Çuqçu toplumu söylənci
Üç min çuqçu baş topluma qarışdı,
Önəmlidir qıraq yerdən gələnlər.
Seçilirdi döyüş-vuruş işində,
Önəmlidir qıraq yerdən gələnlər.
Turq onlara başçı oldu, sevimli,
Hamısı da parlaq, dəmir geyimli,
Minbaşısı düşüncəli, beyinli,
Önəmlidir qıraq yerdən gələnlər.
Bölündülər Uğurelə, Turelə,
Ad qazandı, tanıqlandı bir ilə,
Minelliylə onlar verdi əl-ələ,
Önəmlidir qıraq yerdən gələnlər.
Karş Hindeldə bunu gizli bilmişdi,
Beş min Hindel toplumuyla gəlmişdi,
Bu gəlişlər, bu gedişlər nə işdi?
Önəmlidir qıraq yerdən gələnlər.
Turq Karş ilə yaşıd idi bir ildən,
Ayrı yollar qardaşı da ayırır,
Biri qancıl, biri yurdcul gənc idi,
Ayrı yollar qardaşı da ayırır.
Döyüşlərdə biri gücdü, biri bic,
Çox güclüdə biclik olmur, bicdə güc,
Çoxlarına görünməyir bu görünc,
Ayrı yollar qardaşı da ayırır.
Görüşəndə Turq qaş-qabaq tökmüşdü,
Baxışına qanlı acıq çökmüşdü,
Bu baxışdan Karş quş kimi səkmişdi,
Ayrı yollar qardaşı da ayırır.
Turq söylədi: – Kirpiklərin ütülüb,
Dartımların arıqlıqdan dartılıb,
İş görürsən sən Başevdən örtülü,
Ayrı yollar qardaşı da ayırır.
Mən gəlmişəm sənə düz yol göstərəm,
Sonda düzlük kəsib gedir əyrini,
Mindiyarın sol böyrüdür Turel də,
Sonda düzlük kəsib gedir əyrini.
Düzə baxsan sən Hindeldən köçkünsən,
O torpaqdan Mindiyara sürgünsən,
Burdan, ordan niyə belə küskünsən,
Sonda düzlük kəsib gedir əyrini.
Toplumunu döndər Hindel sarıya,
Yaşadığı yeri kişi qoruyar,
Yaş acıyır qışda deyən quruya,
Sonda düzlük kəsib gedir əyrini.
Yaşayırsan yaşa burda, dinc otur,
Sənə qarşı ürəyimdə öc artır,
Ya o yanlıq, ya bu yanlıq, ay qotur,
Sonda düzlük kəsib gedir əyrini.
Yaraqlanıb, tutaqlanıb durdular,
Od qalayır, su çiləyir bircə söz.
Bircə sözdən asılıydı vuruşma,
Od qalayır, su çiləyir bircə söz.
Karş söylədi: – Vuruşmayaq bu sayaq,
Gəl at çapaq, daş qaldıraq, ox ataq,
Kim güc gəldi onu böyük ər sayaq,
Od qalayır, su çiləyir bircə söz.
Ox atdılar, oxlar gözdən yox oldu,
Daş dartdılar, güclər daşdan çox oldu,
At çapdılar, atlar uçar ox oldu,
Od qalayır, su çiləyir bircə söz.
Ancaq Quşat çapdı getdi yolları,
Qan-tər oldu döşü, başı, yalları,
Qaya qırdı, qor ələdi nalları,
Od qalayır, su çiləyir bircə söz.
Karş döngədə neçə atlı qoymuşdu,
İt qaplandır, birdən çıxsa qarşına.
Turqu onlar süpürlədi döngədə,
İt qaplandır, birdən çıxsa qarşına.
Quşat ürkdü, ancaq bundan qorxmadı,
Düz yolunu çapdı, yoldan çıxmadı,
Turq bizuca, oxa, yaya baxmadı,
İt qaplandır, birdən çıxsa qarşına.
Yaraqlılar çaş-baş qaldı, karıxdı,
– Bu, at deyil, qurddan, quşdan ayıqdır,
Turqtay Karşdan, bizdən çox-çox sayıqdır,
İt qaplandır, birdən çıxsa qarşına.
Quşat çapdı, yaraqlılar yortdular,
Dallarınca atlarını dartdılar,
Meşəlikdə onlar Turqa çatdılar,
İt qaplandır, birdən çıxsa qarşına.
Turq bağırdı: – Durun, indi vuruşaq,
Doğru vuruş son qoyacaq bicliyə.
Yarışlarda qurma biclik döngəsi,
Doğru vuruş son qoyacaq bicliyə.
Turq onları qılıncından keçirtdi,
Qanlarını özlərinə içirtdi,
Bir-bir, üç-bir sonevinə köçürtdü,
Doğru vuruş son qoyacaq bicliyə.
Sonra dedi: – Uç irəli, Quşatım,
Qoy doğruluq, düzlük olsun qanadın,
Çap, çap, gedim qancıl Karşa mən çatım,
Doğru vuruş son qoyacaq bicliyə.
Gəlib gördü Karş qaçıbdır uzağa,
Çuqçu bilib əl atıbdır yarağa,
Arielli səpələnib otlağa,
Doğru vuruş son qoyacaq bicliyə.
Dedi: – Hindel toplumunu qaytarın,
Özgə toplum özgə yurdda nə gəzir.
Birini də sağ qoymayın qayıtsın,
Özgə toplum özgə yurdda nə gəzir.
Qıy vurdular, at çapdılar çuqçular,
Yetişdilər Hindelliyə çal-çapar,
Bu, vuruşdur, baş şaqqala, baş qopar,
Özgə toplum özgə yurdda nə gəzir.
Çuqçubaşı baş yolları öyrəndi,
Turq söyləyib o, Turqtaya söykəndi,
Turq bu yolu doğru sandı, bəyəndi,
Özgə toplum özgə yurdda nə gəzir.
İki toplum üzləşdilər düzəndə,
Çöl qızardı çuqçu baş, qol kəsəndə,
Hindli qaçdı qan görməkdən bezəndə,
Özgə toplum özgə yurdda nə gəzir.
Çuqçu dedi: – Hind toplumu qırıldı,
Yer itirən yer tapandan qıvraqdır.
«Turq toplumu» ad qoyublar bizlərə,
Yer itirən yer tapandan qıvraqdır.
Biz çuqçuyuq Yanqu, Tuncay qolundan,
Biz dönmərik Turqtay, Tanı yolundan,
Dayanmışıq Mindiyarın dalında,
Yer itirən yer tapandan qıvraqdır.
Biz çuqçuyuq, suda balıq, dağda quş,
Döşlərimiz dəmirləşib dağ olmuş,
Turqdan gəlir bizə bu güc, bu duruş,
Yer itirən yer tapandan qıvraqdır.
Biz çuqçuyuq, harda olsaq Turqtayıq,
Çinelindən Mindiyara bir payıq,
Göydə bulud, yerdə axar bir çayıq,
Yer itirən yer tapandan qıvraqdır.
Gümüşqıza Turq söylədi astadan,
– Qız sevgisi duru olur bulaqdan,
Dəyərlənir bu sevgidən bil ki Karş,
Qız sevgisi duru olur bulaqdan.
Çox çəkibdir başın Karşdan, sağ olmuş,
Bu sevgidən Darvidelli dağılmış,
El-obalar qızıl qanda boğulmuş,
Qız sevgisi duru olur bulaqdan.
– Özünə gəl, bacım, elə dayaq ol,
Öz yerini qoru, quşdan ayıq ol,
Öz sevginə qıraqdan bax, soyuq ol,
Qız sevgisi duru olur bulaqdan.
Atan Karşa aldanılıb, basılıb,
Sevgin gedib gör kimlərə qısılıb,
O, yalançı bir istəkdən asılıb,
Qız sevgisi duru olur bulaqdan.
– Darvideli siz Turelə qaytarın,
Hər adamın bir yurdu, bir ulusu.
Beş min ildir darvidelli bu yerdə,
Hər adamın bir yurdu, bir ulusu.
Qız dedi ki: – Qardaş, ona bağlıyam,
Ata yandan, yer-yurd yandan dağlıyam,
Gözüm deyil, mənim könlüm ağlayar,
Hər adamın bir yurdu, bir ulusu.
Necə oldu Karşı sevdim, bilmədim,
Atam öldü, könlüm daha gülmədi,
Könlüm öldü, ancaq sevgim ölmədi,
Hər adamın bir yurdu, bir ulusu.
Məni öldür, qardaş, ya da bağışla,
Ey ürəyim, bu sevgini qarğışla,
Hara gedim, tanrım, yersiz doğuşla,
Hər adamın bir yurdu, bir ulusu.
Turqtay döndü, toplum qaldı Tureldə,
Başın üstən qorxu keçib, inanma.
Tanı dedi: – Karşı gərək tutaydın,
Başın üstən qorxu keçib, inanma.
Qayıdacaq o, Turelə bir azdan,
Hər gəlişi, hər gedişi yeni qan,
Gümüşqızı odur tez-tez aldadan,
Başın üstən qorxu keçib, inanma.
Turqız dedi: – Oğlum, gəncsən hələ sən,
Gəncin qancıl tez yayınar gözündən,
Qarmalayıb dağıdardım Karşı mən,
Başın üstən qorxu keçib, inanma.
Mən anayam, sənə uğur dilərəm,
Ürəyimi sənlə yarı bölərəm,
Hara getsən mən dalınca gələrəm,
Başın üstən qorxu keçib, inanma.
Tanı dedi: – Karşdan çox-çox qoçaqsan,
Acıqanı tutma heç də tək əlli.
Gümüşqızla yola gətir onu sən,
Acıqanı tutma heç də tək əlli.
Bic olmaqçın izinə düş sən bicin,
Bicin oxu üzünü yox, sən için,
Öz yeri var hər bicliyin, hər gücün,
Acıqanı tutma heç də tək əlli.
Turq söylədi: – Atam, anam düz deyir,
Karş bicləmə bir önərdi, hər nədir,
Doğrayaram toplumunu birbəbir,
Acıqanı tutma heç də tək əlli.
Üç ayacan onu tapıb tutaram,
Kölələrin sırasına qataram,
İki elin birliyinə çataram,
Acıqanı tutma heç də tək əlli.
Çuqçubaşı başsız qaldı Tureldə,
Tez anlayan harda olsa başçıdır.
Çuqçubaşı bilirdi Karş gələcək,
Tez anlayan harda olsa başçıdır.
Busqularda adamları güdürdü,
Kol-kos içrə yatıb gözdən itirdi,
Karş hardaydı orda ot tək bitirdi,
Tez anlayan harda olsa başçıdır.
Karş Gümüşqız yöndəmində dolanır,
Qapılardan, çəpərlərdən boylanır,
Acıqandan dodaqları sallanıb,
Tez anlayan harda olsa başçıdır.
Onu yaxın buraxmırdı Gümüşqız,
Darvidelli qayıdırdı qayğısız,
Çuqçuların yardımıyla qorxusuz,
Tez anlayan harda olsa başçıdır.
Karş güdürdü öldürməyə bu qızı,
Ana ölsə uşaq ölür anayla.
Gərək qalsın uşaq ana bətnində,
Ana ölsə uşaq ölür anayla.
Gümüşqızsa beş aylığa boyluydu,
Mindiyarda boylu arvad uluydu,
Doğmayanlar diri deyil, ölüydü,
Ana ölsə uşaq ölür anayla.
«Ana ölsün, uşaq qalsın nə sayaq?»
Karş bunları düşünürdü yortaraq,
Çölü adam, içərisi yapalaq,
Ana ölsə uşaq ölür anayla.
Gümüşqız da qancıl əri duymuşdu,
Başı altda qılınc, balta qoymuşdu,
Öz-özündən, öz ərindən doymuşdu,
Ana ölsə uşaq ölür anayla.
Atasını öldürmüşdü Gümüşqız,
Çılğın sevgi sonda bitir ölümlə.
Düşünürdü ərini də öldürsün,
Çılğın sevgi sonda bitir ölümlə.
Ancaq belə yumaq olar bu qanı,
Mən öldürdüm, Karş bu qana boyanıb,
Qandır, ölüm, bir də öcdür hər yanım,
Çılğın sevgi sonda bitir ölümlə.
Ata üstdə Turqtay məni danladı,
Bu ölümün duyumunu anladı,
Karş istədi bunu, bu qan onladı,
Çılğın sevgi sonda bitir ölümlə.
Ah, dağılır mənim könlüm, beyinim,
Gərək Turqa açam bu qart düyünü,
Qoy o bilsin təkcə düzü, düzgünü,
Çılğın sevgi sonda bitir ölümlə.
Köçüb gedən Darvideli qayıtdı,
Göy aparan, torpaq isə verəndir.
Turel ona elbir, dilbir olmuşdu,
Göy aparan, torpaq isə verəndir.
Gümüşqızı başçı qoydu gələnlər,
Turel deyib göz yaşını silənlər,
Üzə durdu eli iki bölənlər,
Göy aparan, torpaq isə verəndir.
Gümüşqızsa oğlan doğdu utancaq,
Görən uşaq sonda kimin olacaq,
Dəyirmibaş, dəyirmiüz, al yanaq,
Göy aparan, torpaq isə verəndir.
Karş yox idi, yasaq idi neçə il,
Lap əzəldən olmamışdı elə bil,
Sanki Turel ona elbir yurd deyil,
Göy aparan, torpaq isə verəndir.
Gümüşqızı çağırdılar Başevə,
Ağac gərək öz kökündən su içə,
Dedilər ki, sən Turelə yerinc ol,
Ağac gərək öz kökündən su içə.
Dedilər ki, iki eli birləşdir,
İgid yaşa, qadınları ərləşdir,
Əbəşeldən gələnləri yerləşdir,
Ağac gərək öz kökündən su içə.
Dedilər ki, toplum yarat, yaraqlat,
Kim yox dedi, onu dibdən alaqla,
Karşçıları vur-yıx yerə, ayaqla,
Ağac gərək öz kökündən su içə.
Çuqçuları sayıq saxla, yürüklət,
Hindellini onlar ilə sürüklə,
Acığını gülüşənə bələklə,
Ağac gərək öz kökündən su içə.
Dönüb gəldi öz evinə Gümüşqız,
Gərilirsən bir göstəriş alanda.
Ağır işdən çəkinmədi, qorxmadı,
Gərilirsən bir göstəriş alanda.
Gəlib gördü Karş uşağı aparıb,
Gül yanağı solub oldu sapsarı,
Ora, bura qovdu atı, çaparı,
Gərilirsən bir göstəriş alanda.
«Balam» dedi, «körpə balam» söylədi,
Gəzdi çölü, maral kimi mələdi,
Göz yaşını sel-sel tökdü, ələdi,
Gərilirsən bir göstəriş alanda.
Boş əl ilə o, evinə dönüncə,
Hamı gəldi ürək verdi yerinçə,
Kimi tutqun, kimi isə sevincək,
Gərilirsən bir göstəriş alanda.
Karş yalvardı Gümüşqıza yazıda,
Bağışlayar qolu, könlü güclülər.
Sən də məni artarına bağışla,
Bağışlayar qolu, könlü güclülər.
Gəl uşağı bir böyüdək, yaşadaq,
O, bir zirvə, biz ikimiz qoşa dağ,
Acıqlardan içimizi boşaldaq,
Bağışlayar qolu, könlü güclülər.
Tək qalmışam kolluqlarda indi mən,
Gəl birləşək Turqa qarşı yenidən,
Bezikmişəm çuqçuların əlindən,
Bağışlayar qolu, könlü güclülər.
Arielli, Darvidelli bir eldir,
Aramızda at oynadan boş yeldir,
Bizə küsü heç yaraşan deyildir,
Bağışlayar qolu, könlü güclülər.
Gümüşqız da Karşa yazı göndərdi,
Öc qanını bağışlamaq çətindir.
Alacağam səndən ata öcümü,
Öc qanını bağışlamaq çətindir.
Gec deyildir hələ, qaytar uşağı,
Onun sənə düşməyibdir ayağı,
Özün yalan, sözlərinsə bayağı,
Öc qanını bağışlamaq çətindir.
Sən aldatmaq, mən inanmaq yolçusu,
Sən yanlışlar, mən düzlüklər elçisi.
Ey yalanlar, ey yozmalar qoçusu,
Öc qanını bağışlamaq çətindir.
Gümüşqızam, bu ellərdə var səsim,
Mən yerincəm, bu Turelin yiyəsi,
Sevgi mənim, mən tanrının köləsi,
Öc qanını bağışlamaq çətindir.
– Sən Darvidel, mən Ariel yerinci,
İki gücü bir eləsən yüz olar.
Biz ər-arvad iki ulus yerinci,
İki gücü bir eləsən yüz olar.
– Yerinc mənəm Turel boyu, yaxşı bil,
Turel isə iki ulus, yurd deyil,
Ta gözümə sən görünmə, get-itil,
İki gücü bir eləsən yüz olar.
Keçdi üç il, Turel yenə seçildi,
Bu üç ildə beş yol taxıl biçildi,
Toy-düyündə al içkilər içildi,
İki gücü bir eləsən yüz olar.
Karş da Hindel kəndlərində dolaşdı,
Yerinc olmaq istəyilə alışdı,
Yavaş-yavaş olacaqla barışdı,
İki gücü bir eləsən yüz olar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-cuqcu-toplumu-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün Tunqər anasıyçin darıxdı,Çox yaraya toxdaq-dərman anadır.
Görüş söylənciUğureldə yerinc idi Elçiçək,Qıtlıq olmur qadın yerinc olanda.
Hindellə Uğurel söylənciSevgililər dağda, düzdə ovdaydı,Hər bir şeyi kəsi vermə sevgiyə.
Ana südü söylənciOdərboydan dərpaya yüz il yol,Od-ocağa bağlan, otur, yüz yaşa.
Стихи других поэтов
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Qəzəl: Qaçan ol sərvi-səhi nazilə rəftar eylərQaçan ol sərvi-səhi nazilə rəftar eylər,Gövhəri-əşki gözüm payinə isar eylər