XXXII
Страница 1 из 3
Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.
“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu,
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,
Ağ sinənə sağalmayan isti yaralar vurdu.
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,
Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...”
Vurğun şeri başdan-başa Mehmanı tutdu, onda oyanan kin və qəzəb dalğalarını coşdurub köpükləndirdi. Mehman bədəninə od dolmuş kimi qurcalandı, kitabçanı qanun kimi tutub “Tabut keçirkən” sərlövhəsi altındakı sətirləri də aramla, asta, ancaq həyəcanla oxudu.
“Sarılıqlar çökmüş kimi buludların rənginə,
Günəşdən yox bir nişan;
Bütün aləm pərişan...
Ağır karvan yürüşilə dalğalanır insanlar,
Həm də qızlar, oğlanlar,
Komsomollar, pionerlər, məktəblilər, qadınlar
Öndə gedən bir tabutun arxasınca addımlar.
Dalğalanırdı Bakı,
Onun qarşısındakı
Salamlanan bu tabut ki, azadlığa verdi can,
Hər gözdə bir həyəcan.
Hər baxışdan kin püskürür o qatil qəlbə qarşı,
Çalınır matəm marşı...
Həzin-həzin bu nəğmədən döyünürdü ürəklər,
Çaldıran bir quduz kimi səslənirdi küləklər...”
Mehman kitabçanı qatlayıb, bir kənara qoymadan əlində saxladı, onun fikri “Səriyyənin ölümü” günlərini, həm də onun tabutu böyük izdihamın müşayiətilə son yoluna salınan günləri gəzib dolandı. Axır Mehman özü də bu faciəni eşitmiş, çiyinlərdə gedən tabutu müşayiət edən izdihamın içində olmuşdu. Axır o zaman Səriyyənin ölümü əfkarictimaiyyəni cəlb etmiş, hər evdə, məclisdə, yığıncaqda söz-söhbət bu barədə getmişdi. Köhnə dünyanın adamları bu qətli “namus işi” adlandırıb qatillərə bəraət vermiş, ancaq qanun hökmüylə bu azğınlığa qarşı qılınc çəkmişdi...
İndi də burada, bu ucqarda Balışın qətli, eyni faciəni xatırlatmırdımı!?. Mehman alovlanmış kimi otağın içində yeyin-yeyin dolandı, şeri təkrar başdan-ayağa qədər oxudu, şeir kitabçasını astaca örtüb mərtəbəciyə qoydu. Mehman nə qədər səbir etməyə çalışsa da həyəcanlanır, onun şübhələri anbaan güclənir, artırdı. O, kişdəkçiləri ov ardınca göndərib özü barədə dayanan ovçu kimi döşü atlana-atlana real və hüquqi nəticə gözləyirdi. Mehman milis rəisinin verdiyi məlumata əsasən Məmmədxanın nəzarət altına alındığını bilirdi. O bilirdi ki, biryolluq qaçıb öz yaxasını qurtara bilməyən cani bu cilddən o cildə girəcək, öz cinayətini minbir yolla ört-basdır etməyə çalışacaqdır... Bəli, bir tərəfdən “Səriyyənin ölümü” şerinin bütün bir faciəli aləmi onun təsəvvüründə canlandırmasından, digər tərəfdən Balışın başında oynayan şimşəklərdən yana Mehmanın ürəyi aramsız döyünür, anbaan səhih bir səs, bir xəbər gözləyirdi. Mehman gözləyirdi ki, görək nə olacaq, bu hadisə nə edəcəkdir?.. Elə bu an ayaq səsləri Mehmanı öz təlatümlü fikrindən qopardı. Başıalovlu Murtuzov dostu Məmmədxanı bir addım özündən geridə buraxıb özünü içəriyə verdi, prokurorun hüzuruna ədəb-ərkanla salam yetirdi. Mehman nazik, uzun barmaqlarıyla qara qıvrım saçlarını alnından geriyə darayıb, müstəntiqin salamını aldı. İşin xoşluqla başlandığını görən, hələ daxildə nə olduğunu dərk etməyən Murtuz Murtuzov cəld çiyni üstündən geriyə qanrılıb:
– Yoldaş prokuror, – deyə Məmmədxanın yaxasından yapışıb onu içəriyə dartdı. – Bu yazığın, bu başıdaşlının başına oyun açılıbdır!
– Nə oyunu? – Mehman zahiri soyuqqanlılıqla soruşdu, – məgər nə olubdur, müstəntiq?
– Elə bir oyun ki, yoldaş prokuror, – deyə Murtuzov anbardarın yaxasını buraxıb irəliyə gəldi, stola söykəndi, qırmızı mahud örtüyü əlinin kəfəsi ilə sığallamağa başladı. – Deməyə adamın dili də gəlmir, vicdan haqqı...
– Niyə, nə üçün adamın dili də gəlmir, Murtuz, müstəntiq?
– Belə ki, yoldaş prokuror, – deyə Murtuz Murtuzov çiyinlərini çatdı, – nə bu oyunu düşünmək, nə də bu oyundan baş çıxarmaq olur?!
– Necə bəyəm, nə təhər bəyəmləri? – Murtuzovla onun yanında büzüşən Məmmədxanı gözdən keçirən Mehman sözünü qəsdən döndərib yantarırdı. – Yoxsa bu adam da xalq müəllimlərinə göndərilən sənaye malında dolaşığa düşübdür?
– Yoldaş Atamoğlanov, – deyə Murtuzov çevrilib qaşqabağından zəhər damcılayan Məmmədxanın turş-acı sir-sifətinə, onun dərin yasa batdığını andıran qara, sallaq dodağına baxdı, Murtuz “yumurtadan yenicə çıxan” uşaq prokurorun belə mürəkkəb bir işdə hədəfi sərrast nişan ala bilməyəcəyini, onun əl-qolunun titrəyəcəyini yəqin edib için-için güldü. Müstəntiq bu hadisənin tükənməz sevincini gizlədə bilmədən özünü büruzə verən qəribə bir ahənglə əlavə etdi. – Baxanda, bu başıdaşlı yazıq, neçə-neçə ilin təftişindən gül kimi çıxıbdır!
– Bəs onda bu gədənin başına gələn qəziyyə nədir? – Mehman ötən axşamkı tamaşanın pozulmasından bixəbər kimi soruşdu. – Bəs onda nə qəziyyədir?
– Başına gələn qəziyyə budur ki, demiyəsən bəs arvad tutub özünü asıbdır! – Murtuzov duruxub əlavə etdi. – Başıbatmış, durduğu yerdə tutub özü-özünü tələf eləyibdir!
– Adı nədir özü-özünü tələf eləyənin, Murtuz müstəntiq?
– Adı, Balış! – deyə Murtuz danışığını sürətləndirdi. – Ötən axşam “Məşədi İbad” tamaşasında oynamağa getməyən Balış başıbatmış, avaranın balası avara! Çölü bəzək, içi təzək zalım qızı zalım!.. Baxanda nə deyiləsidir, nə də danışılası!..
Mehman ilk əzəldən yanılmadığını, ilk müşahidə duyğularının belə düz çıxdığını görürdü. İstər-istəməz başını tərpədib təsdiq etdi, barmağını büzüşüb qaralan, qara qan tuluğuna çevrilən adama tərəf uzatdı:
– Bəs bu özü şəxsən belə bir faciəni haçan, nə zaman bilibdir?
– Elə ancaq bu sabah, yoldaş prokuror... Sübhdən, tezdənnən!.. Özü də görüb-bilən kimi yüyürüb gəlib ki, birbaş şəxsən sizin özünüzə, yoldaş Atamoğlanova bildirsin!.. Daha düzü, ədalət naminə sizin qədəmlərinizə yıxılsın. Daha şərə-şürə düşməsin!
– Demək, qadın özü-özünü asıbdır! – Mehman diqqət və nüfuzedici gözlərilə qatili süzdü.
Qatil onu qorxuya salan, ötən gecə onu izləyən, bir an belə ona rahatlıq verməyən gözləri görüncə şaşırıb duruxdu, mövru pişik kimi anbardarın var-yoxunun marığında yatan Murtuz Murtuzov çox cəld sorğu-suala müdaxilə edib:
– Bir az o arvadın ayağı sürüşkən, gözü dağınıq idi, – deyə qatilin dilinin altına dil qoymaq üçün tələsdi. – Boynu sınmış paxırı aləm qabağında açıldığından yana daha el töhmətinə tab gətirə bilməyibdir. Özü-özünü kəndirə aparıbdır.
Murtuzov prokurorun sifətində sezdiyi şübhəli təbəssümü duyunca, əlini iri daz başında hərləməsinə gəzdirib hər hansı bir ehtimala qarşı sözünü dəyişdirdi.
– Əlbəttə, hamısını şəxsi rəhbərliyiniz altında bizim ədalətli sovet istintaqı aydın edəcəkdir! Hələ ki, ilk söz-söhbətdir?!.
Artıq Mehman, qarşısında boyun əyən, arada bir qırmızı örtüyü sığallayan Murtuzovun hərəkətlərində anbardara aid bir qayğının ifadəsini kəsdirib:
– Elə bu saat hadisəni öz yerində yoxlamaq gərəkdir, – deyə sakit kimi oturduğu kürsüdən dik qalxdı. – Həkimi çağırmaq gərəkdir, bir də milis rəisini!.. Bənnaoğlu, Cabiri!
Mehman telefon dəstəyini əlinə götürüb, rayon milis rəisinə zəng edincə, Murtuz Murtuzov fürsəti fövtə vermədən astaca bayıra sivişib prokurorluğun həyətində qırım-qırıntı toplayan, əlini kötük süpürgədən çəkməyən Qaloşlu adama yanaşdı. Balış əhvalatını onun ovcuna qoydu.
– Sən nə danışırsan, ədə? – deyə Qaloşlu adamın qırışıq sifəti acıtmalı xəmir kimi turşudu. – Deyirsən yəni bu gədə havayıdan Balış lotunun xatasına düşübdür!.. “Məşədi İbad”da qol götürüb oynayan bu ləçərin qızı ləçər! – Murtuz Qaloşlu adamı dürtmələyə-dürtmələyə, alacalanan gözlərini prokurorun qapısına hərləyə-hərləyə əlavə etdi.
– Sən bir tez eynəkli həkimi çağır, iş eynəklinin nəticəsindən asılı olacaqdır! Əgər ürəyin bu qədər yanırsa, tez özün yüyür, ucundan-qulağından eynəklini əməlli-başlı başa sal! Dam dirək üstündə duran kimi, bu iş də məhkəmə həkiminin verdiyi nəticə üstündə duracaqdır!
– Belə, yəni Murtuz?
– Bəli, belə, dam dirək üstə, Qaloşşş!..
Qaloşlu adam bir an yubanmadan yanlarını basa-basa, qaloşlarını sürüyə-sürüyə yortavladı.
– Qocanı məhkəmə həkimi üçün göndərdim, – deyə içəriyə dönən Murtuz öz rəisinə raport verdi. Mehman əl-ayağa düşən Murtuzovun ləkələnən sarımtıl sifətinə baxdı, onun qırışan sifətinin tala-tala qara ləkələr ilə örtüldüyünü gördü.
– Bilirsinizmi, doktor, biz sizi niyə çağırmışıq? – deyə Mehman içəriyə daxil olan eynəkli həkimə müraciət etdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xxxii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?
XXIVZüleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!
XXVBir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.
XXVIGecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.
Стихи других поэтов
Məhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
Səadətnamə, 61عقل داند که عالم به نظامنتوان کرد جز به علم تمام