Ümid çırağı
İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.
Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
– Bu nə uşaqlıqdır? – deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini tutaraq, özlərini şö’ləyə atan pərvanələrə baxır: – bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq – deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır.
– Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı verəcəyəm. Orta təhsilimi bitirmək bu gecəki sə’y və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Sə’y və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.
Əlilə o biri otağa işarə edərək:
– Yat, anaçığım, rahat ol və gələcək səadətimizə də inan, – deyə yenə də mütaliəyə başlayır.
Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qara günlü məişəti birər-birər gözlərinin önündən gəlib keçdi. Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeş arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.
Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk təzliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu bir yaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, seltək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:
– Yat, oğlum, yat, yat ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm.
Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhmətin ona səadət qapısını açacağını da gözəlcə düşünürdü.
Ən artıq sıxılacaq bir şey varsa o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daima qorxu içərisində yaşayır, oğlunu gözlərindən irag buraxmaq istəməyirdi.
Gecə keçər, oğlu yatmaz, ana, axır buna səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər, övladının başını qucub, qıvrıcıq saçlarından öpər.
– Ana, nə üçün durdun?
– Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna.
– Anaçığım, xof və iztirabın əsilsizdir. Öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.
– Bəs sən, oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür.
– Yox, ana, səhəri açsam da sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilmi qayib etmək, hər ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, – deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir.
Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır. Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.
Sahibsiz ananın ümid çırağı söndü... Yenə zülmət, yenə dərin sükunət... lakin balaca otağdan:
– Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anaçığını bəxtiyar edəcəksən.
Həzin qəlbləri oxşayan oxşama sədası gəlirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-umid-ciragi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.
İki dost, iki düşmənAvqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.
Mister Greyin köpəyiPuan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir dəhmada qoca anası ilə yaşayırdı. Bu cavan, küçə aktyoru idi. Öz şagirdi balaca Sen O ilə bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.Bəxti gətirib 60–70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda «Ana can, yuy… yuy…» deyə onu səslərdi.
Son ümidÜç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.