükəndim gündən-günə. O günləri andıqca mən hər zaman,
Bahar ömrüm olur boranlı xəzan.
Titrəyirəm solğun bir yarpaq kimi,
Sızlayıram dalğın, çılğın, əsəbi.
Yox səbr, taqətim daha bu dərdə,
Nə xoş günlər keçirmişik bu yerdə.

Qadın əlilə o yeri göstərib, hıçqırıqlarla
bir daş üzərinə düşür

Şair
Bir zamanlar mən də çox bəxtiyardım,
Sevgilimin gözlərində yaşardım.
Qarşılıqlı, qızğın, daşqın bir sövda,
Bizi sərməst etmişdi. Bu arada
Hicran girdi aramıza, o şən gün
Matəm oldu, qara geydi büsbütün.
Yerdən, göydən əli üzülmüş kimi,
Sızlayırdım şaşqın, çılğın, əsəbi.
Hissiz əllər gömdü onu məzara, Ürəyimdə daim sızlar o yara.
Ah, o hicran etdi məni bir sərsəm,
Hər tərəfə həsrətlə üz çevirsəm,
Tavus kimi cilvələnir o canan,
Göz önündə dərhal olur nümayan.
Heç şən deyil, həzin bir sima daşır,
Pəri kimi yavaş-yavaş yanaşır:
Biləyinə toxunurkən bir kərə,
Xəyal kimi qeyb olur birdən-birə.
Yumruğumu sıxıb dalğın inlərəm,
Təsəlliyçin ay, ulduzu dinlərəm.
(Qadın, Şairə bir məktub uzadaraq:)

Qadın
Onun mənə, bax, ilk elani-eşqi,
İlk məktubu, ilk verdiyi sərməşqi.

(Şair məktubu oxuyur)
“Söylə, quzum, sevgi nədir daddınmı? Qızdırmalı röyalarla yatdınmı?
Mürgülərkən şux təbiət hər gecə,
Ulduzlarla qonuşdunmu gizlicə?
Yarpaqlarda inci kimi müntəzəm
Göz yaşlarından heç durmuşmu şəbnəm? Bu zövqü dadmış olsan, bəxtiyarsan,
Yoxsa, yazıq sənə, necə yaşarsan?”

Şair

(mütəəssir)
Çox aşiqanə, şairanə sözlər,
Məhəbbətə qapılmış gəncə bənzər.
Saf ürəkdən doğan ülvi bir xitab,
Siz ona heç vermədinizmi cavab?

Qadın

Bu məktubu aldıqdan sonra bütün,

Tərəddüdlə keçindim beş-altı gün.

Ancaq mən də ona məftun olmuşdum,

Az zamanda çiçək kimi solmuşdum.

Qalmamışdı taqətim, ən nəhayət

Cavab verdim. Ah, yakıcı məhəbbət!..
(Şairə başqa məktub uzadır, Şair alıb oxuyur)

“Mən də bir insanam, camad deyiləm,

Açılmamış ismətli bir qönçəyəm.

Kipriklərimdən şəbnəmlər damlayır,

Yanağımdan inci kimi parlayır.

Aydınlığı sevsəm də yaxlaşmaram,

Əsrarımı göylərə də açmaram.

Qəlbim coşqun məhəbbət ilə çarpar,

Qəndil kimi ümid çırağım parlar.

O öylə bir sağlam, mətin qələdir,

Şairləri, sultanları titrədir”.

Şair

Çox iffətli, mənalı bir cavabdır,

Qızıl güldən çəkilmiş saf gülabdır.

Qadın

Bunlardı eşqimin ilk çiçəkləri,

İndi gözümdə bir hicran dəftəri.

Lənət olsun sənə ah, ey vicdansız!

Səninlə mən nəfəs alırdım yalnız.

Noldu söylə, o yəminlər, peymanlar?

Ah, nə qədər riyakarmış insanlar!

Şair
Səmimiydi mənim sevgim, peymanım, Buna şahid o pəriyi-vicdanım.

Ağaclar arasında pərişan saçlı, əsmər çöhrəli bir qadın kölgəsi zahir olur.
Əsəbi gülüşlərlə Şairə doğru irəliləyir. Şair ona xitabən:

Ey nazənin, sevimli, dilbər kölgə,
Dediklərim yalanmıdır, sən söylə?
Təbəssümlə məni salamlayır, ya.
Ay, o gülüş, bax o baxış, o sima,
Çəkildimi adı, qarşımda hazır.
Mənim kimi o da məni arayır.
Yanaşınca birdən-birə küsərək,
Uçar, gedər o zərrinpər kəpənək.
Həyatdanmı qorxar, nədir bu əsrar?
Yoxsa onlar bizdən məsud yaşarlar? Bu görüşlər məni dəvət üçünmü?
Nədir bu, ya bir üqubət üçünmü?
Həyat, məmat dönmüş günəşə, aya – Neçin girməz ikisi bir araya?
(Dərin sükutdan sonra mütəfəkkiranə) Həyat, məmat – hər ikisi bir xülya!

Qadın
Hər ikisi qorxunc, müdhiş bir röya!

Sevgilisinin kölgəsi Şairi işarətlə çağırır kimi görünür

Şair
Bax, nə qədər həzin, dalğın sürünür, Məni dəvət edər kimi görünür.
Çoxdan məni məhv etmiş idi hicran, Yalnız bu kölgədir məni yaşadan.

Ox, nə qədər canlandı şux kölgəsi,

Sanki qulağımı oxşar şən səsi.
(Kölgə onu dəvət edər kimi görünür, Şair qaçaraq onu təqib edir)

Həyatından mənə xəbər verəcək,

Gəldim, gəldim, məndən ayrılmaz mələk.

Şair kölgəni təqib edir, hər ikisi ağaclar arasında qayib olur. Qadın onları əsəbi və
şairanə baxışlarla süzdükdən sonra

Qadın

Ah, bəxtiyar, get arxasınca, izlə!

Böyük təskin, təsəllidir bu, məncə.

Maraq sevmək, sevilməkdir həyatda,

Bu olmazsa, yox nəşə kainatda.

Bu olmazsa, yoxluq varlıqdan əfzəl,

Böylə varlıq vücud üçün bir əngəl.

(həyəcanlı)

Dünyanın bəxtiyarlığından yalnız

Göz yaşlarım qalmış, o da səbatsız.

Durma, durma qəlbimin ta içindən

Boşan, sən də ülfətini kəs məndən.

Bir zamanlar qəhqəhə, nəşəmizdən,

Zövq alan bu dərə, mehtab, dağ, çəmən,

Hər an bizə qibtə edər kimiydi.

Ancaq ətrafımı alanlar indi

Sanki mənə eyləyirlər istehza,

Hər an mənimlə əylənirlər guya.

Kəskin, acı, təhqiramiz nəzərlər,

Neştər kimi qəlbimə təsir edər.

Yox, bu səfalətə boyun əymərəm,

Gecə-gündüz göz yaşımı tökərəm.

Yaşamaram mən duyğusuz, vicdansız,

Yaşamaram sevgi, ümid, imansız.

(Dərəyə xitabən) Sən ey coşqun, daşqın dərə, bir zaman Bu səfilə qucağında ver məkan.
Dalğaların köpüklənsin, yüksəlsin,
Yorğun cismim qucağında dincəlsin. Əlvida ey səfil həyat, əlvida!
Ram olamaram sənə, heyhat, əlvida! Əlvida ey təhqir edən nəzərlər,
Siz baxdıqca həyatım, ruhum inlər.
Əlvida ey qatı, yumşaq ürəklər!
Əlvida ey iblislər, ey mələklər!
Əlvida ey səhərlər, ey axşamlar!
Sizə gömdüm həsrətli bir yadigar.
Əlvida ey yerlər, göylər, əlvida!..

Bu sözləri deyib Qadın dərəyə atılır. Şair uzaqda
sevgilisinin gəlməsini təqib edər kimi görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

19129 мин
Ağlaşma

ISəhərdən bəri iztirab və sıxıntılardan sonra yenicə yatağıma uzanmışdım ki, qonşu evdən yanıqlı bir şivən qopdu:

19122 мин
Dəyərli bir xatirə

İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.

19146 мин
İblisin hüzurunda

Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

19156 мин

Стихи других поэтов