Üçüncü hissə, 2. Komandir
Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.
Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:
“Komandir, yuxuda gördüm ki, iki nəfər tutmuşuq, biri uşaqdır.”
“Uşaqla nə işimiz var, Əsədov?”
“Öldürmürdük, dəyişməyə gətirirdik.”
“O birisi kim idi?”
“Bığlı-saqqallı bir kişi.”
“Hərbçi idi?”
Qırğı tutuldu, bir az düşünüb “Bilmədim” söylədi. Durbinlə Göyçə gölünün sahillərinə baxa-baxa onunla zarafatlaşdım:
“Bir az diqqətli ol də, necə yəni bilmədim. Sən kəşfiyyatçısan axı.”
“Yuxuda kəşfiyyatçı deyildim.”
“Kəşfiyyatçı deyildinsə, camaatın uşağını niyə tuturdun?”
“Bunu da bilmədim.”
“O görünən gölü tanıyırsan?” - əlimi uzaq düzənlikdə ağaran nəhəng gölə tərəf uzatdım.
“Əlbəttə. Sevandır.”
“Sevan yox, Göyçə. Yadında saxla: Göy-çə!”
“Komandir, əslində, “Sevan” sözü də onların deyil. “Se” farsca “üç” deməkdir. Bu, üçüncü “Van” gölüdür. Biri də Türkiyədədir.
“Bəs o biri hardadır?”
“Bax bunu da bilmirəm!” - güldü
“Sən ikidən o yana heç nə bilmirsən. Amma Səfərova baxanda yaxşısan. O, heç biri, ikini də bilmir.”
Ürəkdən güldü, Səfərova sataşmağım kefini açmışdı. “Hə, Əsədov, madam yaxşı yuxu görmüsən, gedək Ermənistana.”
“Ermənistana? Zaqran?”
“Zaqran!”
“Briqadada nə deyərlər?”
“Briqadada deyirlər, əliboş qayıtma!”
“Doğrudan?”
“Doğrudan.”
“Elədirsə, gedək.”
“Gedək. Qulaqlamağa birini taparıq.”
“Birini yox, ikisini!”
“Mənim uşaq-muşaqla işim yoxdur.”
“Uşağı biz tutarıq, siz dəyməzsiniz”.
Çevrilib onun yorğunluqdan şişmiş, qızarmış gözlərinə baxdım:
“Bəlkə, üçünü tutaq?”
“Mən ikidən o yanasını bilmirəm. İndicə özünüz dediniz” - yenə güldü, bu dəfə mən də güldüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-2-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:
Dördüncü hissə, 13. Kapitan RəşidovDördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”
Dördüncü hissə, 14. KomandirÇəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”