Страница 2 из 3 · 33%

– Xeyr, əsla, buyurun! – Narahatlıq keçirən məhkəmə həkimi kürsüdə rahatlanmağa çalışdı. – Buyurun, bəlkə kənddə bir hadisə üz vermişdir? – O, dayanmadan əlavə etdi. – Mən də, üstünüzə sağlıq, yamanca kefsizləmişəm!

Qapı ağzında dayanan, qulağı səsdə durub intizar içində gözləyən Qaloşlu adam qırışıq burnunu içəriyə uzadıb tez də çəkdi: “Barakallah, həkim!.. Səd afərin, eynəkli!”

– Bəli, bir iş vardır, – deyə, Qaloşun dimdik burnunu uzadıb çəkdiyini nəzərindən qaçırmayan Mehman həkimin üstünə döndü. Məhkəmə həkimi tam nəzakətlə:

– Bəli, buyurun, – deyə ağ ətli əllərini ovuşdurdu, – yoldaş prokuror, mən əmrinizə müntəzirəm!..

– Bu saat biz bir vacib yerə gedəcəyik, doktor!

– Mən sizə əmr etdim ki, naçağam, – həkim sözünü döndərib kürsüdə qərar tutub yoğun kötüyə çevrilən gövdəsilə yığılıb açıldı, soyuqladığına, ağrıdığına, bəlkə də lap ikitərəfli sətəlcəm olduğuna işarə etdi: – İndi mən siz görən vəziyyətdə deyiləm, əsla Züleyxa xanımı müalicə edən halda deyiləm!.. İndi mən doğrudan da, vicdanən çox yamanca xəstələnmişəm... Görünür lap, bəlkə də ikitərəfli sətəlcəm də olmuşam.

Əlini həkimin ətəyinə toxundurub çəkən Murtuz Murtuzov alışıbyanan gözlərilə, kərələrlə olduğu otağı təsəvvürünə gətirib qurtaqurtla udqundu, – “lap göydəki tək Allah da o xalı-gəbədən adlamaz, – deyə fısıldadı – nə ki yerdəki biz təki biçarə bəndələr?!” Murtuz yanıbqaralan dil-dodağını yaladı.

– Biz çox yaxına gedəcəyik, doktor! – deyə həkimin izafi cəfasının müqabilində şübhələri artan Mehman bir-birinə bənzəyən müstəntiqlə məhkəmə həkimini istehzalı təbəssümlə gözdən keçirdi.

– Bu tamam başqa məsələ! – deyə həkim şişkin əllərini yumru, yağlı dizlərində gəzdirdi. – Qırx dərəcə hərarətim olsa belə, yaxına getməyə etiraz etmirəm, prokuror!

– Mehman milis rəisinə baxınca onlar ayağa qalxdılar, Məmmədxanı qabaqlarına qatıb qapıdan sallanan qıfılı açdılar. Mehman irəliyə ötüb otağa girdi. Bu otağın divarları qiymətli xalı-gəbələrlə örtülmüş, döşəməsinə isə bir cüt ala-bəzək xalı sərilmişdi. Baxanda elə bil ki, otaq çilçıraqdı, yanırdı. Deməli, Balış bu evdə, bu qızıl qəfəsdə zəhər içmişdir, daha doğrusu, onun boğazı burada kəndirə keçmiş, o gözəl xilqət boğulmuşdur. Necə, nə təhər, onu istintaq bildirəcək, Mehmana düzü-əyrini göstərəcəkdi?!.. Mehman, öz dostu Altayla kluba getdiyi, burada hazırlanan tamaşaya baxdığı dəqiqələri andı... Bəli, Balış, bu şəhərcikdə həmin vahid qadın idi ki, klub səhnəsinə gəlmiş, özüylə səhnəyə həyat və nəğmə gətirmişdi. Bu həmin Balış idi ki, bunsuz klub müdiri Əbdülsalam özünü heç-puç hesab edirdi... Bu həmin Gülnaz idi ki, səhnədə öz rolunu ifa etdikdə, bu Məmmədxanın barmaq hədəsindən çəkinmədən öz vəzifəsini yerinə yetirmişdi. Heç şübhəsiz Balış öz ictimai fəaliyyətində Altay və Mehman kimilərinə güvənmişdi. İndi həmin Balış gərəksiz bir cəsədə çevrilmişdi... Bütün bu cəhətləri düşünən, ilk istintaqa başlayan Mehman özü də dərk edir, onun qatilə qarşı kini içəridə yanıb közərirdi.

– Sizin evinizdirmi bura, vətəndaş Məmmədxan? – deyə bir an içində xəyalı gəzib-cövlan edən, öz addımlarını necə atmağı müəyyənləşdirmək istəyən Mehman ilkin sadə sual verdi: – Bu bərbəzəkli otaq sizindirmi, vətəndaş?

– Bəli, bizimkidir, bu xaraba!.. Bizimkidir bu dağılmış viranə!

– Bəs qadın harada, – deyə Mehman müqabilindəki qatilin gizlənməyə cəhd edən gözlərini tuturdu, – asılmışdır?

– Bu yanda bir balaca anbarçamız var, – deyə anbardar gözlərini yerə zilləyib danışır kimi davam etdi: – Öz-özünü asıb – məni də bədbəxt eləyib, başına dönüm, – Məmmədxan ayaqlarını sürüyə-sürüyə gəlib aradakı balaca qapını açıb qaranlıq küncü göstərdi. – Mən evdə olmayanda, boynusınmış bu kələyi mənim başıma gətiribdir!

Mehman qapıya yanaşdı, Məmmədxanı əlilə geriyə itələyib, başını içəriyə saldı, kiçicik pəncərəcikdən düşən alaqaranlıqda qadının boyaboy kəndirdən sallandığını gördü.

– Bəs bu çöl qapı? – Kin-küdurəti artan Mehman başını döndərib Məmmədxandan soruşdu. Məmmədxan yasa batmış kimi çənəsini sinəsinə bitişdirib:

– Bu qapı açıq idi, başına dönüm, prokuror! – dedi.

Mehman anbarçaya girmədən geriyə çəkildi, stulu sürüyüb əyləşdi.

Milis rəisi Cabirov prokurorun belə səbirlə tərpənməyinin müqabilində darıxdığından, durub içəriyə girmək istərkən prokuror əlini qaldırıb onu saxladı.

– Neçə vaxtdır, öz əllərinlə boğub öldürdüyün bu qadını dikəldib oradan asmısan? – deyə Mehman gözətlənmədən səsini qaldırdı: – düzünü de, lap düzünü, doğrusunu söylə?!

Mehmanın hədəfə açılan atəşi Məmmədxanı gicəlləndirdi, onun gözlərinə zülmət çökdü:

– Necə, necə? – Anbardar sərsərisayağı dilləndi: – Nə təhər?

– Karsanmı? – Prokurorun amir səsi qatili sarsıtdı. Anbardar yaman gündə Murtuzun yaxasından yapışmağa, qıjıltılı çaya düşən adam saman çöpünə əl atan kimi o da öz dostuna əl atdı:

– Murtuz qardaşa hamısın demişəm, – Məmmədxan titrəyə-titrəyə danışırdı. – Ötən tamaşa axşamı mən onu atası evinə gedən bilmişəm... Məndən soruşan Əbdülsalama da beləcə bildirmişəm... Ancaq bu səhər anbarçaya girəndə onu kəndirdən sallanan görmüşəm.

– Sən tikanlı kirpi kimi qınına çəkilməklə özünü xilas edə bilməzsən! – deyə Mehman qatili məngənəyə aldı. – Bu əl qadın azadlığına qarşı qaldırılan xain əldir! Sən, köhnə dünyanın yeni dünyaya buraxdığı murdar bir cəmdəksən!

Prokurorun belə açıq ittihamı qarşısında qatilin şişkin qara sifəti böyüdü, o bütöv bir qara ləkəyə döndü.

– Elə isə onda siz də məni asın!

– Mən sənə, sənin kömür üzünə, qadın azadlığına qaldırılan düşmən əlinə ən ağır, ən şiddətli cəza tədbiri tələb edəcəyimi elan edirəm!

– Haqq olan yerdə mən heç bir cəzadan çəkinmirəm, – deyə qatilin daz qapaqları titrəyincə o, ayaqlarını yerə dirədi. – Mən qaçmamışam, böhtandan çəkinib tezməmişəm, mən özüm, öz ayağımla Şura hökumətinin ədalətinə pənah gətirmişəm... Özüm öz ayağımla, onun idarəsinə gəlmişəm... Başqa yandan başımı gizlətmək istəməmişəm.

Bütün gecəni qaçmaq-gizlənmək üçün vurnuxan qatili nifrətlə süzən Bənnaoğlu:

– Biz onu bilirik! – deyə Mehmanın gözünü yayındırıb, Məmmədxana bir dürtmə ilişdirdi: – Biz sənin öz ayaqlarınla necə prokurorun hüzuruna gəldiyini əcəbcə bilirik!

– Sən bənna balası! – deyə Məmmədxan mırıldandı.

– Sən anbardar! – deyə milis rəisi hayqırdı.

Acıqlanan Mehman ayağa durdu, milis rəisinə əliuzunluq etməmək işarəsini verdi, pəncərəyə yaxınlaşıb buraya qoyulan yeddilik lampanı kibritlə yandırıb əlinə götürdü, içəriyə girdi. Dişi bağırsağını kəsən milis rəisi “necə də sən Məmmədxanı tüfəng küpü ilə gupardım” – deyə Məmmədxanın boynunun kökündən itələyib onu içəriyə saldı, hesabı içəriyə verən eynəkli həkim istər-istəməz buraya daxil oldu. Mehman şölələnən lampanı künc-bucaqda gəzdirdi, nəhayət, kəndirdən sallanan Balışın üzərində dayandırıb, onu diqqətlə ayaqdan başa süzdü. Balışın səhnədə açılan gül sifəti artıq kömür kimi qaralmış, onun “kraliça”lığından iz-əlamət qalmamışdı. Rayon klubunun “Dezdemonası” həlak edilmişdi.

– Qadın bəs sizcə nəyin üstünə çıxıb özünü asıbdır? – Mehmanın lampadan əli əyilib-bükülən qatilin başı üstündə dayandı. Məmmədxan böyrü üstə yıxılan taburetə işarə edib:

– Bax bunun üstünə! – yalançı göz yaşlarını sildi. Mehman lampanı milis rəisinə verdi, ayaqları laxlayan tabureti götürüb asılanın ayaqları altına qoydu, burada müəyyən bir boşluğun olduğunu müəyyən etdi.

– Tam dörd barmaq! – deyə məsafəni ölçən Mehman məhkəmə həkiminə sarı döndü. Boynu piydən qat bağlayan şişman həkim güclə cöng oturub eyni məsafəni cibindən çıxardığı əsgisayağı ruletlə ölçdü. Asılanın ayaqlarıyla laxlayan taburetin arasında müəyyən boşluq əmələ gəldiyini görüncə təəssüf hissilə altdan yuxarı Murtuz Murtuzova nəzər saldı, istər-istəməz onun başı bir balaca titrədi. Əyilib santimetrləri gözdən keçirən Murtuzovun daz başına xışıltılı qan doldu, o, uzundimdik şapkasını əlində hərlədi, istədi bu dimdikli şapkanı zor düşən başına qoymaqla lərzəyə düşən sifətini prokurordan gizləsin. Axı sınıq-salxaq taburetlə asılanın ayaqları arasında uçurum – boşluq əmələ gəlirdi? Axır bu özü də hər iştahası tük aparan hər iki adamın belindən basır, andardarın xalı-gəbələrini onların sulanan ağızlarından çıxarırdı?!

“Bu əbləhin mənimsəmələri vurub üzə çıxmasınmı, bu əmlakı bu prokuror müsadirə etdirib, – dövlət mənafeyi, – deyə xəzinəyə verdirməsinmi?” Hər iki dazbaş adam birdən udqundu. Sanki hər ikisinin ürəyindən eynən qara qan axdı. Hər ikisi naşı iş görən anbardarın atasının goruna bir an içində, bəlkə də minbir kərə söydü. “Cəhənnəm kötükçüsü” Qaloşdan məsləhət almamaqda onu sarsaqdan da sarsaq saydılar. Belə də kor-kobud iş görmək, axmaq bir iz qoymaq olardımı? Hər iki dazbaş birdən öskürdü. Mehman kirpiklərin çalındığını, gözlərin gəzdiyini, anbardar tərəfindən hər iki dazbaşa bütün evin, xalı-gəbənin vəd edildiyini hiss etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

19444 мин
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

19449 мин
XXV

Bir axşamüstü Züleyxa bir neçə fincan moruq mürəbbəli çay içib bərk tərlədi, hərlənib eyvana çıxdı, soyuq onu o ki var, tutdu, gecə isə özünü pis hiss etdi, səhər titrədib, doğrudan da ağır yatdı. Mehman işdən qayıdanda Züleyxanın halını pərişan gördü; zəng edib həkim çağırdı. Yarım saatdan sonra həkim gəldi. O, Züleyxanın qızdırmasını ölçdü, hərarətin otuz doqquz dərəcədən yuxarı olduğunu müəyyən etdi. Bir neçə resept yazdı, Mehman Qaloşlu adamı çağırdı, reseptləri ona verdi. Qaloşlu adam dərmanxanaya yollandı. O yüyürüb aptek müdirini tapdı, reseptləri birbaş ona verib dərmanları hazırladıb gətirdi. Züleyxa gözünü açıb yanına düzülən dərman şüşələrinə baxdı, “mamamı istəyirəm, mamamı!” – deyib iztirab içində gözlərini yumdu. “Qoy anam gəlsin mənə bir yol göstərsin”. Züleyxa yüksək hərarətin içində belə qərar çıxardı: “Qoy Xatun bir də bu evə qayıtmasın...”Qaloşlu adam Züleyxanın xəstələndiyini, bəzən sayır-bayır danışdığını ətrafa yaydı. Yavər Murtuzova, Zərrintac Sərrafzadə cəld yığışıb Züleyxanı yoluxmağa gəldilər. Onlar bütün gecəni xəstənin yastığından ayrılmadılar. Mehman isə Züleyxanın qəflətən belə xəstələnməyini həqiqi bir kədər kimi qarşıladı. Getdikcə onun ürəyi daha həyəcanla döyünməyə başladı. Ancaq Züleyxa gözlərini açıb hərdənbir dil-dodağını yalayır, hey anasını arzulayırdı: “Anamı!.. Mamamı!..” – deyib israr edirdi.

19446 мин
XXVI

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.

194414 мин

Стихи других поэтов