Yerinc evi bəzənmişdi toysayaq
Bəzək-düzək qabalığı azaldır.
Toxunmalar, sallanmalar, qurğular,
Bəzək-düzək qabalığı azaldır.

Tunc döşlüklər, qızıl qayış qurşaqlar,
Üstü daş-qaş, qızıl, gümüş qolbağlar,
Əllərdəki fil sümüklü tutaqlar,
Bəzək-düzək qabalığı azaldır.

Yanarların işıltısı oynaşır,
Gözlərdəki od-alovlar qaynaşır,
Kimsə gəlib baş qapıda danışır,
Bəzək-düzək qabalığı azaldır.


– Sərdar ölüb, öldürülüb yuxuda,
Yuxu elə bir geçəlik ölümdür.
Bıçaq ilə doğrayıblar boynunu
Yuxu elə bir gecəlik ölümdür.

Başev dəyir bir-birinə, qarışır,
O bununla, bu onunla savaşır,
Fərzad çıxır ortalığa danışır,
Yuxu elə bir gecəlik ölümdür.

– Sərdar ölüb, ölməmişik biz varıq,
Bura bir də Sərdarları qoymarıq,
Bu diyarı biz yenidən qurarıq,
Yuxu elə bir gecəlik ölümdür.


O oturdu ölən yerinç yerində
– Hər bir yerdə gərək yerli şah olsun.
Mən bu gündən Darvidelin şahıyam,
Hər bir yerdə yerli gərək şah olsun.

Kim bəyənmir getsin Minel yerinə,
Qalanlarsa əlbir biri-birinə,
Getsin desin Mehcəmizin ərinə,
Hər bir yerdə gərək yerli şah olsun.

Qoy yığılsın toplumlaşsın yüz alay,
Bizi yoldan döndərməsin hay-haray,
Verilməsin İşdayağa vergi-pay,
Hər bir yerdə gərək yerli şah olsun.


– Özgələrin torpağında gözüm yox,
Daş, qaya da öz yerində güçlüdür.
Darvidelin törəməsi basılmaz.
Daş, qaya da öz yerində güclüdür.

Qoy eşitsin sözümüzü İşdayaq.
Bundan sonra Darvideldir bu torpaq.
Bizimkidir bu çöl, bu dağ, bu otlaq.
Daş, qaya da öz yerində güclüdür.

Ey Darvidel, tüstülənsin ocağın,
Qanımızla qoy boyansın torpağın,
At dərisi sənin döyüş bayrağın.
Daş, qaya da öz yerində güclüdür.


Mehcə gəldi atasının yasına,
Üzüntüdür yas yerində göz yaşı.
Dörd yanında qız-gəlinlər əlaltı.
Üzüntüdür yas yerində göz yaşı.

Qızıltəkər, qızılyəhər miniklər,
Qara geyim, qara saçaq pitiklər,
Əllərində qızıloyma çəliklər,
Üzüntüdür yas yerində göz yaşı.

Neçə sürü, neçə naxır pay gəlib,
Minel yasda var qoymağı borç bilir,
Ata deyil, burda həm də şah ölüb
Üzüntüdür yas yerində göz yaşı.


Bir ay ağı, oxu, ağlar üzüntü,
Göz yaşıyla ölü bir də dirilməz.
Mehcə qaldı mələr-mələr, uğundu.
Göz yaşıyla ölü bir də dirilməz.

Diz qatlayıb saç yoldular balalar,
Döş çırdılar, üz yırtdılar analar,
Dizlərini döyəçlədi yananlar,
Göz yaşıyla ölü bir də dirilməz.

Yalvar-yaxar ulu tanrı adına,
Yaş çiləndi yanqıların oduna.
Bir ay keçdi hamı döndü yurduna,
Göz yaşıyla ölü bir də dirilməz.


Fərzad gəldi başsağlığı verməyə,
Qançıl adam üz-gözündən bəllidir.
Mehcə ona üz vermədi Başevdə
Qançıl adam üz-gözündən bəllidir.

– Kim öldürdü mənim yazıq atamı?
Qan tutaçaq gec-tez qançıl adamı,
Kim qan töküb qarışdırıb aranı?
Qançıl adam üz-gözündən bəllidir.

Öz qanına bələşəçək qan tökən,
Yurd dağıdan, adam yıxan, ev sökən,
Dağ görəçək ürəklərə dağ çəkən,
Qançıl adam üz-gözündən bəllidir.


– Mehcə, səni mən sevirəm bu gün də,
Sevməsən də sevənləri uca tut.
Sən Darvidel gözəlisən, soyusan,
Sevməsən də sevənləri uca tut.

Niyə gərək sevə-sevə ayrılaq,
Gəl, əl-ələ verək burda bir olaq,
Darvideli şahlaşdıran ər olaq,
Sevməsən də sevənləri uca tut.

Bundan sonra burda şahlıq mənimdir,
Darvideldə ana şahlıq sənindir,
Sənsiz mənə gül-göyçəyim, çətindir,
Sevməsən də sevənləri uca tut.


– Mən ərimə qarşı durmam, yaxşı bil,
Ər ölkədir, yurddur, soydur qadına.
Atam, anam mənə belə öyrədib
Ər ölkədir yurddur, soydur qadına.

Qan tökənin qan gözünü alacaq,
Sonevinə gərək enə o alçaq,
Belə qoymaz bu işləri İşdayaq,
Ər ölkədir, yurddur, soydur qadına.

Kim çəkibdir aralığa bu qanı,
Kim əkibdir bu iynəli tikanı.
Sevgi deyib sən qanatma yaramı,
Ər ölkədir, yurddur, soydur qadına.


– Onda ərin İşdayağa deyərəm.
Sevgi şahdır, ikiliyi sevməyir.
İlk sevgilin Qamad olub, bilirəm,
Sevgi şahdır, ikiliyi sevməyir.

İki sevgi, iki ürək, iki ər,
Bunu bilsə, qoça ərin nə deyər?
Söylə mənim sevdiçiyim, ərsevor,
Sevgi şahdır ikiliyi sevməyir.

Sən bizimlə verməlisən əl-ələ,
Minel gərək içəridən sökülə.
Ancaq onda qovuşaçaq gül-gülə,
Sevgi şahdır, ikiliyi sevməyir.


– Nə Qammadı aralığa çəkirsən,
Sevir ancaq doğru, düzgün adamlar.
Yadda qalar ilk sevginin günləri,
Sevir ancaq doğru, düzgün adamlar.

Öz ərimin köləsiyəm indi mən,
Məni özüm ala bilməz özümdən,
Dirrik indi İşdayaqdır gözümdə,
Sevir ancaq doğru, düzgün adamlar.

Mənim sevgim onun ilə bitibdir.
Mən ərliyəm, sevən çağım ötübdür,
İlk gənçliyim daha sona yetibdir,
Sevir ancaq doğru, düzgün adamlar.


Nə eşidib, nə görmuşəm səni mən.
Baş ayaqdır, aldatmaqdır bu sevgi.
Çıxıb önə şah deyirsən özünə,
Baş ayaqdır, aldatmaqdır bu sevgi.

Şah olmaqda tələsibsən deyəsən,
Tapmayıbsan öldürəni hələ sən,
Şah adını salma belə küyə sən,
Baş ayaqdır, aldatmaqdır bu sevgi.

Öncə gərək yaxalansın o qançıl.
Yalan olsun el gözündə yalançı,
Kimdir doğma, kimdir görək yalançı,
Baş ayaqdır, aldatmaqdır bu sevgi.


– Mən biləni bu, Qammadın işidir,
Göy qaralar öc alanda sevgidən.
İşdayağı gözdən salmaq istəyir,
Göy qaralar öc alanda sevgidən.

Ər istəyir bu ellərə baş ola,
Minellinin şah yerinə ucala,
O, səni də öldürəcək az qala,
Göy qaralar öc alanda sevgidən.

Odur Sərdar atamızın qancılı,
O bıçaqdır sinəmizə sancılıb,
Çox gizlilər mənə indi açılıb,
Göy qaralar öc alanda sevgidən.

Mən bu yeri tutdum ki, o, tutmasın,
Şah oldum ki, o, şahlığa çatmasın,
Mehcə gərək məni ona qatmasın,
Göy qaralar öc alanda sevgidən.


Ancaq Mehcə bilirdi ki, o, yoxdur,
Yeri-yurdu el içidir igidin.
O gəzirdi dağı, düzü, dənizi,
Yeri-yurdu el içidir igidin.

O gəzirdi, dolaşırdı hər yanı,
Mehcə kimi işıqlıqda qız hanı,
O vermişdi əldən ağca mayanı,
Yeri-yurdu el içidir igidin.

Mehcə bunu yuxulardan bilirdi,
Onun səsi uzaqlardan gəlirdi.
Qız gizlində Qammad üçün ölürdü,
Yeri-yurdu el içidir igidin.


Fərzad o gün yola saldı Mehcəni.
Sınıq ürək yamansa da sınıqdır.
Bağışlarla yüklənmişdi dəvələr,
Sınıq ürək yamansa da sınıqdır.

Saxlanc, bağış, qızıl, gümüş qabaqda,
Ancaq hamı çəkinirdi qonaqdan,
Çıxacaqmı görən Mehcə sınaqdan?
Sınıq ürək yamansa da sınıqdır.

Düşünürdü oğurlasın gəlini,
Qatsın işə Qammadın da əlini,
Dolaşdırsın taybirinin dilini,
Sınıq ürək yamansa da sınıqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви