Страница 1 из 2

Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.

– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?

– Xırdaca saatın əqrəbi ahəstə-ahəstə hərəkət edir, sarı saat sürətlə çıqqıldayırdı... Parıltısı aynaya düşən qızıl saat Mehmanın təsəvvüründə böyüyürdü. Mehman başının ağrısından gözlərini yummaq, bu mənzərəni görməmək istəyirdi... Lakin bu qızıl saat kənarda yox, Mehmanın öz ürəyində çıqqıldayırdı... Elə bil ki, gözlənilmədən ətraf dağlar bir-bir öz yerindən qopub, onun başına tökülürdü:

– Ev xəyanəti!.. Qara bir ləkə!.. Arxadan kürəyə saplanan zəhərli bir xəncər!..

İndi Mehman iclasın sonuna yaxın yaranmış vəziyyətin əsl səbəbini anlayırdı. Balaca, qara bir xal, kiçik bir ləkə düşmüş ürəkdən kinayəli pıçıltılara bürünmüş bir uğursuz səs gəlirdi, – çıq... çıq... çıq... çıq...

– Bu səs nədir? Bu çıqqıltı nə üçün bu qədər də özünü dərinə vermiş, orada özünə bir yuva salmışdır?.. Nə üçün bu çıqqıldayan sarı saat, bir sarı ilan kimi orada qıvrılıb yatmışdır?.. Axı, nə üçün bu ilan öz zəhərli dişlərini belə göstərsin?.. O öz dilini çıxarıb istehza ilə oynatsın, bədheybət, murdar gözləri ilə gülsün? – Mehmanın həyəcanları artır, onun iztirabları dalğa-dalğa çoxalırdı. O, heç bir zaman şəxsən müqəssir olmadığı halda bu işin əzab və ağırlığını keçirir, onun ürəyi üzərinə bir dağ yıxılmış kimi əzilirdi. Demək, Mehmanın bütün cidd-cəhdlərinə baxmayaraq, xain bir əl bu gənc ailədə gəzmiş, Şəhla xanımsa bu fitnəkar əli gizlətmişdir!.. “Axı, bəs Züleyxa? Bəs o məni sevmirmi?.. Nə üçün o açıb hamısını mənə deməsin, bax, o zaman oxunu atıb yayını gizlətsin?!” – Bu vaxt Mehmanın gözlərinə Züleyxanın tərpənən dodaqları üstünə qüvvətli bir əlin gəldiyini, onun ağzını yumub qapamaq istədiyi görünürdü. Bəli, Züleyxa məsələni açmaq istədikdə, Şəhla xanım öz ətli əli ilə qızının ağzını qapamış, bu barədə onu cıqqır çıxarmağa qoymamışdı. Şəhla xanımın bütün ömrü tamahkarlıq içində axıb getdiyi bir zamanda belə bir hadisə onu həyəcana sala bilərdimi? Yox, Şəhla xanıma görə həyat belə olmalı, “yaman gün” üçün gizlin saxlanmalıdır! Çünki Şəhla xanım nə qədər bəzəkli-düzəkli, nəzakətli görünsə də, öz ərinə qarşı daim ikiüzlü hərəkət etmişdi... Şəhla xanım üçün öz ərinin qarşısında düz danışmaq, əyri danışmaqdan çətin olmuşdu. Ötən zamanlarda, bu ailənin bütün gəlirinə, varına, sərvətinə baxmayaraq, Şəhla xanım həmişə öz ərindən xəlvəti hərəkət etmiş, əlinə keçirdiyi pul-paranı, çəkidə yüngül qiymətdə ağır daş-qaşa çevirməklə öz ömür-gününü əyrilikdə keçirmişdi. Əvvəlcə tədrici olaraq başlayan bu hal sonra getdikcə Şəhla xanım üçün bir vərdiş halına gəlmiş, onun məişətinə daxil olan bir mərəzə çevrilib, onun iliyinə tərkedilməz dərəcədə işləmişdi. Şəhla xanım bu barədə öz qızı Züleyxaya açıqdan-açığa təlim verməsə də, istər-istəməz o, bu xasiyyətləri öz qızı Züleyxaya aşılamamış qalmamışdı.

– Nə olsun? – deyə Mehman Bakıya gedən zaman, o, qızını danlamışdı. – Guya ki, böyük bir xata olmuşdur? – deyə Şəhla xanım hikkələnmişdi. – Guya göydən yerə qar yağmışdır?.. Guya ki, kiçik saat böyük od olub, bu qızı yandırmağa başlayıbdır?.. Burada nə böyük bir mətləb var idi, sən ürəyini yeyəsən, özünü də saraldasan?..

– Axı, ana, mən özümə sığışdıra bilmirəm, yuxum göyə çəkilir, – deyə Züleyxa dilləndikdə, Şəhla xanım nəinki onun ağzını bağlamaq, az qala nəfəsini belə kəsmək istəmişdi.

– Əgər mən o zaman özümə bir gün ağlamasaydım, bu gün biz küçələrdə sərgərdan qalardıq... Heç bir zaman hökm deyil ki, ərə gələn gündən hər sözü cütlüyüb kişinin ovcuna qoyasan. – Şəhla xanım əllərini qoşalayıb ölçmüşdü. – Məgər kişi bütün addımlarını sənin arşınınla ölçür ki, sən də ondan heç bir şey gizləməyəsən?.. Hansı kişidir ki, bütün hərəkətlərini olduğu kimi arvadına desin?.. Vaxta ki kişi demir, sən niyə deyəsən? Vaxta ki kişi gizləyir, sən niyə gizləməyəsən?!

– Axı çətindir, ana, gizləmək...

– Çətindir, öyrənərsən!..

– Mən öyrənmək istəmirəm, ana, sən məni bədbəxt eləmə, ana!.. Mən Mehmanın qarşısında hamısını açmaq bu Qaloşlu adamın qoyun cildini cırıb, onun qurd sifətini göstərməklə, öz ürəyimi yüngülləşdirmək istəyirəm!..

– “Öz ürəyimi yüngülləşdirmək istəyirəm”, – deyə Şəhla xanım qızının ağzını əyib onun üstünə düşmüşdü.

– Axı, ana, yadındadırmı mən Mehmanı necə dəlicəsinə sevmişəm!..

– Dəlicəsinə sevmisən, ya ağıllıcasına boynuna sarınmısan, bu sözlər mənim beynimə batmır! Ancaq onu deyirəm ki, bəri başdan özünə bir gün ağla, vəssalam!.. Yoxsa bu gündən belə mən öz gizlincimdən sənə bir zərrə də yedirdən deyiləm!

– Ana, mən səndən heç bir quruş istəmirəm!

– Ac qalanda gərək mən sənin dərdini çəkəm! Üstünə gəlməyən bir şeyin üstündən gedər!

– Ana, mən əsla... Ana, mən Mehmanın qarşısında, öz məhəbbətimin qarşısında günahkaram, mən müqəssirəm!..

– “Mən günahkaram, mən müqəssirəm”. Kiri, qız, ud getsin!.. Yoxsa özünü rüsvayi-cahan eləmək istəyirsən?.. Baxanda o bu dəvəni sarbanı ilə udur, sən bir quş yumurtası boyda bir sarının əlində aciz-avara qalırsan!

– Ana, mənim üçün çox çətindir, mən Mehmanın üzünə baxa bilmirəm!

– Alışarsan, baxarsan!..

– Ana, axı?.. Axı, məhv olarıq!..

– Heç bir şey də olmaz!.. Sən o sarını bir dərman kimi ud, qurtardı getdi, vəssalam!..

– Axı, Mehman həmişə deyir ki, gərək vicdan təmiz, ürək ləkəsiz olsun, ana!

– Mehman oxuduğu kitablardan beş-üç söz əzbərləyibdir, sabah uşaq-muşaq üstünüzə töküləndə, onlar ağızlarını cücə kimi açıb “mənə yemək ver” deyəndə, bu gen dünyada, bir iynə ulduzu kimi, başınıza daralacaqdır!

– Ana, təmizlik hər şeydən müqəddəsdir, Mehman həmişə belə deyir!..

– Kiri, qız! – deyə Şəhla xanım Züleyxanın üstünə hindtoyuğu kimi qabarmışdı: Yoxsa bu əllərimlə səni həlak edərəm!.. Yoxsa sən bu qərib eldə bizi alabaydaq eləmək istəyirsən?..

– Nəticədən qorxuram, ana! Alabaydaq olmaqdan qorxuram!

– Nəticədə qorxmaq yox, bu bir parça sarını öz gələcək günün üçün ört-basdır eləmək lazımdır. Yoxsa sənin Mehmanın əgər kişi olsa, siz burada iki ilin içində özünüzə iyirmi ilin gününü ağlayarsınız!

– Mehmanın təhsili, biliyi, etibarı, qulluğu bizə bəsdir, ana!

– Bəlkə Mehman lap sabahdan yıxıldı öldü, sonra?.. Onda yəqin Qaloş kimi süpürgəçilik edərsən! – Şəhla xanım bütün bu danışıqlardan sonra qızının üstünə çox bərk çəmkirmiş, saat boyda bir zəhər də olsa onu udmağı, axırıncı dəfə barmaq hədəsi ilə qızına tapşırmışdı. – Yoxsa ayrı cür hamının yaxasını, o cümlədən də öz Mehmanının yaxasını da ələ vermiş olarsan, qız!

Bəli, susmaq, udmaq, boynundan atmaq, – deyə Şəhla xanım öz qızına möhkəm-möhkəm tövsiyə etmiş, Züleyxa onu həzm etməsə də, boğazında saxlamağa məcbur olmuşdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

V

Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

7 мин
VI

Göz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.

5 мин
VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 мин
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 мин

Стихи других поэтов