Страница 1 из 3

Səhnə Hacı Muradın otağını göstərir.

Hacı Murad (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.

Qulu (daxil olur). Ağa, bir həmşəri gəlib səni soruşur.

Hacı Murad. De gəlsin. Məhərrəm bəy göndəribdir. Mənə qulluq edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.

Qulu. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qapqaradır.

Hacı Murad. Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu çıxır.) Gərək Məhərrəm bəy göndərdiyi nökər necə adamdır. O da Qulunun tayı isə heç çörək vermək lazım deyil. (Əliqulu daxil olur və əllərini döşünə qoyub qayda ilə Hacı Murada tə’zim edir.) Buyur əyləş.

Əliqulu. Cənabınızın hüzurunda əyləşməyi bəndə də özünə cür’ət edə bilməz.

Hacı Murad (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu üç saat çərənnəməsə adamdan əl çəkmir. (Əliquluya.) Buyur əyləş, izin verirəm.

Əliqulu ədəbanə diz üstə əyləşir.

Əliqulu. Bəndənizi sərkar Ağa Məhərrəm bəy göndəribdir ki, cənabınıza xidmət edəm.

Hacı Murad. Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu.

Əliqulu. Bəli, məvacibim Məhərrəm bəydən çatacaqdır.

Hacı Murad. De görüm, yeməkdə pərkarsan, ya yox?

Əliqulu. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış adamam.

Hacı Murad. Çox yaxşı. Mənim çox yeyən adamdan acığım gəlir, çünki adamın gərək heyvandan fərqi olsun. O da ancaq az yeməklə olar. İndi de görüm, əlin-zadın təmizdirmi?..

Əliqulu. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üst-başım həmişə təmiz olar.

Hacı Murad. O mə’nada demirəm. Yə’ni oğurluq-zad əlindən gələrmi?

Əliqulu. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də oğurluq edərmi?

Hacı Murad. Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu girməyəcəkdir. Ocaqları qalamaq, samavarı qoymaq, nahar bişirmək, bunların hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarını sənə verəcəyəm.

Əliqulu. Ümidvaram ki, can-dillə qulaq edib, əmrinizi yerinə yetirəm.

Hacı Murad. Adın nədir? Özün haralısan?

Əliqulu. Adım Əliqulududur, özüm də Tehran əhliyəm.

Hacı Murad. Səni bu şəhərdə tanıyan varmı?

Əliqulu. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və Məhərrəm bəydən başqa heç kəsi tanımıram.

Hacı Murad. Çox əcəb. Bu gündən sən öz işində ol. (Çağırır.) Qulu! Qulu!

Qulu daxil olur.

Qulu. Nə buyurursan, ağa?

Hacı Murad. Qulu, bu gündən sənin ev işinə qarışacağın olmayacaqdır. Onların hamısını Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq, həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə Əliqulu məşğul olacaqdır. Daha bundan sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasın, qandın, ya yox?

Qulu. Bəli, ağa, qandım.

Hacı Murad. Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə edirsən. Təkrar et görüm, nə edəcəksən?

Qulu. Məsələn, elə ki, gördüm it girib içəridə çörəyi yeyir, gərək gedib Əliqulu əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır...

Hacı Murad. Dayan, kafir oğru, kafir. Demədimmi ki, hər şeyi tərsinə anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə?

Qulu. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib onu tüfənkləsin.

Hacı Murad. De eşit, a kişi, yeddi ildir ki, bu höcət ayını saxlayıram. Gör mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim? Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan?

Qulu. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə bir qəpik də verməmisən. Haqqımı ver, baş üstə gedim.

Hacı Murad. Sənə nə verəcəyəm. Heç bir qara qəpik də verməli deyiləm. Haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan.

Qulu. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki, belə oldu, ya sən and iç, əl çəkim, ya mən and içim haqqımı ver.

Hacı Murad. İndi də saqqalımın ağ vaxtında durub sənə and içəcəyəm. İtil cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm.

Qulu (çıxarkən). Hacı Murad, xudahafiz. Sənə göstərərəm, mənə Qulu deyərlər. (Çıxır.)

Hacı Murad. Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə gətirmişdi. Özün görürdün ki, mənə nə təvr cavab verirdi. İndi dur get mətbəxə, çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. Hər vaxt çay-qənd lazım olsa gələrsən özüm verərəm. (Əliqulu çıxır.) Hər əsərindən düz adama oxşayır. Amma yenə insanı tanımaq olmaz. Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığını çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!

Əliqulu daxil olur.

Əliqulu. Nə buyurursan, ağa?

Hacı Murad. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.

Əliqulu. Baş üstə, ağa can.

Hacı Murad çıxır.

Əliqulu (yalqız). Çox çalışdım ki, Məhərrəm bəy məni kəndə göndərsin, orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan. Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma mən də şəhərdə qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula mə’lum edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm. Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb qaçmaq lazımdır. (Abbasını götürüb.) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəgin Hacı Murad məni imtahana çəkib, onda da bu abbası ilə, ya qoca kaftar, mənə Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən. Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun əlindən qurtarıb Əliqulunun çənginə düşdün.

Hacı Murad (daxil olur). Otağı təmiz etdinmi?

Əliqulu. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)

Hacı Murad. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.

Əliqulu. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur.

Hacı Murad. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu çıxır.) Heç bu zamana adamına oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil. Görək nə təhər olacaqdır. Bu gecə də bir pis yuxu görmüşəm, Allah axırını xeyir etsin. Məni o gördüyüm şeytanın şərindən hifz etsin. (Gülzar qorxa-qorxa içəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli gəl, əyləş. Bir az da ata-bala dərdləşək. Heç, qızım, gəlib əhvalımı soruşmursan. Demirsən ki, bir qoca atam var, qoy gedim görüm dərdi nədir, səri nədir.

Gülzar (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz.

Hacı Murad. Qızım, səni həmişə qəmkin, bikef görürəm, niyə dinmirsən? Danışmırsan? Nəyin əskikdir, de alım.

Gülzar. Ağa, hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur.

Hacı Murad. Bəs niyə heç qaşqabağın açılmır? Elə bil ki, gəmilərin dəryaya batıb, qərq olubdur. Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən?

Gülzar. Xeyr, ağa, bir qəmim yoxdur. Hərkah danışmıram, ona da səbəb yoldaşsızlıqdır.

Hacı Murad. Doğru deyirsən. Yoldaş lazımdır. Can yoldaşı. Axirət yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca atan sənə bir elə yoldaş tapıbdır ki, çıraq götürüb cəmi dünyanı axtarsan, tayı-bərabəri tapılmaz.

Gülzar. Xeyr, ağa, mən elə yoldaş demirəm.

Hacı Murad. Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza nə təhər yoldaş lazım olduğunu bilməsin. Ah qızardın. Ha-ha-ha! İndi tap görüm, kimi deyirəm. Tapa bilmirsən? Əlbəttə, elə şəxsdir ki, yatsan yuxuna da girməz. Dövləti, pulu həddən aşıbdır. Qapısında xidmətçinin sayı-hesabı yoxdur. Özü də şəhərimizin birinci bəyidir. Yenə tapa bilmirsən? Nökəri də qapımızda xanıma müntəzirdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов