Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü! Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfərrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? “Papağınla vur, yıxılmadı qız malındır!”. Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmməd qızını meşələrin cır alması kimi vaxtından əvvəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızını sındırıb qırışdıra bilməmişdi.

Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxarı olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.

Məhtaban gözəldi, ancaq nə edəsən ki, taleyi zəbundu. Bir gör tale əqdnamə kağızından qızın üzünə nə oxuyur! Məhtaban buraya bağlanmışdı, qəsəm qıldığı Quran ehkamının gücü ilə buxovlanmışdı. İndi yetmiş yaşlı xan olmasın, həştad yaşlı şil-şikəst bir əfəl olsun, qız əl-ayağından sarınmışdı. Görünür, Məhtaban daha xanın sərəncamında idi, onun halalı idi. Onun dediklərindən çıxa bilməzdi, çıxsa, o dünyanın zəbanə çəkən cəhənnəm odlarını gözləməli idi!

Bax, kəbin kağızı qızın əlində necə də titrəyir, qızın gözlərindən axan leysan yağışı bağdadi qələmlə yazılan ehkamın üstünə səpələnir, ancaq yazılanı yuyub apara bilmir, silə bilmirdi! İndi Məhtaban nə etsin, necə etsin, hayana tərpənsin? Məhtaban bismillahla başlayan bu kağızı cırsınmı? Tikələrini də bu küllüyə səpələsinmi? Əgər Məhtaban belə etsə, yenə də kağız qırıntılarından birimi, parasımı gizlənib qalacaqdı. Əsən yellər belə bu qırıntıları buradan başqa yana apara bilməyəcəkdi. Bəlkə də gülçü qoca bu qırıntıları səylə yığışdıracaq, Quran yazısını görüncə əzəlcə mat qalıb quruyacaq, sonra qorxu-ürkə xana təqdim edib ərz-bəndəçilik edəcəkdi.

– Bu belə nədir, qoca?

– Xan sağ olsun, Quran ayəsidir.

– Haradan tapdın bunları, kişi?

– Güllükdən!.. Çarhovuzun ətrafından!

– Bunu belə kim cırıbdır, gədə?

– Qurana qəsəm qılıram xan, mənim gümanım çatmaz!

Yəqin qoca xan qəzəblə Quran yazılarını tutuşduracaq, bəlkə də kağız parçalarını yapışdıracaq, əqdnaməni oxuyacaqdı. Xanın bərələn gözləri zəhmlənib dairələnəcək, genişlənəcəkdi... “Deməli, əncümənçi Məhəmmədin qızı öz yolunu azmışdır!”.

Xan nə qədər gücmü, hiyləmi, səbirsizlikmi göstərib birtərəfli hərəkət etmişdirsə, artıq şərən əqdnamə bağlanmışdı. Xan şərən Məhtabanı özünə halal etmişdi! Artıq Məhəmməd qızı Məhtabanın özü də bismillahla başlanan əqdnaməyə əl vurmaqda, onu cırmaqda acizlik çəkirdi! Yalnız qız öz göz yaşları ilə könlündən kənar bağlanan əqdnaməni yumaq, yazılarını pozmaq istəyirdi. Ancaq hanı ehkam halını alan əqdnaməni yuyub-aparan göz yaşları?! İndi Məhtaban bir saat deyil, istəyir lap bir gün ağlasın, faydası nə idi?! Yox, əqdnamə bağlanmış, Məhtabanın taleyi düyünlənmişdi. Axı, Məhtabanın ağlı kəsən, qulağı söz alan gündən mərhum anası qızını yatıranda da, yatağından qaldıranda da bismillah demişdi. Arvad isti suyu yerə tökəndə, kuzəsini çeşmədən dolduranda da bismillah demişdi. Məhtabanın tənumənd-hünərmənd atası geyinəndə də, meydana girəndə də bismillah demişdi. Onlar süfrə başına toplaşanda da bir-birinin üzünə baxa-baxa hamısı birdən bismillah demişdi. İndi bu bismillahlar uca barının üstündən bir neçə qat da barı çəkib Məhtabanın gözündə alınmaz istehkama, aşılmaz qalaya çevrilmişdi. İndi Məhtaban üçün nə buradan tərpənmək, nə barını aşmaq, nə də qoyub qaçmaq olardı. Bismillahla başlanan əqdnamə cavan Məhtabanla qoca Məmaliki hər hansı zəncirdən də möhkəm bir-birinə bağlamışdı.

Məhtabanın qoca xana qarşı tərəhhüm hissləri gün altına düşən qar kimi əriyirdi. Xan Məhtabanın gözündə başqalaşırdı. Axı o, güc göstərib Məhtabana toxunmur, qıza güldən ağır bir söz demirdi. Qızın dövrəsində dolanır, xidmətində dayanır, ara-ara özünü büruzə verən qeyz-qəzəb də çəkilib gizlənirdi.

Məhtaban durdu, tağbənd otağa girdi, balaca sandığın qapağını qaldırdı, əqdnaməni cır-cında pal-paltarının üstünə qoydu. O, qapağı yavaşca buraxdı. Qapaq səsləndi, otağa çökən qaranlıq içində Məhtaban səksəndi:

– Bismillah! Bismillah!

Qoca gülçü ağzına su alıb sussa da, gördüklərinə göz yumub, eşitdiklərini qulaqardına verib əndərundan biruna söz çıxarmasa da, yenə söz çıxdı. Xanın hərəkətinə göz qoyan, axundun buraya gəlib-getdiyini görən birun hər şeyi bildi. Birun bildi ki, iş nə yerdədir. Bildi ki, qoca xan cavan qızla izdivaca başlayıbdır. Bu sirr xan imarətinin əndərununda da qalmayıb, daha uzaqlara yayıldı. Bütün Ərdaha xanlığı bildi ki, bəs yetmiş yaşlı Məmalik xan Məhəmməd pəhləvanın iyirmi beş yaşlı qızının kəbinini kəsdirib, özünə halal edibdir.

Kimisi xanın rəiyyətə tənəzzül etdiyinə görə onun alicənablığından dedi, kimisi də yetmiş yaşlı qocanın bədəməl işlətdiyini, Məhəmməd pəhləvanın fədailik xatirəsini təhqir etdiyini söylədi: Kimisi qoca xanın cavan qıza bir könüldən min könülə aşiq olduğunu söyləyib, onun əcaib əməlinə bəraət verdi, kimisi də varis həsrətində olan xanın ayrı çarəsi olmadığını iddia etdi.

Əlbəttə başqa cür də deyən oldu. Bu xəbər qanadlanıb Məmalik qızı Ərmağanın gəlin getdiyi Həlaku xan barigahına da çatdı. Həlaku xanın oğlu Ərdahan öz xanımının qabağında o qədər güldü ki!.. Ərdahanın ağlı kəsən, ağlı kəsməyən uşaqları da bəsdi deyincə gülüşdülər. Təkcə Ərmağan gülmədi, bu xəbər onu sarsıtdı. Ərmağan rəng verib, rəng aldı, özünün necə düşmən mühasirəsinə düşdüyünü dərk etdi.

– Nə əcəb Məmalik babanız sizi toyuna dəvət etməyib? – deyə Ərdahan oğlanlarının qara, qıvrım saçlarını qarışdırdı. – Babanız sizə təptəzə nənə alıbdır, özü də heç kəsi xəbərdar eləməyibdir!

– Bəlkə sənin də könlündən cavan qızla izdivaca girmək keçir? – deyə Ərmağan ərinin üstünə qabardı. – Xan, xandır, ya bu xan, ya o xan.

– Əsla, Ərmağan xanım, əsla! Heç kəs özünü sənin atan Məmalik xan kimi təlxəkliyə qoya bilməzdi! – Ərdahan köhnə ədavətin təzələnməsini istəməsə də, özünü yığışdıra bilmirdi. – Xudanəkərdə bəlkə möhtərəm atamızın başı?..

– Bəlkə Məmalik qocanın başı xarab olubdur, demək istəyirsiniz, Ərdahan Həlaku?

– Xudanəkərdə, xanım! Nə mən, nə də mənim atam Həlaku belə bədbəxtliyi istəmərik!

– Biz məmaliklər özümüz bilərik. Bunun siz həlakulara heç bir dəxli yoxdur!

– Bəs bunlar? – deyə Ərdahan boya-boy dayanan oğlanlarını göstərdi. – Dəxli bu dörd oğlan nəvəsidir!

– Onlar da sənin sicillindəndirlər, həlakulardır!

– Əlbəttə, həlakulardır, məmaliklər deyildir! – deyə Ərdahan arvadının diluzunluğuna xitam vermək istədi. – Heç bir kəsin siz məmaliklərin mülkündə gözü yoxdur, çün Şahsevənin yarısı bizimdir!

– Məmaliklər mülkünün də varisi vardır!

– Olsun! Daha qoca Məmalik yatıb-yatıb yetmiş yaşında əl-ayağa düşüb, bizi qohumluqda rüsvay eləməsin! – Ərdahan bir daha dörd oğlunu nəzərdən keçirdi. – Atam demişkən, eyib də olmasın, bizi məmaliklərlə qan qarışdırıb, qohum olmuşuq. Mən sənin atanı da özümə ata hesab edirəm!

– Onda xıxıltı ilə gülməyinizin nə mənası Ərdahan xan?

– Bəlkə Ərmağan xanım atasının istehzaya layiq əməli müqabilində utanmaqdansa, həlakuların evində oturub, onların ağzını qapayıb, dilini bağlamaq istəyir?!

– Mən həlakular xanlığından gedə də bilərəm, Ərdahan!

– Arada dörd oğul övladı ola-ola, bir də təzədən iki xanlıq arasına od-alov salıb, fitnə-fəsad törətmək üçünmü?

– Qoy nə olur-olsun, Ərdahan Həlaku!

– Axı, biz əhd etmişdik ki, – deyə söhbətin üstünə gəlib çıxan əhvalatın nə yerdə olduğunu bilən Həlaku xan danışığa qarışdı. – Daha biz Qurana qəsəm qılmışdıq ki, qanı qanla yox, qanı su ilə yuyaq! Biz bildirmişdik ki, daha bundan sonra gərək nəsillərimiz bizi lənətləməsinlər! Onlar deməsinlər müsəlmançılıqda bu nə ədavətdir siz qoyub getmisiniz?

– Qoy ədavətimiz təzələnsin, Həlaku xan!

– Yox təzələnməsin! – Həlaku xan dörd nəvəsini iki yana ayırdı.

– Tutaq ki, sən Ərmağan buranı tərk edib gedəndə bu gədələrdən ikisini də özünlə apardın.

– Mən heç bir həlaku gədəsini özümlə aparmaram!

– Xub, xub, aparmazsan. Ərmağan xanım!.. Tutaq ki, necə oldusa ikisini özünlə Məmalik imarətinə apardın?

– Bəli, tutaq ki, siz buyuran kimi ikisini özümlə apardım?

– Tutaq ki, ikisi o yanda böyüdü, ikisi də bu yanda.

– Bəli, ikisi o yanda böyüdü, ikisi də bu yanda. Onda məmaliklərlə həlakular yox, həlakularla həlakular vuruşmalı olacaqlar!.. Onlar o yana çəkəcəklər, bunlar bu yana! Yenə də Quran qəsəmi pozulacaq, köhnə ədavət təzələnəcək, arada çoxlu-çoxlu qan töküləcək. Bax, biz bu qanlı ədavətin hər iki xanlığın arasından silinməsini istəmişdik!

– Siz həlakular mənim atam Məmalikin yamanca aldatmısınız!

– Bəs sizi necə, Ərmağan xanım?

– Elə məni də aldatmısınız!

– Onda yol açıqdır! – Qoca Həlaku dinməsə də, oğlu Ərdahan qəzəblə, kinlə, küdurətlə söyləndi. – Tamam-kamal açıqdır üzünüzə yol, Ərmağan Məmalik!

– Yolun açıq vaxtını mən özüm səndən əcəb bilirəm, Ərdahan Həlaku!

Ərmağan xanımın gözlərində odlu qığılcım yandı. O, pörtüb qızardı, axşamüstü titrətmə tutub, yorğan-döşəyə düşdü. Sabahı ayılan Ərmağan xanım bağdadi qələmini əlinə alıb atasına namə yazdı. Ağır xəstələndiyini, hər necə olsa, qocanın durmayıb yanına gəlməyini təvəqqe etdi.

... Qoca Məmalik məktubu alıb fikrə getdi.

– Nə namədir, xan?

– Ərmağan yazıbdır, Məhtaban!

– Nə yazır, Ərmağan?

– Yazır ki, xəstələnmişəm, yanıma gəl!

– Yəqin sizi töhmətləmək üçün çağırır!

– Axır nə barədə Ərmağan məni töhmətləməlidir?

– Bu nagüvara hərəkətinizə görə!

– Onun heç bir hüququ yoxdur ki, məni düşmən evində töhmətləsin!

– Haqqı vardır, xan!

– Bəlkə sən də qızlığına tərəfdar çıxırsan, Məhtaban?

– Xan gülməlidir

– Bəlkə ağlamalıdır?

– Burada göz yaşından savayı heç nə görünmür, – deyə Məhtaban dönüb o biri otağa girdi. Nəmli gözləri ilə aynada saralan bənizinə baxdı.

Bəli, bismillahla başlanan əqdnamədən sonra Məhəmməd qızı Məhtabanın bətnində övlad nüftəsi düyünlənmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 мин
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 мин
IV

Günlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..

19443 мин
V

Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?

19445 мин

Стихи других поэтов