Bığ, saqqalı qaralmışdı Turqtayın,
Sevər ürək, uçar könül bu yaşda.
O sevmişdi Yanqu qızı gizlidə,
Sevər ürək, uçar könül bu yaşda.

Baş götürüb hara gəldi gedirdi,
Gözdən, evdən ilim-ilim itirdi,
Döşdə, yolda mahnı deyib ötürdü,
Sevər ürək, uçar könül bu yaşda.

«-Yanqu, məni məndən alan sevgilim,
Ey Çineldə bitib gülən qız gülü,
Mənə öyrət öz dilində gül dili»,
Sevər ürək, uçar könül bu yaşda.

«Bir yol güldün, mənim könlüm gülləndi,
Ürəyimdən axan qanlar selləndi,
İçərimdə nə var idi dilləndi,
Sevər ürək, uçar könül bu yaşda».


«Tanrı, mənə bir yol göstər, əltut ol,
Görünənlər, duyulanlar sevgidir.
Məni qurtar bu sevimli ağrıdan,
Görünənlər, duyulanlar sevgidir.

O əl, o dil, o bel necə göz çəkir,
Dodaq, baxış ürəklərdən söz çəkir,
Oğlan durub vurğun baxır, qız çəkir,
Görünənlər, duyulanlar sevgidir.

Nə gözəldir qızın gənclik illəri,
Yan hörülən, yan tökülən telləri,
Dodağında çiçək açan gülləri,
Görünənlər, duyulanlar sevgidir.

Gedim, deyim ona ürək sevgimi,
Görək sevir, necə sevir kim kimi,
Çatım ona uşaq deyil, ər kimi,
Görünənlər, duyulanlar sevgidir».


«Gedim daha Quşatını çullayım,
Dəyişilir ildən-ilə dayanış.
Dəmiratın, Qonuratın qalıncı,
Dəyişilir ildən-ilə dayanış.

Nə biləcək gendən ona vurğunam,
Nə biləcək mən sevgimdə daşqınam,
Nə biləcək düşüncəmdə yayqınam,
Dəyişilir ildən-ilə dayanış.

Gəlim, gülüm, saçlarına toxunum,
Bu sevgimlə diksindirim çoxunu,
Sonra dönüm, uzaq edim yaxını,
Dəyişilir ildən-ilə dayanış.

Sən Tuncayın gözəlisən, bilirəm,
Gündə yüz yol dirilirəm, ölürəm,
Səni yüz yol öz könlümdən silirəm,
Dəyişilir ildən-ilə dayanış».


Turqtay çapdı Qonuratı durmadan,
Sevgi hər an çəkir səni qoynuna.
At buluda dönüb çapır göylərə,
Sevgi hər an çəkir səni qoynuna.

«Keç yurdları, kövşənləri, çölləri,
Ağrımasın dırnaqların, əllərin,
Qan-tər olub yal-yalmanın, tellərin,
Sevgi hər an çəkir səni qoynuna.

Bu, yolları hardan belə tanıyır,
Yoxsa məni düzənlikdə sınayır?
Niyə gözü hərdən-birdən oynayır?
Sevgi hər an çəkir səni qoynuna.
Deyən, sən də erkəkini gəzirsən,
Buna görə quşlaşaraq süzürsən,
Gizli-gizli yanıb mən tək dözürsən,
Sevgi hər an çəkir səni qoynuna».


– Güllər, çöllər, yellər məni qınayır,
Bir ürəkdə bir sevgiyə yer olar.
Hamı gizli sevə bilər istəsə,
Bir ürəkdə bir sevgiyə yer olar.

Güllər, çöllər, yellər, məni qoruyun,
İlk sevgimin yarasını sarıyın,
Ölsəm, məni Çuqçuyurdda arayın,
Bir ürəkdə bir sevgiyə yer olar.

Güllər, çöllər, yellər, məni saxlayın,
Mənim sevən ürəyimi yoxlayın,
Ölsəm, mən yox, sevgim üçün ağlayın,
Bir ürəkdə bir sevgiyə yer olar.

Güllər, çöllər, yellər, mənə yol verin,
Gedim tapım bizdən olan yerləri,
Sevərlikdən biz çıxaraq ərləri,
Bir ürəkdə bir sevgiyə yer olar.


Bir ay keçdi, tapmadılar Turqtayı,
Özü itən, ya yıxılan ağlamaz.
Turqtay gizli gəldi çatdı Çuqçuya,
Özü itən, ya yıxılan ağlamaz.

Sansi onu qarşıladı, oxşadı,
Qonuratı rahlayaraq qurşadı,
Quşat durub Dəmiratla, qoşadı,
Özü itən, ya yıxılan ağlamaz.

«Turq» deyərək Başev durdu ayağa,
Baş əydilər bir-bir yüksək qonağa,
Yanqu, Tuncay çıxıb ova – uzağa,
Özü itən, ya yıxılan ağlamaz.
Turqtay dedi: – Mən Quşatı çaparam,
Ovlaqlarda mən onları taparam,
Yeri gəlsə, maral ovu yaparam,
Özü itən, ya yıxılan ağlamaz.


Turqtay mindi oynaqlayan Quşatı,
Girəvədir yol azana ovçuluq.
Dedi, deyən yuxudaydım, ayıldım,
Girəvədir yol azana ovçuluq.

Başev çıxdı qabağına birbəbir,
– Sevimli Turq hara belə tələsir?!
Ayağına düşdü onun təkdəbir,
Girəvədir yol azana ovçuluq.

Turq dedi ki: – Qonuratı gətirdim,
Sevimlisi Dəmirata yetirdim,
Bəslədiyim bu Quşatı götürdüm,
Girəvədir yol azana ovçuluq.

Qayıdanda ovlaqları araram,
Ovçuları tapsam, onda duraram,
Ov ətindən yemək-içmək quraram,
Girəvədir yol azana ovçuluq.


– Turq, yorğunsan, getmə, yollar uzaqdır,
Başaşağı qayıdanı saxlama.
– Turq, varımız sənə kəsi qoy olsun,
Başaşağı qayıdanı saxlama.

– Turq, inciyər bizdən böyük Tanı şah,
– Gecə yarı sən baş vurma dağ-daşa,
– Dönmək olmaz bir ay yolu birbaşa,
Başaşağı qayıdanı saxlama.

Üç min atlı yola düşdü Turq ilə,

Sağol – deyib Turq çevrildi bir yelə,
Qaldı dalda bulud-bulud sürülər,
Başaşağı qayıdanı saxlama.
Qovdu, çapdı o, Quşatı yeyincə,
Üzü tutqun, ancaq könlü sevincək,
«Yox, sevilmiş bir gəlini nə sevmək?»
Başaşağı qayıdanı saxlama.


Üç min atlı arxasınca gəlirdi,
İç qatını hərdən-birdən ələklə.
Sevinsə də ağlayırdı ürəyi,
İç qatını hərdən-birdən ələklə.

Turq deyirdi: «Yaxşı oldu qayıtdım,
İstəyimi öz içimdə üyütdüm,
Sarsaq sevgi dirçəlirdi, uyutdum,
İç qatını hərdən-birdən ələklə.

Gül-çiçəklər, indi nəyəm, boşluğam,
Bir çay idim, indi çayda daşlığam,
Boş görgördə quru adam, başlığam,
İç qatını hərdən-birdən ələklə.

Tanrım, məni ayır gözəl Yanqudan,
Ürəyimi bu sevgidən, sorğudan,
Qoy qurtarsın sevgililər qorxudan,
İç qatını hərdən-birdən ələklə. »


Düzgü dağlar, güzgü sular keçdilər,
Göz oxşayan yerlər ürək oxşayır.
Bir bulaqda suyu qanlı gördülər,
Göz oxşayan yerlər ürək oxşayır.

Turq söylədi: – Burda qoyun kəsiblər,
Yanqu, Tuncay burda olub, gəziblər,
Deyən cüyür ovlamaqdan beziblər,
Göz oxşayan yerlər ürək oxşayır.

Üçminbaşı dedi Turqa bu sayaq,
– Turq sağ olsun, kəsi deyil bu, ancaq,
Kimsə keçib burdan üz-göz yuyaraq,
Göz oxşayan yerlər ürək oxşayır.
Birdən kimsə «yardım» deyib çığırdı,
Turqtay «Tuncay» bağıraraq çağırdı,
Yaxınlıqda kimsə kimi boğurdu,
Göz oxşayan yerlər ürək oxşayır.


Turq Quşatı çapdı, gördü Tuncayı,
Nə gəzirdi, sonda gəlib nə tapdı.
Neçə qancıl yıxıb boğur Tuncayı,
Nə gəzirdi, sonda gəlib nə tapdı.

Turq sıçrayıb qılıncını sıyırdı,
Yaralanıb yıxılanlar bəyirdi.
Tuncay durub ona sarı yüyürdü,
Nə gəzirdi, sonda gəlib nə tapdı.

Dedi: – Məni yaralayıb yıxdılar,
Səs çıxmasın deyə tutub boğdular,
Yanquqızı alıb yola çıxdılar,
Nə gəzirdi, sonda gəlib nə tapdı.

Turq hayladı igidləri dalınca,
Əlindəki parlaq qılınc yalınca,
O, Quşatı çapdı heydən salınca,
Nə gəzirdi, sonda gəlib nə tapdı.


Çatdı oğru-quldurlara Turq, Quşat,
Oğru varsa, keçir iti qılıncdan.
Dedi: – Durun, Yanquqızı qaytarın,
Oğru varsa, keçir iti qılıncdan.

Yaralıydı, qılınc qapdı Yanqu da,
O sıçradı boş, yüyənsiz bir ata,
Ova döndü yürüşündə hər adam,
Oğru varsa, keçir iti qılıncdan.

Turq başçını aşıraraq bizucla,
Vurdu onu, yastılatdı toppuzla,
O üzləşdi başqa qanlı quduzla,
Oğru varsa, keçir iti qılıncdan.
Quduz dedi: – Doğrayaram səni mən,
Turqtay dedi: – Qaçammazsan əlimdən,
Quduz dedi: – Deyən kalsan hələ sən,
Oğru varsa, keçir iti qılıncdan.


Qılınc qalxdı, endi, quduz yıxıldı,
Doğru çox-çox güclü olar oğrudan,
Bir də endi, quduz bir də qıvrıldı,
Doğru çox-çox güclü olar oğrudan.

Turq izlədi qaçanları yolacan,
Nə biləydi ovlaq belə olacaq,
Suaxmazlar qızıl qanla dolacaq,
Doğru çox-çox güclü olar oğrudan.

Yanquqızın eşidildi harayı:
– Hanı-dedi-mənim igid Tuncayım,
Gəl, boynuma qollarını dolayım,
Doğru çox-çox güclü olar oğrudan.

Turq dağıdır quldurları birbəbir,
Sümük qırır, qarın yırtır, baş kəsir,
Qalanları dağ döşündən hellədir,
Doğru çox-çox güclü olar oğrudan.


Döyüş toplum çatanacan qurtarır,
İki doğru yüz oğruya güc gələr.
Tuncay, Yanqu durmuşdular yan-yana,
İki doğru yüz oğruya güc gələr.

Yanqu tez-tez «Tuncay» deyib sızlayır,
Turqun yerincşah yerini gözləyir,
Hərdən öpür yarasından Tuncayın,
İki doğru yüz oğruya güc gələr.

Tuncayınsa başı, beli əyilib,
Qan itirib, heydən düşüb, keyəlib,

Gül yanağı qan içində göyərib,
İki doğru yüz oğruya güc gələr.
Yeyin çapın, daha ocaq qurmayın,
Yorğa gedin, yaralını yormayın,
Uğurelə çatanacan durmayın,
İki doğru yüz oğruya güc gələr.


Uğurelin yaşıl-yaşıl düzləri,
Elin varı, düzlükləri düzdədir.
Yaralını görüb çaşdı Qızçiçək,
Elin varı, düzlükləri düzdədir.

Əllərini o uzatdı görüncə,
Dedi: – Tanrı, balam düşüb kilincə,
Açıl, dirrik sapımdakı düyünçə,
Elin varı, düzlükləri düzdədir.

Yanqu dedi: – Tanrılaşan Qızçiçək,
Qaytarasan Tuncayımı sən gərək,
Yoxsa mənim könlüm, gülüm sönəcək,
Elin varı, düzlükləri düzdədir.

Turq, sənə də yalvarıram, qardaşım,
Tuncay mənim ərim, sənin yoldaşın,
Adın Çinə, Mindiyara yaraşır,
Elin varı, düzlükləri düzdədir.


Bir il keçdi, Tuncay bütün sağaldı,
Sağlamdan da sağlam olur sağalan.
Qaya idi sanki köksü, gövdəsi,
Sağlamdan da sağlam olur sağalan.

Üzdən, gözdən ikisi də sapsarı,
Çuqçu çıxıb qarşıladı onları,
Güldü qarlı Alatau dağları,
Sağlamdan da sağlam olur sağalan.

Dəmirat da, Qonurat da kişnədi,
Üç yol, dörd yol, beş yol, hələ beş nədi,
Oynaqlayıb bir-birini dişlədi,
Sağlamdan da sağlam olur sağalan.

Sevgililər qoşa-qoşa yanaşı,
Sevinclərdən sanki gözlər qamaşır,
Ov işində Yanqu, Tuncay ovbaşı,
Sağlamdan da sağlam olur sağalan.


Turq çox gəzdi düşüncəli, yovuşmaz,
Qancıl olar sevgisini boğanlar.
Bir boğulmuş sevgi baxır gözündən,
Qancıl olar sevgisini boğanlar.

Ata-ana çox yalvardı, dop-dolu,
Dedilər ki, oğul, sənə nə olub,
Niyə azdın Uğureldə düz yolu,
Qancıl olar sevgisini boğanlar.

Dedi: – Bir az gileyliydim tanrıdan,
Getdim, ancaq yolu döndüm yarıdan,
Yanıq idim mən ürəyim sarıdan,
Qancıl olar sevgisini boğanlar.

Böyük Tanrı ürəyimi ovutdu,
Qarlı dağlar istəyimi soyutdu,
Bir az sonra mən özümə qayıtdım,
Qancıl olar sevgisini boğanlar.


Məndən daha soruşmayın heç nəyi,
Olan olub, keçən keçib, qurtarıb.
Tanrı məni çağırmışdı yanına,
Olan olub, keçən keçib, qurtarıb.

Bundan sonra siz də mənə «Turq» deyin,
Mənlə gələn çuqçulara «çuq» deyin,
Nə istəsə, ürəyimə «yox» deyin,
Olan olub, keçən keçib, qurtarıb.
Tanı, Turqız çox baş yordu, düşündü,
Falçı, rəmlçi çağırmaqdan daşındı,
Gözlərində yaşqarışıq yaşıntı,
Olan olub, keçən keçib, qurtarıb.

Sınıq sevgi Turqu bir az sındırdı,
Düz olmayan əyri yoldan döndərdi,
«Tuncay» deyib sevgisini söndürdü,
Olan olub, keçən keçib, qurtarıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви