Balasqel söylənci
Qammad gəzdi diyar-diyar,
Təklik gəzir sevən adam.
Sevgisilə qol-boyundur,
Təklik gəzir sevən adam.
Sürdü el-el öz atını,
Hər ölkənin bir yatımı,
Yerin-göyün beş qatını,
Təklik gəzir sevən adam.
Döşəkcəsi otdan oldu,
Yorğançası duman oldu,
Düşüncəsi Mehcan oldu,
Təklik gəzir sevən adam.
Hara çəksə sevgi səni,
Get sevginin arxasınca;
Dağa, daşa, suya, qana,
Get sevginin arxasınca.
Yanar ürək pərən-pərən,
Niyə oddur içi görən?
Sevgi tanrı, sənsə sevən,
Get sevginin arxasınca.
Sevər səni bu yaranış,
İçindədir barış-vuruş.
Hara getsə qarış-qarış,
Get sevginin arxasınca.
Son gedişi Balasq oldu,
Gəmiçilər ölkəsində.
Bir qarının ağac evi,
Gəmiçilər ölkəsində.
Könül verdi dalğalara,
Dalğa – dalğa qayalara.
Mehcə dedi getdi hara
Gəmiçilər ölkəsində?
Yerli dilə dili yatdı
Gedib gəmi işi tutdu,
Aylarını ilə qatdı,
Gəmiçilər ölkəsində.
Yurdu gəzdi gəmi-gəmi,
Gəzən, görən bilər olar.
Gördü olub-olacağı,
Gəzən, görən bilər olar.
Yurdun şanlı ərənləri,
Min il önü görənləri,
Qaraları, kürənləri,
Gəzən, görən bilər olar.
Bilgi öyrən söz düşəndə,
Söz-soyadlar gedişində,
Əl işində, baş işində
Gəzən, görən bilər olar.
Fırtınalar əsimində
Deyilən söz bir öyrəncdir.
Ölüm-itim qucağında
Deyilən söz bir öyrəncdir.
Hər gəmiçi danışığı,
Nağıl-noğul qatışığı,
Sözün, dilin yapışığı,
Deyilən söz bir öyrəncdir.
Gəmiçilər könlü açıq,
Həm əliboş, həm də yazıq,
Sözü, üzü çapıq-çapıq,
Deyilən söz bir öyrəncdir.
Bir gəmidə yol tutançı
Ona gizli belə dedi:
– Mineldəndir böyük nənəm,
Ona gizli belə dedi.
Filip babam cumər olub,
Mindiyara könül salıb.
Gedib sizin yurdda qalıb,
Ona gizli belə dedi.
Böyük nənəm Minel qızı,
Sözü-südü dağ yarpızı.
Deyimində Minel duzu,
Ona gizli belə dedi.
Böyük babam bilər imiş
Turər şahın Başevində.
Hamı onu çox sevərmiş
Turər şahın Başevində.
Önü görən, yeri bilən,
Hər bir yerdə dilə gələn,
Hamı ilə deyib gülən
Turər şahın Başevində.
Yüz il qalıb o diyarda,
Evlənibdir elə orda,
Zəngin olub maldan-vardan
Turər şahın Başevində.
Böyük babam orda ölüb,
Bilirsənsə söylə mənə.
Kim tanıyır sonevini,
Bilirsənsə söylə mənə.
Girov olub deyən babam,
Yol arayan, cığır tapan,
Sonevini gərək tapam,
Bilirsənsə söylə mənə.
Ərtur oğlu Yüzər burda,
Başçı olub bizim yurda,
Onun yeri, yurdu harda,
Bilirsənsə söylə mənə.
Qammad belə tanış oldu
Yol arayan, yol tutanla.
Üzdü gəzdi dəniz-dəniz
Yol arayan, yol tutanla.
Adı Filip, səsi ötkəm,
Üz-gözündə donuq görkəm,
Tanış oldu ölkə-ölkə
Yol arayan, yol tutanla.
Qammad qardaş, hara belə,
Çox özünü vermə yelə.
Qayıt bir də sən Minelə
Yol arayan, yol tutanla.
Qayıtdılar Suyer yurda,
Yad yer ona doğmalaşdı.
Qonaq qaldı Filipgildə,
Yad yer ona doğmalaşdı.
Bir qız gördü almayanaq,
Gözü donuq, beli oynaq,
Yad olsa da gələn qonaq,
Yad yer ona doğmalaşdı.
Necə incə, necə gözəl,
Barmaqları üstə gəzər,
Addımları evi bəzər,
Yad yer ona doğmalaşdı.
Qammad qızı danışdırdı,
– Qız, sən kimin gözəlisən?
Süzgün gəzən ay işığı,
Qız, sən kimin gözəlisən?
Mən uzaqdan gələn qonaq,
Babalardan sorğu-soraq,
Yeriyirsən kəklik sayaq,
Qız, sən kimin gözəlisən?
Qız utandı, yapıqlandı,
Ürək açdı, açıqlandı,
Üzü, gözü işıqlandı,
Qız, sən kimin gözəlisən?
– Öncə sən de, gələn qonaq,
Danış görək kimlərdənsən?
Dilin mənə tanış gəlir,
Danış görək kimlərdənsən?
Mən bu evin gəliniyəm,
Ərim ölüb, tək qalmışam.
Gəncliyimdən gün görməmiş,
Ərim ölüb, tək qalmışam.
Mən qartmışam gənc yaşımda,
Gəncliyimi itirmişəm.
Üzüntüdə, sıxıntıda
Gəncliyimi itirmişəm.
– İncə belli, gözəl qadın,
Soruşursan, nədir adım?
Birelimdir böyük Minel,
Bizimkidir o dağ, o çöl.
Orda yer-göy bağlı mənə
Yelçəkəndən yeləsənə.
Hamı təkcə bir dil bilir,
Bu dil ötkəm ocaq dili,
Biz ocaqdan yaranmışıq,
Biz ocaqla danışırıq.
Gəl, mənim ol incə bellim,
Qara qaşlı, hamar tellim.
Birel söylə sən Minelə,
Gəl isiniş bizim dilə.
Orda hamı bir dil bilir,
Bu dil böyük tanrı dili,
Biz tanrıdan yaranmışıq,
Biz tanrıyla danışırıq.
Anam, bacım, yumux gülüm,
Ayağının altda ölüm,
Hərlət məni öz başına,
Köç, gəlin ol dam-daşıma.
Yurdun-yuvan Minel olsun,
Minel artsın, birel olsun.
Bizdə hamı bir dil bilir,
Dilim ana torpaq dili.
Biz torpaqdan yaranmışıq,
Biz torpaqla danışırıq.
Gözəl, göyçək göyərçinim,
Varım, içim, çölüm sənin,
Ürəyimdən özgə nə var
İstəyirsən götür apar,
Ürəyimi biri alıb,
O, minelli qızda qalıb,
Bunu könlüm sevgim bilir.
Yolum, dilim sevgi dili,
Biz sevgidən yaranmışıq,
Biz sevgilə danışırıq.
– Bizə qonaq gələn oğlan,
Ürəksiz də adam olar?
Ürəyini itirmisən,
Ürəksiz də adam olar?
Gəl deyirsən, necə gəlim?
Səni necə yaxın bilim?
Uzaq ellim, doğma dilim,
Ürəksiz də adam olar?
Bir yol açdı tanrı mənə,
Qaldı o da düzdə yenə.
Ürək olum necə sənə,
Ürəksiz də adam olar?
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-balasqel-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ancaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Tanrılarla görüş söylənciÇiçək açdı, bolluq oldu bu yerdə,Ölkə artar başçı yaxşı olanda.
Qarı xaqan söylənciQarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.
Sərtüzlə görüş söylənciTanrıların göstərişi var idi,– Düzdə qalar düz yolunu azanlar,
Стихи других поэтов
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
ƏzizimHicran dustağıyam, dərdə giriftar,Bu dərdimi kimsə bilməz, əzizim!