Üçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.

Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.

Xasay bir əlaçı iftixarı ilə əlində çağırış vərəqəsi bacısı Zinyətlə bərabər sevinə-sevinə evə gəldi. həyətə girdiyi zaman atası Balakişi əlində süpürgə bağçanı süpürürdü. Badam da ağaca söykənib gülə-gülə onunla danışırdı. Xasay qaça-qaça atasının yanına gəldi, çağırışı sevinə-sevinə Balakişiyə uzadıb:

– Ata, sənə çağırış gətirmişəm, məktəbimizdə müsamirə var – dedi.

Balakişi süpürgəni çiyninə söykədi, çağırışı alıb kəlmə-kəlmə oxudu. Sonra sevinclə pıçıldayan gözlərini Xasaya dikərək:

– Oğlum, bu müsamirəyə bütün atalarmı çağırılmışdır? – deyə soruşdu.

Xasay gülə-gülə:

– Bəli ata, ancaq əlaçı tələbələrin çağırışları qırmızı rəngdədir – deyə cavab verdi.

Balakişi gözlərini çağırışdan çəkməyir, köksü şişir, atalıq qüruru artır, üzü, gözü işıqlanır, dodaqları gülümsəyirdi. Bu gecə bir əlaçı atası sifəti ilə müsamirəyə çağırılırdı. Ona bundan böyük bir bəxşış nə ola bilərdi?!

Badam şən və şaqraq bir səslə Zinyətdən soruşdu:

– Sənə də çağırış verdilərmi?

Zinyət dodaqlarını büzüb çiynini çəkərək dedi:

– Mənimki adi çağırışdır, üstündə heç adım da yazılmayıb.

Bu zaman Xasayın sinif yoldaşı Mürsəl də qoltuğunda kitab həyətə girdi. Badam üzünü Xasaya tutub soruşdu:

– Qonşumuz Mürsələ də çağırış verdilər?

– Ona Zinyətdəki çağırışdan veriblər.

Balakişi çağırışın o yan-bu yanına bir daha diqqətlə baxdıqdan sonra qoltuq dəftərinin içinə qoydu və süpürgəni götürüb işinə davam etdi. O çox böyük bir həvəs və maraqla çalışırdı. Qoynunda sevə-sevə saxladığı çağırışı o gün axşama qədər bir çox adama göstərdi. Hamı ona: “Balakişi, bəxtiyarsan, Xasay kimi oğlun var” – deyirdi.

Doğrudan da, Xasay misli az olan uşaqlardan idi ki, onu görən, tanıyan sevməyə bilməzdi; təbiətini saf və parlaq üzündən bilmək olurdu. Bacısı Zinyətlə bərabər məktəbə davam edir, evdə, həyətdə olduğu kimi məktəbdə də özünü müəllimlərinə və bütün yoldaşlarına sevdirirdi. Məktəbdən evə gəlincə kitab çantasını yerindən asıb həyətə qaçırdı. Həyətdə yoldaşları ilə oynar, bağçada atası ilə bərabər çalışıb çiçəkləri suvarar,. alaq edərdi. Xasay hər şeydən çox dərslərinə fikir verir, boş vaxtlarında da ictimai işlərdə çalışırdı. Onu hər kəsdən artıq atası Balakişi ilə sinif rəhbəri Kamil müəllim sevirdi.

Balakişi ailə həyatını, uşaqlarına tərbiyə vermək yollarını düşünür, gözəl anlayırdı. Onun təmiz əxlaqının, gözəl rəftarının da Xasaya ayrıca bir təsiri vardı. Balakişi öz vəzifəsində olduqca ciddi, doğru, çalışqan bir insan idi. Qapıçılıq etdiyi böyük evin alt qatında iki kiçik otaqda yaşayıb sadə, fəqət bəxtiyar bir həyat sürürdü, küçədə, həyətdə, bağçada əlində bel və süpürgə gecə-gündüz işləyirdi.

Ancaq Xasayın anası badam savadsız, bacarıqsız, yeni həyata yad və iradəsiz bir qadın idi. O, ev işlərini görür, hərdən qonşulara su daşıyırdı. Onun bu halı Balakişini çox düşündürürdü. Özü savad kursuna girdiyi zaman: “gəl bərabər gedək” deyə arvadına da təklif etmişdi. Badam qaş-gözünü oynadaraq ona acı-acı güldükdən sonra: “Get, ağlına dua yazdır, bu yaşda oxuyub doktor ha olmayacağam” – deyə rədd etmişdi. Lakin Balakişi inad edib zor-güc onu kursa yazdırdı. Badam ancaq dörd-beş ay kursa getdi. Hesab dərsləri ona çətin gəldiyindən kursdan qaçdı.

Badam vücudca sağlam və gözəl bir qadın idi. Su daşıyarkən əllərində boş vedrə orda-burda laqqırtı etməkdən zövq alır və arabir şən qəhqəhələri pərdə-pərdə yüksələrək ətrafa yayılırdı.

Badamın evinə bitişik Qızyetər adlı qoca bir qonşusu vardı. Onun dul qızı Züleyxa fabrikdə işləyir, üç nəvəsi də məktəbdə oxuyurdu. Böyük nəvəsi Mürsəl Xasayla bir sinifdə idi.

Züleyxa evdə olmayanda arabir Qızyetərin yanına Rəcəb adlı orta yaşlı, şişman bir kişi gəlirdi. Onun kim olduğunu, nə iş gördüyünü kimsə bilmirdi. O bu evə gec-gec gəlir, Qızyetərlə oturub uzun-uzadı yavaş-yavaş danışırdı.

Bir gün Rəcəb Qızyetərlə qapı ağzında oturub söhbət edirdi. Balakişi həyəti süpürürdü. Badam da əllərində boş vedrə iri bir ağaca söykənib Balakişiyə bir çox şeylər anladır, gözü ilə Rəcəbi ona göstərib deyirdi:

– Zalım oğlunun bir görkəminə bax, elə bil çaxır tuluğudur, eni ilə boyu birdir. Əl-ayağını bağlayıb top kimi bir dağdan başı aşağı yuvarlasan görəsən harada dayanar?

Badam bu sözləri deyib şaqqıltı ilə güldü. Rəcəb uzaqdan Badamı mənalı baxışlarla süzüb Qızyetərə dedi:

– Pasport işim düzəldi. Mənzili olan bir arvad da ələ keçirə bilsəm, daha heç qorxum olmaz. Oğlu da diribaşdır, yaxşı ov tulasıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов