XI
Kamil müəllim hər axşam zəhmət kommunasında həbsə məhkum edilmiş gənclərə dərs verirdi. Bir axşam da sinfə girəndə Xasayı burada gördü. Kamil müəllim təəccüb etmədi. Çünki o, hər şeydən xəbərdar idi. Odur ki:
– Oha... Köhnə dostum, bizim zəhmət kommunamıza xoş gəlmisən, səni çoxdan gözləyirdim – deyə Xasaya yanaşdı.
Xasay utandığından başını yerə dikib durdu. Kamil müəllim onun başını oxşayaraq soruşdu:
– Hansı sənəti öyrənirsən?
Dülgərlik şöbəsindəyəm – deyə Xasay cavab verdi.
– Çox gözəl... Bura sənin üçün çox faydalıdır. O səfil həyat bax, səni nə qədər dəyişdirmiş, əxlaq və təbiətin qədər siman da dəyişmiş, əvvəlki Xasaya heç oxşamırsan. Lakin bura səni çox dəyişdirəcək; çünki sənət, insanı zəhmətə alışdırır. Zəhmət isə əxlaq və sağlamlığın açarıdır.
Xasay üç ay zəhmət kommunasında qaldı. Kamil müəllimin təşəbbüsü ilə görülən işlər oradakı gəncləri, eləcə də Xasayın islahı üçün çox gözəl şərait hazırlamışdı. Çox keçmədi ki, Xasay təmizlik briqadası rəhbərliyinə seçildi. Vaxtaşırı gördüyü işlər haqqında müdirə raport verirdi.
Müdir Xasayı çox bəyənmişdi.
Xasay emalatxanada işləyirdi, sinifdə çalışırdı, həyətdə və bağçada yoldaşları ilə oynadığı zaman olduqca şən və bəxtiyar görünür, başqa bir şey düşünmürdü. Yalnız tək və işsiz qaldığı zaman yenə də başında qara dumanlar uçur, keçmiş səfil həyatını düşünməyə başlayırdı. Fəqət Kamil müəllim ona elə şərait yaratmışdı ki, Xasay nə işsiz, nə də yalqız qala bilirdi.
O gün zəhmət evində hamı bir-birinə dəymiş, qəzeti bir-birinin əlindən qapırdı. Qəzetdə Azərbaycanın sovetləşməsinin 15 illiyi münasibəti ilə hökumət əfvi-ümumi elan etmişdi. Bunu eşitmiş olan zəhmət kommunasının uşaqları gözlərini qərardan ayırmayıb çaşqın bir sevinc içində əfvi-ümumi maddələrini oxuyurdu. Hamı sevincindən sıçrayır, oynayır, oxuyur,. min-bir hərəkət edirdi. Bu qərar əvvəlcə Xasayı da çox sevindirdi. Lakin bir saat sonra anası Badamın dilənçi qutusunu, atalığı Rəcəbin işlərini xatırlayınca üz-gözündən sevinc parıltıları bir anda söndü, onun yerinə düşüncə, kədər kölgələri qonmağa başladı. O qol-qanadı yanına düşmüş yaralı bir quş kimi artırmada dolaşırdı. Onu müəllimi Kamil uzaqdan görüncə yaxınlaşdı. Dumanlı gözlərindən, kölgəli üzündən qəlbindəki çırpıntı və kədəri oxudu. Əlini onun çiyninə qoyaraq:
– Hamı həyətdə sevinc dalğaları içində coşub-daşdığı halda, sən nə üçün sönmüş körük kimi durmusan? – deyə ondan soruşdu.
Xasay süni gülümsəyərək:
– Mən onlar kimi coşa bilmərəm – deyə cavab verdi.
Kamil əlini onun çiyninə qoyaraq dedi:
– Bilirəm, səni düşündürən nə şeydir. Qorxma,. buradan çıxdığın gün artıq Rəcəbin üzünü görməyəcəksən. Onun haqqında cinayət axtaran idarəyə məlumat verilmişdir. Badam bacı üçün də fikrim başqadır. Bunları sən düşünmə, məni qorxudan bilirsənmi nə idi? Xuliqanlıqla ləkələndiyin üçün heç bir məktəb səni qəbul etməyəcəkdi. Lakin əfvi-ümumi məktəbə girmək haqqını sənə qaytardı. Bax, buna sevinməlisən. Azad olduğun gün səni məktəbdə gözləyirəm.
İki gün sonra Xasay azad edildi. O indi azadlığa çıxdığı üçün sevinirdi. Oradan bir başa evə getmək istədi. Fəqət evdə onun qəlbinə sevinc və şəfəq saçan bir şey görmədi, düşünə-düşünə ağzı gəldiyi tərəfə getməyə başladı. Şəhər həyatından çoxdan ayrıldığına görə küçələr, adamlar ona bambaşqa görünürdü. Küçələri, mağaza sərgilərini seyr edə-edə yavaş-yavaş dolaşırdı. Üç-dörd saat küçələri dolaşdı. Oradan kolxoz bazarına getdi. Böyük darvazanın yanında dolaşdı. Həsəni gördü. Görüşdülər. Keçmiş həyatı öyrənmək nədənsə Xasayı yenə maraqlandırırdı. Həsəndən bildiyi, tanıdığı “dostları” soruşdu. Həsən çoxunun sürgün edildiyini xəbər verdi.
Həsənin bütün fikri təqib etdiyi qadında idi. Xasaya ala-yarımçıq cavablar verirdi. Birdən o, ov görmüş ovçu kimi sürətlə irəli sıçradı. Xasay dönüb heyrətlə ona baxdı. Həsən üst-başı təmiz bir qadına yanaşdı, onun əlindəki çantasını elə ustalıqla qapıb qaçdı ki, Xasay bir də qadının bağıra-bağıra onun arxasınca qaçdığını gördü. Həsən küçənin bu başından o biri başına keçməli oldu. Yanğınsöndürən maşın küçədən sürətlə keçərkən Həsən özünü saxlaya bilmədi, maşının altına düşdü. Xasay gözlərini yumdu.
Adamlar yığışdı, biri ona acıyır, başqası isə: “Yaxşı oldu, xuliqanlıq etməsin” – deyirdi.
Xasay gördüyü bu acı vaqiədən donub qalmışdı. O, həm Həsənə acıyır, həm də özünü düşünürdü. O, bilirdi ki, xuliqanlığın axırı yoxdur. Bu zaman milis nəfəri yoldan keçən bir arabanı çağırdı. Həsənin meyitini arabaya qoyub apardı. Araba klinikanın darvazasından içəri girdi. Xasay sonuncu dəfə olaraq Həsənin meyitinə baxdıqdan sonra klinikanın divarına söykənib, qəmli-qəmli durdu. Yaxındakı məktəbin şagirdləri, danışa-danışa, gülüşə-gülüşə qoltuqlarında kitab çantası küçədən keçirdilər. Onlar elə səmimi və dadlı danışırdılar ki, Xasayın ürəyi yerindən oynadı, keçmiş günləri yadına düşdü. Gözləri önündən bir çox dadlı xatirələr keçdi. Sonra onun yolunda bu qədər əmək sərf edən, həqiqi bir ata kimi çalışaraq onu uçurumlu yollardan uzaqlaşdıran müəllimi Kamili xatırladı. Kamil onun xəyalında bu gün olduqca böyümüş, qəlbinə, dimağına hakim olmuşdu. Xasay Kamili heç bir zaman bu qədər təqdir etməmişdi. Oradan birbaş evə qayıtdı. Həyətə girincə ilk əvvəl onu Zinyət gördü. “Xasay gəldi, Xasay gəldi”, – deyə sevinə-sevinə ona tərəf qaçdı. Xasay bacısı ilə məhəbbətlə görüşdü. Anası Badam da qaçaraq onun boynuna sarıldı. Badam ondan “Zəhmət kommunasına” dair bir çox şey soruşdu. Xasay gördüklərini qısaca anlatdı.
Xasay o gün çox kədərli və düşüncəli görünürdü.
Ertəsi günü Xasay səhər erkən evdən çıxdı. Küçəni dönərkən yolun ayrıcında durub düşündü. Yolun biri məktəbə, o birisi bazara gedirdi. “Zəhmət kommunası”ndan çıxarkən Kamil müəllim ona: “Sabahdan məktəbə gələrsən” demişdi. Onun qəlbində bir-birinə zidd olan iki qüvvə çarpışırdı. Çox düşündü. Nədənsə bazara gedən yolla getdi. Bir-iki saat bazarı dolaşdı. O, bu gün öz köhnə sənətindən yadırğamış kimi idi. Adamlara necə yanaşsın, əlini başqalarının cibinə necə soxsun? Bunlar ona çətin və ağır görünürdü. Bir də ki, başqa xuliqanların sürgün edilməsi, gözləri önündə yoldaşı Həsənin fəlakətli ölümü onu büsbütün sarsıtmışdı. O indi əllərini bir tərəfə uzadıb “qurtarın məni” deyirdi. Lakin səsi çıxmırdı. Küçə, bazar və adamlar bu gün ona bambaşqa görünürdü. Oradan birbaş evə döndü, ancaq ev də onu sıxırdı, çünki onun yeni istək və tələblərini təmin edə bilmirdi. Xasayı ən çox qorxudan bu məsələ idi. Anasının yanında tum, konfet və papiros qutusunu gördükcə başı dumanlanırdı. Xasay pəncərəyə dirsəklənib bunları düşünürdü. Anası Badam ona yanaşdı:
– Oğlum, bu gün on gündür ki, Rəcəb evə üz çevirmir, onun dalınca gəzirlər, bunu bilib evdən qaçaq düşübdür. İşimiz heç yaxşı deyil. De görüm, oğlum, sən indi nə iş görəcəksən?
Xasay cavab vermədi. Badam ona beş qutu papiros uzadıb:
– Heç olmasa bunları götür sat – dedi.
Xasay papirosları əli ilə itələyib:
– Mən meymun deyiləm – dedi.
– Kül başına, papiros satanlar meymundurmu? – deyə anası heyrətdən böyüyən gözlərini ona dikdi.
– Meymun olmasa adamların qabağında atılıb-düşməzlər.
Anası cavab vermədi. Xasay oradan həyətə çıxdı. Beş dəqiqə sonra evə döndü. O get-gedə əsəbiləşir, qiymətli bir şey itirmiş adamlar kimi zehni, gözü, xəyalı daima bir şey axtarır, düşünür, düşünürdü. Pəncərəyə yaxınlaşaraq kitablarını açdı, səhifələrini bir-bir, yavaş-yavaş çevirdi, oxumağa həvəsi gəlmədi, kitabı yenə büküb:
– Bir zaman mənim ən yaxın dostum siz idiniz, sabahdan yenə siz olacaqsınız! – dedi.
Zinyət gülümsəyərək:
– Sağ ol, qardaşım – deyə sevinclə parıldayan gözləri ilə ona baxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-xasay-xi
Клавиши ← → для перехода, R — случайное стихотворение