Gənc maşinistka və qoca yazıçı
On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.
Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.
Bir axşam, yetmişə qədəm qoymuş bir qoca əlində əsa, ayaqlarında qaloş, əynində isti palto, boynu şərf ilə sarınmış, qoltuğunda zorba və özü kimi köhnə bir kitab, qapını açdı. Maşinistkalar sanki bir komandaya tabe olaraq əllərini saxladılar. Otaqda səslər kəsildi. Sükunət içində qapı yanında oturan gənc qız:
– Əmi, nə istəyirsiniz? – deyə soruşdu.
– Qızlarım, sizdən Nərkiz kimdir?
– Mənəm, – deyə pəncərə ağzında oturmuş gənc qız cavab verdi.
İxtiyar onun yanına gedərək:
– Qızım, mənim bu əski əlifba ilə yazılmış əsərlərimi maşınında yeni əlifbaya keçirməlisən, çapa veriləcəkdir.
– Əmi, o kitabdan ölü iyi gəlir.
Maşinistkalar külüşdülər.
– Qızım, doğrudur, bu kitab ölülər zamanı yazılmışdır.
– Əmi, o ölülərin keçmişi biz dirilərə nə lazımdır?
– Yox, qızım, keçmişi bilmək lazımdır. Atalarımız demişlər:
Zimistan çəkməyən bülbül,
Baharın qədrini bilməz.
– Əmi, düzü, mən o ilan-qurbağa hərfləri bilmirəm, – deyə qız boynundan atmaq istədi.
– Qızım, mən diktə edərəm, sən yazarsan, müdiriyyətdə belə qət olunmuş.
– Onda bir qədər səbir edin, əlimdə yazdığımı bitirim.
– Yaxşı, qızım, gözləyərəm, – deyə qoca soyunmağa başladı.
Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şuru etdilər.
Yazı zamanı Nərkiz tez-tez dayanıb, eşitmədiyi sözlərin mə’nasını soruşurdu.
– Əmi, bu yazdığımız vəqiələr hansı ölkədə zühur etmiş?
– Qızım, indiki Şura vətənimiz Azərbaycanın keçmişində, çar zamanında.
– Nə yaxşı mən o zaman olmamışam! – deyə Nərkiz öz halından şad oldu.
Qoca yazıçı ilə gənc maşinistkanın məşğuliyyəti 10–12 gün davam etdi.
Qoca yazıçının yazdığı əsərlərin küçü ilə əski həyata atılaraq, qanlı faciələr içində boğulan gənc qızlarla bərabər Nərkiz də boğulurdu.
– Əmi, bir az tənəffüs edək, – deyə Nərkiz tez-tez otaqdan çıxırdı. Qayıtdığı zaman yaşarmış gözlərindən mütəəssir olduğu bəlli olurdu. – Əmi, hekayənizin qəhrəmanı bu yazıq qızçığaz axırda tələf olacaqdır? – deyə Nərkiz sordugda, sanki qocadan aman istəyərək, onu diri buraxmağını rica edirdi.
Qoca yazıçı gülərək:
– İndi ki, ona elə artıq acıyırsan, eybi yoxdur, qızım, öldürmərik, – deyə onunla zarafat edirdi.
Əski əsərlərinin gənc qıza belə tə’sir etdiyini gördükdə qoca yazıçı Nərkizə dedi:
– Bəli, qızım, o zaman həyat belə idi. Ona görə də bu günkü gözəl və şən həyatı qiymətləndirmək üçün əski həyatı öyrənməliyik.
Nərkiz gülümsəyərək, qoca yazıçı ilə razılaşdı.
Şura Azərbaycanımız on beş ilin ərzində nə qədər irəliləmiş, nə qədər artmışdır. Ölkəmizin sosializm quruluşu, sosializm mədəniyyəti əski həyatı dərin kəlkəliklərdə buraxmışdır.
Bu gün Nərkiz kimi şura balalarımız əski həyatı, qaranlıq keçmişi yalnız kitablardan və muzeylərdən öyrənirlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-genc-masinistka-ve-qoca-yazici
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Üçüncü pərdəSəhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.
Dördüncü pərdəSəhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Стихи других поэтов
De göriim bir menə, xüdavenda,Bu bədən qurğuşundumu, ya misdi?
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!