Qaranlıq... Sehrli və boğucu bir qaranlıq... Hər şey zülmətin div ağırlığı altında yorğun-yorğun mürgüləyir, hər şey dilsiz bir qüvvətin təsiri ilə qorxunc röyalar içində çırpınırdı. Hər şey zülmət içərisində ərimiş, orada-burada göz kimi baxan, nurları udan qaranlığa qarışmışdı. Əngin bir boşluq içərisində sakin kimi görünən yer kürəsi qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı.

Bütün təbiətə, bütün aləmə hakim olan o şübhəli səssizliyə qarşı hər şey dilsiz, hər şey duyğusuzdu.

Bu anda uçurumlu, yalçın bir qaya başında qulaqları batıracaq qədər dəhşətli bir qanad çarpması, dalınca komandanlara məxsus “hazır!” deyə qalın və qorxunc bir səs gurladı. Ölüm qorxusu verən o səsin şiddət və heybətindən bütün dünya titrədi. Mühüm bir hadisə baş vermiş kimi hər yandan qorxunc teyflər səs gələn səmtə qaçır və o ağır sükutu ötə-bəridə eşidilən şiddətli qanad çarpması, bayquş ötüşünə bənzər iyrənc səslər pozur, ortalığı qara kölgələr titrədirdi... O qorxunc kölgələr, qara teyflər qaya başında ov üzərinə hücum edəcək qartal qurumunu almış səs sahibinin ətrafına toplanaraq, onun qanadlarından, ayaqlarından öpərək:

– İblis!.. İblis!.. hər əmrin bizim üçün müqəddəsdir, – deyirdilər.

İblis dörd yanında uçuşaraq, həmhəmələri ilə onu alqışlamaqda olan oğullarını qürurlu baxışları ilə süzdükdən sonra əvvəlki tövrünü pozmadan sözə başladı:

– Çalışqan oğullarım! Bu gün əldə etdiyimiz böyük müvəffəqiyyətlər sizin səy və qeyrətinizin nəticəsidir. İşlər gündən-günə istədiyimiz bir şəkil almaq və böyük bir həyəcanla bəslədiyim arzular gözlədiyim çiçəkləri vermək üzrədir. Bu ilki tərəqqimiz mənə ümid etdiyimdən ziyadə ümidlər verir. Adəmin həyat səhnəsinə ayaq basdığı və bəni-insanları azdırmağa söz verdiyi gündən bəri belə bir müvəffəqiyyətə nail olmamışdım. Qeyrətli balalarım! Bu, uğrunda çəkdiyiniz zəhmətləri. göstərdiyiniz səyi və qeyrəti ürəkdən alqışlayıram. Bu bitməz,tükənməz zəhmətlər şübhəsiz sizin vücudunuzu yormuş, rahatlığınızı pozmuşdur. Ona görə də bu üzücü vəzifədən bir müddət sizi azad edərək, məzuniyyət vermək niyyətindəyəm. bu günkü toplanışdan məqsədim sizin bu xüsusda fikrinizi bilməkdir.

Oğullar bu sözün çətinliyi və ağırlığı altında əzilərək, sükut edir və qəti bir cavab verməyi düşünürdülər. İblis damağını şaqqıldadaraq:

– Cavab veriniz! Sizə bir il istirahət verəcək olsam insan oğlu itaət zəncirini qırmazmı? – deyə soruşdu.

Qayanın başından ta uçurum dərənin dibinə qədər bir-birinin üzərində sıx-sız oturmuş iblis balaları hamısı bir ağızdan etiraz etdi:

– Şah baba, biz ancaq insanları istədiyimiz kimi gördüyümüz zaman rahatlanırıq. Əsrlərdən bəri çəkdiyimiz min cür zəhmət, qurduğumuz min hiylə, saçdığımız min cür fitnə və fəsad nəticəsində insan oğlunu özümüzə əsir etməyə müvəffəq olduq. İndi onları başlı-başına buraxmaq əql və hikmətə əsla müvafiq deyildir.

İblis iyrənc və qorxunc gözlü başını qanadları arasına alaraq düşünürdü. Xənnas ki, İblisin ən çox güvəndiyi, ən hiyləgər və siyasətçi oğullarından idi, qara kölgələri yara-yara irəli gəldi, İblisin hüzurunda diz çökərək ərz etdi:

– Böyük babamız! Qardaşlarımızın sözləri sizi lap da məyus etməsin. bu fikir qorxaqlığından, insan ruhuna dərindən nüfuz etmədiklərindən irəli gəlir. Mənim fikrimcə bundan sonra onları tamamilə sərbəst buraxmaq olar. Zira ki, əkdiyimiz toxumlar o qədər dərin rişə atmış, qurduğumuz tor əl-ayaqları elə sarımış ki, insan bütün şərəf və mənliyini unutmuşdur. Əsrlərcə onların ətrafına dolaşmasaq belə alışmış olduqları adətlərindən əl çəkməzlər. Bir də bizsiz də onların içində o qədər iblislər yetişmişdir ki, onlar bizim yerimizi tuta bilər.

Şeytanlar: “İnsan oğluna inanmaq olmaz!” – deyə yer-yerdən etiraz etdilər.

Xənnas ikinci dəfə İblisin hüzurunda diz çökərək:

– Şah baba, sözümü isbat etməyə izin vermənizi rica edirəm, – dedi.

Xənnasa böyük etimadı olub, sözlərinin əsassız olmadığını bildiyindən İblis ona izin verdi. Xənnas havalanaraq, bir anda gözdən itdi...

Dondurucu və qaranlıq bir qış gecəsi idi. Xənnas böyük bir şəhərin qat-qat qalın pərdəli buludları arasında uçur, uçurdu... Nəhayət, bir nöqtədə durdu, bir saniyə sonra ildırım sürəti ilə yer üzünə endi. O, artıq möhtəşəm bir bina içində idi. Otaqları quş baxışı bir nəzərlə süzdükdən sonra özünü yataq otağına atdı. Bir saat əvvəl kef məclisindən gəlmiş və kəmali-istirahətlə isti yatağında yatmaqda olan insanı qanadları üzərinə alıb havalandı və bir az sonra onu İblisin hüzurunda yerə endirdi.

Şeytanların həmhəməsindən insan gözlərini açdı, özünü iyrənc simalı qələbəlik içində görüncə qorxudan titrədi. İblis əlləri ilə onun başını oxşayaraq:

– Qorxma, qardaşım, sənin malın, canın amandadır – dedi.

Bu sözlərdən sonra insan bir qədər özünü topladı. Sözünü isbat etmək zamanı yetişmiş olduğundan Xənnas gözlərini ənginliklərə dikərək, mühüm bir iş edirmiş kimi quyruğunu buladı. Yer üzünü dərhal qalın bir toz və duman qapladı. Dumanların arasında qanlı və dəhşətli bir lövhə göründü. Göylər, tarlalar alov içində çatır-çatır yanırdı. Əli qılınclı bir yığın insancıqlar barbarlara məxsus bir tövrdə sürü-sürü məzlum insanları qabaqlarına qataraq qılıncdan keçirir, himayəsiz qalmış zavallı insanlar vəhşətlə bir-birinə soxularaq, yalnız başlarını gizlətməyə və bununla özlərini müdafiəyə çalışırdılar. Çoluq-çocuq çöllərə, meşələrə, daşlar altına sığınmış, ətrafı vəhşilərə belə dəhşət verəcək bir fəryad və şivən qaplamışdı. İblis o qanlı lövhəni balaları ilə seyr etməyə başladı. İnsan da bir müddət ürəklərdə qan durduran o mənzərəni seyr etdikdən sonra: “Əcəb tamaşadır!” – dedi. Xənnas babasının hüzurunda mənəviyyatı pozulmuş insanların ruhunu daha ziyadə açıb göstərmək fikri ilə hiddətli bir səslə:

– İnsan! Yaxşı seyr et, bunlar sənin bacıların və qardaşlarındır! – dedi.

Bu sözdən insan oğlu qəlbinin başından yara almış kimi titrədi. qorxa-qorxa dörd ətrafına baxdı. Öz-özünə: “Bu Ərdahan faciəsi olmasın? Əcəba, şeytanlardamı onların nəfinə pul toplayır?” – deyə həzin bir tövr aldı.

Xənnas insan oğlunun elə həzin bir sima almasını çox gözəl anlamışdı. Acı-acı gülümsəyərək:

– Bunlara heç acıyırsanmı? Baxsana. On minlərcə ölən. əzilən, qaçan, sürünən, yurdsuz-yuvasız qalan bu insanlar qardaşlıq əlini sənə uzadaraq, yardım diləyirlər – dedi.

İnsanın bütün bədəni elektrik vurmuş kimi titrədi, şübhəli baxışlarla əvvəlcə lövhəni, sonra dörd bir yanını süzərək sükut etdi. Xənnas ciddi və qəti bir səslə:

– haydı, kisəni çıxar, bu səfil və möhtac bacı-qardaşlarına pul ver! – dedi.

İblis də barmaqlarını havada oynadaraq:

– Doğru deyir, lazımdır, qardaşım!.. – deyə mırıldandı.

Özünü çox pis bir halda hiss edən insan əlləri titrəyə-titrəyə ciblərini bir-bir axtardıqdan sonra istər-istəməz pul kisəsini çıxartdı. İçindəki yüzlük, beş yüzlükləri dəfələrlə sayaraq yenə də kisəsinə yerləşdirib, cibinə qoyduqdan sonra:

– Xənnas ağa, məni bağışlayın, xırda pulum yoxdur, – dedi. Xənnas mənalı bir nəzərlə babasının üzünə baxdı. İblis oğlunun fikrini dərhal anladı. Yüksək və qalın bir səslə:

– Oğlanlarım, artıq şübhəm qalmadı. Oğlum Xənnas sözünü çox gözəl isbat etdi – dedi. – İnsanlığın ən yaxşı sifətlərindən biri də verimdir. Biz həm də verim əli olan insanların qəlbini, vicdanını qaraltmaq və onları bu yoldan uzaqlaşdırmaq üçün çalışırıq. Kağız və mədən parçalarına tapınan və onu öz həmcinsindən qiymətli sayan, qardaşlıq və insanlıq duyğularını məhv etmiş olan bu insancıqlar üçün məəttəl olmağa dəyməz. Gedin, bir neçə il hər cür xidmətdən azadsınız.

Bu sözləri deyib, İblis göy gurultusuna bənzər bir səslə qanadlarını açaraq havalandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов