Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:

– Neçəyə dəyər? – dedi.

Mehman pörtdü:

– Məgər mən saatsazam?

– Saatsaz olmayanda nə olar ki, Mehman?

– Haradandır, belə? – deyə Mehman ciddi bir nəzər və şübhəli bir gözlə Züleyxaya diqqətlə baxıb soruşdu.

– Bağışlayıblar!

– Kim bağışlayıb?..

– Mən müqəssir deyiləm, istintaq edəsən?! Soruşuram ki, bu saat neçəyə dəyər?

Mehman bozarıb daha ciddi bir sifət aldı:

– Kim bağışlayıb o saatı?

– Almaq istəyirəm, Mehman!

Mehman barmağı ilə qapını göstərdi:

– O saat gəldiyi yolla da bu evdən geriyə qayıtmalıdır!

– Məgər saatın ayağı var, Mehman?

– Dedim qurtardı, qaytar!

Züleyxa anasını səslədi:

– Görürsən, mama, sən bu Mehmanı?

– Nədir, qızım? – deyə Şəhla xanım o biri otaqdan gəldi.

– Mama, görürsənmi bunu, məni çox yamanca incidir!

– Nə üstə, oğul?

– Mən deyirəm bu saatı qaytarsın!

– Neyi?

– Qolundakı o saatı!

– Nə olar, oğlum, qız özünə bəzək-düzək vuranda?

– Onsuz da keçinmək olar!

– Yox, olmaz, yaramaz! Qadın başdan-ayağa zinətdir. Zinətsiz qadın nədir ki? Bir parça ət!..

– Mənim sözüm bu şübhəli saat üstündədir, ana!

– Saat da o cümlədən! Zinətsiz-bəzəksiz qadın, gülsüz bir koldur! Nə vaxt gül kolu gözəldir? Güllər qönçələnib açılanda! Bəzək də qadının açıl qızılgülləridir!

– Bunlar hamısı zahiridir, içəri lazımdır, ürək! Ürək ləkəli olsa, çölün bəzəyi bir parıltılı ilan qabığıdır!

– Oğlum, bu dünyada zahirin daxildən də çox qiyməti var! Bir padşaha dilənçi paltarı geydirsən o nəyə bənzər? Ancaq bir cındırlı pirə! Kim onun qabağında əyilər, kim ona pərəstiş elər?

– Biz padşaha pərəstişdən yox, təmiz, ləkəsiz ürəkdən danışırıq, ana!

– Ürəyə kim girir, oğlum?

– Hər kəsdən qabaq insanın özü öz ürəyinə girir! – deyə Mehman Züleyxanı süzdü, onun sifətində xəstə qızıl sarıltısı gördü.

– Göz də adamı aldadır, – deyə Şəhla xanım indi də sözü bu tərəfə döndərmək, qızını zərbə altından xilas etmək, özü kürəkəni ilə üzbəüz dayanmaq istədi. Əks halda bu yad yerdə, aradakı hörmət pərdəsi yırtılar, rüsvayçılıq görünərdi. – İnanmaq da gərəkdir, oğul, – deyə Şəhla xanım yenə sözə başladı.

– Kimə, ana?

– Ailəyə, külfətə!

– Başçı ailəsinin keşiyində durmalıdır, mənim əziz anam!

– Əgər satqınlıq olarsa oğlum, – deyə sözünü yastıladı.

– Aldadılmaq da ola bilər?!

– Heç bulaq öz gözünü kor istəməz, oğlum!

– Birdən bir xəyanət əli bu bulağa uzanarsa?..

– Biz də dünya görmüşük, bala, – deyə Şəhla xanım boynunu əydi.

– Doğrudur, zəmanə füqərayi-kasibə zəmanəsidir, ancaq biz tox olmuşuq, acgöz olmamışıq!

– Mən saatı deyirəm, bu sarı zəhəri.

– Onu özüm gətirmişəm!

– Mamamla sözü bir yerə qoyub səni sınamaq istəyirdik... – deyə Züleyxa anasının “lal oyunu” işarəsilə çıxış yolu tapıldığı üçün özünə gəlməyə başladı.

– Bəs bu nə rəngdən-rəngə düşmək idi, Züleyxa?

– Dəli eşqimin daşa çırpılmasını görəndə az qalır ürəyim ağzıma gəlsin, Mehman!

– Belə isə, heç də pis deyildir, – Mehman stulda oturdu, – Əgər belə isə, Züleyxa?!.

– Bəs nə cür ola bilər, Mehman?

– Bir xain əl uzanmasın!.. Çünki bizim işimiz mübarizədir, burda təmizlik hər bir şeydir! Yoxsa kürəyinə bir xəncər saplansa, üzü üstə yıxılmaq bir göz qırpımındadır!

– Mənim bir oğlum, bir qızım vardır! – deyə Şəhla xanım özünü qabağa verdi.

– Artıq tamah baş yarmasın! Mən buraya təmizlik və qanun üçün gəlmişəm! Mənim arzularım vardır, ana! Mən söz vermişəm, mən hər zaman alnıaçıq, ürəyitəmiz olmalıyam! Mən təcrübi işdən sonra şəhərə dönəcək, ömrümü hüquq elminə sərf edəcəyəm!.. Mənim fikrim, arzum böyükdür, ucadır!..

– Biz də heç bu böyük, uca arzuların borana düşməyinə razı ola bilmərik, oğul!

– Əsla! – deyə Züleyxa daxili bir əzab içində hikkələndi, Mehmanın məhəbbət və sevgilə dolan, romantik bir xəyal içində süzülən gözləri Züleyxanın varlığını sarsıtdı. O, çiynini ata-ata hönkürdü.

– Nə oldu, qız? Zarafat da bilmirsiniz, barı?!

– Mən bədbəxtəm, ana!..

– Görünür, bu şübhə toxumunu kimsə bu evə səpib gedib, – deyə Şəhla xanım vicdan əzabı çəkmədən, uzun ömrünün ikiüzlü təcrübəsilə bir iblis kimi araya girdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IX

Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

5 мин
X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 мин
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 мин
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 мин

Стихи других поэтов