XXXIII
Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.
Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
– Bıy sizsiniz?.. Dedim bəs kimdir?..
– Mənəm, bala, – deyə Qaloşlu adam udqundu, sözünün ardını gətirmədən xeyli bayıra baxdı.
– Görünür ki, sözünüz var, hə, əmi?
– Bəli, bir balacası var idi, qızım!
– Onda bəs niyə çəkinirsiniz? Biz ki, sizə yad adam kimi baxmırıq!
– Məsələ də buradadır ki, adam yaxınına söz deməyə həmişə utanar... Nədən ki, deyərlər, üz verdik, astar istədi. Xətir qoyduq, başa çıxdı. Belədir, başına dönüm, dünya qəribədir, ürək dərdini adam öz balasına da aça bilmir...
Züleyxa çiyinlərini çəkdi:
– Necə deyərlər, oxunu atıb yayını gizlətmək nöşün?
Qaloşlu adam bir qədər yaxına gəldi, əlini Züleyxanın qolundakı qızıl saata uzatdı:
– Bədbəxtlikdən bu mənim qardaşımoğludur!..
Züleyxa təəccüblə:
– Kim? – dedi.
– Bu Məmmədxan!
– Necə Məmmədxan?
– O arvad ki, özünə qəsd eləyib ha, eşitmiş də olarsınız!.. Onun əri, Balışın!.. Onun atası ilə mən qardaşdan da artıq idim. Çox kara gələn adamdı. O irəli dedim ki, ədə, Məmmədxan, bu şey lazımdır (Qaloşlu adam yenə saata işarə etdi), müzayiqəsi olmadı, dost yolunda başını verən oğlandır, bədbəxt!
Bir anda Züleyxanın rəngi qar kimi ağardı, o tez sağ əlini sol qoluna atıb:
– Onda bu saatı özünə qaytarmaq lazımdır, – deyə qolundakı saatı açmağa çalışdı.
– Özü qazamatdadır!
– Hər nədir qaytarmaq gərəkdir, özünə, vəssalam!
Qaloşlu adam əlini tüklü, qırışıq çənəsinə atıb:
– Biz də bir adamıq, – deyə qaloşuna baxdı, – beləliyimizə baxmayın siz bizim!..
– Hər necə olsa, Mehman başımı kəsər!
– O bu işləri bilməmiş olmaz!
– Mehmanmı?..
– Bəli! – deyə Qaloşlu adam girəvəni əlinə keçirən namərd ovçu cürətilə öz ayaqlarının altını bərkitdi.
– Bəs, nə əcəb özü mənə bu barədə heç hələ bir söz deməyib?.. Çünki hələ də o elə bilir ki, bəs bu saatı mamam gələndə gətiribdir!
– Demək nəyinə gərəkdi, – o, qaloşu ilə fərşi qurdaladı. – Bir şey ki, açıq ola, daha açıq qapının nəyini döymək?..
– Onda mən özüm Mehmana deyərəm, – sanki Züleyxa çıxış üçün qapı axtarırdı, – pulumuz da olmadı ki, barı vaxtında bu saatın dəyərini verək?! İndi də bu işin içindən də bir iş çıxmaya?! Onda mən mamama!.. – deyə Züleyxa anasını səslədi: Mama!..
– Nə üçün, qızım? Nə üçün axı belə bir təlaş? – Qaloşlu adam dərisi yanıq əlini qaldırdı. – Burada axı, indi nə var ki?
– Qoy mamam bu işi bilsin, sonra yaxşı çıxmaz! Uy Allah, – deyə Züleyxanın vücudu sarsılmağa başladı. – Mən Mehmandan nə qədər də qorxuram! Siz bilmirsiniz, – deyə Züleyxa az qala Qaloşlu adamın ayaqlarına qapanmaq istəyirdi. – Mən onu əcəb tanımağa başlamışam!.. Heç kəsdən çəkinməz! Birdən bizi tutub məhkəməyə verər... Uy mama! Yox, yox! Alın bu bir tikə zəhrimarı! Alın! Biz o qədər də görməmiş deyilik, alın bu sarını, özünüz öz əlinizlə atın çölə, rədd olsun bizdən!
Qaloşlu adam əl atıb Züleyxanın qolundan möhkəmcə yapışdı:
– Qızım, biz görməmiş deyilik! Bir eləsi olmasın, min eləsi olsun, bu qoca əmin ölməyib ki! – Onun kinli gözləri otağı dolanıb gəzdi. – Mən də mənəm! Mənə qulaq asın! Heç kəsə bir söz demək lazım deyil. Maman nə üçündür? Eyibdir, səs olar, kənara səs çıxar, səs-küy dünyanı bürüyər, fil də olsan altından çıxa bilməzsən!
– Mənim bu dünyada mamamdan heç bir gizli sirrim ola bilməz! Özü də bilir ki, mən başqa fikir üçün bu saatı götürməmişəm! Siz gətirdiniz, mən də qoluma bağladım, bilmədim sonrası gedib elə qazamata çıxacaqdır!..
– Onu sonra, qızım! – Qaloşlu adam dönüb özünü itirən Züleyxanı sakit etmək istəyirdi. – Burada nə qazamat?!
– Allahı sevirsən, bu sarı zəhrimarı alın! – deyə Züleyxa daha saatı öz biləyindən açıb Qaloşlu adama uzatdı. Qaloşlu adam saatı alıb üzərində ayna olmuş stolun üstünə qoydu. Züleyxa çevrilib baxdı. Aynada onun sifəti çox ölgün, saatdan da çox sarı görünürdü.
Qaloşlu adam:
– Özgələri dəvələri sarvanıyla yeyir, bir parça şey az qala, od olub sizi yandıracaqdır, – dedi, – on il də qala, aparmaram!
– Onda mən, Mehmanın özünə qaytararam. Dizüstə düşərəm, hər şeyi açaram, yalvararam, deyərəm qələtimdən keç!
– Yaxşı çıxmaz, Mehman çox tünddür! Hay-küy elərsən çox uzun gedər! Qazamat o yana, dünyanı rüsvayçılıq bürüyər, son peşmançılığın altından çıxa bilməzsiniz, hamınız xar olarsınız!.. Bu barədə ara örtülü qalsa, pərdə tərpənməsə daha yaxşıdır. Sən açmasan, Mehman bilib də üstünü vurmaz! Külfətdə gərək qalın pərdə olsun, o tərpənsə hamı çılpaq qalar düzdə, utanar, abır tökülər, hər şey alt-üst olub gedər, pərdə, pərdə!..
– Bəs onda bu pərdələrin arxasında nə olsun, əmi can? – Züleyxanın göz yaşları yanaqları aşağı axmağa başladı. – Bəs belə düyünə düşərkən əlac nədir, yüz pərdə olsa da?!
– Əlac, pərdələyib udmaqdır, vəssalam!
– Həzm etmək olmaz, əmi can!
– Görünür ki, sənin bu Mehman oğlanın hələ bu qoca dünyadan bir duz dadmayıbdır!
– O yazıq çox təmiz adamdır!
– Bəli, görünür o, kitabdan üç-dörd “qanun” deyə söz əzbərləyib, elə bilir ki, dünya elə beləcədir!..
– Bəs nə təhərdir?.
– Kitab başqa, dünya başqadır! O kitab yazanların heç birisi ömründə öz yazdıqları kimi etməyiblər... Elə keçmişdə molla özü Allahın evində camaata məsləhət gördüyünü, özü öz evində edirdimi? Siz uşaqsınız, qızım! – Qaloşlu adam ovcunun içində olan bir şeyi bərk-bərk sıxır kimi davam etdi. – bəli, bu dünya özü sizə möhkəmcə bir dərs deyib sizi əcəbcə öyrədəcəkdir! Sənin dostun olduğun Zərrintac, heç bilirsənmi hansı pərdələrin arxasında necə bir xəzinənin üstündə oturubdur? Hər gündüzün bir gecəsi olduğu kimi hər ağ günün də bir qara günü vardır!.. Mehman nə qədər bilir, o qədər də bəsdir!
– Axı, o, əsla işin belə olduğunu bilmir!
– Ayrı söz daha deməyin! – Qaloşlu adam əlini dodaqlarının üstünə gətirdi. – İndi mənim son təvəqqəm budur ki, Mehman haqq-ədalətlə hərəkət etsin. Məmmədxanın evini dağıtmasın... Onun atası da vaxtına görə bir kişi idi... Amma özü bu arvad barədə yelbeyin çıxdı. İlk toy elədiyimiz qızla yola getmədi, kənddən bir sarsağını aldı. Şəhərli ilə kəndlinin sözü də haradan tutar?.. Sarsaq gəzib bu klubun səhnəsinin daldasında sarsaq dolandı, camaatın gözünün qabağında guya ərə getdi, sonra biri ilə pıçı-pıçı, ikisi ilə pıçı-pıçı... Axırda da özünə qəsd elədi.
Züleyxa çəkinə-çəkinə:
– Mənə nə? – dedi. – Axı mənim təqsirim nədir?
– Mən ancaq Mehmandan haqq-ədalət istəyirəm!
– Mən Mehmanın işinə heç istəsəm də qarışa bilmərəm!
– Bəs siz də axır çoxlu-çoxlu kitablar oxuyursunuz...
– Mən qanun yox, roman oxuyuram!
– Hansı kitab bu dünyada haqdan, ədalətdən dəm vurmur?
– Siz də oxumusunuzmu?
– Bir az savadım var idi!
– İndi oxumursunuzmu?
– İndi bu dünyadan nə yadımda qalıb ki, o da yadımda qalsın? Bu zamanda mən daha yerli-dibli bisavadam!.. Savadım olsa, daha niyə sizin qapınızda süpürgəçilik eləyirəm? Siz ömrünüzdə yıxılana əl çalmazsınızmı? Yoxsa indiki kitablarda belə qanun yazılmayıbdır?
– Niyə yazılmayıb? Qəşəng-qəşəng romanlarda çox-çox, doğru-doğru sözlər var! – deyə Züleyxa yavaş-yavaş özünə gəlir, onun yanaqları ilə üzüaşağı axan göz yaşları yerində, duz ağartıları görünürdü.
– Bəs onda ədalətə niyə dil bulamırsınız?
– Ədalətə dil bularam, ancaq cəncələ yox!
– Cəncəlsiz ədalət ola bilməz! Ona görə də mən təvəqqe eləyirəm ki, – deyə Qaloşlu adam təkidlə tapşırıq verər kimi barmağını qaldırıb tərpətdi. – Mehman gələndə Şəhla xanımla birlikdə ona deyəsiniz ki, bu məsələdə haqqa tərəfdar çıxsın!.. Mən görürəm ki, sizin də nəsliniz-nəcabətiniz olubdur! Bəlkə, fikirləşirəm ki, lap atangillə duz-çörək də kəsmiş olarıq!.. Siz gərək bu donqabel dünyanı, olduğu kimi Mehmana öyrədəsiniz. O gərək hələ bu dünyadan çox-çox dərs götürsün. O yazıq anası nə idi, küçəyə çıxanda adam olan lapçınına gülərdi. O yazıq nə bilirdi, bu oğluna da nə məşq verə?.. Bu barədə lap əlifbeydən deyəsiniz!.. Şəhla xanım özü gərək Mehmana bu dünyada necə yaşamaq barəsində məşq versin! Yaxşı eləyib o lapçınlı arvadı buradan əkdiniz! Təzədən o lapçınlı qarıdan bu dünya üçün nə müdərris ola bilərdi?..
Qaloşlu adamın dili Züleyxanı getdikcə heyrətə salır, o mat-mat baxırdı.
– Siz, əmi can, çox pərdəli bir sehrkarsınız!
– Elə Mehman da mənim pərdələrdən düzəlmiş sehrimə gələcəkdir. Ancaq bir geci var, bir də tezi!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xxxiii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gün çıxan tərəfdə bir məmləkət vardı. Bu məmləkətin bir padşahı vardı. Bu padşah nə yerə sığırdı, nə də göyə... Dil tərpədənin dilini kəsdirir, baş qaldıranın başını vurdururdu. Əmrini yerinə yetirməyənin, bir sözünü iki eləyənin boğazına yağlı kəndir keçirtdirib, meydanlarda qurdurduğu dar ağaclarından asdırırdı. Bu padşah rəiyyətin-rəncbərin dərisini soydurur, xəzinəsini lal-cavahiratla doldururdu.Padşah öz sarayından çıxıb məmləkətin hansı vilayətinə yollansa hamı onun pişvazına çıxır, qabağında səcdəyə düşürdü. Əyilib atının dırnaqlarından öpməyənlərə divan tutdururdu. Başı zülmə qarışan padşah nə məmləkətdə əməlli-başlı bir yol çəkdirir, nə də susuz yerlərə su çıxartdırırdı. Bu padşah nə eldə-obada bir məktəb-mədrəsə açdırır, nə xəstələr üçün mərizxana dərdinə qalırdı. Padşahın yan-yörəsini bürüyən vəzir-vəkilin də işi-peşəsi ancaq, “bəli, beçeşm” demək idi. Şayəd bir gün vəzir-vəkildən birisi padşahın gözünə bir cürə, şübhəli dəysə, gecəsinə onun başı fərmanda idi. Buna görə də padşahın vəzir-vəkilini bir-birindən seçib ayırd eləmək çox müşkül bir iş idi. Baxanda bu vəzir-vəkilin hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb eyni vaxtda dururdu... Onların hamısı bir cürə hərəkət edir, padşahın hüzurunda bir-birinə baxa-baxa bir dərəcədə ucadanmı, astadanmı gülürdülər. Bunlardan heç birisi başqa birisindən ayrılmır, nə səsini endirir, nə də qaldırırdı. Padşahın gözü vəzir-vəkilin üstünə çevrilib ağarcağın hamısı birdən sarısını udur, hamısı eyni rəngə-rufa düşürdü... Padşahı mədh etməyənlər, onun şücaətindən vəsf açmayanlar qaranlıq və rütubətli zindanlara doldurulur, burada yarıac, yarısusuz saxlanılır, sonra da göysüz-göyərtisiz quru boş səhralara sürgün edilirdi.
Ovqan və ilanAran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır, yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli dəyənəkli, toqqası xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası şırım otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çoban öz iş-peşəsini xaqanlıqdan da yuxarı tutur, zoğal şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə gətirir, istəyəndə mələşdirirdi. Ovqan çobanın şöhrəti el-obaya yayılır, bir tək Muğanı deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib Loğmana da çatdı. Loğman yelqanadlı qızıl boz atını minib, özünü Aran ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı. Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq əmlik kəsib, ocaqda qızartdı, cam-cam süd içirtdi, öz qarğı dəyəsinin yuxarı başında yataq yeri düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi: çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu çarığı, əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-gözündən nur yağır, yanaqları solub-saralmır, gecə də, gündüz də köz kimi qızarırdı. “Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir”, – deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı.– Bu qoyun ki var, ömründə qurtarası deyildir, – deyə Ovqan qonağına söz açırdı. – Əgər bu bölükdə ürəklə zəhmət çəksən, qoyunu halallıqla becərsən, sən bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar. Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın, damazlığını dibindən kəsdin. Onda qoyun nə əkiz doğar, nə də üçəm! Onda qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb...
IÜrəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*
IIGöyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.