Tanı şahı tapmadılar,
Özü itən tapılarmı?
Hamı onu acıladı,
Özü itən tapılarmı?

Nə adı var, nə də yeri,
Nə ölüdür, nə də diri,
Tanrılardan min il bəri
Özü itən tapılarmı?

Günay dedi: – Mən çaparam,
Harda olsa mən taparam,
Bacım oğlu mənim yaram,
Özü itən tapılarmı?

Tuncər dedi: – Gələn kimi,
Ona verrəm şah yerimi,
O, ölümü, o, dirimi,
Özü itən tapılarmı?


Bu axtarış çox çəkmədi,
Var hamıda unutqanlıq,
Əski olay unuduldu,
Var hamıda unutqanlıq.

Ağüzelin önərləri
Pozub əski dəyərləri,
Toplumları, gənc ərləri,
Var hamıda unutqanlıq.

– Şahlar bizdən olmalıdır,
Onu Günay almalıdır,
Tuncər yanda qalmalıdır,
Var hamıda unutqanlıq.

Günay bundan çox tutuldu,
Qara qaşlar bərk çatıldı,
Oxla birgə yay dartıldı,
Var hamıda unutqanlıq.


Ortalığa düyün düşdü,
Əski-para unuduldu.
Ağüzeli pislədilər,
Əski-para unuduldu.

Kim getdisə, qaytardılar,
"Yox" sözünü artırdılar,
Günay getdi, qurtardılar,
Əski-para unuduldu.

Günay dedi lap ürəkdən,
– Biz bir şahıq, ikilikdə,
İki sümük bir biləkdə,
Əski-para unuduldu.

Deyirsiniz mən şah olum,
Ya da itən bacım oğlu,
Hər ikimiz Ağüzelli,
Əski-para unuduldu.


Ağüzelli unutmadı,
Unutmayan qancıl olur.
Unudanlar üzdən yaşlı,
Unutmayan qancıl olur.

Tanı şahı axtardılar
Ölkə-ölkə, diyar-diyar,
Hansı eldə, yurdda olar,
Unutmayan qancıl olur.

Hər bir yanda at yorturdu,
Şah şahlığa söz atırdı,
Bu yuxuyla o yatırdı,
Unutmayan qancıl olur.

Tuncər baxıb dinməyirdi,
Şahlığından dönməyirdi,
Gizli yanıb sönməyirdi,
Unutmayan qancıl olur.


Tuncər dedi Günay qıza,
Çətin işi qıza tapşır.
Turqız gedib yerinc olsun,
Çətin işi qıza tapşır.

Turqız getsin Darvidelə,
Yerinc olsun elə-belə,
O, hamını tutsun dilə,
Çətin işi qıza tapşır.

Gəldi, getdi dilli, yelli,
Arielli, Darvidelli.
Gözlərindən sözü bəlli,
Çətin işi qıza tapşır.


Turqız gördü ellər acdır,
Ac adama söz də çatmır.
Öyüd verdi, ürək verdi,
Ac adama söz də çatmır.

Çıxıb bir gün yeri öpdü,
Şum elədi, buğda səpdi,
Baxanların gözü sərpdi,
Ac adama söz də çatmır.

Hamı gəldi, qurşaq beldə,
Mal-qarayla, kətmən əldə,
Bolluq olsun qoy bu eldə,
Ac adama söz də çatmır.

Payladılar kimdə nə var,
Quru qurut, quru otlar,
İşıqlandı qırış qatlar,
Ac adama söz də çatmır.


Turqız dedi: – Mən yerincəm,
İş bacarsaq, iş öyrənsək,
Hər birimiz on işçiyik,
İş bacarsaq, iş öyrənsək.

Əl işləyər, baş düşünər,
Al torpağı, çək döşünə.
Baş qoyaram hər işinə,
İş bacarsaq, iş öyrənsək.

Torpaq elin anasıdır,
Bulud onun cunasıdır,
İşləməyən yanasıdır,
İş bacarsaq, iş öyrənsək.

Arielim, Darvidelim,
Sizin üçün özüm ölüm,
Məni ölməz diri bilin,
İş bacarsaq, iş öyrənsək.


Bu il taxıl bol-bol oldu,
İşlə, qovla qıtlığı sən.
El güvəndi yerincinə,
İşlə, qovla qıtlığı sən.

Dəmyə taxıl dadlı olur,
Sovrulanda tez sovrulur,
Dəyirmanda tez ovulur,
İşlə, qovla qıtlığı sən.

Elin gözü doydu undan,
Mal-qaradan, həm qoyundan,
Çıxdı qıtlıq oyunundan,
İşlə, qovla qıtlığı sən.

Turqız qaldı el yerinci,
İki elin qız sevinci.
Turqız oldu gözəl inci,
İşlə, qovla qıtlığı sən.


O il taxıl bol biçildi,
Taxıl olsa dinclik olur,
Başevə də göndərildi,
Taxıl olsa dinclik olur.

İki elin bol çörəyi,
Turqız onun ağbirçəyi,
Turqız oldu Tur çiçəyi,
Taxıl olsa dinclik olur.

Turqıza da söz qoşdular,
Mahnı deyib yarışdılar,
Bir-birinə qarışdılar,
Taxıl olsa bolluq olur.

Gənc yerinci oxşadılar,
Minelləşib yaşadılar,
Acıqları boşladılar,
Taxıl olsa bolluq olur.


Turqız on il yerinc oldu,
Qızın yeri göz üstədir.
Bu el döndü Turqız oldu,
Qızın yeri göz üstədir.

Dəyişildi ellər artıq,
Kimlik ilə haralılıq.
Həm o yanlıq, həm bu yanlıq,
Qızın yeri göz üstədir.

On min ilin Darvideli
Dönüb oldu Turqız elli,
İşlək başı, işlək əli,
Qızın yeri göz üstədir.

Turqız deyib bəslədilər,
Onu yerinc səslədilər,
Ayrılığı pislədilər,
Qızın yeri göz üstədir.


Turqız gəldi Əkbitənə,
Basar ərklə danışandır.
Dedi, elin yerinciyəm,
Basar ərklə danışandır.

– Mən gedəndə el ac, susuz,
Çörək baha, adam ucuz,
Dağılmışdı yurd, el, ulus,
Basar ərklə danışandır.

İndi birdir elin yolu,
Turqız olub Minel qolu,
Sevinərəm ürək dolu,
Basar ərklə danışandır.

Verin mənə bir göstəriş,
Mənim olsun hər çətin iş,
Qoy çoxalsın gəliş-gediş,
Basar ərklə danışandır.


Hamı ona "sağ ol" dedi,
Sağ ol balla qarışıqdır.
"Vardır qızın bacarığı",
Sağ ol balla qarışıqdır.

Dedilər ki, yeniyetmə,
Başevdə qal, daha getmə,
Özgə qana qan yeritmə,
Sağ ol balla qarışıqdır.

Tuncər, Günay xosunlaşdı,
Turqız baxdı, solğunlaşdı,
Şaha qarşı çılğınlaşdı,
Sağ ol balla qarışıqdır.

– Tuncər, burda qalsa bu gül,
Gözəlləşər, artar il-il,
Saxlanması doğru deyil,
Sağ ol balla qarışıqdır.


Turqız döndü Turqız yerə,
Hamı dağdır öz yerində.
Qarşıladı onu ellər,
Hamı dağdır öz yerində.

And içdilər qabağında,
Kölə olaq ayağında,
Yaş parladı yanağında,
Hamı dağdır öz yerində.

O bilmədi nə eləsin,
Bu ellərə nə söyləsin,
Minel qızı iş köləsi,
Hamı dağdır öz yerində.

Qız and içdi, sizinəm mən,
Dönməm də dediyimdən,
Kövrəkləşdi Turqız hərdən,
Hamı dağdır öz yerində.


Tuncər, Günay, Turqız, Bacar bir oldu,
Birləşənə xırdaçılıq yaraşmaz.
Ağqurd Alpan bu birlikdə təkləndi,
Birləşənə xırdaçılıq yaraşmaz.

Ağüzlülər ara-sıra əl atdı,
Orda, burda dava-dalaş yaratdı,
Bu birliyin çevrəsini daraltdı,
Birləşənə xırdaçılıq yaraşmaz.

Manay oldu Ağüzelin başrağı,
Gözəl Günay bu başrağın dayağı,
Manayçılar qaldırdılar yarağı,
Birləşənə xırdaçılıq yaraşmaz.

Biz bu gündən ayrılırıq Başevdən,
Şah olmayaq Əkbitəndə biz nədən?
Qoy Tuncərlər əl çəksinlər bu yerdən,
Birləşənə xırdaçılıq yaraşmaz.


Ağüzelin ağsaqqalı Qıvraqər,
Barışdıran olsun gərək ağsaqqal,
O bağladı qapıları, yolları,
Barışdıran olsun gərək ağsaqqal.

O göndərdi İtigözü qonşuya,
Yardım etsin bir iş çıxsa qarşıya,
İlk göstəriş verdi toplumbaşıya,
Barışdıran olsun gərək ağsaqqal.

– Qış zumarı, yay taxılı yığ-dedi,
Əkbitəndən gələn yolu tıx-dedi,
Gələnlərin qarşısına çıx-dedi,
Barışdıran olsun gərək ağsaqqal.

Qoyma kimsə Başev ilə barışsın,
Gəlib onlar vergi-mergi soruşsun,
Bir də, bir də bizim işə qarışsın,
Barışdıran olsun gərək ağsaqqal.


Soraq tutdu qoşa qafa qonşular,
Ayrılıqdan ölkələr də qan ağlar.
Ağüzelin ayrılmağı düz oldu,
Ayrılıqdan ölkələr də qan ağlar.

İtigözün sapsarıydı yanağı,
Düz ortadan partdağ idi dodağı,
Yalan idi ən kəsici yarağı,
Ayrılıqdan ölkələr də qan ağlar.

Qıvraqərin sağ əliydi yalanda,
Hələ ondan güclü idi dolanda,
Yırtıcıydı birindən öc alanda,
Ayrılıqdan ölkələr də qan ağlar.

İtigözün, Qıvraqərin birliyi,
Ağüzeldə sarsıtmışdı dirriyi,
Daşlaşmışdı ikisinin sərtliyi,
Ayrılıqdan ölkələr də qan ağlar.


Ağqurd Alpan yola düşdü Ağüzə,
Vuruşmasın gərək yaxın doğmalar.
Bir gədikdə Ağüz çıxdı yoluna,
Vuruşmasın gərək yaxın doğmalar.

– Günay gəlsin-dedi ona İtigöz,
Şahlıq etsin Mindiyarda bir Ağüz,
Manay şahın şah yerini tutaq biz,
Vuruşmasın gərək yaxın doğmalar.

Ağqurd Alpan ona üz-göz bozartdı,
Gur səsini ona qarşı ucaltdı,
Söyüş verdi, İtigözü alçaltdı,
Vuruşmasın gərək yaxın doğmalar.

– Alçaq kişi, deyən yuxu görürsən,
Şahlar ilə sən döyüşə girirsən,
Yol kəsməklə kimə acıq verirsən,
Vuruşmasın gərək yaxın doğmalar.


Bizuc atdı qonağına İtigöz,
Qancıl üstə getmək olmaz boş əllə,
Ağqurd Alpan yaralanıb yıxıldı,
Qancıl üstə getmək olmaz boş əllə.

Qoymadılar bir də dura, dikələ,
Qara yerə yüz-yüz ölü əkilə,
Qılınc qalxa, bir damcı qan tökülə,
Qancıl üstə getmək olmaz boş əllə.

Ağüzelli irəliyə yürüdü,
Öz yerini Tuncər şahdan qorudu,
Gələnləri tutub iplə sarıdı,
Qancıl üstə getmək olmaz boş əllə.

Bu olaylar Tuncər şahı kövrəltdi,
O, Günaya gözlərini bərəltdi,
Ağüzelə inamları seyrəltdi,
Qancıl üstə getmək olmaz boş əllə.


Günay dedi: – Mən gedirəm oraya,
Göz yenə də gördüyündən utanar.
Ağüzelə mən bir köynək yaxınam,
Göz yenə də gördüyündən utanar.

Tuncər dedi: – Mən də sənlə yoldaşam,
Çapaq ora hər ikimiz bir, qoşa,
Mən ölərsəm, qız qardaşım, sən yaşa,
Göz yenə də gördüyündən utanar.

Günay dedi: – Şah, yerində otur sən,
Mən yaxınam Ağüzelə ərimdən,
Toy tutaram İtigözə yerində,
Göz yenə də gördüyündən utanar.

Günay mindi Gümüşatı, səyirtdi,
Bu igidlik görənləri kiritdi,
Ağüzelin acığını əritdi,
Göz yenə də gördüyündən utanar.


Toy çalındı eldə üç gün, üç gecə,
Doğma elə doğma gəlsə sevincdir,
Günay şah tək qarşılandı yerində,
Doğma elə doğma gəlsə sevincdir.

Ağsaqqallar yerincevə yığıldı,
Günay onlar qabağında sıxıldı,
Öclə acıq dalğaları dağıldı,
Doğma elə doğma gəlsə sevincdir.

Dedilər ki, otur şahlıq yerində,
Şah olmağa sən uyğunsan ərindən,
Ağüzelin kökləri var dərində,
Doğma elə doğma gəlsə sevincdir.

Dedilər ki, tanrı elə buyurub,
Hər adamın öz yerini ayırıb,
Birini şah, birini qurd qayırıb,
Doğma elə doğma gəlsə sevincdir.


Günay dedi: – Mən də şaham Tuncərə,
Hər bir işdə ortaq olur ər-arvad,
Gücər, Bacar, Turər, Baxdır, soy-kökü,
Hər bir işdə ortaq olur ər-arvad.

"Yox" söylədi İtigözlə Qıvraqər,
– Manayçıdır, Günayçıdır Ağüzlər,
Şahlıq sənə çatmalıdır-dedilər,
Hər bir işdə ortaq olur ər-arvad.

– Ərim Tuncər sizə məndən yaxındır,
Ağızbüzmə sözlər ona yaxmadır.
Mənə qarşı bunlar sıxma-boğmadır,
Hər bir işdə ortaq olur ər-arvad.

Ağqurd Alpan dustaqdadır, buraxın,
Qaytarılsın onun atı, yarağı,
Belə tutub damlamazlar qonağı,
Hər bir işdə ortaq olur ər-arvad.


İtigözün qanla doldu gözləri,
– Güvənc dağlar, sənə də qar yağarmış.
Biz də sənə arxalanıb durmuşuq,
Güvənc dağlar, sənə də qar yağarmış.

Onda səni buraxmarıq geriyə,
Başevdən də şahı-mahı bəriyə,
Gərək şahlar Ağüzeldən törəyə,
Güvənc dağlar, sənə də qar yağarmış.

Onda durub biz Tanını gözlərik,
Başev gərək şahlaşdıra bizləri,
Ya da bizdən əl çəkələr özləri,
Güvənc dağlar, sənə də qar yağarmış.

– Onda gərək mən qayıdam indicə,
– Yox, qayıtma, qal, danışaq bu gecə,
– Mən gəlmərəm daha bura ölüncə,
Güvənc dağlar, sənə də qar yağarmış.


Günay qaldı Ağüzeldə bir gecə,
Tanış evlər, tanış üzlər ulusdur.
Qardaş, bacı, ata, ana sevimli,
Tanış evlər, tanış üzlər ulusdur.

Uşaqlığı gəlib keçdi başından,
On il qabaq on dörd, on beş yaşında,
Ağüzelin gəzdi dağı-daşında,
Tanış evlər, tanış üzlər ulusdur.

Bulaq başı, çay qırağı gəzinti,
Təkliyindən gələn ağrı, üzüntü,
Ürəyinə lapdan dolan isinti,
Tanış üzlər, tanış evlər ulusdur.

Düşünürdü çayqırağı yarğanı,
Ətəkləri düzə enən ormanı,
Dağa, düzə paltar biçən dumanı,
Tanış evlər, tanış üzlər ulusdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов