Axşamüstü yeddi bacanağın yeddisi də Göyalının qapısında ocaqlama qurub baş-başa verdi. Onlar öz ömür yoldaşlarının tək qardaşını boy atıb qalxan, tez-tez “Şükran dayının canı haqqı” – deyib and içən uşaqlarının sevdiyi, qürrələndiyi misilsiz adamı itirmişdilər. Xüsusən Göyalının oğlan nəvələrinin dilindən Şükran dayı düşmürdü. Demək, Şükranın ölümü bütün elə-obaya təsir edib hönkür-hönkür ağlatdığından da artıq bu irili-xırdalı Göyalı ailəsini ağlatmışdı. Ağlatmışdı da az idi, bünövrədən sarsıtmışdı. Elə bil ki, Göyalı ailəsi yer zəlzələsinin mərkəzinə düşmüşdü. Burada hamı yara almışdı, hamı sınıq-sınıq, şilşikəst olmuşdu. Göyalının sarsıntısı dəhşətli, Qaratelin sarsıntısı olmazın dərəcədə fəlakətli idi. Qaratelin gümüş saçları pırtdaşmışdı. Öz qanından, oğlu Şükranın qanından onun qar kimi ağ saçlarında uzun müddətdə izi itməyən talalar qalmışdı. Baxanda Qaratelin gözləri genişlənmişdi. Bu gözlərdə başaçılmaz vahimə yaranmışdı. Qaratel danışmırdı, danışa bilmirdi, heç bir işə qarışmırdı, qarışa bilmirdi. Ancaq Qaratelin gözləri də, işarələri də Şükranı həlak edən Ulduzu çox tezcə tapmağı, çox tezcə onu oxa tutub tələf etməyi israr edirdi. Bu at tapılsa belə, onu saxlamaq çətin, saxlamamaq da çətindi. Belə bir vəziyyətdə istər-istəməz dost dönüb düşmən olmuşdu. Ən dəhşətlisi də öz dostunun düşmən olması deyildimi? Ən ağırı da öz dostunla düşmən düşmək deyilmi?

Qara mozalan öz qara niyyətini çox yamanca qaralıqla yerinə yetirmişdi. Bu qara Mozalan hər iki dostun – Ulduzun da, Şükranın da qanını içmişdi. Qara mozalan öz qara mozalanlarına qarışıb haradasa kefə başlamışdı. Dönə-dönə dönüb baxan, diqqət yetirən olsaydı, görərdi, yəqin edərdi, bütün şəkk-şübhədən, hər hansı bir iştibahdan çıxardı, necə də qara paxıllıq, qara iblislik, qara şərəşürlük, qara qatillik öz qaradan qara işini görmüşdü, elə bil ki, qara şeytan geniş Göyən düzənində ürəyindən xəbər verən belə bir uçqunu açmaqla öz kinli ürəyini güldürmüşdü. Öz qara qəhqəhəsilə Göyən düzənini dönə-dönə doldurmuşdu. Bu şər-şeytan çox yamanca qələbə çalmışdı. Azdan çox törəmişdi. Bir damcı zəhər bir sərkərdəni yerə sərmişdi. Belə idi!..

Burada insanın “olacağa çarə yoxdur” deyən acizliyi üryanlığıyla üzə çıxırdı. “Qəzanın qədəri” də öz işini görmüşdü. Ulu Tanrı bu faciənin qabağını ala bilmədiyinə görə gizlənmişdi. Nə isə, bu qara mozalan fəsadı belə bir hərc-mərclik yaratmışdı, fikirlərdə, zehinlərdə yamanca dolaşıqlıq doğurmuşdu.

Bu qabaran-qalxan qəbri unutmaqmı olar?! Bəlkə bir zaman Şükranın məqbərəsini görmək, ağçuxalı oğlanı ziyarət etmək üçün “Ağ oğlan” günbəzinin ziyarətinə gələnlər, heç də az olmayacaqdır. Yəqin ki, Şükran yatan yer getdikcə müqəddəs türbəyə çevriləcəkdi. “Dayının torpağına and içirəm” – deyiləcəkdi. Göyalı törəməsində bu and ən müqəddəs and sayılacaqdı. Bəlkə də bu yer bir ziyarətgaha çevriləcəkdi? Şükran yatan torpağı unutmaqmı olardı?

Ziyarət dağının ətəklərində ucalan “Ağ oğlan”ı – Şükranı adamlar bəlkə peyğəmbərləşdirəcəkdilər? Demək çətindi! Bəlkə Şükranı imamlaşdıracaqdılar? Söyləmək müşküldü! Ancaq Şükranın məqbərəsi “Ağ oğlan” günbəzi qalacaqdı. Elin əli ilə Şükranın üstündə tikiləcək şüş qübbəli günbəz “Ağ oğlan” adıyla ucalacaqdı. Bütün köçərilər, ağqoyunlular, qaraqoyunlular, qarabağlılar, qaradağlılar, Göyəndə ucalan Ziyarət dağının yanından qalxanlar “Ağ oğlan”ın böyründən heç də saymazyana keçməyəcəkdilər. “Ağ oğlana”a üz tutan, ürəyindən arzu keçirən az olmayacaqdı, çox-çox olacaqdı! Hamı “Ağ oğlan”dan dilək diləyəcəkdi. Yox, hər necə olsa, hər kim olsa, “Ağ oğlan”ın yanından saymazyana ötüb sovuşmayacaqdı.

Yenə də dönək həmin mətləbə, deyək Ulduz günahkar deyildir, ona necə bəraət vermək, necə onu cərgələrə çıxarmaq, hansı möcüzə ilə onun qara donunu əynindən sivirmək, onu öz ağçaq ulduz donuna geyindirmək olar? Demək, belə qəsdə düşən olsa, Ulduzu özünə döndərmək, əzəlki halına qaytarmaq mümkün olmazdı! İş dolaşıq, tale dolaşıq, faciə dolaşıq, zəhər-zəqqum! İndi belə bir nəticə durunca Şükranı ulu Tanrıdan diləyinə dəyərmişmi? Şükran olsaymış yaxşı imiş, yaxud olmasaymış? Gözləri genişlənən ana bilmirdi necə olsaymış yaxşı imiş? Ancaq qəm dəryasına qərq olan ata da aydın bilmirdi. Bu cəhəti bacılar da bilmirdi. Bacı uşaqları da başa düşmürdü. Göyalının həyatında baş-başa verən bacanaqlar da başlarına vurub bir yana çıxara bilmirdilər. Ancaq onlar bilirdilər ki, belə bir qəti, üzüdönməz bədbəxtlik baş verəndən sonra səbəbini yüz yana yozsan, nəticə budur ki, olan olubdur, Şükran əldən gedibdir, onu öz Ulduzu öldürübdür. Vaxtaki Şükran ölübdür, öldürülübdür, ağqoyunlular adətincə, aran torpağının qaydasınca onun yasını saxlamaq, üçünü, yeddisini, qırxını, sonra da kədərli aylardan ibarət ilini keçirmək gərəkdi.

Ana özünü itirmişdi. Ata özünü itirəcək dərəcəsində təlatümdə, həyəcanda idi. Bacılar da bilmirdilər nə etsinlər. Yasa gələnlər də yavaş-yavaş çəkilib getməli, sonra da istəyən kəslər üçünə, yeddisinə, qırxına, sonra da ilinə gəlməli idilər. Demək, baş-başa verən yeddi bacanağın – bu qardaşlaşan kişilərin öhdəsinə bütün bu mərasimləri keçirmək ağırlığı düşmüşdü. Vaxtilə iyirmi il əvvəl Göyalı qızlarına qardaş, özünə yurdçu diləmişdi. İndi onun həyətində yeddi bacanaq – yeddi qardaş baş-başa vermişdi. Demək, əslində yeddi qıza yeddi qardaş, sirdaş var imiş. İndi də vardır. Ancaq bir tək Şükran yox idi. İndi Şükranı kim əvəz edə bilərdi? Kim elə bir Ulduz tapıb Şükran kimi qanad çala bilər, ürəklərə yol aça bilərdi? Müəmma, müəmma, dolaşıq dolaşıq üstündən, düyün düyün üstündən...

Şükranın yeri Göyəndə görünəcəkdi. Elin əli ilə “Ağ oğlan” günbəzi qaldırılacaqdı. “İgid ölər adı qalar...” Qara ağzını açan torpağa nə qədər “ağzın yumulsun!” deyə qarğıyanlar olsa da, yenə də hirsi soyuyan insanların nəzərində bu torpaq müqəddəs türbəyə çevriləcəkdi. Bir növ ocaqlaşacaqdı. Qoy burada yatan ənbiya-övliya olmasın, abid olmasın, zahid olmasın, şeyx olmasın, belə bir növcavan qəhrəman olsun!

Baş-başa verib düşünən bacanaqlar öz yerlərindən tərpənincə birbirilə himləşdilər, qayıdıb Göyalının bir qədər gözdən iraq olan çalçəpərlərindən yeddi yabanın qulağında, yeddi vələ quru qaratikan götürdülər, qaranlıq qovuşar-qovuşmaz Şükranın məzarına çatdılar. Bacanaqlar öz uşaqlarının dayıları, qardaşdan da artıq bir qardaş itkisi üçün səssiz-səmirsiz ağlaşdılar, gətirdiklərini üst-üstə qalaqlayıb bir ocaq qaladılar, bu ocağı papaqlarıyla yelləyib tonqala döndərdilər, alovlarını da göyə qaldırdılar. Alovlar Ziyarət dağının sinəsinə qədər öz dilini uzatdı. Bu işıqda da bacanaqların göz yaşları axdı, axdı, alov qalxınca bacılar da, bacı uşaqları da gəldilər. Yaxın-uzaq qohumlar da gəldilər. Bunlardan sonra qara libaslı Sevgili də, qonşu gəlin Gülnazla gəldi. Onlar işıqda Şükran üçün bir də, bir də ağlaşdılar. Axır ki, kiridilər, yavaş-yavaş çəkildilər, bircə-bircə göylər oynamağına qayıtdılar. Sevgili Gülnazla döndü. Bu qız nə isə indicə gözə dəyməkdən, bacılardan başqa bir söz eşitməkdən çəkinirdi...

Tonqal sönər-sönməz qaranlıqdan qara at çıxdı, bulana-bulana gəldi. O, baş tərəfdə közərən ocaq səmtində deyil, aşağıdan Şükranın ayaqları altında dayandı, öz başını həmin-həmin Şükranın ayaqlarına salladı, yenə də gözlərindən qanlı yaş tökə-tökə ağladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 мин
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 мин
XIV

Bəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.

4 мин
XV

Şükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!

6 мин

Стихи других поэтов