XVI
Kamil getdikdən sonra Xasay qəzetə bükülü bəxşişi açdı. Corabdan tutmuş papağa qədər hər şey alınmışdı. Hətta paltarın içərisinə bir qutu konfet də qoyulmuşdu. Xasay şeyləri götürüb o biri otağa keçdi. İş köynəyindən tutmuş coraba, çəkməyə qədər dəyişdi. Yeni paltarı ona çox yaraşırdı. Otaqdan çıxınca anası, bacısı ona baxıb “sağlıqla geyin” – dedilər.
Konfet qutusunu açdı, gülə-gülə:
– Konfet buyurun – deyə Badamın və Zinyətin qarşısına tutdu. Hər ikisi konfetdən götürüb:
– Ağzın şirin olsun, Xasay – dedilər. Özü də iki konfet götürüb qutunu Zinyətə verdi. Sonra oturub sabahkı dərslərini hazırladı.
Xasay səhər yeni paltarını geyib məktəbə getmişdi. O gün Xasay xeyli dəyişmişdi. Sinifdə, tənəffüslərdə özünü nümunəvi bir şagird kimi aparırdı. Dərslərdə fəal iştirak edib müəllimlərinə gözəl cavablar verirdi. Xasaydakı bu dəyişiklik hamının diqqətini cəlb etmişdi. Yersiz deyildi ki, bir müəllimin: “Xasay büsbütün dəyişib, yenə qiyamət edir”, sözünə cavab verib müdir demişdi:
– Görəsən Kamil yenə nə sehr eləyib.
Xasay gündən-günə dəyişdi, hər sahədə özünü göstərməyə başladı. Müəllimlər otağında onun haqqında danışmaq adi bir şey olmuşdu.
Xasay məsələsi hamıdan çox Mirzə Rəhimi maraqlandırırdı. Onun bitməz-tükənməz şikayətləri kəsilmiş, Xasaydakı bu dəyişikliyə heyrət edirdi. Bir gün müəllimlər otağında gülə-gülə Kamilə yanaşdı. Əlini onun çiyninə qoyub yavaşca dedi:
– Kamil, sən bu Xasayı belə necə dəyişdirdin: Bu mənə bir möcüzə kimi gəlir. De görüm nə sehr etdin?
– İnsan bir gündə dəyişməz, bir günə dəyişə bilmək üçün əvvəlcədən min-bir şərait hazırlamaq lazımdır. Yoxsa mənim nə sehrim var, nə də əfsunum. Bir də onu yalnız mən dəyişmədim, bu günkü sosializm quruluşu, sosializm şəraiti və Xasayın bu mühitdən aldığı istedad və qabiliyyəti dəyişdirdi. Mən bir müəllim sifətilə yalnız öz vəzifəmi yerinə yetirməklə onun dəyişməsinə sürət və hərəkət verdim.
Mirzə Rəhim Kamili şəfqətli baxışlarla süzərək düşüncəli gözlərini bir an yerə dikdi. Sonra başını yenidən qaldırıb:
– Kamil! – dedi – Xasay gözümün qarşısına gəldiyi zaman bütün müəllimlər, xüsusən sən nəzərimdə o qədər böyüyürsən ki, otuz illik stajım olmağına baxmayaraq sizdəki bu fədakarlığın qarşısında kiçilirəm. Gənc bir müəllimdə bu qədər səbir, bu qədər mətanət, öz vəzifəsinə qarşı bu qədər sevgi və məhəbbət, bu sarsılmaz iradə və istək nə böyük şeydir! Heç bir dövrdə, heç bir tarixdə heç bir millətin müəllimləri bu qədər fədakarlıq etməmiş və edə bilməz!
Xasayın adı yenə əlaçılar sırasında idi. O bununla kifayətlənməyib yoldaşlarını yarışa çağırdı. Öz sinfindən üç zəif yoldaşını yedəyə aldı. Pioner təşkilatında və başqa ictimai işlərdə daha fəal çalışmağa başladı. Kamil müəllim bunları gördükcə, eşitdikcə sevincindən dərisinə sığmırdı.
Xasay sinif nümayəndəsi seçilmişdi. Bundan sonra sinfin intizamı daha da yüksəlmişdi. O, böyük tənəffüslərdə yoldaşlarını müxtəlif oyunlarla elə gözəl məşğul edirdi ki, şagirdlər və növbətçi müəllimlər ondan çox razı qalırdı. Bütün müəllimlər onu siniflərdə bir nümunə göstərirdilər.
Xasay müdirin də diqqətini cəlb etmişdi. O, məktəbin intizamını və dərslərin keyfiyyətini yüksəltmək fikri ilə nümunəvi bir əlaçı kimi Xasayı bütün siniflərdə göstərmək istəyirdi. Odur ki, Xasayı öz otağına çağırdı. Müəllimlər onu məhəbbətlə qarşıladılar, Xasaya lazım olan təlimatı verdilər. Müdir və müəllimlər onu təntənə ilə siniflərdən birinə apardılar. Müdir keçmiş Xasay ilə indiki Xasay arasındakı fərqdən, bu gün onun bütün şagirdlərə bir nümunə olmasından danışdı. Sonra sözü Xasaya verdi.
– Müdirimiz söylədiyi kimi – deyə Xasay danışmağa başladı, – mən zərərli təsirlərə qapılmışdım. Müdir və sevimli müəllimlərimin çalışması ilə artıq o qorxunc təsirlərdən qurtuldum. Kamil müəllim mənə atalıq etdi. Əlimdən tutub yuvarlandığım uçurumdan məni qurtardı. Bu gün mən öz sinfimizdə əlaçıyam. Mənə çəkilən zəhmətlərə nisbətən bu mənim üçün azdır. İndi bütün sinifləri, qısası, bütün məktəbi yarışa çağırıram.
Buna bənzər görüşlər təxminən bütün siniflərdə təkrar oldu.
Xasayın adı bütün məktəbi basmışdı. Yarışda bütün məktəbdə birinciliyi qazanmış, adı dillərdə söylənirdi. Onun şəkli, qısaca tərcümeyi-halı ilə birlikdə yerli mətbuatda dərc olunmuş, bu məlumat bütün respublikalara göndərilmişdi.
Bir gün Voroşilov rayonundan təftiş üçün məktəbə inspektor gəlmişdi. O bir neçə siniflə tanış olduqdan sonra müəllimlər otağında üzünü müdirə tutub dedi:
– Məktəbinizin ən fəal, nümunəvi əlaçı şagirdi kimdir? Ona rayon maarif şöbəsi adından mədəni guşə bağışlayacağam.
Müdir və müəllimlər yer-yerdən Xasayı göstərdilər. İnspektor sabaha hazırlıq görmək üçün təlimat verib getdi. Müdir siniflərə girib sabah məktəbin ən nümunəvi şagirdinə maarif şöbəsi tərəfindən mədəni guşə bağışlanacağını söylədi, bütün şagirdlərin dərsdən sonra həmin şənlikdə iştirak etməli olduğunu bildirdi.
Siniflər bir-birinə dəymişdi. Hamı: “Mədəni guşə Xasaya veriləcək” – deyirdi.
Sabah dərslərin sonuna doğru avtobus gurultu ilə həyətə girdi. Musiqi dəstəsi hazırlandı. Məktəb müdiri, maarif şöbə müdiri, bir neçə müəllim həyətdə dolaşırdı. Şagirdlər bayram nəşəsi duymuş kimi dərslərin sürətlə bitməsini gözləyirdi. Zəng vurulunca bütün sinif nizamla həyətə çıxdı. Maarif şöbə müdiri qısa bir nitq söylədi. O, intizam, tərbiyə və dərs keyfiyyətinin əhəmiyyətindən danışdı. Sonra məktəbdə birinci əlaçı şagird olan Xasaya Voroşilov rayonunun maarif şöbəsi tərəfindən mədəni guşə bağışlandığını qeyd etdi. Bütün həyət coşdu. Musiqi qurtardı, şagirdlər və müəllimlər Xasayı əlləri üzərinə götürdülər Fotoqraf bu vəziyyətin rəsmini aldı. Şagirdlər həyətdən çıxdılar.
Küçə uşaqlarla dolmuşdu. Musiqi dəstəsi önə keçdi, sonra mədəni guşə aparan avtobus dayandı. Şagirdlər sıraya düzüldü. Kamil müəllimlə müdir Xasayı araya alaraq hərəkət etdilər. küçələrdə tamaşaçılar alay vurmuşdu. Elə nümayişlə Xasayın evinə gəldilər.
Musiqi dəstəsi və şagirdlər Xasaygilin həyətinə girincə bütün həyət axışdı. Badam və Zinyət sevincindən çaşıb qalmışdı. Şagirdlər həyətdə oynayır, Xasayı əlləri üzərində atıb-tuturdular.
Müdirin işarəsi ilə musiqi susdu. Şagirdlər şeyləri avtobusdan biriki düşürdülər. Gözəl çarpayı, əlüzyuyan, yazı stolu, iki skamya, ağ mərmərdən iri mürəkkəbqabı, üzsilən, üst köynəyi, ayaqqabı, idman şeyləri və bir çox başqa şeylər...
Şagirdlər şeyləri otaqlara daşıdı. Badamın göstərişi ilə onları otaqlara və dəhlizə yerləşdirdilər. Sonra təkrar həyətə çıxdılar. Musiqi yenidən başladı. Kamil müəllim qaytağı oyun havasını sifariş verdi. Birinci özü oynadı. Əvvəlcə müdiri, sonra da Xasayı oyuna çağırdı. qarşı-qarşıya oynadılar. Oyun bitən kimi müdir ucadan dedi:
– Yaşasın ailə və məktəb birliyi!
Kamil müəllim əlavə etdi:
– Yaşasın o birliyin meyvəsi olan əlaçı şagirdlərimiz!
– Yaşasın o birliyi yaradan müəllimlər! – deyə müdir iftixarla Kamil müəllimə baxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-xasay-xvi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uçdu mələkim, qaldı mənə dərdü məlalı,Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!
ƏkinçiYaz qapını aldı, əkinçi, oyan!Dur ayağa, tarla səni gözləyir.
Əkin nəğməsiÇək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!İndi sənə yem, su verərəm, durma, kəlim, çək!
KöçMay olcağın el köçür yaylaqlara,Səs-küy düşür meşələrə, dağlara.
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,