Sarı xaqan düşüncələr içində,
Yellənirdi al, göy, sarı yelpinclər,
İpək ilə örtülmüşdü hər yanı,
Yellənirdi al, göy, sarı yelpinclər.

Sarı xaqan qısa kirpik, qıyıq göz,
hər kirpikdən aslanmışdı neçə söz,
Göy sarıya çalmaqdaydı sarı üz,
Yellənirdi al, göy, sarı yelpinclər.

Ortalıqda incə qızlar gəzirdi,
Örtüklərə çini qablar düzürdü,
Neçəsi də oynayırdı, süzürdü,
Yellənirdi al, göy, sarı yelpinclər.


Təzə toplum göndərmişdi Qobuya,
Otlaqların, ilxıların yurdunda,
Ya otlaqlar, ya ilxılar alınsın
Otlaqların, ilxıların yurdunda.

Ancaq onun dağılmışdı toplumu,
Fillərinin uzun-uzun xortumu
Yağış idi iti oxun yağımı
Otlaqların, ilxıların yurdunda.

Düzər gəlib çıxmış idi haradan,
Sorağını alıb xaqan buradan,
O, toplumu çıxarıbdır sıradan,
Otlaqların ilxıların yurdunda.


Düşünürdü ələ alsın Düzəri,
Biclik özü iyidlikdir döyüşdə,
"Alıb onu gətirərəm Başevə,
Biclik özü iyidlikdir döyüşdə".

"Sonra onu oturdaram yerində,
Sonevini qazdıraram dərində,
Yox edərəm döyüşlərin birində,
Biclik özü iyidlikdir döyüşdə".

Ancaq xaqan nə əkmişdi, nə dərdi,
Bacar bildi gələn qoçaq Düzərdi.
Yüz atlıyla öz yerindən dəbərdi,
Biclik özü iyidlikdir döyüşdə.


Sarı xaqan soraq aldı
Minellilər yürüşdədir.
Yüz min toplum yaraq altda
Minellilər yürüşdədir.

Ərlər gəldi, Başev doldu,
Xaqan çıxdı düzə daldı,
Üç min toplum yola saldı,
Minellilər yürüşdədir.

Xançu qara bir qayadı,
Dağı-daşı qan boyadı,
Çoxu yerə üz dayadı,
Minellilər yürüşdədir.


Qorxu tökdü ürəklərə
Minellilər bu döyüşdə,
Bağırtılar, nəriltilər,
Minellilər bu döyüşdə.

Ox gözlərdən od qapırdı,
Qalxanlardan qor qopurdu,
Topbuz vurub at çapırdı
Minellilər bu döyüşdə.

Döş yırtırdı bizuc, bıçaq.
Qan tökürdü iti yaraq,
Tez-tov idi, iyid, qoçaq
Minellilər bu döyüşdə.


Gecə iykən Xançulular
Gözləmirdi bu yürüşü.
Durudaşlar diyarından
Gözləmirdi bu yürüşü.

Ağac bizuc, dəmir balta,
Düzər öndə, Qoşar dalda,
Qırılanlar bu dar yolda
Gözləmirdi bu yürüşü.

Sarı xaqan saraydaydı,
Hər gün yeni bir toydaydı,
Üç min əri dolaydaydı,
Gözləmirdi bu yürüşü.


Minbaşılar əl qaldırdı,
– Bizi qırma, böyük Düzər.
Kölə götür, tarlaya qat,
Bizi qırma, böyük Düzər.

Ölən ölüb, qalan belə,
Qolu bağlı, sınıq, kölə,
Alaybaşı gəldi dilə:
– Bizi qırma, böyük Düzər.

Heydən düşüb təntikdilər,
Çox yalvarıb dil tökdülər,
Döyüşməkdən əl çəkdilər,
Bizi qırma, böyük Düzər.


Üç min ərdən mini qaldı,
Qalanlarsa qolu bağlı.
Yaralısı, ölüvayı,
Qalanlar da qolu bağlı.

Yaraqları atmışdılar,
Üzüquylu yatmışdılar,
Qaşlarını dartmışdılar,
Qalanlar da qolu bağlı.

Düzər çox-çox beyin yordu,
Kölələri soyundurdu,
Min ərinə geyindirdi,
Qalanlar da qolu bağlı.


Gedək-dedi-biz Başevə,
Xançulular geyimində.
Deyək, qırdıq Minellini
Xançulular geyimində.

Sarı xaqan bizi öyər,
Sevinc səsi düşər göyə,
"Minelliyə" sağ ol deyər
Xançulular geyimində.

Yaraqları dəyişdirək,
Qılınc, qalxan döyüşdürək,
Xaqanları bəyişdirək
Xançulular geyimində.


Sarı xaqan soraq tutdu,
Minellilər əziliblər.
Dönüb uçuz kölələrə
Minellilər əziliblər.

Sevindilər bu gəlişə,
Yemək, içmək düşdü işə,
Xaqan tez-tez vurdu döşə,
Minellilər əziliblər.

Öydü özün vayzaqladı,
İçki içdi sayıqladı,
Sayı-soyu ayaqladı,
Minellilər əziliblər.


Gec bildilər, içlərinə
Gizli gələn Minellidir.
Çin geyimi, yarağında
Gizli gələn Minellidir.

Obalara yüz-yüz dolan,
Qıy çəkərək yerlər alan,
Ürəklərə qorxu salan
Gizli gələn Minellidir.

Sarı xaqan qaçıb getdi,
Gecə ikən gözdən itdi,
Bunun ilə döyüş bitdi,
Gizli gələn Minellidir.


Xaqan çıxdı, güc yığmağa,
Ölmək üçün güc gərəkmi.
Çox təpildi ora-bura,
Ölmək üçün güc gərəkmi.

Əl uzatdı kəndlilərə
Uyğur, Təbət, hindlilərə,
Arıqlara, ətlilərə,
Ölmək üçün güc gərəkmi.

O yalvardı yüzlərinə,
Baxmadılar sözlərinə,
Getdi Təbət düzlərinə,
Ölmək üçün güc gərəkmi.

Təbətlilər inandılar,
Yeni toplum yığıb gəldi.
Dağdan, düzdən adam tapdı,
Yeni toplum yığıb gəldi.

Tapdı orda arxasını,
Yüz-yüz könlü yuxasını,
Tez-tovunu, yorğasını,
Yeni toplum yığıb gəldi.

Təbətdəydi bütün yayı,
Boğmalayıb iki tayı,
Qarışdırıb soyu-sayı
Yeni toplum yığıb gəldi.


Düzər ondan ayıq idi,
Onu lapdan qarşıladı.
Toplumunu geri qovdu,
Onu lapdan qarşıladı.

Tərpənincə, dəbərincə,
Vurdu yıxdı gəbərincə,
Qılıncının kəsərinçə
Onu lapdan qarşıladı.

Qalmamışdı qaçan yeri,
Qaçıb bir də dönə geri,
Aldı önü çaydan bəri
Onu lapdan qarşıladı.


Paya, bizuc, dəmir qalxan,
Üç gün belə döyüşdülər.
Balta, qılınc, ox ipatma,
Üç gün belə döyüşdülər.

Yer şumlandı topuğacan,
Helləndilər kolluğaçan,
Yarğanacan,yarığacan,
Üç gün belə döyüşdülər.

Heydən düşdü Sarı xaqan,
Yerdə qaldı qılınc, qalxan.
Bəllənmədi üstün çıxan,
Üç gün belə döyüşdülər.


Sonra onlar güləşdilər,
Gündoğarda, dördüncü gün.
Yer, göy, bulud döndü gözə
Gündoğarda, dördüncü gün.

Düzər dözdü, qan-tər tökdü,
Sarı xaqan dizə çökdü,
Alıb onu yerə çəkdi
Gündoğarda dördüncü gün

Yana düşdü iki qolu,
Baxışları qanla dolu,
Yerə yatdı üzüquylu,
Gündoğarda, dördüncü gün.


Xaqan çox ər öldürmüşdü.
Düzər onu öldürmədi.
Dedi: – Çıx get, ta görünmə,
Düzər onu öldürmədi.

Dirrik olsun ağrın sənin,
Qana dönsün bağrın sənin,
Qanlı qancıl ağlın sənin,
Düzər onu öldürmədi.

Minellini yazıq bilmə,
Daha ona qarşı gəlmə,
Buraxıram, dur get, ölmə,
Düzər onu öldürmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов