VI
Bu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...
Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
Ay hərdən buludları yarıb onun arasından çıxır, buludlara tezcə girib batırdı. Onlar sakit addımlarla səssiz-səmirsiz yeriyir, hansı tərəfə getdiklərini özləri də bilmirdilər. Onlardan hər birisi o birisinin dilinin açılmağını səbirsizliklə gözləyirdi. Bir xeyli evlər adlayıb, küçələr keçəndən sonra:
– Mən evə tələsməliyəm, – deyə bu sükuta qarşı Züleyxa deyintili bir səslə dilləndi. – Anam məni gözləyəcək!
Mehman dinmədi, onlar yenə yeridilər.
– Bizim evimiz də elə dar döngədədir ki?! – deyə darıxan Züleyxa əlavə etməli oldu, – çox döngəli!..
– Mən sizi müşayiət edərəm, – deyə Mehman nəhayət dilləndi.
– Sizə zəhmət olmazmı?
– Sizi tək buraxmaq da yaramaz!..
– Mən qorxmuram! Eləcə deyirdim!.. Çox sağ olun, mən özüm tək gedərəm!
Züleyxa addımlarını yeyinlətdi. Mehman da sürətini artırıb Züleyxaya yanaşdı. O özü bilmədən hər hansı bir hiss ilə isə Züleyxanın qolundan yapışıb:
– Sizi tək buraxmaq olmaz, – dedi.
Züleyxa içəridə xoşhal oldu, onlar bir qədər də dinməzcə getdilər. Ömründə birinci dəfə qız qolundan yapışan Mehmanın bədənində bir qığılcım gəzirdi. Gənc qızın xoş və ətirli nəfəsi onu məst edirdi. Bu an Mehman necə addım atdığını bilmirdi.
– Eviniz uzaqdırmı?..
– Lap uzaq da olmasa, sizə zəhmət olar!..
– Mənə zəhmət olmaz!..
Züleyxa qəhərlənib doluxdu:
– Nə əcəb sizdən?..
– Çünki gecə vaxtı qızı döngəli yollarla tək buraxmaq yaramaz!
– Sizin üçün heç fərqi varmı?
– Fərqi budur ki, sizi öz evinizə sağ-salamat çıxarmaq indi mənə borc olmuşdur!..
– Bu qədərmi?..
– Daha nə qədər ola bilər?..
Züleyxa buludlar arasından çıxan aya baxıb:
– Siz kitablardan fərqli olaraq təbiəti də xoşlayırsınızmı? – deyə sözünü dəyişdirmək istədi.
– Mən kainatı da, təbiəti də xoşlayıram!
– Təbiət özü də böyük bir kitab deyilmi?
– Bəli, təbiət həm canlı, həm də çox əsrarlı bir kitabdır!
– Təbiət ağlayır, təbiət gülür, bax görürsünüzmü qaranlıqlaşır, bir azdan aydınlaşır. Təbiətdə hədsiz-hesabsız güllər açır, bülbüllər güllər üçün fəğan edir, bir sözlə təbiət yaşayır!
– Lakin kitabsız təbiəti dərk etmək olmaz!
– Bəlkə əksinə, təbiətsiz kitabı dərk etmək olmaz?
– Siz fəlsəfə də bilirsiniz, Züleyxa xanım!
– Fəlsəfə özü də bu təbiət hadisələrini izah etməkdən doğmamışdırmı?
– Siz indi təhsilə davam edirsiniz, yəni oxuyursunuzmu? – deyə Mehman, Züleyxanın təhsilə davam edib-etməməsilə ciddi maraqlandı. Züleyxa isə instituta girərkən imtahanlardan kəsildiyini, sonra modalı libaslar tikən dərzi xanımın yanına arabir getdiyini öz vüqarına sığışdıra bilmədiyi üçün qızarıb bozardı, utandığından tər tökdü:
– Yox, bu ili həkimlər məsləhət görmədi, – Züleyxa cürətsiz cavab verdi. – Dedilər, zəifsiniz!..
Züleyxanın canlı və möhkəm qolu Mehmanın əlində özünü hiss etdirdi.
– Həkimlər heç də az yanılmırlar!..
– Onlar ürəyimin zəif vurduğunu göstərirlər. Həkimlər göstərirlər ki, siz dərin iztirab keçirib ürəyinizi üzmüşsünüz!..
– Əbəs iztirablardan çəkinmək gərəkdir!..
Onlar bu qayda ilə atmacalı söhbət edə-edə Züleyxagilin qapısına çatdılar. Züleyxa ayağını saxladı, Mehman dayandı.
– Sizin ananız indi intizar, ya iztirab içindədir, eləmi?
– Mənimmi? – deyə Mehman gülümsündü, – oğlanlar üçün anaları bir o qədər də narahat olmurlar!..
– Bu qədər qanadlanıb uçan məktublara cavab verməyən bir oğlana nə ad vermək olar?..
Mehman sükut etdi.
– Siz yenə də bu barədə dinmirsiniz?
– Bu çox mürəkkəb bir məsələdir, Züleyxa!
– Mənim ürəyimə girib məni təhsildən qoyan da bu məsələdir!.. Məndə fikir dağınıqlığı əmələ gəlmişdir, Mehman!..
– Gənc adamın fikri oxumaqda olmalıdır, Züleyxa!..
– Hamı ürəklər bir olmursa?..
– İradə hər şeyə üstün gəlməlidir!..
– İradə acizlik göstərirsə!..
– Yenə də iradə, daxili, dönməz bir iradə!
– “İradə, daxili bir iradə”, – deyə Züleyxa hikkələnsə də büruzə vermədi. – Həkimlər deyir ki, siz həm də çox-çox əsəbi olmuşsunuz!
– Gənc, sağlam adam üçün nə əsəbilik?
– Siz daşüreklisiniz, Mehman!
– Haradan bilirsiniz?
– Bütün münasibətlərinizdən!.. Bütün illər uzunu çırpınan bir ürəyi cavabsız buraxmağınızdan!.. Bütün bu soyuq fəlsəfələrinizdən!..
– Bəli, münasibətlər gərək aldadıcı yox, aydın olsun!
– Aydın olmasa, mən belə birtərəfli iztirablara düşməzdim!..
– Mən özümü deyirəm, Züleyxa!
– Siz kitab adamısınız, Mehman!
– Mən həyat üçün, döyüş və mübarizə üçün hazırlaşıram!
– Həyat heç də qum kimi bir quruluq deyildir!
– Həyat çox böyük və mürəkkəb mübarizə prosesidir! Ziddiyyət və vəhdət!
– Bu da kitablardan?
– Kitab özü də həyat mübarizəsi materiallarının məcmuyudur!
– Siz adi söhbəti də mühazirəyə çevirirsiniz, Mehman!..
– Mən yüksək səviyyəli mühazirəni çox qiymətləndirirəm!..
– Siz daima quruluğa çəkirsiniz, Mehman!
– Mən elm və bilik kəsb etmək deyirəm! Mən sizi də buraya çağırıram!
– Nəhayət, ancaq nəsihət! Coşqun, qaynar bir ürək əvəzinə kitablardan gələn nəsihət!.. Bir vicdanım bilir ki, mən nə qədər əzab çəkirəm... Bir müztərib ürəyim bilir ki, mən nə qədər təhlükəli dalğalardayam; bir mən bilirəm ki, mən necə dəhşətli fırtınalardayam!..
– Bunlar hamısı səmimidirsə, çox böyük mənadır, Züleyxa!..
– Qız üçün təhqirli də olsa, mən eşqimə təslim olub çırpınan, həyəcanlı ürəyimi açdım, – deyə Züleyxa qaynayan göz yaşlarını ağ dəsmalla sildi.
Onlar qeyri-müəyyən bir sükut içində dayandılar, sonra birtəhər susqunluqla görüşüb ayrıldılar. Yol uzunu Mehmanı dalğalı bir fikir götürdü. Züleyxa onun gözləri qabağından çəkilib getmədi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-vi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşamüstü yeddi bacanağın yeddisi də Göyalının qapısında ocaqlama qurub baş-başa verdi. Onlar öz ömür yoldaşlarının tək qardaşını boy atıb qalxan, tez-tez “Şükran dayının canı haqqı” – deyib and içən uşaqlarının sevdiyi, qürrələndiyi misilsiz adamı itirmişdilər. Xüsusən Göyalının oğlan nəvələrinin dilindən Şükran dayı düşmürdü. Demək, Şükranın ölümü bütün elə-obaya təsir edib hönkür-hönkür ağlatdığından da artıq bu irili-xırdalı Göyalı ailəsini ağlatmışdı. Ağlatmışdı da az idi, bünövrədən sarsıtmışdı. Elə bil ki, Göyalı ailəsi yer zəlzələsinin mərkəzinə düşmüşdü. Burada hamı yara almışdı, hamı sınıq-sınıq, şilşikəst olmuşdu. Göyalının sarsıntısı dəhşətli, Qaratelin sarsıntısı olmazın dərəcədə fəlakətli idi. Qaratelin gümüş saçları pırtdaşmışdı. Öz qanından, oğlu Şükranın qanından onun qar kimi ağ saçlarında uzun müddətdə izi itməyən talalar qalmışdı. Baxanda Qaratelin gözləri genişlənmişdi. Bu gözlərdə başaçılmaz vahimə yaranmışdı. Qaratel danışmırdı, danışa bilmirdi, heç bir işə qarışmırdı, qarışa bilmirdi. Ancaq Qaratelin gözləri də, işarələri də Şükranı həlak edən Ulduzu çox tezcə tapmağı, çox tezcə onu oxa tutub tələf etməyi israr edirdi. Bu at tapılsa belə, onu saxlamaq çətin, saxlamamaq da çətindi. Belə bir vəziyyətdə istər-istəməz dost dönüb düşmən olmuşdu. Ən dəhşətlisi də öz dostunun düşmən olması deyildimi? Ən ağırı da öz dostunla düşmən düşmək deyilmi?Qara mozalan öz qara niyyətini çox yamanca qaralıqla yerinə yetirmişdi. Bu qara Mozalan hər iki dostun – Ulduzun da, Şükranın da qanını içmişdi. Qara mozalan öz qara mozalanlarına qarışıb haradasa kefə başlamışdı. Dönə-dönə dönüb baxan, diqqət yetirən olsaydı, görərdi, yəqin edərdi, bütün şəkk-şübhədən, hər hansı bir iştibahdan çıxardı, necə də qara paxıllıq, qara iblislik, qara şərəşürlük, qara qatillik öz qaradan qara işini görmüşdü, elə bil ki, qara şeytan geniş Göyən düzənində ürəyindən xəbər verən belə bir uçqunu açmaqla öz kinli ürəyini güldürmüşdü. Öz qara qəhqəhəsilə Göyən düzənini dönə-dönə doldurmuşdu. Bu şər-şeytan çox yamanca qələbə çalmışdı. Azdan çox törəmişdi. Bir damcı zəhər bir sərkərdəni yerə sərmişdi. Belə idi!..
XVIIÜstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.
XVIIIQara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.
XIXQara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
Стихи других поэтов
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
HanıÖzgələr yanında döymə sinənə,Aşığam deyirsən, avazın hanı?
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.