Tağı və Nağı
Bir pərdəli pyes
ƏFRADİ - MƏCLİS
Tağı – cavan oğlan, qarovulçu
Nağı – cavan oğlan, papaqçı
Qarı – ev yiyəsi
Birinci pərdə
Kasıb bir evdə vaqe olur. Tağı əlində yaylıq, içində ət, yorulmuş daxil olur, yaylığı
mizin üstünə qoyur
Tağı. A kişilər, belə gün keçirmək olar? Gecələr sübhə kimi yatmayıb qarovul çək, bununla belə aldığın donluq da səni görməsin. Gündə də bir dükançı gəlir ki, nə bilim bu gecə mənim dükanımı kəsiblər. İndi gəl aldığın donluğu da buna ver ki, xəcalətdən qurtarasan. Səhər çörəyini günorta, günortanı axşam saat 8-də yeginən (əti doğramağa başlar). Bu günləri canımdan, boğazımdan kəsib var-yoxumu vermişəm yarım girvənkə ətə, çünki Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik nənəm deyərdi ki, balam, cümə axşamı ocağın altını boş qoyma. Odur ki, mən də onun sözünü yerinə yetirirəm (maşını yandırıb əti tavaya tökər). Bu bişməkdə olsun, mən gedim çayçıdan çay alım gətirim, çünki bu şoğəribin üstündən çay içməsəm, əlüstü əngəl eləyəcək (gedir).
Bir qədərdən sonra Nağı əlində ciyər, ovqatı qaralmış gəlir
Nağı. Allah kəssin belə güzəranı, Allah! A kişilər, səhər-səhər damağın çağ açırsan dükanını bir tikə alış-veriş eləyəsən (əlindəki ciyəri mizin üstə qoyar), elə oturmağını görürsən, bir də görürsən girdovoy girdi içəri: “Zakrıvay yes!”. Günahkar olursan deyəsən: “Nə üçün, yenə nə olub bəyəm?” Bir də gördün, bir dürtmə boynunun ardına vurdu ki, “paşolt pirsidski lopatka, sevodni padşah anadan olan günü rabatay?” Bəli, bağladım. Bu gün belə getdi. İndi kəmaliistirahətlə yenə dükanda oturub papaq tikirsən, bir də aqaloşnik gəldi: “Ada, razve sənim ne znayeş ki, bu gün padşah taxta çıxan gün rabatay?”. Pah atonnan, bu gün də bağladıq. Nə bilim, o biri gün gəlir ki, bu gün taxtdan düşən günü rabatay. A kişi tək padşah olsa yaxşıdır, bunun arvadı var, oğlu var, qızı var, nəvəsi var, nəticəsi var, nə bilim iti var, qurdu var, ziri var, zibili var. A kişilər, lap adamı cana doydurublar (ciyəri götürüb tavaya tökmək istədikdə əti görər). Aha... bu nədir? (qayıdıb ciyəri mizin üstə qoyar). Burada ki, ət var! Bunu bura kim tökmüş olsun? (fikirləşir). Hə, yəqin ki, bu qarının işidi. Evi boş görüb... Yaxşı, zalımın qızı, indi sənə göstərərəm (tavanı götürüb pəncərədən atar, ciyəri tavaya töküb qovurmağa başlar). Bu burada qovrulmaqda olsun, mən də gedim bir dəstə kəvər alım (gedər).
Bir azdan sonra Tağı əlində çay daxil olur, çayı mizin üstə qoyub əti qovurmağa
getdikdə, ciyəri görüb təəccüblənər
Tağı. Aha, bu nədir? Bu ki ciyərdir. Ət ki, dönüb ciyər olmaz. Aha, yəqin bu qarının işidir (qapıya tərəf). Ay sən özün öləsən, “deyə-deyə aşna, çıxdın ocaq başına”. Sənin kimilərin xoruzunu çoxdan qoltuğuna vermişəm (ətəyilə tavanı götürüb qapıdan atmaq istədikdə, gəlməkdə olan Nağı ilə burun-buruna toxunarlar).
Hər ikisi: Paho...
Bir-birinə baxdıqdan sonra Tağının əlini tava yandırdığından, maşının üstə qoyar və
acıqla Nağıya baxar. Nağı əhəmiyyət verməyib gedib ciyəri qovurar. Tağı təəccüblə
Tağı. Balam, sən kimsən?
Nağı (ciyəri qurdalar). Balam, bəs sən kimsən?
Tağı. Mən sənə buyururam, sən kimsən?
Nağı. Mən də sənə ərz edirəm, sən kimsən?
Tağı. Aha, bu yaxşı! Balam, sən burda nə edirsən?
Nağı. Əvvəl sən söylə görüm, sən burda nə eləyirsən?
Tağı. Mən bu otağı qarıdan kirayə tutmuşam.
Nağı. Nə? Adə, mən ki, bunu qarıdan tutmuşam.
Tağı. Hə, həpənd balası, həpənd, getdikcə çaşırsan ha!..
Nağı. Qırışmal oğlunun ağız-burnunu vurub dağıdacağam (balaca qulaylanır).
Tağı (acıqlı). Adə, otağımı yalandan kirayə tutmuşam dediyin bəs deyil, bir heyvərə-heyvərə də danışırsan?
Nağı. Adə, mənim otağımı adına salmaq istəyirsən?! Allah vurub səni də, sənin babanı da! Otaq mənimdir.
Tağı. Adə, belə eləmə ki, yıxım ayağımın altına, qol-qabırğanla hesablaşım ha?!
Nağı (bir dürtmə vurur Tağıya). Adə, kimin, adə?
Tağı (Tağı da bir dürtmə vurur). Adə, sənin...
Nağı (bir yumruq). Deyəsən lap başdan çıxırsan. Otaq mənimdir.
Tağı. Xeyr, mənimdir (o da vurur).
Nağı. Mənimdir.
Vuruşurlar. Bu dəmdə qarı içəri gəldikdə bunlar qızışdıqlarından qarıya bir neçə
yumruq dəyir. Tağı qarının qolundan yapışıb bir tərəfə çəkir
Tağı. Ağız, de görüm otaq kimindir?
Qarı. Sənin!
Tağı (Nağıya). Gördün?
Nağı (qarını bir tərəfə çəkir). Doğrusunu de, kimindir?
Qarı (Nağıya). Sənin!
Nağı (Tağıya). Gördün ki, mənimdir?
Tağı. Xeyr, mənimdir!
Nağı. Allah səni vurmuşdu (vuruşurlar, qarı aralıqda əzilir).
Qarı (döyülə-döyülə). Ay balam, bir dayanın, bura gəlin, oturun (aralarına girib hər ikisinin qolundan tutur. Hərəsini bir stul üstündə oturdub aralarında durur. Nağıya) Ev sənindir (Tağıya). Ev sənindir (onlar hər ikisi də mat bir-birilərinə baxırlar. Qarı Nağıya). Bax, sən gündüzlər dükana gedib axşamlar gəlirsən (Tağıya). Sən gecələr gedib gündüzlər evə gəlirsən. Mən də ki, sonsuz, kimsəsiz qarıyam. Bu otağı bir-birinizdən gizlin hər ikinizə vermişəm ki, bir növ belə hey... sizin də işiniz keçsin, mənim də. İndi öpüşünüz (Hər ikisini miz üstündən əydirib öpüşdürür). Bu gün də ki, cümə axşamıdır, düyüdən-zaddan bişirmiş olarsınız, yəqin ki, bu qoca qarını da yaddan çıxarmazsınız.
Tağı və Nağı mat-məbhut camaata baxdıqlarından qarı üsulluca çıxıb gedir. Tağı və
Nağı hərdən bir-birinə baxıb gülürlər və üzlərini o yana çevirirlər
Tağı. Balam, sənin adın nədir?
Nağı. Bəs sənin adın nədir?
Tağı. Mənim adım Tağı!
Nağı. Mənim də adım Nağı!
Tağı. Sənətin nədir?
Nağı. Mən papaqçıyam. Bəs sən nə işdəsən?
Tağı. Mən də darğayam, darğa!
Birdən ayaq səsi eşidilir. Hər ikisi qapıya gedib qapını tuturlar
Nağı. Aha, deyəsən gələn var, yəqin qarıdır. Qoyma!
Tağı (qapını bərk tutur). Bərk tut, məbadə buraxasan. Zalım qızı yəqin ki, yeməyə gəlib.
Qarı (qapı dalından). Qorxmayın, içəri gəlməyəcəyəm, postadan kağız var, onu gətirmişəm.
Tağı və Nağı. Aldada bilməzsən, açmarıq
Qarı (o tərəfdən) Elə isə qapını balaca aralayın, kağızı verim.
Onlar qapını aralar, kağızı Nağı alar
Nağı (üstünü oxuduqdan sonra). Bu kağız sənədir, burada Tağı yazılıb (kağızı uzadır Tağıya).
Tağı (alıb oxuyur). Xeyr, sənindir, burada Nağı yazılıb (kağızı Nağıya vermək istər. Nağı almaz).
Nağı (xeyr, xeyr. Öləsən də, Tağı yazılıb, görmürsən? (barmağı ilə kağızın ardını göstərir).
Tağı (acıqlı kağızı mizin üstünə çırpar). Burada Nağı yazılıb!
Nağı labüd qalıb kağızı oxuyur
Nağı. Əzizim Tağı!
Tağı. Xeyr, Nağı!
Nağı. Əvvələn, ümdə mətləb vücudunuzu Allah-taala salamat eləsin və səniyən, əgər bu tərəfin əhvalın bilmək istəsəniz, mətləb burdadır ki, sən yola düşəndən sonra əminin get-gedə halı xarablaşıb, indi lap ölüm halındadır (tez kağızı mizin üstə atar). A kişi, deyirəm sənindir, deyirsən belə (bir yana çəkilir).
Tağı (bir qədər Nağıya baxıb oxuyur). Evdə məndən başqa bir kimsə olmadığından, əmin üçün korluq keçir. Çünki mən bir tək ona lazımınca qulluq edə bilmirəm. Əmin xahiş edir ki, əlində su da olsa, od da olsa, qoyub gəlsin. Mənə bir növ xidmət eləsin ki, bu gün-sabah dünyadan gedəcəyəm, bəlkə bir növ dərmanlar vasitəsilə babat olam. Əmin qızı sənə qurban olsun! Gəl ki, əmin yazıqdır. Barı hərdənbir dalına alıb bağda gəzdirərsən. Bəlkə təzə hava ilə bir ləzzət alsın (Nağıya). Al, al, mənim belə qohum-qardaşım yoxdur (Nağıya göstərir). Bax, burada Nağı yazılıb, bu kağız sənindir!
Nağı. Xeyr, Tağı yazılıb. Görürsən ki, nöqtə iki dənədir.
Tağı. Xeyr, nöqtə bir dənədir, ancaq yazanda qələmi bərk basıblar, qalın düşüb, ona görə də, iki dənə kimi görünür, al (uzadır).
Nağı. Xeyr, qələmi bərk basmayıblar, həqiqətən, bişək-bişübhə iki dənədir.
Tağı (kağızı başına çırpar). Adə, deyirəm zəhirmar sənindir. Ay sənin belə...
Nağı (sözünü kəsər). Adə, deyirəm sənindir (bərkdən). Adə, aşkar Tağını görmürsən? İki dənə nöqtə qoyulub, iki dənə.
Tağı. Xeyr, xeyr, nöqtə bir dənədir. Yəqin yanından milçək keçib, bir nöqtə qoyub, ona görə Tağı oxunur. Görmürsən, biri lap yoğun, biri cunquşdur. Aya var, aya yox.
Nağı. Adə sənindir deyirəm. Burada Tağı yazılıb.
Nağı. Nundur.
Nağı. Teydir.
Tağı. Deyirəm nundur.
Nağı. Mən də deyirəm teydir.
Vuruşurlar. Bir qədərdən sonra qarı əlində başqa bir kağız daxil olur, o da düşür
yumruq altına
Qarı. Ay bala, ay balam, məni öldürdünüz. Alınız postdan yenə kağız gəlib.
Tağı (bir-birlərinə baxırlar). Bu da sənə gəlib.
Nağı (kağızı alır. Qarı gedir). Bax burda lap aşkar Tağıdır, dəxi bunun başqa şəkki-şübhəsi yoxdur.
Tağı (alar, baxar). Balam, burda Nağıdır. Nun hərfi lap aydın bilinir.
Nağı. Xeyr, səhvin var, tey hərfi aşkardır, bura da keyfi-mayəşa deyil. Budur, budur iki dənə nöqtə səddi-İskəndər kimi durub gözünün qabağında.
Tağı (labüd qalır). Allahu əkbər (Kağızı alar, oxuyar). Əzizim Nağı!
Nağı. Xeyr, Tağı!
Tağı. Salam-duadan sonra yazıb sizə bildirirəm ki, əvvəlinci kağızı sizə göndərəndən iki saat sonra əminin lapdan canı çıxdı. Öləndə o rəhmətlik bu vəsiyyəti elədi: mənim yatdığım yerdə torpağın içində küpdə qızıl var. Onu götürərsən, əmin oğluna da kağız yazarsan ki, gəlsin. (Nağıya) Bax, bu kağız mənimdir.
Nağı (cəld əlindən qapar və bir tərəfə çəkilər). Xeyr, burada aşkar Nağıdır (oxuyur). Ev-eşikdə olan-olmazı satarsınız və mənim sürsümüklərimi köç edib göndərərsiniz Kərbəlaya. Orda qızılları yeyibiçib kef edərsiniz.
Tağı (əlindən qapır. Bir tərəfdə). Aha, kef edərsiniz. İndi sənin yolunu gözləyirəm.
Nağı (daldan qapar). Tez gəl, əz tərəfi... (Tağıya) Balam, bu kağız da, qabaqkı kağız da mənimki imiş, mən heç bilməmişəm (büküb cibinə qoymaq istər).
Tağı. Dayan, dayan, səni Allah vurmuşdu. Kağızı mənə ver (onun qolundan tutar. Nağını bərk itələyər).
Nağı. Adə, itil o yana, mənim səfərim var!
Tağı. Adə, səninlə deyiləm? (yapışıb mizin üstə yıxar, sonra
Nağı durub vuruşurlar. Səs-küy düşər).
Qarı (daxil olur). Ay balam, yenə nə oldu?
Nağı. Sən Allah, ay qarı nənə, bir bunu oxu görək Tağıdır, ya ki, Nağı?
Qarı. Ay balam, mən oxumaq hardan bilirəm?
Tağı (ağlar). Ay qarı nənə, allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik əmim allah rəhmətinə gedib. İndi onun...
Nağı (onun sözünü kəsər, ağlaya-ağlaya). Xeyr, ay qarı nənə, o rəhmətlik mənim əmimdir, kağız mənə yazılıb.
Tağı (bərkdən). Xeyr mənə yazılıb (qaşınır).
Nağı. Xeyr, mənə yazılıb.
Vuruşmaq istəyirlər. Qarı aralaşdırır
Qarı. Nənə sizə qurban olsun, vuruşmayınız, dayanınız mən çöp gizlədim, hansınız tapsa, kağız onundur. Hə, necəsiniz, razısınız ya yox?
Tağı. Razıyam.
Nağı. Mən də razıyam.
Qarı yerdən çöp götürüb gizlədir. Nağıya.
Qarı. Hə, tap görək.
Nağı (fikirdən sonra). Ver bundan!
Qarı (əlini açır, çöp o biri əlindən çıxır). Bax uduzdun (kağızı alıb Tağıya verir). Bax, daha vuruşmayınız, kağız bu kişinindir (gedir, Tağı şad olub ora-burasını düzəldir).
Nağı. İstər lap fələk gəlsin, ölsən də kağız mənimdir ki, mənimdir.
Tağı (nəvazişlə). Balam, atam oğlu, bax bu kağız mənimdir, üstündə əmim qızı İsmətin adı yazılıbdır. Atası Yaftuməli mənim əmimdir ki, Allah rəhmətinə gedib. Mən də Mirzə Əsgərin oğluyam. Atam Kərbəlaya gedəndə məni əmimə tapşırmışdı. Özü də yolda Bağdadda Allah rəhmətinə getdi. Odur ki, əmim məni özünə oğulluğa götürmüşdü.
Nağı (təğəyyüri-hal ilə) Sən Mirzə Əsgərin oğlusan? O da mənim əmimdir, mən də papaqçı Yaftuməlinin oğluyam.
Tağı. Vaxsey, əmi oğlu!
Nağı. Tağı əmi oğlu!
Hər ikisi qucaqlaşanda pərdə düşür.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-tagi-ve-nagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
NinniYavrum, uyu! Quzum, uyu! Ağlama,Yaralıdır köksüm, bir də dağlama.
Bəradərim Ə.M.Sərkərov cənablarına!İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
Haşımbəy mərhum üçünHaşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!
Стихи других поэтов
“Səndən mənə yar olmaz” operettasından*Fəqan**
Təəccübdür ki, Məcnun qaldı zində Hicri-LeyladəTəəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə,Məgər ol vəqt hicranın yox imiş beylə təsiri?
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!