Alpisin ölüm söylənci
Qızıl quşun səsi çatdı Turqərə,
Çağırsalar, get, heç nəyi gözləmə.
Şimşəkatı yəhərlədi, çapdı Turq,
Çağırsalar, get, heç nəyi gözləmə.
Keçdi neçə dağı, gölü, yoxuşu,
Neçə yerdə durdu, gəzdi o, quşu,
Gördü yolda neçə atlı sovuşur,
Çağırsalar, get, heç nəyi gözləmə.
Döyə-döyə aparırlar birini,
Soruşullar kimliyini, yerini,
Bərk döyüllər yazıq yarımdirini,
Çağırsalar, get, heç nəyi gözləmə.
Turq söylədi: – Əl saxlayın, vurmayın,
O yazıqdır, qol-qıçını qırmayın,
Əl saxlayın, döş-başını yarmayın,
Çağırsalar, get, heç nəyi gözləmə.
Yarımdiri səs eşitdi, ayıldı,
Qışqırığı meşə boyu yayıldı,
Dedi, Turqər, mən Alpisəm, bayıldı,
Çağırsalar, get, heç nəyi gözləmə.
Turq tanıdı sözlərindən Alpisi,
Saralmışdı, bozarmışdı bənizi,
Qız səsinə oxşayırdı ər səsi,
Çağırsalar, get, heç nəyi gözləmə.
Dedi, Turqər, qurtar məni, oğul sən,
Məni qovub tanrılıqdan Əhrimən,
Aldı bütün güclərimi əlimdən,
Çıx get-dedi-qız sevmisən Üstyerdən,
Çıxarıram tanrılıqdan səni mən,
Çağırsalar, get, heç nəyi gözləmə.
Turq düşündü, bu da yeni oyundur,
Bu bicləmə düyün üstən düyündür,
Incəliklə sancaqlanmış bir dondur,
Çağırsalar, get, heç nəyi gözləmə.
Sərtüz, Turpar çapa-çapa gəldilər,
Yanaşdılar, nə olubdur bildilər,
Ağladıqca Alpis, onlar güldülər,
Çağırsalar, get, heç nəyi gözləmə.
Turqər dedi: – Bunu yaxşı yoxlayın,
Əl-qolunu qayım-qayım bağlayın,
Mən gələnə dustaqlıqda saxlayın,
Çağırsalar, get, heç nəyi gözləmə.
Sərtüz dedi: – Bu Alpisdir, öldürün,
Dərisinə saman təpin, doldurun,
Bir dirəkdən asın, göyə qaldırın,
Çağırsalar, get, heç nəyi gözləmə.
Bu qancıldır, Əhriməni andırır,
Bu, ölkələr, evlər, çöllər yandırıb,
Çox işığı, od-ocağı söndürüb,
Çağırsalar, get, heç nəyi gözləmə.
– Yox, Alpisi öldürməyək biz gərək,
Ondan Altyer bicliyini oyrənək,
Tanrı-tanrı, yer-yer, bit-bit, təkbətək,
Çağırsalar, get, heç nəyi gözləmə.
Ordan birbaş qayıtdılar Başevə,
Pərt olarsan yarı yoldan qayıtsan.
Alpis tez-tez ağlayaraq sızladı,
Pərt olarsan yarı yoldan qayıtsan.
Dedi: – Məni danlamayın bir belə,
Mən Başevdə düşəcəyəm əngələ,
Turana yox, verin məni Parselə,
Inanırlar onlar mənə çox hələ,
Pərt olarsan yarı yoldan qayıtsan.
Turpar dedi: – Sənə yaddır bu varlıq,
Orda səni sevməyirlər, ay yazıq,
Sən hər yerdə həm atıqsan, həm artıq,
Pərt olarsan yarı yoldan qayıtsan.
Yol getdilər, Alpisi də dartdılar,
Sonda gəlib bir yaylağa çatdılar,
Yorğun-arğın yıxıldılar yatdılar,
Pərt olarsan yarı yoldan qayıtsan.
Səhər tezdən cıqqa çəkdi Qızılquş,
Hamı durdu, nə baş verib, nə olmuş,
Gördülər ki, Alpis qaçıb, yox olmuş,
Pərt olarsan yarı yoldan qayıtsan.
Axtardılar, qar izinə düşdülər,
İki yoxuş, iki aşırım aşdılar,
Qar izinə neçə atlı qoşdular,
Pərt olarsan yarı yoldan qayıtsan.
Axtardılar, atı dağa sürdülər,
Qarda onun donduğunu gördülər,
Üzərinə qarla torpaq verdilər,
Pərt olarsan yarı yoldan qayıtsan.
Tanrı min il, neçə min il yaşayır,
Ölür, ölmək istəyəndə tanrılar.
Alpis öldü, çiçəkləndi yaranış,
Ölür, ölmək istəyəndə tanrılar.
Ölüm çaşdı bu ölümü biləndə,
Ara verdi qıtlıq, çovğun, ölümdə,
El toy tutdu ölüm özü öləndə,
Ölür, ölmək istəyəndə tanrılar.
Əhrimənin ayaqları tutuldu,
Tanrıların savaşları qurtuldu,
Qancıl, paxıl tullantıya atıldı,
Turan, Minel sağlamlığa qatıldı,
Acı sözlər dustaqlığa atıldı,
Ölür, ölmək istəyəndə tanrılar.
Gözəl imiş, dadlı imiş yaşayış,
Tanrıların evi imiş dolanış,
Yaşmaq tutmur daha Turqda yaranış,
Insanlarda artır dözüm, dayanış,
Ölür, ölmək istəyəndə tanrılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-alpisin-olum-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Manay şahın səsləncləri gurlayır,Öz yerində hamı qat-qat güclüdür.
Ağüzelli Günayla Daşqırların vuruş söylənciAğsaqqallar, ağbirçəklər qımışdı,Sağ ol sözü, elə var ol deməkdir,
MüəllifdənAzərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa başlamışam. Azərbaycanın ən qədim şeir forması–qoşma şəklində on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb ölkələri, İngiltərə, Almaniya, və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.Çoxdandı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.
Yüzər söylənciTurər öldü, Qızağ adı dilində,Sevgi ölmür, solğun gülə çevrilir.