Çox gənc idi şahlıq üçün Tanı şah,
Bir ölkəni dolandıra şah gərək,
Asur şaha çox vergilər qoydu o,
Bir ölkəni dolandıra şah gərək.

Ağqurd Alpan istəyirdi Qızbalı,
Tuncər-Günay toyuna da az qalıb,
Bacar, Düzər, Qızçiçək də qocalıb,
Bir ölkəni dolandıra şah gərək.

"Ölkə ona bağlı deyil ürəkdən,
Deyirlər ki, o, tez çıxıb bələkdən,
İndi gərək mahnı çala tütəkdə,
Bir ölkəni dolandıra şah gərək.

Çox da ana qoyub onu yerində,
O düşünə bilmir hələ dərindən,
İşdə gərək yardım ala birindən,
Bir ölkəni dolandıra şah gərək".


Düşünürdü Tanı şah da bunları,
Öz yeri var, öz yetəri hər şeyin.
"Ana" sözü ürəyini yeyirdi,
Öz yeri var, öz yetəri hər şeyin.

"Ana qanı tökmək ilə şah olmaq,
Öz anandan qılınc ilə yer almaq.
Ana adı üzərində ucalmaq,
Öz yeri var, öz yetəri hər şeyin.

Analığım məni yoldan çıxartdı,
Şah anamın al qanını axıtdı.
O, məni də öz içimdən dağıtdı,
Öz yeri var, öz yetəri hər şeyin.

Utanıram, utanıram hamıdan,
Heç kəs heç nə gözləməyir Tanıdan,
Mən bir yardım istəyirəm Tanrıdan,
Öz yeri var, öz yetəri hər şeyin".


Gizli-gizli ağlayırdı Tanı şah,
Göz yaşıyla ölən bir də dirilməz.
Anasını düşünərək sızlayır,
Göz yaşıyla ölən bir də dirilməz.

Sonevinə gecə gizli gedirdi,
Göz yaşında dəniz-dəniz itirdi.
Acı-acı ağı deyib ötürdü,
Ölən bir də göz yaşıyla dirilməz.

Başev tutdu Manay şahın ilini,
Doğmaları, qorxmaz Ağüz elini,
Bükük gördü Tanı şahın belini,
Ölən bir də göz yaşıyla dirilməz.

Sonrası gün Tanı itdi, yox oldu,
Dalısınca söz deyənlər çox oldu,
Mindiyarda bu yoxolma ağ oldu,
Ölən bir də göz yaşıyla dirilməz.


Çox gəzdilər, tapmadılar Tanını,
Adam yoxun yoxluğuna acımaz.
Başev dəydi bir-birinə yenidən,
Adam yoxun yoxluğuna acımaz.

Bir hələlik şah gəzdilər, kim ola,
El içində ağır ola, sayıla,
Mindiyara yeni bir şah qoyula,
Adam yoxun yoxluğuna acımaz.

Ağqurd Alpan, Tuncər, Günay, həm Bacar,
Tək Günayın əlindədir bu açar,
Həm yetmə var, həm qadın var, həm qoca,
Adam yoxun yoxluğuna acımaz.

Günay dedi: – Mən sonranı görürəm,
Şah yerinə mən Tuncəri verirəm,
Bacım oğlu Tanıya da deyirəm,
Adam yolun yoxluğuna acımaz.


Ağüzeldən ağsaqqallar dedilər:
Yer üstündə hamı yer-yer dəyişir.
Ad verdilər, and verdilər şahlığa,
Yer üstündə hamı yer-yer dəyişir.

Tuncər adı hər bir yerə yayıldı,
Həm kürəkən, həm də ki, şah sayıldı,
Bunu bilib Qızbal-Maha bayıldı,
Yer üstündə hamı yer-yer dəyişir.

Tuncər qalxdı soy-kökünün yerinə,
Günayını aldı o, sol böyrünə,
Öyünərək Günay baxdı ərinə,
Yer üstündə hamı yer-yer dəyişir.

Bundan sındı, küsdü, getdi Ağüzel,
Bundan çox-çox sevindilər Bacargil,
Ağüzeldən uca-uca var Minel,
Yer üstündə hamı yer-yer dəyişir.


Tuncər şahın səsləncləri gurladı,
Hər yüzillik bir ad ilə diridir.
Buyuruğu hər ölkəni dolaşdı,
Hər yüzillik bir ad ilə diridir.

Mindiyarın hər bir qarınc torpağı,
Bu torpağın vecsiz qalan bucağı,
Qorunacaq göz-bəbəyi sayağı,
Hər yüzillik bir ad ilə diridir.

Üztutdudur əkin yeri, su başı,
Mal-qara da bunlar ilə yanaşı,
Güzgüləşsin hər ağacı, hər daşı,
Hər yüzillik bir ad ilə diridir.

Yazılaşsın oxu, söz, dil, düşüncə,
Nağıl, söylənc, deyim, duyum, əyləncə,
Çalğı, mahnı, ağı, qoşma, görincə,
Hər yüzillik bir ad ilə diridir.


Güzgüləşsin qızıl, gümüş, daş, dəmir,
Görüncədir birdillini var edən.
Toy-düyündür, oyun, mahnı, çal-oyna,
Görüncədir birdillini var edən.

– Mən Tuncərəm, Mindiyarın şahbaşı,
Od-ocağın, tanrıların soydaşı,
Dillilərin, dilsizlərin qardaşı,
Görüncədir birdillini var edən.

Buzboğazla Qoşaboğaz bitişik,
Körfəz gedib Qobudüzə yetişib,
Mindiyarı birləşdirən dil işi,
Görüncədir birdillini var edən.

Mən Tuncərəm, Bacar oğlu Minelli,
Buyuruğum verilibdir yüzillik.
Mindiyarın bir dili var,-Tur dili,
Görüncədir birdillini var edən.


Günay-Tuncər toyu yazda quruldu,
Hamılıqdır hər bir yerdə toyla yas,
Bacar gəldi, Qızçiçəklə Qarçiçək,
Hamılıqdır hər bir yerdə toyla yas.

Ölkələrdən qonaq gəlib qayıtdı,
Bu böyük toy Ağüzeli ovutdu,
Küsüşmələr Tuncər şahı ayıltdı,
Hamılıqdır hər bir yerdə toyla yas.

Toydan sonra ova çıxdı ərənlər,
Baş əydilər ona onu görənlər,
Ox atanlar, at səyirdib sürənlər,
Hamılıqdır hər bir yerdə toyla yas.

Sevgisinin sevincini tapalı,
Günay üç gün evdə qaldı qapalı,
El görüşə gəldi elli-obalı,
Hamılıqdır hər bir yerdə toyla yas.


Öyrənc, yoxsa göydən gələn buyuruq?
Hər öyrəncdə incəlik var, tutum var,
Eldə, yurdda hamı ona bağlıdır,
Hər öyrəncdə incəlik var, tutum var.

Yoxsula da, zənginə də buyuruq,
Onda tanrı göstərişi duyuruq,
Özümüzdən pislikləri qovuruq,
Hər öyrəncdə incəlik var, tutum var.

Dilibirlər birləşirlər bu adla,
Yeribirlər birgə, qoşa qanadla,
Addımlayır öyrənc yurdla, elatla,
Hər öyrəncdə incəlik var, tutum var.

Hər bayramda öyrəncləri sayırıq,
Onu el-el, oba-oba yayırıq,
Sınaq kimi ortalığa qoyuruq,
Hər öyrəncdə incəlik var, tutum var.


Ağqurd Alpan istəyirdi Qızbalı,
Uzaq olsun sevgi qandan, qadadan.
Ana-bala arasına qan salar,
Uzaq olsun sevgi qandan, qadadan.

Qızbal hər gün əlbəyaxa ölümlə,
Düşüncəsi sarsılırdı deyimlə,
Bəzənirdi-düzənirdi geyimlə,
Uzaq olsun sevgi qandan, qadadan.

Yox olandan oğulluğu Tanı şah,
Az qalırdı dağa, daşa dırmaşa,
Acığını bildirirdi birbaşa,
Uzaq olsun sevgi qandan, qadadan.

Tuncər şahdan yaralıydı, acıqlı,
Olaylardan, olmuşlardan yanıqlı,
Təkcə sevgi qarşısında qılıqlı,
Uzaq olsun sevgi qandan, qadadan.


– Mən qoymaram Tuncər bizə şah olsun,
Şahın gərək bəlli ola soy-kökü,
Gedib tapıb gətirərəm Tanını,
Şahın gərək bəlli ola soy-kökü.

Ağqurd Alpan gərək bizə şah ola,
Öcümüzü Minellidən o ala,
Şahlıq gərək çatsın bu gün Qızbala,
Şahın gərək bəlli ola soy-kökü.

Özüm indi Darvidelə şaham mən,
Ölsəm belə tərpənmərəm yerimdən,
Böyük yardım istəyirəm ərimdən,
Şahın gərək bəlli ola soy-kökü.

Gedər-gəlməz edəcəyəm Tuncəri,
Şah olmağa yoxdur onun təpəri,
Bu şahla yox Mindiyarın dəyəri,
Şahın gərək bəlli ola soy-kökü.


Ağqurd Alpan dilə tutdu Qızbalı,
– Hər bir şeyə don geydirib pisləmə,
Tuncər şah da Turdan alıb soy-kökü,
Hər bir şeyə don geydirib pisləmə.

Minellilər min-minlərin min-mini,
İşdə-gücdə bircə ildir hər günü,
Tuncər gələr, yığar, açar düyünü,
Hər bir şeyə don geydirib pisləmə.

Daha səndən usanmışam, bunu bil,
Daha bizim sevişməmiz düz deyil,
Gəlib səndən öc alacaq Bacargil,
Hər bir şeyə don geydirib pisləmə.

– Mən də səndən usanmışam, qurd kişi,
– Usanıbsan daha burda nə işin?
– Gərək təkcə mən Tuncərə girişim,
Hər bir şeyə don geydirib pisləmə.


Günay bunu eşitcəyin qızışdı,
Öc almasın gərək kişi qadından.
Yaxşı olar mən Qızbalı öldürüm,
Öc almasın gərək kişi qadından.

Tuncər bildi, çox danladı Günayı,
Turqız bildi ağızlardan dolayı,
Dedi,-Mənəm o şındırın güc tayı,
Öc almasın gərək kişi qadından.

Turqız getdi beş gün yolu üç günə,
Alın təri hopdu atın tərinə,
Döndü qaba yırtıcının birinə,
Öc almasın gərək kişi qadından.

Gecə çatdı, orda-burda azaraq,
O, Qızbalı soruşaraq, busaraq,
Tapdı evi, güdükləndi susaraq,
Öc almasın gərək kişi qadından.


Turqız dama, ordan evə dırmaşır,
Örtük altda düyünçələr düyünlü.
Ərlə arvad yatışırdı, sarmaşıb,
Örtük altda düyünçələr düyünlü.

Kəsir qılınc bir vurumda cüt başı,
Dığırlanır yerdə başlar yanaşı,
Hər ikisi qan selində calaşır,
Örtük altda düyünçələr düyünlü.

Əkbitənin Başevinin qabağı...
Kəsik başlar şahın qanlı qonağı,
Kim kəsibdir başı qancıl sayağı?
Örtük altda düyünçələr düyünlü.

Biri Qızbal, o birisi tanınmır,
Üz-gözündən bəllənməyir, anınmır,
Ağqurd Alpan deyil, kimdir qaynımız?
Örtük altda düyünçələr düyünlü.


Ağqurd Alpan gəlib çatdı Başevə,
Gözlənilməz işə göz də inanmaz.
Tanımadı o kişinin başını,
Gözlənilməz işə göz də inanmaz.

Sonra bildi Qızbal onu atıbdır,
Gedib özgə birisilə yatıbdır,
Bu kişini o kişiyə satıbdır,
Gözlənilməz işə göz də inanmaz.

Acığından dili, gözü tutuldu,
Qara, qalın qaşlar bərk-bərk çatıldı,
Sevgisinə sanki ağı qatıldı,
Gözlənilməz işə göz də inanmaz.

– Demək, məni aldadırmış bu pozğun,
Mən onunçun leş imişəm, o, quzğun,
Yaxşı ötdü üstümüzdən bu çovğun,
Gözlənilməz işə göz də inanmaz.


Hamı dedi, çətin buna inanaq,
Hər olayın üç üzü var, beş üzü.
Ağqurd Alpan özü kəsib başları,
Hər olayın üç üzü var, beş üzü.

And-amana inanmadı çoxları,
Qırılmışdı çox-çox inam bağları,
Quruyurdu ürəyinin zoğları,
Hər olayın üç üzü var, beş üzü.

Aldanmışdı Darvidelin qızına,
Baxmamışdı qarasına, bozuna,
Vurulmuşdu onun dadlı duzuna,
Hər olayın üç üzü var, beş üzü.

Bərklər udur, kövrəklərsə uduzur,
Özü gərək öldürəydi quduzu,
Boş başına endirəydi toppuzu,
Hər olayın üç üzü var, beş üzü.


Tuncər dedi: – Ağqurd Alpan, atamsan,
Şahlıq ata-balanı da ayırır,
Sən Xançuya yerinc getsən yaxşıdır,
Şahlıq ata-balanı da ayırır.

Mən burada, sən orada buyuran,
Qancılları öz qanıyla doyuran,
Hər bir işdə tükü tükdən ayıran,
Şahlıq ata-balanı da ayırır.

Get, vurulma daha pozğun gözələ,
Yol vermə ki, səndən pislik sezilə,
Çinellinin gərək başı əzilə,
Şahlıq ata-balanı da ayırır.

Ağqurd Alpan bu sözləri bəyəndi,
Ürəkləri birgə vurdu, döyündü,
Yerinc olmaq ad-sanıyla öyündü,
Şahlıq ata-balanı da ayırır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов