Şərq qadını yeni yolda
Dörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.
Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.
Bunlardan başqa kupedə dolğun gövdəli, ucaboylu, döşü enli bir alman da var idi. Bu qəzetə oxumağa məşğul olub müxbirlərin mübahisəsində iştirak etməyirdi. Müsyo Çujon deyirdi:
– Məni əfv edəsiniz, mister Leyton, fikrinizə şərik ola bilmirəm; məncə düşmənimiz Şuralar Rusiyanın hansı cəbhədə olursa-olsun hərbi, sənaye, maarif, mətbuat və qeyri-müvəffəqiyyətlə irəlilədiyini gizlətməməli. Qəzetlərimizdə bu müvəffəqiyyətləri qeyd etmək ilə hökumətimizin fikrini onlara cəlb etməliyik ki, vaxtında qabağını almaq üçün tədbir və çarələr axtarsın.
– Müsyo Çujon, cənab Puankare, siz müxbir və yazıçılara nə düsturuləməl verdiyini bilmirəm. Lakin lord «Çemberlen» tərəfindən bizə əmr verilmişdir ki, heç bir İnkiltərə mətbuatında Şuralar hökuməti nəfinə bir kəlmə də olsun yazılmamalı, əksinə onun əleyhinə keniş səhifələr açılmalı – bunu deyərək mister Leyton çubuğunu tüstülətdi.
– Mister, biz yazmasaq da İnkiltərə, Fransa və qeyri ölkələrin proletar orqanları birinin üstünə beşini qoyub yazacaqlar və işçilər arasında propaganda, təbliğat aparacaqlar. – Müsyö Çujon bunu deyərək üzünü almana çevirib soruşdu:
– Belə deyilmi, müsyö?
Adolf Baumbax qəzetini bükub cibinə qoydu və dedi:
– Bəli, mən də sizin fikrinizdəyəm. Həqiqəti gizlətmək bir səmərə verməz. Mən sərgidə Şuralar pavilyonunu günlərlə seyr edib, saatlarla dolaşmışam; hər bir cüz’i şeylərinə diqqət yetirmişəm; xüsusən Şərq ölkələri nümunələrinə çox fikir vermişəm. Nə qədər sür’ətlə irəliləmiş! Siz bütün diqqət və fikrinizi Rusiyaya vermişsiniz. Lakin Fransa və Böyük Britaniya üçün təhlükə başqa yerdən gələcəkdir. O da – Şərq və müstəmləkə məsələsidir. Almaniya o təhlükədən xilas olmuşdur. Biz Şərqin oyanmasından qorxmalıyıq.
– Biz də qorxmalıyıq! – deyə mister Leyton gözünü gərib qururla cavab verdi.
– Mister, məğrur olmayın! Bizdə cahan müharibəsindən qabaq «Almaniya cümlədən ucadır! – deyə bağırdıq. İndi səhvimizi anlamışıq.
– Xayır, sizə o səhvi Fransa anlatdı – deyə müsyö Çujon da yoldaş Leyton kimi sinəsini gərdi.
– Mübahisə etməyirəm, lakin sizləri də yaxın zamanda anladacaq qüvvədən söyləmək istəyirəm. İzin versəniz nağıl edərəm.
Leyton:
– Söyləyin görək o nə qüvvədir? – deyə soruşdu.
Adolf başladı:
– On yeddi il bundan əqdəm yoldaşım Rudolf ilə Orta Asiyanı piyada səyahət etməyə qərar verdik (o zaman mənim otuz, Rudolfun isə iyirmi yaşı var idi). Berlin dövlət coğrafiya cəmiyyəti bizim məqsədimizdən xəbərdar olaraq bir vəzifəni öhdəmizə götürməyi rica etdi. O da səyahət zamanı etnoqrafik mə’lumat toplamaq, fotoqraflar almaq, rast gələn heyvan, nəbat və saire barəsində material yığmaq və bunlar kimi cəmiyyətə lazım olan kolleksiya düzəltmək idi. Biz cəmiyyətin bu təklifini qəbul etdik. O da bizə yardım edərək para, hökumətdən viza və başqa vəsiqələr hazırladı. May ayının üçündə Berlindən bilet alıb Bakıya yola düşdük. Bakıdan «Kafkas-Merkuri» paroxod cəmiyyəti vaporuna minib Krasnovodsk şəhərinə gəldik. Piyada səyahətimiz bu şəhərdən başlanacaqdı. O vaxta kimi marşrut planını düzəltməmişdik. Düşdüyümüz otelin nömrəsində Asiya xəritəsini açıb plan çəkməyə başladıq. Yoldaşım Rudolf; Krasnovodsk – Buxara – Səmərqənd – Şərqi Türküstan – Çin yolu tərəfdarı idim. Xeyli bəhsdən sonra Rudolfu marşruta razı etdim.
Mətləb başqa məsələ üstündə olduğuna görə bu maraqlı səyahətimizdə gördüyümüz çoxqiymətli etnoloji və arxeoloji şeylərdən bəhs etməkdən vaz keçirəm. Ancaq fikrinizi bir əcaib şeyə cəlb etmək təmənnasındayam. Bilmirəm səyahətimizin neçənci günü idi; günəş batan dəmlərdə Asiyanın göbəyi olan köhnə Səmərqəndə yetişdik. Günəşin son zərrələri, uca köhnə gözəlliyi ilə insanı heyrətə gətirən məscid minarələrinə, qocaman çinarların təpəsinə, damların ağ divarlarına düşərək şəhər «şahzada»lar nağıllarında tə’rif olunan mənzərəni almışdı. Mənim Şərq ölkələrinə az-çox bələdliyim var idi. Lakin Rudolf əvvəlinci dəfə Şərqə qədəm qoyurdu. Ona görə də lazım olan olmayan şeylərin fotoqrafını alıb qutusunu ekslərlə doldurmuşdu. Yenə də fotoqraf aparatını hazırlamış idi ki, qarşımızda duran köhnə məscidin rəsmini alsın, bu vaxt günəş batıb qaranlıq çökdü. Rudolf bu qaranlıq havada şəklin aydın çıxmayacağını anladı, aparatı yığmaq istədi; bu halda məscidin arxasında iki qara kabus bizə tərəf hərəkət etməyə başladı. Bunu gördükdə:
– Rudolf, aparatı yığma, belə fürsət ələ düşməz; tez ol bu qara ruhların əksini al – deyə bağırdım.
Zavallı çocuq mənim bu sözlərimdən qorxuya düşdü, əlləri əsməyə başladı. Ona görə də aparatı düzəldə bilmədi; mən cəld aparatı onun əlindən alıb əksi götürdüm. Sonra bildim ki, neçə əsr bundan əqdəm bina olunmuş, indi viranə və bayquşlar məskəni, asari-ətiqə malı olan bu əski məscid, doğrudan da ona elə bir qorxu gətirmiş ki, zarafatımı həqiqət bilmiş, onun üçün də özünü itirmişdir.
– Adolf, söylə, o rəsmini aldığın şey nə idi? Ruh kölgəsi idimi? – deyə soruşdu.
Cavab verdim ki:
– Xayır dostum, coğrafiya cəmiyyətinin tapşırığı, Avropada əsla olmayıb, Asiyada ən adi tapılan ikiəlli, ikiayaqlı heyvan idi.
– Mən bir qara torbadan başqa heç bir əza görmədim.
– Görə də bilməzsən; çünki o heyvanın adı Şərq qadınıdır. Onlar bütün günləri uca divarla həsarlanmış, pəncərəsiz evlərdə gizlənirlər. Bayıra çıxanda rəsmini aldığımız libası geyirlər; heç bir əzaları görünməz; bədənlərini çadra adlı parça ilə bürüyürlər; başlarına da bir qara torba salırlar.
– Bəs onlar necə görürlər?
– O torbanın xırda deşikləri var. Oradan baxırlar və ya başlarına at qılından hörülmüş rübənd taxarlar.
Rudolf mənim bu sözlərimdən artıq dərəcədə mütəəssir oldu. Tamam Berlindən yola düşdüyü zamandan «nəhayət Şərq gözəllərini görməyə nail olacağam» deyərək şadlanırdı; hətta fikrində bir Şərq gözəlini sevib almaq da var idi.
Sabahı günü Şərq qadınlarının bir dəstəsini, rəsmini aldığım libasda hamama gedərkən gördüm və Rudolfu səsləyib onları göstərdim. Lakin onun üzündəki mə’yusluğu, gözlərindəki hərarətli baxışı, dodaqlarında nifrətli istehzalı təbəssümü görərək etdiyimə peşman oldum.
– Adolf, bu ölkədən tez uzaqlaşmalı; təbiətin ən gözəl məxluqunu elə hala salan yerdən bir faydalı şey ələ gətirə bilmərik; indi Şərqin milyonlarca nüfuzu olduğu halda azacıq Avropanın əlində nə üçün qul olduğunu anladım, – dedi.
– Qardaşım, mən də sənin fikrinə şərikəm, – deyərək onun sözünü təsdiq etdim.
Əfəndilər, burada on yeddi il bundan əvvəl etdiyim Şərq səyahətimiz tamam bir il bundan irəli haman Səmərqəndə, indi Sosialist Şura Özbəkistan Cümhuriyyətinin paytaxt şəhərinə səyahət etdiyimdən söyləyim.
Keçən il 8 mart qadınlar bayramında, mən Moskvada idim. Elə həqiqi, mə’nalı bayram keçirtməyi ancaq Şuralar Rusiyasında görmək olur...
Mister Leyton:
– Onlar bayramları təbliğat aparmaq üçün yapırlar – sözlərini əlavə etdi.
– Daha gözlə – ona görə də onların bayramlarından hər kəs özü üçün bir mənfəət alır. Bizim bayramlarımızın isə eyşi və işrət, qadın və şərabdan ibarət olduğunu zənn edirəm inkar edəməzsiniz. Əldə qızıl bayraqlar və dəyərli plakatlar olduğu halda Moskva küçələrində müntəzəm soldatlarla arası kəsilməyən qadınlar sıralarında minlərcə Şərq qadınlarının açıq yürüş etdiklərini gördükdə, haman sizə nağıl etdiyim Səmərqənd kabusları yadıma düşdü. Haman gün bir daha Səmərqəndə səyahət etməyi qət etdim. Baxtım belə gətirdi ki, mən Səmərqəndə yetişdiyim günə Özbəkistan böyük hazırlıq görüb şuralaşdığı günü bayram edirdi. Bu az zamanda nə qədər dəyişiklik! Minlərcə pioner, komsomol və komsomolka dəstələri küçələrdə yürüş edirdi. Topal Teymurun əski paytaxtı alqırmızı dondan libas geyinmişdi. Məni hər şeydən artıq maraqlandıran qadın məsələsi idi. Ona görə də qadınlar şö’bəsinə getdim. Firqəvi türk qadınları ilə tanış oldum. Çadra məsələsinə dair suallar verdim.
– Gənc qızlarımızın çoxu çadralarını atmışlar; yerdə qalanları üçün də bu gün tədbirimiz vardır. Burada olunuz görərsiniz – deyərək yenə şux təbəssüm ilə cavab verdi.
Aradan yarım saat keçmiş qadınlar şö’bəsinin önündən böyük meydan pioner, komsomol və işçi dəstələri ilə dolmağa başladı.
Bunu gördükdə camaat da meydana toplaşdı. Hamının gözləri səbirsizliklə şö’bənin qabağındakı bəzənmiş tribuna dikilmişdi. O zaman əlli-altmış nəfər qara çadralı qadın şö’bənin salonundan çıxıb tribunun (mənbərin) qabağında oturdu. Sonra qadınlar şö’bəsi müdirəsi yoldaşları ilə tribuna çıxdı. Səslər kəsildi; müdirə atəşli nitqini başladı. Hər gənc qadının söylədiyini mən anlamayırdım, lakin minlərcə insanlar tərəfindən ən sakitliklə dinlənən bu nitqin tə’sirini hiss edirdim. Nitqin axırında qadın nə isə əmr etdi. Bir anda meydanın ortasında bir neçə ot hazır etdilər. Kibrit çəkib yandırdılar.
Alov qalxdıqda qadın:
– Əsrlərlə biz Şərq qadınlarını insanlıqdan məhrum edib, qul halında saxlayan qara hiratıları bu alova atınız! – deyə hayqırdı.
Tribun yanında oturmuş olan qadınlar qalxıb bir-bir çadralarını oda atmağa başladılar. Bunu gördükdə «Urra!» sədası, alqışlar və musiqi səsləri bir-birinə qarışdı. Alınan təəssüratı vəsf etməkdən acizəm. Bunlardan sonra tamaşa edən qadınlar da ortaya çıxıb çadralarını oda atmağa başladılar. Bayram bitdikdən sonra mən natiq xanıma aldığım təəssüratı söylədikdə, belə bir cavab eşitdim:
– Siz avropalılar qanlı əllərinizi Şərqdən çəkməlisiniz. İndi biz bir analar qoynunda bəslənən Şərq övladları daha sizə qul ola bilmərik! Bu gün burada gördüyünüz o biri gün Hindistanda, Əfqanıstanda, İranda, Ərəbistanda, Misirdə görəcəksiniz! Şərq qadınlarının azadlığı Qərb imperialistlərinin, ələlxüsus İnkiltərənin zavalı deməkdir.
Əfəndilər, qara çadraları oda atdıran türk qadınının mənə tapşırdığı sözlərə nağılımda bir kəlmə də olsa əlavə etmədim. Əmin olun ki, indi yalnız bunu əlavə edirəm: İnkiltərə təhlükədədir!
Bu vaxt qatar fit verib dayandı, Adolf qalxıb əl çamadanını götürdü.
– Mənim səfərim bitdi, xudahafiz.
Leyton:
– Toxtayın, sizə bir sualım vardır, – deyərək Adolfun ətəyindən tutdu.
– Buyurun!
– Siz bolşeviksiniz?
Adolf:
– Xayır, cahan müharibəsindən kommunizm dərsi almış bir şəxsəm, – dedi və kupedən çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-serq-qadini-yeni-yolda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir pərdəli pyes*1923*
Əhməd və MəleykəQışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına çəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.
Abbas və ZeynəbMəmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:– Yenə nağıl istəyirsiniz?
NurəddinAxşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi. Fatma isə əlləri ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu:– Qızım, nə fikrə getmisən?
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Yaşar yer üzündəYaşar yer üzündə minlərlə alçaq,İgidlər onların ağlına batmır.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,