XLVII
Страница 1 из 2
Kamilov yenə də üstü şəkilli qutusunu çıxarıb bir papiros da çəkdi, boz tüstüsünü üzüyuxarı səqfə doğru buraxdı. Demək, Kamilov münaqişəyə girib, hər kimə bir söz demək istəyirsə, o, Vahidovu əsəbiləşdirir, acığını tutdururdu. Kamilov münasibətləri seçməyə çalışır, bu son neçə gün ərzində, ürəyinin bərk sıxılmağının səbəbini özü üçün aydın etmək istəyirdi. Görünür, Kamilov özünü yuxarıya çəkərək Sərrafzadə kimisi ilə bağlanmaqla, Murtuzov kimisini özünə əlaltı etməklə, Qaloşlu adama hüsn-təvəccöh göstərməklə bu qaynar, mübariz hərəkətdən yavaş-yavaş qopub aralanmış, bəlkə də özünü bu hərəkətə qarşı qoymuşdur! Öz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov, indi daha özünü təklənən görürdü. Onun komsomol komitəsi katibi Əhmədova, təbliğat şöbə müdiri Cəlalzadə haqqında dediyi sözlərin Vahidov tərəfindən geriyə qaytarılması, indi də elə bil ki, bir top kimi Kamilovun başına dəyirdi! Bu danışığın son dəqiqələrində Vahidov əlini yelləyərək Zərrintacla bağlanmaqda onu müttəhim etmiş, “dəvə oynayanda qar yağar” demişdi... “Bu dəvə kimdir, bu qar nədir?” – Kamilov öz papirosunu çeynəyə-çeynəyə sümürür, sanki güclü bir qarın başına ələndiyini görürdü. Kamilov düşündükcə gizli, giziltili bir üşütmə onun əsəbiləşən vücudunda atlı qarışqa kimi gəzinirdi. Sanki Kamilov qorxunc bir qızdırma keçirir, ağızdolusu əsnəyib ayılmaq üçün vaxt gözləyirdi... Axı, Kamilov öz ömründə az-çox bərkdən-boşdan çıxmışdı?.. İndi birdən-birə o, tərk-silah olub öz boynunu əyə bilərdimi?.. Kamilov papiros çəkə-çəkə çalxanırdı. – İndi görəsən, Vahidovun kabinetindən əli dəstavüzlü çıxan Əhmədov, bu söhbəti bu şəhərdə kimə, hətta telefonla bütün kəndlərə necə yayacaq, bu danışıq üç mindən yuxarı komsomolun dilində görəsən necə dolanacaqdır?.. Görəsən, hələ bu kabinetdəki deyişmə və bozarışma hansı ucqar kəndlərə çatacaq? Oralarda nələr danışılacaqdır?.. Bəs niyə belə olur?.. – deyə Kamilov özlüyündə axtarış edirdi. – Bəli, onlar mənə qarşıdır, – deyə o, qaşqabağını sallayıb fikirləşirdi. – Üstüörtülü bir narazılıq olsa da, görünür ki, bunların hamısı bu teliburma prokurorun, o Salamatov kimilər haqqında olan qərarları qurdalayıb tərpətməyindən, həbsxananın ağzını açıb elələrini sərbəst buraxmağından, fağır Murtuzov demiş, yorulub usanmadan bu işləri qurcalamağından üzə çıxmışdır?.. “Fili cələyə salmaq olmaz!” – Bu sükut zamanı Kamilovun fikri çözələnib dolanır, papirosundan uzanan boz tüstü içində gəzinirdi. – Bəli, bu bir cələdir!.. Ancaq Kamilov bir fil, bütün bu əhvalatlar da bir cələdirmi?.. Yox, əsla yox!.. – Kamilov papirosunu sümürdükcə, duman kimi boz tüstü onun başı üzərində dolandıqca o öz vəziyyətinin ağırlaşdığını, nəfəsinin təngləşdiyini hiss edirdi. İrəlicə ona elə gəlirdi ki, daha Kamilov barəsində bir dil tərpədib heç bir söz demək olmaz!.. Bəli, lap az qala ki, Kamilovsuz bu dağlara belə gün çıxmazdı?!. Ancaq gör indi iş nə yerə çıxıb ki, yollar belə haçalanıbdır?.. Axı, deyəsən, indi Kamilov, öz sınıq-salxaq dəstəsi ilə sürətlə gedən böyük bir axından qoparılıb bir kənara atılıbdır?! – Kamilov papirosunu çəkə-çəkə dönüb Vahidovun başı üzərindən asılan rayon xəritəsinə baxdı, udqunub özünə bir sual verdi: “Bəs bu neçə ildə mənim burada işim nə olmuşdur?” – Onun qulağına ancaq öz bağırtısı gəlirdi... Hərə bir iş görmüşdür! O isə hey bağırmış, bu bağırtılar içində də bu dağgövdəli adama hamıdan artıq bir iş gördüyünü güman etmişdi. İndi işdən qaçmaq, aralanmaq, bir kənara tullanıb atılmaq qorxusu onun qabağına çıxınca soyuq bir üşütmə keçirir, görürdü ki, o, nəinki qurubyaradan qaynar adamlardan, hətta iş yerlərindən, bu təbiətin özündən belə qopub aralanmışdır!.. Bəs Kamilov bu iş yerlərinə getməmişdirmi? Getmişdir, az da yox, çox getmişdir! Ancaq bəs Kamilov bu iş yerlərində nə etmişdir?.. O, burada bir kəsi dinləmədən söyüb-söylənmiş, çığır-bağır salmış, şişə-şişə, köpə-köpə oradan geriyə dönmüşdü. Kamilov öz gövdəsini xəyali bir sürətlə gözləri qabağından keçirib, sanki özünü olduğu kimi birinci dəfə görürdü. Lakin bu hal Kamilov üçün çox müdhiş görünürdü... Kamilov elə güman edirdi ki, bu həqiqət bir məngənə kimi onu sıxcalayır, bəlkə də onu heç eşitmək istəmirdi!.. – Getməyinə mən getmişəm, bəs necə ola bilər ki, mən Kamilov, heç bir şey etməmişəm?! Heç ola bilməz ki, mən heç bir şey etməyim?! Görünür, bu özü də məni gözügötürməyənlərin, mənim bədxahlarımın sözləridir ki, mənim özümü belə öz gözümdən salmaq istəyirlər?!. “Bağça müdirəsi Zərrintac Sərrafzadə sənin qızın yerindədir!” Azdımı belə cavan gəlin alanlar? “Qocalıqda yorğalıq”, balam, kimə nə? Bu paxıllıq kimin ürəyinə nə azar salıbdır?.. Görün heç bu da bir işdirmi?.. Cavan arvad alanlara, “dəvə oynayanda qar yağar” desən, onda nəinki qışda, yayın qızmar günlərində də göydən gələn ağ papaqlamalar kəsməz!..
– Kamilovun fikri xəyal surətinə çevrilir, öz ailəsinə tərəf dönürdü, o düşünürdü. – “Onlar bir neçə aydan sonra yenə də bura yaylağa gələndə mənə nə deyərlər?.. Deməzlərmi ki, baba, bu nə əhvalatdır?.. Bəs mənim qızlarım?.. Bu Zərrintaca onlar nə cür baxarlar?.. Deməzlərmi ki, atacan, niyə bəs, belə?.. Hər nə cür baxsalar, hər nə desələr, qoy onlar bu aləmə göz gəzdirib barmaqlarını qaldırıb göstərsinlər ki, mən təkəm! Bir də günah öz deyingən analarında olub ki, külfəti söküb-dağıdıb, özü də hirs-hikkəsindən torpağa gedibdir... – Kamilovun gözləri Vahidovun stol üstündə açıq qoyduğu “Hophopnaməyə” zilləndi.
“Dudkeş kimi bir papaq başında,
Lap çox qocadır, babam yaşında...”
“Yox, bu sözlərin indiyə nə dəxli? Yox, bu, altı pudluq Zərrintac, rəhmətlik Mirzə Ələkbərin göstərdiyi kimi, ağzından süd qoxusu gələn bir kukla-gəlin deyildir!.. Əbəs yerə Mərdan qızışanda, öz əlini bu kitaba atmaq, açıb oxumaq istədi. Ancaq hər şeyi beləcə şişirdirlər!.. Heç o ötüb keçmişin mənim bugünkü ailə vəziyyətimə nə dəxli? “Köhnəlmisən, geriyə qalmısan”, niyə geriyə qalmışam, balam? Niyə sən yox, mən?.. Görünür, burada bir dolaşıq var. Bir qurğu var, ayrı cür bir şey yoxdur. – Kamilov ikinci papirosu götürüb birinci papirosunun oduna yandırdı, yenə əyləşib mütaliə edənlərə göz gəzdirdi. Vahidov da, Mehman da başlarını aşağı salıb qabaqlarında açdıqları kağızları oxuyur, lazımi yerlərə cızıq çəkirdilər. – Bunlar mənim əleyhimə düzələn yazılar olmasınmı?.. Necə edim ki, qıraqdan görüm nə yazıblar, şübhədən çıxım?.. Yox, bunların hamısı mənim əleyhimə hazırlanan sənədlərdir! Yoxsa söhbəti dayandırıb bu kağızlara belə səssizcə baxardılarmı?.. Yaxşı, mən olmasam, onda burada məni əvəz edən kim olar? – Birdənbirə Kamilovun beynində bu sual doğdu, gözləri qabağında bu cavab dayandı. – Heç kim, heç kəs!.. Bəs Vahidov mənə güc gəlsə, onda sədr kim ola bilər?.. Kim prezidium iclası apara bilər?.. Heç kim, heç kəs!.. Deyək ki, lap güc gəlsə, onda necə?” Kamilovun gözləri otağı dolandı, Cabbarzadə ilə Cəlilov onun gözləri qabağında yan-yana dayandı. Kamilov özünə baxdı. – “Onların ikisini də bir-birinə qatıb yoğursan, yenə də mənim yarım çıxmaz, – deyə onun dodaqları qaçdı... – Onların ikisi hələ nazik şivə oxşayır; iyirmi səkkiz-otuz yaşlı adamlardır. Demək, Sovet hökuməti qurulanda bunların hər birisinin neçə yaşı varmış?.. Bəlkə komsomolda da yoxmuşlar!.. Amma nədi?.. Heç belə şeymi olar? Necə ola bilər ki, on beş il at üstündə mürgüləyəsən, indi piyadalanıb uzaqdan buraya boylanasan? Ancaq o vaxtlar mənim qılıncımın dalı da kəsərdi, qabağı da... İndi bəs necə?.. – deyə Kamilov sürətlə mətləbdən keçirdi. – “Kitab oxumur, dəftər oxumur” deyirlər. Niyə, bəs bu yuxarıdan gələn kağızlara kim baxır? Kim bu kağızların qulağında yazı yazır?.. Əgər mənim öz yazı fikrim olmasa, o qızbənizli Kamal heç bircə barınaq kağız yaza bilərmi? “Hansı kitabı oxumusan? – Kamilov öz-özünə sual verdi, onun gözləri öz evindəki üst-üstə qalaqlanmış kitablarda, icraiyyə komitəsinin özündəki kitab şkaflarında gəzdi, o heç bir kitab göstərə bilmədi, götürüb bir kənara qoya bilmədi... – Bax, o kitabı mən açmışam, bu kitabı vərəqləmişəm, o biri kitabdan bir səhifə oxumuşam, yuxum gələndə başımın altına qoymuşam, bir ay bu kitab mənim yastığımın altında əzilibdir, ancaq macal olmayıbdır... Belədirmi?.. Bunun bugünkü söhbətlərə nə dəxli? Axı, nə olsun, oxumamışam? Hər şeyi bilirəm ki... Görünür, mən zorbalıqda adamı günün günortaçağı qaraqura basır, əsəbilik mənim taqətimi kəsir, mən də asanlıqla bu meydanı tərk etmək istəyirəm?! Yox, heç bir zaman!.. Bütün bu fikirlər mənim bədxahlarımın fikirləridir ki, orda-burda o qədər deyib-danışıb, ağızdan-ağıza yayıblar ki, axırda mənim öz başımda da damcı-damcı doldurublar, guya ki, mən geri qalmışam, əyan, filan və peşməkan olmuşam?!”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xlvii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
VIIHüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:
VIIIHüquq fakültəsinin böyük və zəngin kitabxanasında, göy xələtli kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri, professorları, elmi işçiləri istədikləri kitablarla təmin edirdilər... Onlar yan tərəfdəki qiraət salonunda səssiz-səmirsiz oxuyur, kağız üzərində qeydlər edirdilər. Diqqətlə qulaq asanda buradan, yalnız üzərində qələm işlənən kağızların xışıltısı eşidilirdi... Küncdəki balaca stolun arxasında oturan Mehman da, çoxdan əlləşirdi. O, buraxılışdan sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra “Azərbaycanın qədim dövrünə aid hüquq tariximizdən” adında bir elmi əsər üzərində işləməyi qərara almışdı. O hələ neçə ay idi ki, bu mövzu üstündə çalışır, kitabxananı çox arayır, az şey tapırdı. Professor Məlikzadə Mehmanın bu fikrindən xəbər tutaraq çox şad olmuşdu. Buna görə də o öz sevimli tələbəsinə baş çəkmək, ona məsləhət vermək qərarına gəlmişdi. Professor qapını arxa tərəfdən yavaşca açıb içəriyə girdi, əlini Mehmanın çiyninə qoydu. İşarə ilə qiraət salonundan qaldırıb kitabxanaya gətirdi. Şkaflar ağzınacan qalın cildli kitablarla dolu idi.– Çox zəngin kitabxanadır, – deyə professor böyük maraqla kitab dolu rəfləri göstərdi, – çox böyük dövlətdir!.. Bax burada hər bir dildə əsər tapmaq olar. – Professor əlini kitab qəfəsələrində gəzdirdi. – Bu dünyada hər şeydən artıq, hüquqa dair əsər yazılmışdır. – Professor gülümsəyib Mehmandan soruşdu. – Bilirsinizmi niyə? – Özü də cavab verdi, – çünki bu dünyada bizim sosialist inqilabına qədər zorakılıq, haqsızlıq hər şeydən çox olmuşdur!.. Bunun da dərin iqtisadi-siyasi səbəbləri vardır!.. Mən sizə məsləhət görürəm ki, elmi işiniz üçün bu cəhətləri nəzərə alasınız... Çünki dərin tədqiqat, böyük əmək və yuxusuz gecələr olmadan elmi əsər yarana bilməz!..
IXQırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:
Стихи других поэтов
Eşq meydanında hər kim can ilən baş oynadır,Yar önündə qəmzədir, kiprigilən qaş oynadır.
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?