XXXIV
Страница 2 из 2 · 50%
– Yaxşı, onda sən bir tez qabları yu, uşaqlar indi gələcək!
– Bizim Murtuz da gələcəkmi? Mən demişəm ki, onlara gedəcəyəm, yəni sizə, o da deyib ki, get, nə olar, öz evimizdir!
– Belə olanda, sən qabları tez yu!
– Vallah lap ilin on iki ayı mən qablarınızı da yuyaram, qaşıqlarınızı da! Ancaq o Məmmədxan yazığın işinə bir əncam çəkin! Şəhla xanım, vallah, can qurban eləməli oğlandı. Elə Mehman qağa işi bizim Murtuza adlatsa, iş düzələr. İndi Mehman qağa bir az təzə adamdır! Hərə bir cürə ağzı bozuna danışır, bir cürə şahid olur, işi lap kələf kimi dolaşdırır. Birisi uydurur, birisi bilmirsən yalandan necə sivrilib dərisindən çıxır?.. Yazıq deyirmiş ki, Məmmədxanı deyirəm e, məni buradan qurtarana o bəzəkli gəlin kimi ev-eşiyimi qurban edəcəm!.. Vallah, onun bir cüt divar xalısı var ki, deyirsən bəs göydəki ulduzlar əfil-əfil yanır, deyirsən bəs göydən yerə düşüb par-par parıldayır... Açanda o xalılar bir lay divar olub, bağlayanda bircə dəsmala yerləşir. Yazıq, doğrudan da, lap mərdana oğlandı. O Balış qızın görüm ki, yanları dəlinsin! Anbarın qapısı bağlı qalıb, camaat da boynu burulu, hələ ağzına da surğuc vururlar ki, gərək buranı da silist eliyək!.. Mal-zad da, çit-mit də hamısı qalıb orada, camaat da tökülüb qalıb burada... Sən allah, bir əncam çəkin!.. Heç olmazsa Mehman qağa zamına verib o yazığı buraxsın! – Yavər Murtuzova bu barədə aydın bir dildə kağız açıb dinməyən Şəhla xanıma sığınmaq deyil, ona yapışmaq istədi. – Siz özgəsi deyilsiniz, özüm də əlaltı, o yazığa xörək göndərmişdim, – deyə yenə sözə başladı. Deyir, dilini də vurmayıb! Vallah, Murtuzdan da onu çox istəyirdim... Siz özgəsi deyilsiniz, sizə lap ürəyimi deyirəm, biləsiniz ki, Məmmədxan nə oğlan idi!.. Allahın altında o səxavətdə oğlan qazamatdan çıxıb, bircə il anbarda ola, görəsiniz ki, adam qədri bilmək nəyə deyərlər?.. Bu kooperativ müdiridir, bu zaddı, bunlar hamısı içi puç fındıq kimi boş şeydi!.. Bu dünyada bircə adamlıq, qanacaq ondadır! Məmmədxan buranın açarı idi, açarı!..
Fikri dolana-dolana gəlib bir cüt xalı üstündə dayanan Şəhla xanım Yavər Murtuzovanı qapı ağzından kənar edib içəri otağa girdi. Züleyxanın gözü qıpqırmızı qızarmışdı.
– Qız nə olub?
– Heç nə!
– Bəlkə Mişanı qısqanırsan, hə?
Züleyxa yenə də bütün əhvalatı açıb anasına dedi. Qaloşlu adamın tələblərini anasına bildirdi.
– Belə bir açılmaz bir düyün, ana!. – deyə Züleyxa anasının yazıq-yazıq üzünə baxdı. – Özü də bu zəhrimar saatı aparmadı, oraya atıb getdi. Dedi ki, sənin atanla da duz-çörək kəsmişik!
Şəhla xanım barmaqlarını dodaqlarına gətirib:
– Olar, – dedi, – mənə də işarə etdi. Deyəsən, bu tacirbaşını gözlərindən tanıyıram?.. Sən çox sonralar oldun!.. Yanılmıramsa, həmin bu kişinin özü idi, həmin tacirbaşı... Qarabağdan bizə gəlmişdi, atanla birlikdə Varşavaya getdilər. – Şəhla xanım sükuta getdi. – Sən dünyanı görürsənmi, o dağ böyüklüyündə kişini necə bir cırıq qaloşa yerləşdiribdir?!. Nə isə, tanışlıq verib, üstünü vurub utandırmaq olmaz!.. Qoy örtülü qalsın, odunları yarsın!
Züleyxa durub-durub ağlamağa başladı. Anası acıqlanıb onu sakit eləməyə çalışdı.
Züleyxa isə düşündükcə sakit ola bilmir, ağır əzablar çəkirdi.
– Mən Mehmana deməliyəm, mama, mən dizi üstə düşüb əhvalatı ona açmalıyam!
– Niyə, qız? Bir də təzədən nə həngamə açırsan? Mən gətirən saatdır, vəssalam!
– Hamısını düzünə açmaq gərəkdir, ana!.. Lap bu sarı zəhrimarın qıvrım yatan sarı ilanı, bax bir sən onun qolbağına, gör necə ilan kimi qıvrılıb?..
– Qız, örtülmüş işi açıb içindən işmi çıxarmaq istəyirsən?
– Nə vaxta kimi ürəkdə bu ağır daş sallanacaq, ana?
– Nə daşbazlıqdı, qız!
– Yox, mən Mehmanın üzünə baxa bilmərəm, ana!
– Qız uşağı ki, qız uşağı!.. Demişik mən gətirmişəm, daha qurtarıb, gedibdir öz işinə!.. Qoy lap bütün dünya dağılıb gəlsin!.. Şahidi yox, sübutu yox, bir də təzədən oyun açmaq istəyirsən?.. Sənin kimilərinin özünün, gərək beş dənə belənçik qızıl saatı olsun! Görürsənmi o Zərrintac xanımı?
– Mən ona tay olmaq istəmirəm, ana! – deyə Züleyxa ziddiyyətlər içində hikkələndi. – Xatun xala düz deyirmiş: bilsəydim ki, o Zərrintacın adına bu qədər söz gəzir, heç mən onun qapısını da açmazdım! O mənim beynimi oğurlayan Sərrafzadənin qapısını, ana can!
– Sən kiri, qız! Saat bir şey deyil, kiri, vəssalam!.. Sirr, sirr qalar, – Şəhla xanım əlini kəmər yerinə qoyub yırğalandı, – vallah, mən bir nəfəsimdə on elə saat udaram, heç uf da demərəm! Xatunun gəlinindən də elə Xatun çıxar!..
– Yox, iş çox dolaşıq düşüb, ana! Qorxuram təmiz adımız kömür kimi qaralsın, qorxuram biz ömür uzunu qara bir qarğaya dönək! Heç bilirsənmi Mehman nə qədər də paklıq, təmizlik istəyir! Mehman, müəllimimiz Məlikə xanımın ona etdiyi vəsiyyətindən söz açıb mənə danışıb!.. Mən də ona eləcə söz vermişdim, axır?..
– Söz vermişdim, – deyə Şəhla xanım qızını yamsıladı. – Qız söz verib ölüb-getmiş Məlikə xanıma?..
– Mehman bu sözləri bilsə dünyanı dağıdar!
– Heç şey eləməz! – deyə Şəhla xanım indi Məmmədxanın göydəki ulduz kimi əfil-əfil yanan xalılarının eşqilə çırpınırdı. – Sən at mənim boynuma!.. Bir azdan da o saatı bağla qoluna, qurtarsın getsin, vəssalam! O beş şahı donluq ilə siz dönüb Şah Abbas olmayacaqsınız!.. Sabahı da var, uşaq-muşağı da?!.
Şəhla xanım birdən şaqqa çəkib dolusu güldü:
– Gələndə üç min gətirmişdim, dedim, yağ-bal alıb şəhərə apararam. O da qurtardı! Bu divarların arasında siz daş-zad gəmirəcəksiniz, qız!..
Züleyxa gözlərini silə-silə söyləndi:
– Qana bulanmış saatı qola bağlamaqdan nə çıxar? Görünür ki, canavar oğlu bənd-bərəni qabaqcadan kəsirmiş ki, yazıq arvadı boğsun, qanını da batırsın!
– Yoxsa arvadın boğulmağında da özünü təqsirkar görmək istəyirsən, ay başıboş!
– Dərindən fikirləşəndə, belə çıxır, – deyə Züleyxa saçları dağılmış başını yersiz-yersiz yırğaladı. – Bəlkə o bu saata bel bağlayıb öz arvadına qəsd edibdir?.. Beləliklə biz, ana-bala, hələ açılmamış bu qana şərik olmuruqmu, hə?..
– Kiri, bircə kiri!.. Sən də mənə o sarsaq, qarğabəyin Yavər olmadın, kiri! Ağzıboşun biri, kiri!.. Sən burada ancaq belə Yavər kimilərindən ağıl götürəcəksən, kiri!.. Dilini dibindən çıxararam, guya nə yeyib ki, onu da həzm eləyə bilmir, kiri, Xatuna oxşar, kiri!
– Vallah, mən hamısını Mehmana deyəcəyəm, yoxsa ürəyim partlayır, ana!
– Bəlkə gedib bir ali məhkəməyə də deyəsən? Heç qanırsanmı ömrünüzü necə qaraya calamaq istəyirsən? Dünyada sirr saxlamağı bacarmaq gərəkdir. Onsuz da indi bu dünya qurğuşuna dönüb, qız!
– Mənim ürəyim qurğuşundan da ağırdır, ana!
– Ağırdır?.. Öyrənmək gərəkdir!.. Adam var ki, dünyanı dirigözlü udur. Sən dönüb bir parça çaqqıldayan sarının əlində aciz qalmısan, kiri!
– Onda götür, özün o sarını saxla, ana! Yoxsa o, atəşə çevrilib alovu məni bürüyəcəkdir!
– Beynin xarab olmasın, qız!
– Başım qızışır, ana!
– Bəlkə dəlixanaya düşmək istəyirsən?
– Görünür, mənim axırım dəlixanadır, ana! Sən məni oraya çağırırsan!
Şəhla xanım əhəmiyyət vermədən ayna qabağında olan saatı götürüb qoluna bağlamaq istədi.
– Bağı çatsaydı, özüm bağlardım qoluma! – deyə dişlərini qıcadı. – Ancaq heç yarısına da çatışmır. – O saatı yenə də etinasız bir halda stolun üstünə atdı:
– Qoy qalsın burada!.. Özün də ud, vəssalam!
Yavər Murtuzova birdən qapını açıb adəti üzrə əlini döşlüyünə silə-silə başını içəriyə saldı:
– Qabları da yudum, Şəhla xanım!
Ana ilə qızın danışığı yarımçıq qaldı. Yavər oturub yenə də uzun-uzadı danışdı. Söhbət xeyli çəkdi. Mehman işdən qaşqabaqlı qayıtdı. Yavər ərinin gəlmədiyini, əziyyət çəkib bişirdiyi xörəklərdən onun yeyə bilməyəcəyini görüb özlüyündə acıq elədi, bir kəslə xudahafizləşmədən çıxıb evlərinə getdi. İşdən evinə dönmüş Murtuzov da arvadını pərt bir halda qarşılayıb:
– Harada idin, xanım? – dedi.
– Səhər-səhər özün demədin, bəyəm? – Yavər iri gövdəsilə qabardı: – sənin böyüyüngilə getmişdim!
– Nə olub sən də belə mısmırıqlı gəlmisən? Az qala alt dodağın yer, üst dodağın göy süpürür, arvad!
– Çünki sən məni öz əlinlə qulluqçu qayırmısan! Özün də deyirsən get, nə desələr et! Məni qramafon kimi qurursan, belə oxu, sonra dön elə oxu! Mən də lap tutuquşuya dönmüşəm!
– Yaxşı-yaxşı, belə oxu, elə oxu! “Tutuquşu”, xəncərinin daşı düşməz!..
– Niyə düşmür? Mən kimin qızından kəməm?
– Yaxşı, dərdim sənin kəmliyində deyil, beş-on günlüyə ölməzsən! Yəqin ağzını boş-boş qoyub ulduza danışmısan... Sonra bilmisən ki, ağzının gözəyi açılıb, söz yerə tökülüb, daha yığıb-yığışdırmaq mümkün olmayıb?
Yavər acıq eləyib fırlana-fırlana kənara çəkildi:
– Görünür mən on üç yaşında bir qızam?!. Sənsən məni bişüur yerinə qoyan!.. Yoxsa bütün arvad olan mənim başıma and içir!
– Elə bilirlər, bəs balqabağın içində bir dənədən-zaddan var? Daha demirlər ki, qupqurudur?!..
– Beynimi yemə, Murtuz, – deyə Yavər gözlərindən gilə-gilə yaş tökdü. – Sən məni qulluqçu yerinə qoyma, Murtuz!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xxxiv
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.
Məhtaban 12Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu ilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:– Xanım, oğlunuz olubdur, – deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir! Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi. Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:
Стихи других поэтов
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi