Nurəddin
Страница 9 из 9 · 89%
– Bahar, indi sən bizə lazım deyilsən. Haraya istəyirsən gedə bilərsən. Bu vaxt mən bir ilin ərzində ürəyimə yığılanın hamısını ağlaya-ağlaya və qışqıra-qışqıra boşaltdım. Qonşular səsimə cəm olmuşdular.
– Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! — deyə qışqırdım. Axırda Əmirəslan qaradovoy çağırıb məni qovdurdu. İndi gərək sağ olmağını divana mə’lum edib, onlardan hesab alasan.
Rəhim buna razı olmayıb dedi:
– Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur.
Çaydan sonra ər və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa keçdilər. Nurəddindən cəmi əhvalatı biləndən sonra Külpəri ilə Əmirəslandan intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi.
Bu nağıl etdiyimiz zamandan on il keçdi. Baharın axırı idi. Rəhimin evində səhər tezdən böyük qonaqlıq tədarükü görülürdü. Bu, qonaqlıq, Nurəddinin edadi məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Bahar, Rəhimə və Rəhim sufrənin zinnətinə məşğul idilər. Hətta Cənnətəli də bağçadan öz əlinin zəhməti ilə bitirdiyi güllərdən dərib sufrəni bəzəməkdə onlara kömək edirdi. Bu qonaqlığın baisi olan Nurəddin isə o biri otaqda təzə tələbə libasını geyib güzgünün qabağında özünə zinət verirdi. Bir azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim Rəhimə, Bahar hər üç heyrətə gəlib Nurəddinin gözəlliyinə valeh və heyran qalmışdılar.
– Allah səni bədnəzərdən saxlasın, oğlum, — deyə Rəhimə Nurəddinin boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi.
Saat iki tamamda, otaq gənc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin qonaqlarını yemək otağına təklif etdi.
İndiyə kimi Rəhimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan səsləri eşitməmişdi. Səsdən gülməkdən nahar vaxtı çalınan tarın səsi eşidilmirdi. Axşama iki saat qalmış, qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay sufrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi:
– Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.
– Sənin qonağın bizə həmişə əzizdir, oğlum, — deyə Rəhim cavab verdi.
– Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz.
– Edərəm, oğlum, de içəri gəlsin. — Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı. Dedi:
– Ana, bilirsənmi bu dilənçi arvad kimdir?
– Külpəridir, — deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı.
– Bəli, Bahar, Külpəridir, ancaq tamaşa et gör ondan intiqamımı necə alıram. — Bu sözü deyib, Nurəddin Külpəriyə tərəf döndü və dedi:
– Külpəri; indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən başqa geri şey yoxdur.
Bunu eşitcək Külpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi:
– Nurəddin, rəhmli cavan, allah-taala sənə etdiyim zülmün əvəzində məni bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.
Nurəddin Külpərini qaldırıb oturtdu.
Külpəri başladı.
– Doğrudur, sənin dövlətinə malik olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmirəslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün.
Bahar bunu eşidib dedi:
– Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, ay zalım?
Nurəddin dedi:
– Bahar, sakit ol, qoy nağıl etsin.
Külpəri dedi:
– Papağın sudan çıxandan sonra yəqin etdik ki, çayda boğulub ölmüşsən, yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.
Nurəddin bunu eşidib ah çəkdi.
Külpəri dedi:
– Sonra sənin malına sahib olduq...
– Amma yeyə bildinmi? — deyə Bahar sordu:
– Yox, bir-iki ilin ərzində Əmirəslan qumara udub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmirəslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.
Bahar dedi:
– Məşhur məsəldir deyərlər: «Su çanağı suda çatlar».
Külpəri:
– Məni də bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir allah bilir...
Külpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:
– Külpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmusan. Bunların xatiri üçün və Nurəddinin özü sənin günahından keçdiyi üçün burada qalıb rahat olacaqsan. — Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
– Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir. — Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü.
Hacı Səməd nağılı tamam edib soruşdu:
– İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır?
– Əlbəttə, səninki, səninki, — deyə Məmməd və Fatma cavab verdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-nureddin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Стихи других поэтов
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند