Страница 1 из 2

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:

– Kimdir? – deyə soruşdu.

– Molnıya, açın!

– Haradandır? – deyə Şəhla xanımın zəfəran kimi saralan ətli sifəti, qapı başında yanan göy zəif işıq altında gömgöy göyərdi.

– Açın qapını, Şəhla xanım Mamayeva!..

Şəhla xanım Mamayevanı bərk bir titrətmə tutdu: o bərk-bərk xələtinə büründü, qapını açdı, teleqramı aldı, balaca qəbzə qol çəkib qaytardı. Teleqramı oxudu. Narahatlıqdan sabaha kimi yata bilməyib yerində eşələndi. Tezdən qulluqçusunu ayağa qaldırdı, yol üçün bəzi tədarük görməyi ona tapşırdı. Özü isə bacısı Katibə xala vasitəsilə bilet əldə edib həmin gün birinci qatarla yola düşdü. İkinci günü, sübh tezdən Murtuz Murtuzov Şəhla xanımı vağzalda qarşılayıb:

– Siz yoldaş prokurorun qayınanası olmayasınız? – deyə ehtiyatla soruşdu. – Bizim Mehmanın?

– Bəli, necə bəyəm?

Murtuzov tanışlıq verib, Şəhla xanımın çamadanından yapışdı:

– Arxayın olun, – deyə Murtuzov irişdi.

Şəhla xanım gedə-gedə soruşdu:

– Züleyxa necədir?

– Lap yaxşı... Bir qədər darıxırdı... Biz prokurordan xahiş etdik ki, sizə teleqram vursun!..

– Bəs niyə molnıya? Gecə yarısı?.. Məndə ürək qalmadı!..

– Ancaq tez olmaqdan ötrü! Mən özüm şəxsən bizim kuryerə tapşırdım ki, naçalnik özü molnıyanı versin. Çünki mən özüm yoldaş Mehmanın birinci müaviniyəm. Özümüz də birevli olmuşuq. Mən, bizim yoldaş Yavər ilə birlikdə Züleyxa xanımın yastığının dibindən getməmişik, bu neçə gündə elə-belə düzü sizi də könlümüz istədi.

– Molnıya mənim ürəyimi qırdı... Gecəyarısı birdən Mamayevaya?!.

– Çünki Züleyxa xanım, hey “mama” deyirdi, biz də qərar çıxardıq ki, tez olsun!

– Bizim qız ərköyün böyüyübdür, çox ərköyün!

– Bəli, çox nazlı baladır!

– Qədirbilən yanında! – deyə Şəhla xanım ah çəkdi.

Mətləbi tez alan Murtuzov:

– Bəli, – dedi, – bir az qayınanası deyingəndir!..

– Mən də elə onu demək istəyirəm, o çustlu-pustlu arvadı!

– Bir həftədən çoxdur geriyə qayıdıbdır!

– Mən də elə onu demək istəyirəm! Biz onu da körpələrə qoşub rayona göndərmişik ki, onlara göz olsun, o da qaş qayırdığı yerdə vurub göz çıxarıbdır!

– O arvad bir az ürkəkdi, dünya görməmiş!

– Ürkək olmasaydı, dünya görsəydi, elə gəlini bir şam kimi araya qoyub, pərvanə kimi onun başına fırlanardı!

– Vallah, bizim hamımız elə Züleyxa xanımın başına gecə də, gündüz də pərvanə kimi fır-fır fırlanırıq, – Murtuzov irişdi. – Od tutub yansaq da kənara qaçmırıq. Yavər bacı Züleyxa xanımın hər bir hıqqıltısına beş dəfə can deyir, qurbanın olum deyir.

– Mən çox razıyam sizdən!

Bu ilk söhbətdən xoşhal olan Murtuzov, Şəhla xanımın çamadanını çox asanlıqla avtomobilə qaldırdı. Dolamalı yollar dolanıb onlar axşama rayon mərkəzinə çatdılar. Mehmandan xəbərsiz vağzala gedən Murtuzov Şəhla xanımın çamadanını maşından ehmallı götürdü. Onlar pilləkən yuxarı Mehmangilə çıxdılar. Şəhla xanım qızını yataqda gördü. Züleyxa yerindən qalxıb anasının boynunu qucaqladı. Bir azdan sonra həkim gəldi. Xəstənin qızdırmasını ölçdü:

– Düz otuz yeddi, – deyə həkim şad xəbər verdi. – Əsəb istirahətinin böyük möcüzəsi gör nəyi göstərir?

– Çox sağ olun, doktor, – deyə Şəhla xanım həkimə təşəkkür etdi.

– Bəli, əsəb! Bütün müalicələr əsəblərin müalicəsindən başlanmalıdır!

– Bəli, bizim qız çox ərköyündür, doktor!

– Mən orasını bilmişəm, ona görə də xəstə xanımın əsəbləri sakit olsun deyə mamasının gəlməsini, onun yanında olmasını lazım bilmişəm.

– Təşəkkür! – deyə Züleyxa topbığ həkimə öz minnətdarlığını bildirdi.

– Bəli, bir əsgər kimi, bizim borcumuz insan əsəbinin keşiyində dayanmaqdır!

Bu qayda ilə ümumi şadlıq buranı bürüdü. Yavər Murtuzova bu gündən etibarən Şəhla xanımın qulluğunda dayandı. Zərrintac təzə qonaqla mehriban söhbətə girişdi. Bir neçə gün də öz yataq yerində istirahət edəndən sonra, Züleyxa ayağa qalxdı. Şəhla xanım əldə etdikləri ikinci otağı, tör-töküntülü mətbəxi Yavərə təmizlədib düzəltdirdi. Şəhla xanım Qaloşlu adama uzun siyahı verib onu bazara göndərdi. Yavər zəfəranplovdan başlamış müxtəlif xörəklərdən bişirdi. Arabir Murtuzov da nahar üçün bura yol aldı. Məmmədxan da hərdənbir bura baş vurub Şəhla xanımın qulluğunda hazır dayandı.

Kamilov qapıda dolanan ucaboy, ətli-andamlı, qara krepdeşin libaslı xanımı görüb udqundu. O, Murtuz Murtuzovu şəhadət barmağı ilə tez yanına çağırıb:

– Ə, noxudu keçəl, bu nə əhvalatdır? – deyə qonşuluqda yaşadığı evin həyətindəki Şəhla xanımgil tərəfə işarə etdi. – Bu nə xəlbir gətir, ayran apardır, balam, sizdə?.. Olmuya təzə naçalniklə malı mala qatmısınız, hə?

– Əşi, bir-iki aydan sonra nə təzə, nə köhnə?

– Onu bilmirəm, bəs o kimdir?

Murtuzov özünü bilməməzliyə qoyub:

– Nəyi buyurursunuz, yoldaş Kamilov? – dedi.

– Ədə, məgər ərəbcə deyirəm ki, başa düşmürsən, ay şüursuz! Bax, onu deyirəm, o həyətdə fır-fır fırlanan xanımı!.. Pah, atonnan, ədə Murtuz, o bir dağdır ki!.. Həyət-bacaya da yerləşmir ki!.. Ədə, bu qonaqlığa-zada bizi də çağırsana!..

– Demək, bizlə barışırsınız? Demək daşı ətəyinizdən tökürsünüz?

– Sən öl, hə, Murtuz, lap get indidən o atı da geriyə götür, yəhər-yüyəni də, ipi-noxtanı da!..

– Bəs “Salamatov əhvalatı?” Bəs “əsas?” Bəs aramızdakı barışmaz alovlu ədavət?..

– Ay dəli, qohum olan yerdə ədavət də sönər, hələ dünyanın alovu da!..

– Lap qan da bağlanar, bunu bilirəm, – deyə Murtuz Murtuzov özünü Kamilov tərəfə verib qonşu qapıda dolanan Zərrintac tərəfə işarə etdi: – Hansı qəşəngdir bu xanımların?..

– Ay kal, hər meyvənin bir dadı var!

Onlar bir an bərabər ixtiyara malik adamlar kimi çiyin-çiyinə dayanıb gülüşdülər. Murtuzov əlini xoşhallıqla gözünün üstünə qoyub:

– Ancaq bir az səbir elə, – dedi. – Səbir, səbir!.. Bir iş var, iki əməl! Mən sizin bu sağalmaz mərəzinizi müalicə etməyə çalışıram, Kamilov!..

– Elə bu qayda ilə də hərifi içəridən çürüdüb o dəli atının belindən üzü üstə torpağa gətirərik!

– Elə bizim də bütün zəhmətimiz, Kamilov, başın haqqı bunun üçündür! İçəri, bağırsağına əl atıb içərini sökmək!..

– Lap ciyərini çəkib sinəsindən çıxarmaq! – deyə bir an içində Kamilov dəyişdi, o, titrəyən əlini yumruqladı. – Bütün zarafatlar bu “əsas” üstündədir. Onda Muradoğlu Atamoğlanov, Mehman cənabları prokuror, öz gözlərilə görər ki, dəvəni xizəklə qorxutmaq nəyə deyərlər?..

Klub müdiri, rejissor və aktyor Əbdülsalam qarşıdakı ilk tamaşa üçün həyəcan keçirirdi. Əgər onun bu axşamkı tamaşası istədiyi kimi tutsaydı, kefi heç şübhəsiz kökələcək, damağı çağlanacaq, tamaşa bir neçə gün də gur-gurultu ilə gedəcək, həm həvəskar aktyor kollektivinin hörməti artacaq, həm də klubun boşalan kassası siləbəsilə dolacaq, iki ayda bir dəfə də olsa Əbdülsalam öz aktyorları üçün xüsusi maaş cədvəli tərtib edib, klubun fədakar aktyorlarını mükafatlandıracaqdı. Buna görə də Əbdülsalam qapaqlı gümüş saatına müraciət etmədən müqabil tərəfdəki başıqarlı dağların təpəsinə sancılan payız günəşinə baxır, həvəskarların idarə işlərindən tez çıxıb gəlmələrinə diqqət edir, qarşıdakı qələbənin məstedici əhval-ruhiyyəsi ilə yaşayır, həvəskarları daha öz adları ilə deyil, rollarına görə çağırırdı:

– Demək qoçu Əsgər də buradadır? – Əbdülsalam əynindəki pal-paltarını sivirib-tökür, əzilib-əzilmədiyinə etina etmədən küncə atır, rol paltarına girmək üçün işə girişir, onun qırğı gözləri gəzirdi:

– Qoçu Əsgər, keç qrimə!.. Tez-tez!..

Ara verir, ayna qabağında geyinən Əbdülsalam Məşədi İbadın şəvə saqqalını çənəsinə keçirib başına daz parik qoyur, hərlənə-hərlənə uzun sarığını belinə bağlayıb özü üçün tirmə şaldan mötəbər qurşaq düzəldir, nallı başmaqlarının üstündə fır-fır fırlanır: “Ay maralım Gülnaz, ay ceyranım Gülnaz!” – deyə dodaqaltı zümzümə edirdi. Aradabir o, zümzüməsini dayandırıb müdriklik vəzifəsini də başlı-başdaşına buraxmırdı:

– Demək bu da intiligent Həsən!

– Bəli mən də gəldim, Əbdülsalam!

– Hımm!.. O da qəzetçi Rzabəy!

– Mən lap tez geyinəcəyəm, möhtərəm rejissor!

Əbdülsalam divara bərkidilən uzun ayna qabağında Məşədi İbada xas şəvə saqqalını tumarlayır, həyəcanlı sevinc hisslərilə yaşayırdı. Zarafat deyildi ki... Məşədi İbad toy edəcək, gül kimi cavanəzən Gülnazı alacaq idi... Onun xəsis əlləri əssə də, cavan yolunda pul tökəcəkdi... Ancaq nəticədə kişinin başına it oyunu açılacaqdı... Toy dəsgahından sonra çadradan Gülnaz əvəzində əli tapançalı Sərvər çıxacaq, Məşədi İbadın dədəsini yandırıb, cavanəzən Gülnazın əvəzində ona kaftar qulluqçunu verəcəkdi... Al-al dürt gözünə bu kaftar, heyvərə, hoqqar arvadı, arığı-pazağı!.. “Son faciəni” xatırlayınca onun gözləri doldu, istər-istəməz dönüb rəqibini sordu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 мин
XXXVIII

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.

194419 мин
XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 мин
XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 мин

Стихи других поэтов