Qoşaçayarası söylənci
Körfəzelə Ağüz yenə baş oldu,
Ağır işdir başçı olmaq, baş olmaq.
Üstəlik də Babil, İlam, Qoşaçay,
Ağır işdir başçı olmaq, baş olmaq.
Bu yerlərin yayı, qışı görümlü,
El-obası dağlar kimi durumlu,
El bayramı, dili Minel qurumlu,
Ağır işdir başçı olmaq, baş olmaq.
Özlərini ayırmırlar Mineldən,
Başçıları kobud olub əzəldən,
Sevməyibdir başçısını el nədən,
Ağır işdir başçı olmaq, baş olmaq.
Ağüz gəzdi kənd-kənd yoxsul elləri,
Kol-kol gülən isti, geniş çölləri,
Mənimsədi oxşar, doğma dilləri,
Ağır işdir başçı olmaq, baş olmaq.
Kəndliləri bağlı isti torpağa,
Bağlı suya, otlaqlara, bulağa,
Mal-qarasa az yoşayan otlağa,
Ağır işdir başçı olmaq, baş olmaq.
Ağüz yoxsul daxmaları görürdü,
Yoxsullara ürək-dirək verirdi,
Göz yaşını barmağıyla dərirdi,
Ağır işdir başçı olmaq, baş olmaq.
Hara getdi Ağüz gördü doğmanı,
Dil anlağı, dil oxşarı başlıca.
Qoşaçayyer, İlamdiyar, Qaşqayel,
Dil anlağı, dil oxşarı başlıca.
Ərənçayla, Dəcəlçayla Təratçay,
Su ipəkdir, dalğa ipək, yol qolay,
Bolluq varsa, yoxsulluqlar yox olar,
Dil anlağı, dil oxşarı başlıca.
Qışlaq, yaylaq, otlaq, çaylaq, ovlağı,
Suqırağı bolluqlardı oylağı,
Buradadır qoyun-quzu yatağı,
Dil anlağı, dil oxşarı başlıca.
Bolluq olsa üzə sevinc oturar,
Yoxsul susar, zəngin isə qudurar,
Belə bolluq gözəlliyi artırar,
Dil anlağı, dil oxşarı başlıca.
Bu yerlərdə Odərboydan baş idi,
Üç çay boyu dırnaqları xış idi.
Dağ başındə alov qızıl quş idi,
Dil anlağı, dil oxşarı başlıca.
Odərboydan getdi, Ağüz yerində,
O gənc igid dəniz-dəniz dərində,
O boylanır dalğaların birindən,
Dil anlağı, dil oxşarı başlıca.
Qaşqayeldə biri dedi Ağüzə,
– Biri yığır, biri gəlir aparır,
Yorulmuşuq bu alverdən doğrusu,
Biri yığır, biri gəlir aparır.
Əkdik, biçdik, gəldi, aldı özgəsi,
Niyə belə bu Mindiyar ölkəsi,
Üstümüzdə gücün qara kölgəsi,
Biri yığır, biri gəlir aparır.
Ağüz dedi: – İşlər belə qurulub,
Qaşqay dedi: – Ellər bundan yorulub,
Ağüz dedi: – Yoxsul, zəngin ayrılıb,
Biri yığır, biri gəlir aparır.
Qaşqay dedi, biz tikirik, o yıxır,
Boş-boş gəlir, biz veririk, o tıxır,
Hələ daşdan, yumurtadan yun qırxır,
Biri yığır, biri gəlir aparır.
Ağüz dedi: – Yoxsul tanrı dayağı,
Zənginlərsə elin tanrı qonağı,
Yoxsulların geyiminin yamağı,
Biri yığır, biri gəlir aparır.
Qaşqay dedi: – Qardaş, məni bağışla,
Soyuluruq biz hər yeni vuruşda,
Ac qalırıq hər savaşda, barışda,
Biri yığır, biri gəlir aparır.
Bir səs gəldi, dağlar əsdi, titrədi,
Dağıdandan çox üstündür yaradan.
Üz-üzədir yaranışdan iki güc,
Dağıdandan çox üstündür yaradan.
Ey yaradan, nə güc vardır qolunda,
Dayanmısan dayanışın dalında,
Var əkirsən bağda, dağın yalında,
Dağıdandan çox üstündür yaradan.
Biri torpaq, biri qılınc vurğunu,
Biri tarla, biri döyüş vurğunu,
Tanrı belə yaradıbdır qurğunu,
Dağıdandan çox üstündür yaradan.
Öz yeri var hər qayanın, hər çöpün,
Su gətirin, yer şumlayın, dən səpin,
Ac gözlərə, qarınlara var səpin,
Dağıdandan çox üstündür yaradan.
Dağıdanlar niyə belə qabadır,
Yaradanlar evdir, ana, atadır,
Biri ağdır, biri içdən qaradır,
Dağıdandan çox üstündür yaradan.
Ağ qaraya, qara ağa uyuşmaz,
İtələsən iki varlıq qovuşmaz,
Ayrıdırlar, ancaq qopuq, yovuşmaz,
Dağıdandan çox üstündür yaradan.
Dayanışla, yaranışla oyanış,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
Taxıl əkən, mal otaran, söz qoşan,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
Sürü, naxır, ilxı döşdə otlayır,
Çayı, arxı, bulaqları adlayır,
Çox yeməkdən mal-qara diz qatlayır,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
Yamanlardır bu üçlüyü pozanlar,
Yamanları sözlə qovur ozanlar,
Bu üçlüyə mahnı, qoşu yazanlar,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
İnək döşü dolub yerə toxunur,
Oynaqlayır balaları çoxunun,
Üzdə inam, gözdə sevinc oxunur,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
Ora getmə, o döşləri qar alıb,
Gölə düşmə, göy suları qurd alıb,
Otlağa get, bulaq dolu, arx dolu,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
İlxıbaşı alıb yalı-yalmanı,
Yaxşı rahla bu il otu, samanı,
Kəsi elə, yaxın qoyma yamanı,
Hər bir şeyə dibdaşıdır bu üçlük.
Dədə, gəlin bu il toyu çaldıraq,
Var olanda toy-düyün də çox olur.
Qız qalanda evdə, qartar, acıyar,
Var olanda toy-düyün də çox olur.
Kəsi olsun nənən hündür boyuna,
Yaraşıqdı qız yeddicə soyuna,
Tanrı özü gələcəkdir toyuna,
Var olanda toy-düyün də çox olur.
Dədəm oğlu, səninki də gətirdi,
Tanrı sənə bu gözəli yetirdi,
Yarpız əkdim, yer qızılgül bitirdi,
Var olanda toy-düyün də çox olur.
Anam, bacım, atam-dədəm, gəlinim,
Bəyənmişəm qızın yastı dilini,
Belə getsə tutacağam dölünü,
Var olanda toy-düyün də çox olur.
Oynayacaq ana, bala “Qaytağı”,
Ordan-burdan çalın deyir qulağı,
Düşüb bizə bu gəlinin ayağı,
Var olanda toy-düyün də çox olur.
Ay qız, səni ölməyəsən, oyna bir,
Sən də qoşub tay-tuşuna, qayna bir,
Ay toy bəyi, o sırtığı danla bir,
Var olanda toy-düyün də çox olur.
– Anan öldü, baban öldü, Alçiçək,
Tək yaşama, səs çıxmayır tək əldən.
Uğurelə yerinc-başçı olsan da,
Tək yaşama, səs çıxmayır tək əldən.
Belə dedi öz-özünə tək ana,
Öpdü, öpdü, ürək verdi Turq ona,
Oturdular, danışdılar yan-yana,
Tək yaşama, səs çıxmayır tək əldən.
– Sansi öldü, Yanqu öldü, sən sağ ol,
Alçiçəyim, sən quşdan da ayıq ol,
Ana oldun, indi daha ocaq ol,
Tək yaşama, səs çıxmayır tək əldən.
Hər yaraqlı döyüşlərdə güclənər,
Aslan, tülkü vuruşlarda içlənər,
Basıq çıxdı sənin döyüş bicləmən,
Tək yaşama, səs çıxmayır tək əldən.
Mən də bir az kövrəlmişəm, gözəlim,
Yan baxırsan məndən bir az küsəri,
Al ipək gey, bəzən, aya bənzərim,
Tək yaşama, səs çıxmayır tək əldən.
Qoy sevgimiz çiçək alsın yenə də,
Bu soyuqluq könlümüzü göynədər,
Sən incimə, gülüm, küsmə heç nədən,
Tək yaşama, səs çıxmayır tək əldən.
Barmaqlıqlar qalın idi, dəmirdən,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
Xruş orda çabalayıb dururdu,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
Barmaqlıqda sığınmışdı bucağa,
Basılaraq çəkilmişdi qırağa,
O dönmüşdü bir kimsəsiz dustağa,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
O, Başevi yaxdı, çölə pilədi,
Nə istədi, nə bacardı, elədi,
İndi dəmir barmaqlıqda kölədir,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
İndi Turqu öldürməyə and içib,
Ona yeni papış tikib, börk biçib,
Bu ölkəni tutmaq üçün yol seçib,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
İndi deyir: – Turqu gərək yandıram,
Ağüzəri satın alam, qandıram,
Kimliyimi Mindiyara andıram,
Əl qısaldır, köp yatırdır barmaqlıq.
O çağırır gözətçini, ağlayır,
Güclü yaraq, dolaq ipdir ağlamaq,
Deyir: – Qardaş, mən çox yazıq oğlanam,
Güclü yaraq, dolaq ipdir ağlamaq.
– Burax məni, qaçaq biz də buradan,
Uruyerə gedək, çıxaq aradan,
Bizə yardım kəsiləcək yaradan,
Güclü yaraq, dolaq ipdir ağlamaq.
Varım çoxdur, aşıb-daşıb tökülür,
Bir ölkəlik torpağım var, əkilir,
Yeni-yeni Başevlərim tikilir,
İti yaraq, dolaq ipdir ağlamaq.
Burax, gedək, səni başçı qoyaram,
Mən özümə səni qardaş sayaram,
Ad-sanını ucaldaram, yayaram,
İti yaraq, dolaq ipdir ağlamaq.
Evlənərik, iki bacı alarıq,
Biz həm qardaş, həm bacanaq olarıq,
Bir Başevdə yaşayarıq, qalarıq,
İti yaraq, dolaq ipdir ağlamaq.
Sil gözünü, yumruğunu düyünlə,
Ağlayanda qadın olur kişilər.
Ağlamaqla, sıtqamaqla yaşama,
Ağlayanda qadın olur kişilər.
Nə güdürsən sən ağlağan gözəldən,
İşlərini yalvarmaqla düzəldən,
Yapış, gözəl, yaxşı əldən, düz əldən,
Ağlayanda qadın olur kişilər.
Ağlayırlar, yalvarırlar gizlidə,
Tanrım, söylə, neçə üz var üzlüdə,
Dəyərsizdir o, əprimiş əskidən,
Ağlayanda qadın olur kişilər.
Ağlayanlar, sıtqayanlar aparır,
Ağlamaqla dağdan daşı qoparır,
Ağlamaqla yumuşaldır damarı,
Ağlayanda qadın olur kişilər.
Öz yerində otur, baxma tək-tükə,
Gündə girmə bir boyaya, örtüyə,
“Var,” “yer”-deyib dönmə sırtıq, sürtüyə,
Ağlayanda qadın olur kişilər.
Yavaş-yavaş üzülürdü gözətçi,
Tanrı gözüac yaradıb adamı,
Düşünürdü nəyi vardır, heç nəyi,
Tanrı gözüac yaradıb adamı.
Düşünürdü bunun başı yellidir,
Satqınlığı ölkələrə bəllidir,
Çox işlərdə dillilərdən dillidir,
Tanrı gözüac yaradıb adamı.
Düşünürdü var-yoxunu tutaram,
Öldürərəm, sonevinə qataram,
İstəyimə, diləyimə çataram,
Tanrı gözüac yaradıb adamı.
Deyərəm ki, qaçdı, qaçdım dalınca,
Dözdüm, ondan öc acığı alınca,
Çatdım ona, tutdum onu qılınca,
Tanrı gözüac yaradıb adamı.
Dedi: – Çıx dustaqdan, biz qaçaq,
Gedək orda dinclik tapaq, yer tapaq,
Sən başçı ol Uruyerdə, mən qonaq,
Tanrı gözüac yaradıb adamı.
Xruş dedi: – At yarağı, tutağı,
Qardaşlıqda yaraq gərək olmayır.
Sən qabaqda, mən də sənin dalınca,
Qardaşlıqda yaraq gərək olmayır.
Yarağını, tutağını atdı o,
Arxasınca dustağını dartdı o,
Xruş getdi, öz atını yortdu o,
Qardaşlıqda yaraq gərək olmayır.
Gözətçinin qurşağında bıçağı,
Xruş onu qapdı qırğı sayağı,
Vurdu, kəsdi üç damarı, qırtlağı,
Qardaşlıqda yaraq gərək olmayır.
Xırıldadı, o, torpağa sərildi,
Ağız açıq qaldı, gözlər bərəldi,
Çabaladı, qol-qıç atdı, gərildi,
Qardaşlıqda yaraq gərək olmayır.
Xruş dedi “–Asurelə çıxaram,
Alçiçəyi əllərimlə boğaram,
Böyük Turqu bu bıçaqla yaxaram,
Qardaşlıqda yaraq gərək olmayır.
Tanrım, məni öz yurdumda şah elə,
Hamı istər başçı olsun, şah olsun.
İstəyirəm buyuruqçu mən olum,
Hamı istər başçı olsun, şah olsun.
Mən bacımı öldürdüm ki, şah olum,
Öldürməkdir, aldatmaqdır qan yolu,
Gözlərimə acıq yatıb, qan dolub,
Hamı istər başçı olsun, şah olsun.
Mindiyara gücü çatmır Asurun,
Hardan hara uzanıbdır bu qurum,
Gərək onu yüz qatlayım, yüz burum,
Hamı istər başçı olsun, şah olsun.
Gərək gedim Balasqelə əyilim,
Odun olub ocağına tökülüm,
Ya da Misrə, Babilelə çəkilim,
Hamı istər başçı olsun, şah olsun.
Qaça-qaça yalvarırdı, dururdu,
Dizlərinə tez-tez yumruq vururdu,
Qumluqları tiyə-tiyə yarırdı,
Hamı istər başçı olsun, şah olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-qosacayarasi-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Qızım, ötur, sən də gərək biləsən,Tanrı bilir daha səndən nə gizli.
Çinellilərlə vuruş söylənciİşdayağa soraq çatdı Xançudan.Çinellilər hindellilər birləşib.
Qarbaş söylənciŞah çağırdı qulluğuna Qarbaşi.Son ayaqda yaxın yoldaş arxadır,
Mehcə söylənciDarvidelsə qız göndərir Başevə,Öç azalır, qızla, sözlə, bağışla.