Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:

– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

Təşkil edilən müşavirə iki gün davam etdi. Xəstə olmağına baxmayaraq, həkimlərin məsləhətini pozan, canını dişinə tutub bu müşavirədə iştirak edən Məlikzadə, mübahisələr axıra çatan zaman əlini qaldırıb çıxış üçün söz aldı; qabağa gəlib xitabət kürsüsünə çıxdı, müzakirə edilən məsələlər barəsində ağır-ağır danışdı. Hamı onu diqqətlə dinlədi. Sözlərinin axırında o, Mehmanın hesabatı üzərində dayandı, onu tənqid etdi, bəzi məsləhətlər verdi. Sonra üzünü sıralarda əyləşən öz sabit tələbələrinə tutub:

– Lovğalıq pis şeydir, əzizlərim, – dedi, – ələlxüsus bizim anbaan inkişaf edən günlərimizdə!.. Mən bu məsələlər haqqında müşavirə fasilələrində çox düşünüb-daşındım... Hər bir nöqsanı öz vaxtında, öz məqamında göstərmək zəruridir! belə ki, nöqsanlar qol-qanad açıb şişib-şişib dözülməz üfunətə çevrilməsin... Tənqid özü ən doğru təlim, ən böyük bir ictimai tərbiyədir. Tənqid etmək, üfunət əmələ gəlməsinə yol verməmək irəliləməkdir! Yəni bax bu qədər çox azdır; kifayət deyil, o qədər, bax, o qədər gərəkdir!.. Sabahdan o qədər özü də azdır!.. Yox, lovğalanmaq, özündən xoşhal olmaq yaramaz! Yatmaq, xorhaxor yatıb gecəni-gündüzü bada vermək olmaz... Azdır, kifayət deyil, tərpən, hərəkətdə ol, çox-çox iş gör, özü də təmiz iş gör, istintaqa başladığın işi həm dərindən, həm də sürətlə apar, süründürmə!.. Belə deyilmi? – Professor Məlikzadə öz tələblərinə məsləhət verməkdən yorulmaq bilmirdi. – Bəli, yoldaşlar, bəzən acı sözlər dərmanı, şirin sözlər isə bala qatılmış bir zəhəri də andıra bilər... Mən üzr istəyirəm... Vaxt alsam da, bir qədər də danışmaq istərdim...

– Buyurun, müəllim, – deyə yerdən səs gəldi, müşavirənin sədri də etiraz etmədi, ancaq salona göz gəzdirdi.

– Hə, – deyə Məlikzadə dəxi kiçik salona nəzər salıb davam etdi. “Tələbələr” yenə də müəllimlərini dinləyirdilər. Bu hal isə içəridən professora zövq verir, xəstə olsa da, onun ürəyini hər hansı dərmandan yaxşı açırdı. Professor bu sözlərinin qiymətli olub-olmamasından artıq, həm də ona, bir sabiq müəllim kimi, ehtiram edildiyini görür, dərin yaşa dolduğu zaman, ömrünün azmı, çoxmu mənalı, bəhrəli olduğunu hiss edirdi. İndi o, zəhmətlərinin itib-batıb getmədiyini gördükdə özü də dönüb tələbələrinə minnətdar olur, saç-saqqalı ağarmış bir bağban öz məhsulunu görməklə bəxtiyar olduğu kimi, qoca da ona dikilən gözlərə baxdıqca, xoşhal olur, yorucu görünsə belə, öz sözlərini bir tövsiyə kimi deyirdi. Qocalıqdanmı, xəstəlikdənmi ya bu münasibətlə olan ehtiyatdanmı professorun sözləri də sanki axıb gəlirdi: – Yarımçılıq özü, bilməzlikdən də böyük faciədir... Mən görürəm ki, bizim bəzi gənc hüquqşünaslarımız “işim başdan aşır”, – deyib bax, burada qatladığı kitabları, hələ də o yerlərdə açmayıblar... Mən bunların biri ilə söhbət etdim, o, mənə “məktub yazmağa da vaxt yoxdur” dedi. – Mehman utanıb başını aşağı saldı, Məlikzadə birdən dəyişib əsəbilik içində, ciddi bir müəllim tələbkarlığı ilə sözlərinə davam etdi. – Dövlət işi əsaslı bilik, dolğun baş tələb edir!.. Bəli, xalq işi dolğun bilik, dolğun baş, dolğun ağıl tələb edir!.. Başı nə ilə doldurmaq olar? Mən deyirəm ki, kitab ilə!.. – Professor getdikcə əsəbiləşdi. O, əlini artıq qaldırıb kiçik salon üzrə uzatdı. – Kitabsız hər hansı adam olsa, başıboş qala bilər!.. Hər şeydən də xətalı, boş, ağılsız başın çıxardığı yersiz hökmdür!.. Belədir, mənim əzizlərim! Siz bağışlayın, mənim övladlarım! Siz gənc prokurorlar bəzək-düzəksiz də olsa, mənim sözümü dinləyin! Hər adam hər gün qarnına yediyi kimi, – professor hərarət içində güldü, – bəli, qarnına yediyi kimi, hər gün də başına qida verməlidir! Yeyib, yeyib, qarnını şişirtmək – başı doldurmaq deyil, əsla! Qarın şişəndə nə yeyim, deyə baş yaddan çıxa bilər?.. Boş baş iri gövdə üzərində olsa belə çürük qozdur...

Professor salonda əyləşən enli toqqa içində piyi itən Əbdülqədirə nəzər salaraq davam etdi:

– Bəs başın qidası? Ağıllı kitablar, böyük başların yaradıb bizə qoyduğu elm və hünər dastanlarıdır! Kitab bəşəriyyət dühasının, ümumən insan dimaq və zəkasının ölməz mənəvi sərvətidir. Uzun əsrlərin çovğunlu, firtinalı, bəlkə də zəlzələli günlərini keçib bizə gələn nədir? Ölməz sənətin şah əsərləri, ölməz elmin məna dolu kitabları! Oxuyun kitabları, sevin kitabları, uşaqlar!.. – Professor sözünü qurtarıb, bir müqəssir kimi, ağsaçlı başını salon qarşısında əydi. Bütün salon bənizi saralmış, xəstə yatağından qalxmış qoca professoru hörmətlə alqışladı.

– Üzr istəyirəm, uşaqlar, – deyə o öz əyridəstə çəliyindən yapışa-yapışa xitabət kürsüsündən düşdü, yaşarmış gözlərini xəlvətə salıb sildi.

Respublika prokuroru onu öz yanına dəvət etdi, Məlikzadə başı ilə təşəkkür edib titrəmiş halda salondan çıxdı.

– Qoca son vəsiyyətini elədi, – deyə toqqasını piy basmış Əbdülqədir yan tərəfə deyindi və: – Bəli, vəsiyyət yüngüllükdür! – deyə o astanadan döşü ata-ata, yanar bir köz kimi, gözünün içinə qədər qızar-qızara güldü...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XVI

Axşamüstü yeddi bacanağın yeddisi də Göyalının qapısında ocaqlama qurub baş-başa verdi. Onlar öz ömür yoldaşlarının tək qardaşını boy atıb qalxan, tez-tez “Şükran dayının canı haqqı” – deyib and içən uşaqlarının sevdiyi, qürrələndiyi misilsiz adamı itirmişdilər. Xüsusən Göyalının oğlan nəvələrinin dilindən Şükran dayı düşmürdü. Demək, Şükranın ölümü bütün elə-obaya təsir edib hönkür-hönkür ağlatdığından da artıq bu irili-xırdalı Göyalı ailəsini ağlatmışdı. Ağlatmışdı da az idi, bünövrədən sarsıtmışdı. Elə bil ki, Göyalı ailəsi yer zəlzələsinin mərkəzinə düşmüşdü. Burada hamı yara almışdı, hamı sınıq-sınıq, şilşikəst olmuşdu. Göyalının sarsıntısı dəhşətli, Qaratelin sarsıntısı olmazın dərəcədə fəlakətli idi. Qaratelin gümüş saçları pırtdaşmışdı. Öz qanından, oğlu Şükranın qanından onun qar kimi ağ saçlarında uzun müddətdə izi itməyən talalar qalmışdı. Baxanda Qaratelin gözləri genişlənmişdi. Bu gözlərdə başaçılmaz vahimə yaranmışdı. Qaratel danışmırdı, danışa bilmirdi, heç bir işə qarışmırdı, qarışa bilmirdi. Ancaq Qaratelin gözləri də, işarələri də Şükranı həlak edən Ulduzu çox tezcə tapmağı, çox tezcə onu oxa tutub tələf etməyi israr edirdi. Bu at tapılsa belə, onu saxlamaq çətin, saxlamamaq da çətindi. Belə bir vəziyyətdə istər-istəməz dost dönüb düşmən olmuşdu. Ən dəhşətlisi də öz dostunun düşmən olması deyildimi? Ən ağırı da öz dostunla düşmən düşmək deyilmi?Qara mozalan öz qara niyyətini çox yamanca qaralıqla yerinə yetirmişdi. Bu qara Mozalan hər iki dostun – Ulduzun da, Şükranın da qanını içmişdi. Qara mozalan öz qara mozalanlarına qarışıb haradasa kefə başlamışdı. Dönə-dönə dönüb baxan, diqqət yetirən olsaydı, görərdi, yəqin edərdi, bütün şəkk-şübhədən, hər hansı bir iştibahdan çıxardı, necə də qara paxıllıq, qara iblislik, qara şərəşürlük, qara qatillik öz qaradan qara işini görmüşdü, elə bil ki, qara şeytan geniş Göyən düzənində ürəyindən xəbər verən belə bir uçqunu açmaqla öz kinli ürəyini güldürmüşdü. Öz qara qəhqəhəsilə Göyən düzənini dönə-dönə doldurmuşdu. Bu şər-şeytan çox yamanca qələbə çalmışdı. Azdan çox törəmişdi. Bir damcı zəhər bir sərkərdəni yerə sərmişdi. Belə idi!..

5 мин
XVII

Üstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.

5 мин
XVIII

Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.

6 мин
XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 мин

Стихи других поэтов