XLIV
Страница 2 из 2 · 50%
– Siz ki bəs o Mehmanla birevlisiniz, balam? – deyə Kamilov əlini-əlinə vurub birləşən gücün qabağında xofa düşdü, ancaq özünü sındırmamaq üçün istehza ilə güldü, onun qanıqaçıq dodaqları arasında kütləşmiş dişləri göründü. – Bircan, birqəlb!..
– Bu dəfə Bakıdan dönəli, mən ayağımı o Mehmangildən birdəfəlik kəsmişəm!
– Niyə bəs ayağını kəsmisən?.. Bəs nə üçün kəsmisən?.. Bəs, biz içəridən, bağırsağı doğranmaqdan danışmadıq?.. Sən, azca bir fınxırtıdan yana bir cırtdan kimi atılıb bayıra düşürsən!
– Çünki Mehman, o biri tərəfə üz göstərdiyi halda, mən tərəfə üz çevirib yamanca açılışdı... Dedi ki, mənim evim, sənin üçün su yolu deyildir! O dedi ki, nə sənə, nə də sənin əyalın Yavərə bura oyun-əyləncə yeri deyildir!
– Yəni bu qədər də çörəyi dizinin üstündədir?
– Bəli, elədir, qayınanası nə qədər yumşaqsa, kürəkəni bir o qədər sərtdir!
– Bəlkə səni o yumşaq qayınanasına qısqanır, – deyə Kamilov göz qapaqlarını qaldırıb Murtuzova həris bir nəzərlə baxdı. – Belə bir əhvalat da ola bilməzmi?
– Yox, elə əhvalat deyildir! – Murtuzov qurcalandı, papiros çəkən olmadığı halda Kamilovun üstü şəkilli qutusundan bir papiros götürüb çəkmək istədi, ona baxıb-baxıb çəkindi. – Qayıdandan bəri Muradoğlunun üzü dönübdür!
– Bəlkə səndən yana orada bir şey-zad var, – deyə Kamilov şəhadət barmağını çiynindən geriyə uzatdı, – yuxarıda?..
– Əbdülqədir olan yerdə heç bilmirəm, – deyə Murtuzov da çiyinlərini çatdı, – nə ola bilər?..
– Doğrudur, – deyə Kamilov da nəfəsini təəssüflə dərdi. – Ancaq dostumuzun başı çox yamanca yağlanıbdır!
– Alapörtdək qoyun quyruğu yeyən bir qəssaba oxşayır, – deyə Murtuzov, uzun zəhmət və xidmətlərini bada verən Əbdülqədirə qarşı hiddətləndi. – İşi-peşəsi quyruqlu içalat tıxmaqdır.
– Doğrudan da Əbdülqədir bu içalat cızbızının çox yaman müştaqıdır!
– Beş girvənkə çörəklə bir teşt iç-içalatı üst-üstdən cızhacız yeyir, özü də doydum demir!
– Hələ arvadı Gülbuta ondan da yaman yeyəndir!
– Bu ötən dəfə məni evinə çağırmışdı. – deyə Kamilov Əbdülqədirgilə getdiyini nağıl etməyə başladı. – Düz üçümüz, üç dənə iç-içalat yedik! Mən nəfəsimi güclə alırdım. Əbdülqədir dedi. – “Hələ, aşna, bu harasıdır?..” Gördüm kafəroğlu məndən əl üzəsi deyil, birbaş durub qaçdım. O, pilləkənin başında, əlində nəlbəki boyda başsoğan dayanıb ki, “mən ölüm hara?..” Mən əlimi geriyə yelləyib küçəyə çıxdım, gördüm ki, hərifin başı darvaza ağzında işıldayır.
– Görünür ki, Əbdülqədirin də bəxt ulduzu daha batır?..
– Niyə batır bəxt ulduzu?..
– Çünki respublika prokurorunun onu görməyə gözü yoxdur!
– Belə çıxır ki, biz ulduz-mulduz olasıyıq, hə? – deyə Kamilov özü bilmədən bu sözləri ağzından çıxartdı, öz sözünü tezcə də çevirdi. – Cüməni payızda sanarlar, oğul!
– Mən bu Mehman barədə o Əbdülqədirə xüsusi bir məktub yazmışdım... Yazmışdım ki, “çarə et, qardaş!..” Hələ Gülbutaya da işarə kağızı göndərmişdim ki, bəs ayıq ol!
– Bəs cavab? – deyə Kamilov birdən-birə, çaya düşüb axan adam kimi, əlini oraya-buraya atdı. – Bəs cavab? Əbdülqədirdən...
– Hər iki kağız elə bil ki, bir daş bir quyuya düşən kimi oldu!
– Görünür ki, o dağı da orada təntidiblər!
– Belə başa düşürəm, əsl mənasında Əbdülqədirin işi yaşdır!
– Yaş!.. Daş!.. Baş!.. – Kamilov ayaqlarını döşəməyə döydü. – Neynəməz!.. Ölməmişdən kəfəni saraltmaq da olmaz, Murtuzcan!..
– Ölüm söhbəti deyil, yoldaş Kamilov. İndi bir parça çörəyi hər yanda tapmaq olar!
– Meydandan qaçmaq olmaz, Murtuz!
– Hazır ol, cahada, Murtuz! Özü də şeytan sənin gözünə balaca göstərən o Qaloşdan yapış, çünki o, çox gəmiləri daşa çırpıbdır. Qoy o Qaloşlu adam bu Mehmanın da, belə saymazyana köpüklü dalğalarda şarhaşar üzən gəmisini bir qara qayaya çırpsın!
– Mənim də ümidim onadır!
– Mən də Qaloşa elə işarə vermişəm!..
– Bəs sözü, vədi?..
– Sağ əlini qaldırıb sol gözünün üstünə qoyubdur!
– O içəri adamıdır, bizim adam! Özü də belə qanıram ki, nə isə bu Mehman hərifin əlini dodağının üstünə qoyub: – “səbir... sus!..” deyir.
– Bəs nə vaxta qədər, səbir-susss?!.
– Deyir ovu bərədə atarlar!..
– Demirsənmi, bəs, zalımoğlu, daldan atılan daş topuğa dəyər?!.
– Deyir ki, mən də heç bu yaşda çağa deyiləm!
– Yox, Murtuz, – deyə Kamilov hərlənib əlini onun çiyninə qoydu. – Biz o Mehman Atamoğlanovun başını burada əkməsək, o bizim başımızı əkəcəkdir. – Kamilovun gözləri lampa işığı altında saralan Murtuzovun daz başında gəzindi, – özü də birinci növbədə sənin, bax, bu noxudu keçəl başını əkəcəkdir!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xliv
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
XIŞükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.