Страница 1 из 2

Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:

– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..

– Doğrudur, düzdür! – deyə arxın dəhnəsində çalışan, bu gün burada toplanan gənclərdən bir dəstəsi guruldadı, səs salon boyu dalğa-dalğa yayıldı, romantik bir vüsətlə danışan Əhmədovu xüsusi bir şövq götürdü:

– Belədir, yoldaş komsomolçular! – deyə yenə də o, əli ilə saçlarını geriyə daradı. – Biz demişik ki, şəhərimizin gecəsi ulduzlu göy kimi yaraşıqlı olsun!

– Bizim Əhmədovun təbi gəlməsinmi?

– Şairliyi də var!..

– Deyir, yaman ədəbiyyatçıdır!

– Orada sakit! – deyə komsomol katibi asta gedən bu danışıqları eşitməsə də, başları bir-birinə yaxınlaşan gənclərə tərəf əlini uzatdı:

– Belə ki, yoldaşlar, biz istəyirik ki, indi bu ilin yazından başlamış, rayonumuza yaradıcı əmək təşəbbüsləri gətirilsin. Dağdan axıb gələn sulardan istifadə edilib, elektrik stansiyaları tikilişinə başlansın. Qoy bu qayalardan üzüaşağı ağara-ağara tökülən şəlalələr gələcəkdə daha havayı yerə axıb getməsin!.. Qoy lap neçə il çəksə də, bu işıq işinə hər yerdə möhkəm bir qədəm qoyulsun!.. Qoy bizim İliç lampaları hər bir ucqar dağ döşündəki kolxozun evinə girsin, orda dil açıb desin ki, mən, bir bəxt ulduzu kimi, əbədi olaraq sizin evinizi işıqlandırmağa gəlmişəm!..

Bütün salon, qəribə arzu və xəyal içində danışan gənc katibi diqqətlə dinləyir, qabaq cərgədə oturub, öz bloknotunu vərəqləyib qeydlərinə baxan Mehman məruzə üçün tələssə də, komsomol katibi öz giriş sözünü yarıda kəsmək istəmirdi: |

– Belə ki, komsomolçu yoldaşlar, gərək işıq bu şəhərdən o kəndlərə yayılsın. Ayrı cür necə ola bilər? Bəs niyə biz, – komsomol katibi əlini salona doğru uzatdı, – kommunxoz dura-dura, öz qollarımızı çirməyib, soyuq çaya girib sal-sal buzların arasında işləmişik? Biz demişik ki, qoy yaz selinin qifıltısına qədər bu işıq dəhnəsi düzəlsin! Çünki siz bilirsiniz ki, neçə vaxt idi, bizim bu şəhərdə işıq kəsilmişdi. Doğrudur, bu, yaz selindən deyil, bu, ötən payız selindən olmuşdu, ancaq dəhnə uçubbatıb getmişdi. Baxanda stansiya suyu sovulmuş bir dəyirmanı andırırdı! Bəs kommunxoz nə eləyirdi? Onlar bu gün arxı alayarımçıq düzəldir, sabah dəhnə uçurdu. Niyə? Çünki yarımçıq iş yarıtmaz olur. İş gərək ürəkdən gəlsin, sinədən, bax belə!.. Bu gün də, elə bu barədə bizim sovet gəncinin bu yeni keyfiyyəti barəsində məruzə qoymuşuq! Özü də mühazirəçi bizim prokurordur. – Komsomol komitəsi katibi öz yaşıdı Mehmana tərəf baxıb sözü uzatdığı üçün, ondan üzr istəyir kimi, gülümsəyib davam etdi. – İttifaqdan kənar gəncləri də biz bu işə qoşduq!

– Möhkəmcə, komsomolcasına hamımız işə girişdik! Fərhad kimi külüng çalıb, dediyim kimi, çayın üstündəki sıldırım göy qayanı parça-parça eləyib yardıq, belədir, elədik, ya eləmədik, yoldaşlar?

– Elədik! – deyə sakitləşən salon bir ağızdan eyni səslə guruldadı. Mehman öz məruzə materiallarını möhkəm tutub yerini rahatladı. İndi o öz yaşıdının qəribə müqəddiməsini dinləyir, o biri tərəfdən də öz məruzəsinin bu salona necə təsir edəcəyini düşünürdü. Mehman görürdü ki, hər hansı bir təzad və müqavimətə baxmayaraq, bu rayonda həyat qaynayır, qatlar qalxır, yeni qüvvələr işə qoşulur, onlar qurub-yaradır, güclü yaz selinin qabağına çıxır, yeni həyat işığını göy qayadan keçirir. “– Bəli, gələn qüvvə qalib, gedən qüvvə məğlub olacaqdır”, – deyə Mehman öz yazdığı bir vərəqi qaldırıb gözdən keçirtdi. Əhmədov məruzəçinin bu vəziyyətlə hesablaşdığından istifadə edərək, çapılan arx dəhnəsindən qopmur, fikrən onun ətrafında dolanır, sanki bu iş indi də axıb gedirdi.

– Buradakı bütün komsomolçular təsdiq edə bilərlər ki, o dəhnədən düzələn göy qayanın ortasından keçən arx uçmazdır, ömrü də yüz-yüz ildir, yoldaşlar! – Əhmədov əlini yuxarı qaldırdı. – Hə, bu xüsusi bir təşəbbüsdür, ya yox, uşaqlar? – O, stəkanı götürüb suyunu içdi, boş stəkanı bir də doldurdu. – Yaxşı, ikinci təşəbbüs nədir?.. İkinci təşəbbüsümüz “Daşqınçay” üstündən körpü salmaqdır!.. Sel zamanı, siz də bilirsiniz ki, bu “Daşqınçay” neçə adamı aparırdı?.. Biz, komsomolçular, görün ildə neçə nəfəri “Daşqınçay” selindən qurtarmışıq! Bu da özünə görə bir işdir, təşəbbüsdür, ya yox?

– Çox xeyirli bir işdir!

– Hələ bu körpülərdən çox salacağıq!

– Mən görülən işdən danışıram, – deyə katib yerdən danışanlara nəzər salıb barmağını qatladı. – Bir də, bizim kolxoz komsomolçuları neçə kəndə arx çəkmişlər?

– Düz altı kəndə!

– Qapılarda, həyətyanı yerlərdə göy-göyərti üçün bu da bir işdirmi?

– Katib arada bir məruzəçiyə nəzər yetirdi, Mehman isə ümumi dalğalanma içərisində həyəcan keçirir, bu qədər adamın həyat quruculuğu naminə necə qaynadığını görürdü.

– Hə, yoldaş komsomolçular, bizim gənclər, – deyə Əhmədov davam etdi: – Bundan başqa, indi siz bilirsiniz ki, biz “Qalaçaçay” üstündən də körpü salmaq üçün bərk-bərk hazırlaşırıq!

– Qalaçaçay üstündən körpü lazımdır!

– Hamısı da birdən olmaz!..

– Birdən olmasa da, iş sürətlə aparılmalıdır!

– Yoldaşlar, yoldaşlar! – deyə Əhmədov öz sözünü yekunlaşdırmağa çalışdı. – Biz kəndarası yolları da düzəldirik! Bütün kənd, klub, qiraət komalarına rayon partiya komitəsinin göstərişi ilə kömək edib onları hamiliyə götürürük!.. Qaldı bizim sayıqlıq barəsində, onu da deyə bilərəm ki, nəinki bizim komsomolçularımız, hətta pionerlərimiz belə, kolxoz əmlakına xain gözlə baxan sinfi düşmən qalığının ifşasında az fəaliyyət göstərməmişlər!.. Hansı ki, indi məruzə edəcək yoldaş prokuroru Mehman Atamoğlanov özü də bu sözümü təsdiq edə bilər!

– Əhmədov Mehmana tərəf baxıb:

– Belədir, yox, yoldaş prokuror! – deyə soruşdu.

– Düzdür, gənclər bizə çox böyük yardım göstərirlər, – deyə Mehman təsdiq etdi.

– Yoldaşlar, biz komsomolun müvəffəqiyyətlərini qeyd etməklə, heç bir zaman onun işində olan ciddi nöqsanları da unuda bilmərik! Bu barədə yoldaş Vahidov bizim üç aylıq iş planını nəzərdən keçirəndə, lap pioner işinə qədər bizə göstərişlər verib, özü öz əli ilə yazıbdır! Nöqsanlarımız var, özü də az yox, çox-çox var!.. Ancaq bizim gənclər istəsə, o nöqsanları rəf edər, dağı dağ üstə qoyarlar. – Əhmədov məruzəçinin artıq darıxdığını görüb, birdən öz sözünə tələsik xitam verdi:

– Təvəqqe edirəm mühazirəyə yaxşı-yaxşı qulaq asasınız, – deyə bugünkü yığıncağın işinə girişdi. – Məsələ yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqındadır! – O, əlini qabaq cərgəyə uzatdı. – Məruzə üçün sözü hüquq fakültəsini bitirmiş prokurora, Mehman Atamoğlanov yoldaşa verirəm, – deyə giriş sözünü bitirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məhtaban 6

Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?

10 мин
Məhtaban 7

Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...

10 мин
Məhtaban 8

Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.

8 мин
Məhtaban 9

Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

6 мин

Стихи других поэтов