Dördüncü pərdə
Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.
İmran. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Nabat gəlir.
Nabat. İmran ağa, başına dönüm, yavaş danış, hamı oyaqdır. Qoca kaftar yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri Hacının hökmünə görə nə mənə, nə də Gülzar xanıma köz verib, işıq vermir. Bir az səbir elə, gərək bir yerə gedərmi ki, Gülzar xanımı qaçırdam.
İmran. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə də olsa aparacağam.
Nabat. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə təvr olsa Gülzar xanımın əlini əlində görəcəksən. Ancaq bir az səbir elə. Gülzar xanım Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır.
İmran. Dayan, xışıltı gəlir...
Nabat. Odur, odur, Gülzar xanımın özüdür.
Gülzar qaçaraq gəlir.
İmran (tez onun əlindən tutub). Gülzar, sənsən?
Gülzar. İmran, daha dayanmaq vaxtı deyil, qaçaq. Nabat, ala bu üzük məndən sənə yadikar olsun (verir).
İmran (Nabata pul verir). Ala, Nabat, Allah qoysa yenə bir yerdə olacağıq. Gülzar gedək. Nabat, xudahafiz.
Nabat. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız.
İmran və Gülzar gedirlər.
Nabat (tək). Qocanın murdar üzündən yaxşı qurtardılar. Qaldım mən bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir Allah bəndəsi tapılaydı, məni də bu ilanın ağzından qurtaraydı.
Qulu ağacın dalından çıxır.
Qulu. Bu Allah bəndəsi mən.
Nabat. Uy, kimsən?
Qulu. Nabat xanım, deyəsən məni tanımırsan. Paltarımın dəyişilməsinə baxma. Ürəyim yenə sənnəndir.
Nabat. Qulu, sənsən? Nə heybətli olmusan. Lap quldura oxşayırsan. Bu xəncər nədir?
Qulu. Səfeh qızı hələ soruşur da. Görmürsən ki, səni götürüb qaçmağa gəlmişəm.
Nabat. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar xanım məni axtarar.
Qulu. A hiyləmətənə, mənə kələk gəlirsən? İndi Gülzar xanımı İmranla qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq mən onlar kimi səfeh deyiləm ki, tədarüksüz gedəm. Gərək qabaqca gedib Hacı Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam.
Nabat. Qulu, sən Allah doğru deyirsən, yoxsa məni aldadırsan?
Qulu. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından çıxarmısan? Tez get, nə şeyin varsa yığ. Uçuq hamamın yanına get. Məni orada gözlə.
Nabat. Bəs sən nə edəcəksən?
Qulu. Mən də gedib Hacı Muradı qorxudacağam, pullarımı alacağam. Di vaxtı itirmə, tez get. (Nabat qaçaraq gedir.) Arvadın ağlı, ya uşağın ağlı, hər şeyə o saat inanır.
Fit ilə yoldaşlarını çağırır. Bu səsə Niyazla Qurban, üstlərində əsləhə gəlirlər.
Qurban. Qulu, nə çox ləngidin?
Niyaz. Bir şey bildin, ya yox?
Qulu. Yoldaşlar, işimiz çox rast gətiribdir. Evdə bir Hacı Muraddan və bir də Əliquludan başqa heç kəs yoxdur. Qızı bu saat İmrana qoşulub qaçdı. Qulluqçunu da mən aldatmışam ki, səni də mən götürüb qaçacağam. İndi gedib yolumu gözləyir.
Niyaz. Bəs Əliquluya nə tədbir çəkmisən? Qulu, doğrusu mənim ondan gözüm su içmir. Çox usta, hiyləkər adama oxşayır. Qorxuram bizi aldadıb divana mə’lum edə. Hamımızı tutdura.
Qurban. Niyaz doğru deyir, çox şübhəli adama oxşayır.
Qulu. Yoldaşlar, mən elə iş tutmaram ki, ondan bizə xəta gələ. Əliqulu divandan elə qorxur, necə ki, it dəyənəkdən. Bu barədə arxayın olun. Əliqulu bu işdən qaça bilməz.
Niyaz. Söylə görək, onu haradan bildin?
Qurban. Əlbəttə, söylə, yoldaşımızın necə adam olduğunu gərək biz də biləq.
Qulu. Yoldaşlar, indi onun vaxtı deyil. Sonra sizə danışaram.
Niyaz. Bəs niyə dayanmışıq? Hacı Muradın qulluğuna gedək də.
Qulu. Yox, gərək gözləyək. Əliqulu özü buraya gələsidir. Odur gəlir.
Əliqulu gəlib çatır.
Əliqulu. Hacı Muradın əziz qonaqları, xoş gəlmişsiniz. Ancaq ərbabın bir balaca nəgahəti var. Sizi qəbul edə bilməyəcəkdir.
Qulu. Əliqulu, zarafatı burax. Niyə belə keç gəldin. Bir şey var?
Əliqulu. Yoldaşlar, gərək işi sabaha qoyaq.
Qulu. Nə səbəbə?
Əliqulu. Çünki Hacı Murad Məhərrəm bəykilə gedəsi olmadı. Özü Məhərrəm bəyi gözləyir və evdəkilərin hamısı da oyaqdır. Amma sabah axşam Məhərrəm bəyə qonaqdır. Otağın açarı da məndə olacaqdır.
Qurban. Yoldaşlar, nahaq yerə vaxt itiririk. İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. O ki qaldı Hacı Murada, boğazından elə basaram ki, bir də qiyamətdə oyanar.
Əliqulu. Xeyr, mən buna razı deyiləm. İş gərək tədbirlə ola. Yoxsa içindən xata çıxar.
Niyaz. Görünür Əliqulu işdən baş qaçırır. Amma Qulu bizə özkə cürə demişdi.
Qulu. Niyaz doğru deyir, Əliqulu əmi başqa fikrə düşübdür, amma bilsin ki, baş tutası iş deyil. Onun fikri bu gecə Hacı Muradın pullarına yaxşıca qulluq edib Araz çayını aşmaqdır. (Üzünü Əliquluya tutub.) Belədirmi, Səfdər əmi?
Əliqulu (diksinmiş). Nə dedin, mən Səfdər...
Qulu. Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səfdərsən. Mən də Quluyam. Yaxşı tanı. Məni aldatmaq olmaz.
Niyaz, Qurban. Oğrubaşı?!
Qulu. İndi, Tehran lotusu Səfdər, bizə yoldaşsanmı?
Əliqulu. Yoldaşam, hər nə buyursanız əmrinizə tabeyəm.
Qulu. Ha belə, Əliqulu əmi, yoldaş, yoldaş ilə tən gərək, tən olmasa kən gərək. İndi de görüm, Gülzarın İmran ilə qoşulub qaçmağından xəbərin varmı?
Əliqulu. Bəli, var.
Qulu. Bəs Nabat haradadır?
Əliqulu. Göndərmisən gedib yolunu gözləyir.
Qulu. O da düzdür. Hərif olmağını bəyənirəm. İndi bir sual gəldi. De görüm doğrudanmı Hacı Murad Məhərrəm bəyi gözləyir?
Əliqulu. Bəli, gündüzdən məni göndərmişdi ki, Məhərrəm bəyi bu axşama məsləhətə çağırım. Ancaq bəy dedi ki, Hacıya de qonaqlarım var, gec gələcəyəm.
Qulu. Bu daha yaxşı oldu. İndi, yoldaşlar, hazır olun, Hacı Muradın qulluğuna gedək. Əliqulu əmi, sən ağsaqqalsan, qabağa düş.
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-tamahkar-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhnə Kərbəlayı Nəbinin qonaq odasını göstərir. Otaq bəzəkli bir otaqdır. Üç tərəfdən qapı açılır.*Pəri Cahan** (odanı nizama salarkən söylənir). Kişilərdə heç vəfa olmazmış. Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür. Yaşı da əlli beşdən yuqarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında cavan kibi gah oquyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir söz eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən başqa burada arvad yoqdur. Ağa əvvəllərdə mənlə mazaqlaşardı. Məni cimdiklərdi. Mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaqşı iş olardı ki, birdən ağa məni alaydı. Bu evə xanım edəydi. Odur oquya-oquya gəlir.
İkinci şəkilHaman odada gecə, Pəri Cahan süfrə salıb masaya boşqab düzür, yanında Şevkət.*Pəri Cahan**. Mən stolu hazır edirəm, sən də o şamları yandırıb düz.
Çarxı-fələkPiyes – iki pərdədə, dörd şəkildə.*1921-ci il.*
Birinci pərdəİkinci şəkilSandro otağının qapısını açır, Vəli, Ağa Saleh, Ağa Şirəli və Musa bəy daxil olurlar.*
Стихи других поэтов
Dünyada şahlarınbir ağı, bir qarası qalıb.
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərəGöz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.
Qəlbimi, dinimi aldı gözəlin hicranıQəlbimi, dinimi aldı gözəlin hicranı,Dəlilik zənciri saldı saçına bu canı.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,