Əkbitənin sağı, solu gədikdir,
Yumaq-yumaq yolları var gədiyin.
Mərci boyda görünməkdə at, dəvə,
Yumaq-yumaq yolları var gədiyin.

Qırıq düşən çığırların ağ sapı,
Burda bulud ilxıları at çapır.
Əl uzadıb ulduzlardan od qapır,
Yumaq-yumaq yolları var gədiyin.

Sarılarsa sənə yolun düyünü
Qartallara yem olarsan o günü,
Qurdlar basar bir yürüşdə sürünü,
Yumaq-yumaq yolları var gədiyin.


Burda kəsdi qabağını Mehcənin,
Yol kəsənin bir düz yolu olmayır.
– Mən Qammadam, - dedi ata qancılı,
Yol kəsənin bir düz yolu olmayır.

Onlar alıb yan-yörəni tutdular,
Qızı qapıb bir dəvəyə çatdılar,
Qalanları qızıl qana qatdılar,
Yol kəsənin bir düz yolu olmayır.

Üz-gözləri şəlitlənmiş, örtülü.
Geyimləri kolluqlarda yırtılıb,
Atlarının alınları ütülüb.
Yol kəsənin bir düz yolu olmayır.


Birdən çıxdı yol üstünə bir atlı,
Yola çıxdın tut yaxşılıq yolunu,
Sevgililər bir-birini tanıdı,
Yola çıxdın tut yaxşılıq yolunu.

Qammad idi çal saçları pırtlaşıq,
Başındakı qara çalma dolaşıq
Paltarları toz-torpağa bulaşıq,
Yola çıxdın tut yaxşılıq yolunu.

Mehcə onu titrək səslə çağırdı,
Qammad birdən nərildədi, bağırdı,
Şəlitlilər dörd bir yandan çımxırdı,
Yola çıxdın tut yaxşılıq yolunu.


Qammad qılınc döyüşündə yürükdü,
Qılınc saxlar kölgəsində düzlüyü.
Hər vuranda üç şəlitli yıxılır,
Qılınc saxlar kölgəsində düzluyü.

– Sən Fərzadsan, Qammad demə özünə,
Üç gündür ki, mən düşmüşəm izinə,
Örtüb özgə üz versən də üzünə
Qılınc saxlar kölgəsində düzlüyü.

Sən öldürdün şah olmaqçın Sərdarı,
Çirkin qanla dolub için, damarın,
İstəklərin gözlərindən qabarır,
Qılınc saxlar kölgəsində düzlüyü.


– Qammad mənəm, Mehcə mənə çataçaq,
Sevgi satdıq, bağış deyil özkəyə.
Sevdiyimi aparıram özümlə
Sevgi satdıq, bağış deyil özgəyə.

– Sən Fərzadsan darvidelli, yalançı,
Özgə mala yiyə durmaz düz adam.
Mehcə şahın arvadıdır doğmaça.
Özgə mala yiyə durmaz düz adam.

Al qılıncın tiyəsini yol kəsən,
Qılınç deyər doğru sözü bu yerdə.
Mən şəltəni kötürərəm üzündən
Qılınc deyər doğru sözü bu yerdə.


Onlar susdu danışanda qılınclar,
Tanrı, özün saxla igid Qammadı,
Mehcə göyə əl tutmuşdu deyirdi:
Tanrı, özün saxla igid Qammadı.

Qammad mənim alın yazım, ürəyim,
Ürəyimin güzgüsündə diləyim,
Ölməkdirsə qoy bir yerdə öləyim,
Tanrı, özün saxla igid Qammadı.

Ərə getdim, qırılmadı, o dözdü,
Baş götürüb ölkələri o gəzdi,
Sevgisində o durudur, o düzdür,
Tanrı, özün saxla igid Qammadı.


Şəltə düşdü yol kəsənin üzündən,
Üz güzgüdür, göz oxudur hamıda.
Üz-gözündə qaynar acıq gəzirdi,
Üz güzgüdür, göz oxudur hamıda.

Haradansa qırıq olar yalançı,
Könlü soyuq, üzü dönük yabançı,
Üzü adam, özü isə adamcıl
Üz güzgüdür, göz oxudur hamıda.

Yaralandı düşdü güçdən, ölmədi
Öz yerindən daha dura bilmədi.
Şəlitlilər harayına gəlmədi,
Üz güzgüdür, göz oxudur hamıda.


– Bu öldürüb, Mehcə, sənin atanı,
Öz əlinlə öldürəni sən öldür.
Bu istəyir öz başına şah ola,
Öz əlinlə öldürəni sən öldür.

– Ey yatımlı igid ərən Qammadım.
O yıxılan bir kişidir, - mən qadın.
Ortalıqda İşdayaq var, şah adı,
Öz əlinlə öldürəni sən öldür.

– O keçinir döşündəki yaradan.
Çıxıb artıq bu yalançı sıradan,
Seçə bilmir daha ağı qaradan,
Öz əlinlə öldürəni sən öldür.


– Niyə belə küsülüsən, sevimlim,
İlk sevgidən yara qalar ürəkdə.
Uşaqlıqdır gəlib keçər ötəri,
İlk sevgidən yara qalar ürəkdə.

Mən hər yerdə səni deyib anmışam,
İlk sevgimin həsrətində yanmışam,
Ər evində sevgi nədir, qanmışam,
İlk sevgidən yara qalar ürəkdə.

Mənə baxma o küsülü baxışla,
Məni ərən sevgimizə bağışla,
Keçdi getdi öyməcələr, qarğışlar
İlk sevgidən yara qalar ürəkdə.


Atam məni vergi verdi şahlığa,
Kölə olsun, qadın vergi olmasın.
Sevgimizin alın yolu beləydi
Kölə olsun, qadın vergi olmasın.

Bu ayrılıq gərək bir gün gələydi,
Sevgimizin alın yolu beləydi,
İkimizdən biri gərək öləydi,
Kölə olsun, qadın vergi olmasın.

Vergi oldum, məni ucuz sandılar,
Gözəl deyib kimliyimi dandılar,
Sonra öyüb için-için yandılar,
Kölə olsun, qadın vergi olmasın.


Doğma sanıb məni, gülüm, bağışla,
Sevgi ölmür qalınc olur tanrıya,
Unutmarım səni, gənclik sevincim,
Sevgi ölmür, qalınc olur tanrıya.

Çoxdandır ki, könlüm başı sınıqdır.
Yanındaca iki gözüm qapıqdır.
Sinən kimi mənim sinəm yanıqdır,
Sevgi ölmür, qalınc olur tanrıya.

Varlığımsan, doğmam, arxam, sevincim,
Üzüntülər yürüşündə küvənçim.
Uça-uça dağlar boyda öyüncüm,
Sevgi ölmür, qalınc olur tanrıya.


– Heç bilmirəm necə oldu görüşdük,
Yeniləşir hər görüşdə sevənlər,
Yuxularda danışırdım səninlə,
Yeniləşir hər görüşdə sevənlər.

Bu gün çıxdım yaz sevgimin qışından,
Uzüntüsən ürəyimin başında,
Qanad aldım ağlar könül quşumdan,
Yeniləşir hər görüşdə sevənlər.

Anlayıram sən ərlisən, anasan,
İşdayağın Başevində sonasan,
Sən sevgidə alınmayan qalasan.
Yeniləşir hər görüşdə sevənlər.


– Dincliyimi itirmişəm, gözəlim,
Yasaq sevgi görüşsüz də yaşayır.
Ürəyimi gizlətmişəm hamıdan,
Yasaq sevgi görüşsüz də yaşayır.

Açılmamış yumuq gülüm dərildi,
Öz sevgimlə dağa-daşa sürüldüm,
Səni gördüm yeniləşdim, dirildim.
Yasaq sevgi görüşsüz də yaşayır.

Gözəlliyin çəkimində tutuğam,
Sevgi evi qapısından atığam,
Bulud kimi tutulmuşam, çatığam,
Yasaq sevgi görüşsüz də yaşayır.


Buyuruğun nədir, buyur, sevgilim,
Gülüm, ölmək dirilikdir sevgidə.
Axarını dəyişərəm çayların,
Gülüm, ölmək dirilikdir sevgidə.

İllərimə yamamışam ayları,
Barmaq sayıb bitirmişəm sayları.
Bunu bilir dağda qaya layları,
Gülüm, ölmək dirilikdir sevgidə.

Ölüm buyur, gedim ölüm dinmədən,
Qancıl göstər, mən vuruşum dönmədən,
Sevgim üçün yan de, yanım sönmədən,
Gülüm, ölmək dirilikdir sevgidə.


Mən bilirəm sən ərinə bağlısan,
Qadın gərək doğru olsun ərinə.
Mən bilirəm sən ərini sevirsən,
Qadın gərək doğru olsun ərinə.

Ancaq mən də ilk sevgimlə diriyəm,
Səni sevən yazıqlardan biriyəm,
Ocaq idim, indi ocaq yeriyəm,
Qadın gərək doğru ola ərinə.

Qammad sənin arxan, qardaş dayağın,
Ona arxa tanrı, göylər ocağı,
Get, qoy çatsın mənə yaxşı sorağın.
Qadın gərək doğru ola ərinə.


Gözəl Mehcə hıçqıraraq ağladı,
Od qalayar od üstünə göz yaşı.
Ağlamaqdan özgə ona nə qaldı,
Od qalayar od üstünə göz yaşı.

Çıxdı yola gözü yaşlı qonaqlar.
Ağlar qaldı gədik üstə bulaqlar,
Ağlamayın, ağlamayın, a dağlar.
Od qalayar od üstünə göz yaşı.

Uçurumlar uğuldadı, daraldı,
Ağ buludlar üzüntüdən qaraldı,
Gədikdəki gül-çiçəklər saraldı,
Od qalayar od üstündə göz yaşı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви