Üçüncü pərdə
Страница 3 из 3 · 67%
Şərəf xanım. Elə bir o qalmışdı ki, qızını bir qoca, xəsis kaftarın puluna satasan.
Hacı Murad. Bilmirəm bu haradan gəlib çıxdı. Niyə qoca olur? Nökər dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçındır. Daha bəsdir. İndi de görüm, sən özün necə dolanırsan?
Şərəf xanım. Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır. Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur.
Hacı Murad. Buyur, bu da sənin öz başına gələn. Daha Gülzara niyə razı olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu qasıba vermə, necə dövlətli istəyir, onların birinə ver. Dedi ki, yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf xoşbəxt olar.
Şərəf xanım. Xeyr, atam səhv etməyibdir. Mən ərimdən çox razıyam. Özüm də çox xoşbəxtəm ki, Allah məni bu cür adama qismət edibdir. Dünya malı bir puç şeydir. Gedər də, gələr də. Ər odur ki, qara gündə arvadla yoldaş olub, bir-birinə can deyib, can eşidələr.
Əhməd. Ana, bəs sən deyirdin ki, dayın sənə gənfet verəcəkdir, bəs niyə vermir?
Hacı Murad. Oğlum, gənfet pis şeydir. Adamın boğazını ağrıdır. Sən yekə oğlansan. Gənfeti neynirsən.
Əhməd. Ana, Gülzar bacımkilin bağçasında elə çox alma var ki, gələndə gördüm.
Hacı Murad. Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm.
Əhməd. Mənim özüm burada olacağam. Dəyəndə yığaram.
Hacı Murad (kənara). Bunda yaxşı xəbər var. Deyəsən Şərəf çox qalacaqdır.
Şərəf xanım. Sizin dərdiniz öz dərdimi də yaddan çıxartdı. Əhməd böyüyübdür, oxumaq vaxtı keçir, dedim gətirim sizdə qoyum, həm məktəbə getsin, həm də Gülzara hayan olsun.
Hacı Murad (kənara). Mazandaranda çaqqal az idi, biri də gəmi ilə gəldi. (Şərəfə.) Yox, yox, saxlaya bilmərəm. Özkə uşağını saxlamaq bir xata şeydir. Bunun korluğu var. Azarlaması var. Ağacdan yıxılması var. Anasız ona kim baxacaqdır.
Şərəf xanım. Əhməd dinc uşaqdır. Heç kəsə korluğu olmaz. O ki qaldı azarlamağı, ondan da arxayın ol, Gülzar ona analıq edər.
Gülzar. Bibi, arxayın ol. Onu özümdən yaxşı saxlaram.
Hacı Murad. Yox, yox, Gülzar bilmir. Uşağın tarpına dözmək olmaz. İmranda görmüşəm. Məni qocaldan o olmuşdur. Evimi dağıdan o olmuşdur.
Gülzar (kənara). Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm.
Şərəf xanım. A qardaş, bir uşağın yeməyi, içməyi nə olacaqdır ki, bu sənin evini dağıda.
Hacı Murad. Xülasə, mən razı deyiləm.
Şərəf xanım. A qardaş, bacının əli aşağı düşəndə köməyə qardaşı üstə yüyürər. İndi mən də qardaş adı ilə evimi yiyəsiz qoyub yanına gəlmişəm. Eybi yoxdur. Uşaq səni incidər apararam. Ancaq səndən bir təvəqqem var, məni ondan naümid qaytarma. Ərimin beş yüz manat borcu var, borc sahibi pis adamın biridir. Gündə qapımıza gedib-gəlməkdən bizi təngə gətiribdir. Kişiyə dedim ki, qardaşımı görməyə gedirəm, amma əsil fikrim o idi ki, səndən alıb aparıb verəm. Abrımız açılmasın.
Hacı Murad. A bacı, sən ki, özkəsi deyilsən, məkər mənim var-yoxumu bilmirsən? Məndə pul haradandır ki, sənə verim?
Şərəf xanım. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var. Razı olma ki, bacının paltarları bazarlarda tökülüb satılsın və bir də mən səndən borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özkəsi gözləyə bilmir.
Hacı Murad. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm pul üzünə həsrətəm.
Şərəf xanım. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla.
Hacı Murad. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu mənim çiblərim, bu da mənim sandığım. (Durub paltar sandığını açır.) Di gəl bax, gör burada əski-üskidən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.)
Şərəf xanım. O biri sandığın ağzını aç.
Hacı Murad. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da var, niyə verim. Çöldən tapmışam?
Şərəf xanım (ayağa qalxır). Daha sənə nə deyim? Qarğış etməyə də yerim yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər!
Cəfər daxil olur.
Cəfər. Nə buyurursan, xanım?
Şərəf xanım. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm.
Cəfər. Xanım, gün keçibdir, gedib çatmaq olmaz.
Şərəf xanım. Eybi yoxdur, harada keçələrik, orada qalarıq, burada qala bilmərəm. Gərək gedək.
Cəfər. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir.
Şərəf xanım. Özündə varsa ver, yox isə ala bu üzüyü apar sat, ver. (Barmağından üzüyünü çıxarıb verir.)
Cəfər. Xanım, lazım deyil, məndə var, verərəm. (Çıxır.)
Gülzar (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə.
Şərəf xanım. Yox, Gülzar, qala bilmərəm. Bu ev mənim üçün cəhənnəmdir. Dur, oğlum, gedək.
Gülzar. Bibi, məni də apar. Burada qoyub getmə.
Şərəf xanım. Səni hara qoyub gedirəm. Belə zalımın evində bir saat da qoymaram. Dur gedək.
Hacı Murad (Gülzarın əlindən tutub özünə tərəf çəkir). Hara aparırsan? Qoymaram.
Şərəf xanım. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub, bu hala salmısan. Belə kafir ataya gözəl balanı verməram.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-tamahkar-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?
Стихи других поэтов
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Olu yarəb ki, düşə daməni-canan əlimə,Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.