İki dost, iki düşmən
Страница 1 из 2
Avqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.
– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.
Qoca işçi Salman dedi:
– Yoldaş Fəxrəddin, biz sükutu pozmayırıq: yuxumuz da gəlməyir. Yoldaş Rəhman vətəndaş müharibəsindən qayət maraqlı şeylər söyləyir, rica edirik ona mane olmayasınız.
Həkim izin verdi. Özü də skamyada oturub qəzet oxumağa məşğul oldu. Rəhman nağıl etməyə başladı. Söylədiyi doğrudan da maraqlı şey idi. Hətta Fəxrəddinin də fikrini cəlb etmişdi. O, qəzet oxumağı buraxıb dinləyirdi. Rəhman nağılı bitirdi. Araya bəhs düşdü. Cavan işçi Niyazi dedi:
– Yəqin oğlu atasını öldürdükdə kim olduğunu bilməmiş.
Qoca Salman dedi:
– Burada təəccüblü bir şey yoxdur. Vətəndaş müharibəsində belə ittifaqlar çox olmuşdur Ata oğlu, oğul atanı, qardaş qardaşı öldürmüşlər.
– Niyazi bu ildən firqəyə namizəd yazılmışdır, onda kommunizm qayəsi hələ möhkəmləşməmişdir, onun üçün də şübhə edir.
– Yoldaş Mərdanın bu sözünə mən də şərikəm, – deyə Fəxrəddin təsdiq etdi.
– Vətəndaş müharibəsi geri müharibələrə bənzəməz. Bu sinif müharibəsi, məfkurə mübarizəsidir. Burada ata, oğul, qardaş, hərkah başqa-başqa məsləklərə mənsub isələr, adi düşməndirlər.
– Kommunizmi dərin düşünsəniz, onun qayəsini yaxşı anlasanız ata, ana, qohum, dost, aşina hissi sizə qalib gəlməz. İndi izninizlə mən də başıma gələn bir vəqəni söyləyim…
– Söyləyin, – deyə rica etdilər.
İşçilər onun əski bir kommunist olduğunu bilirdilər. Həkim qutusunu çıxarıb papirosunu yandırdı, çəkdi. Sonra hekayəyə şuru edərək dedi:
– Söylədiyim aydın olmaq üçün bir keçmişə əl atmalıyam. Mən kəndli övladıyam. Kəndlinin əlində bir parça əkin yeri olar, onu bəcərib məhsulu ilə öz çoluq-çocuqlarını acılıqdan saxlar. Mənim atam Səfərəlinin elə bir parça yeri də olmamış, Həsənqulu ağaya rənçbərlik edərək min məşəqqət ilə öz ailəsinə çörək qazana bilmiş.
Həsənqulu ağa tündməcaz bir mülkədar idi. Atam ondan artıq əziyyət çəkərdi. Anam da ağalıqda qaravaş idi. Binəva göz yaşından başqa, xanımlardan bir hədiyyə almazdı. Mənim də vəzifəm ağalıq qapısında kötək yemək idi. O vaxt mənim doqquz yaşım var idi. Bir ittifaq mənim bu döyüş-söyüşümün qabağını almağa səbəb oldu. Həsənqulu ağanın övladı yox idi. On yaşında qardaşı oğlu Şahbaz bəy onun vahid varisi idi.
Bu uşaq atasız, anasız bir yetim idi. Şəhərdə Leyli məktəbdə tərbiyə alırdı. Nağıl etdiyim il yay tə’tili münasibətilə Şahbaz, əmisikilə gəldi. Nökərlər, qaravaşlar onun başına fırlanırdılar. Nə etsinlər? Gələcək səadətləri onun əlində idi. Şahbaz özü həlim bir çocuq idi, lakin yeri gəldikdə hökmran bir sinif üzvü olduğunu birüzə verirdi. Birinci qədəmdən biz dostlaşdıq, birlikdə oynadıq, birlikdə gəzərdik. Şahbazın qorxusundan heç kəs məni incidə bilməzdi. Onun bu böyük yaxşılığını mən heç bir vaxt unutmaram. Şahbaz həmin yay mənə rusca əlifbanı öyrətdi. Bu isə gələcək səadətimə səbəb oldu. Amma Həsənqulu ağanın xilafi – rə’yi idi, yalnız Şahbazın xatirəsi üçün bir söz deməyirdi. Bir ittifaq mənim məhəbbətimi Şahbaza daha da artırdı. Bir gün çayda çimərkən dərin yerə düşüb boğulurdum. Şahbaz özünü atıb məni çıxartdı. Onun özü yaxşı üzmək bilmirdi. Bu isə tutduğu əməlini bir qədər də qiymətləndirirdi.
Yay bitdi. Şahbaz oxumağa getdi. Bizim üçün yenə məşəqqət günləri başlandı. Atam buna səbir etməyib şəhərə köçdü. Bir müddət işsiz qaldı. Axırda neft zavodunda fəhlə oldu. Gərək Salman əminin yadına gələ.
– Bəli, bəli, yaxşı yadımdadır, – deyə Salman təsdiq etdi.
– Türkdə bir məsəl var, deyərlər: «Yağışdan çıxdım, yağmura düşdüm». Biz də Həsənqulu ağanın zülmündən xilas olduq, zavod sahibi Hacı Səlimin çənkəsinə düşdük. Axırda atamın sol qolunu maşın kəsib atdı, azarxanaya düşdü. Atam nə qədər azarxanada idi, Hacı Səlim onun məvacibini kəsməyirdi ki, şikayət etməsin. Sağalandan sonra bir şey verməyib atamı küçəyə atdı. Məhkəməyə düşdülərsə də, nəticədə məhkəmə işi zavod sahibinə tərəf kəsdi. Əlil atam aralıqda xırdavatçılıq edərək artıq əziyyət ilə gündəlik çörəyimizi qazana bilirdi. Burada mən məktəbə daxil olub sonra «Maarif» cəmiyyətinin yardımı ilə orta təhsil bitirərək Leninqrada getdim. Orada darülfünunun tibb fakültəsinə girdim. Şahbaz bəy ilə görüşdük. Əski dostluğumuz yenə təzələndi. O vaxt Şahbaz institutda me’marlıq oxuyurdu. Məni Şahbaz bəydən ayıran bir şey var idisə, o da sinfi ayrılığı idi. Get-gedə bu ayrılıq dərinləşirdi. Mən orta təhsildə oxuyan zaman bolşevik firqəsinə girmişdim. Buraya gəldikdə firqə təşkilatında çalışmağa başladım. Bunu Şahbaz bilirdi. Bir dəfə bu barədə mübahisəmiz oldu.
– «Kommunizm utopiyadır» – deyə Şahbaz mənlə bəhs etdi.
– Proletariat hökumət qurmağa qadir deyil, o vurar, dağıdar, bəlkə də padşahlığı yıxar, lakin üç gün də olsa hökumət apara bilməz…
– Nə üçün?
– …Çünki tarixdə işçi-kəndli hökumət sürdüyü görülməmişdir.
– Görülməmişdir, indi isə görülər, – deyə mən cavab verdim.
– Sən bir çocuq kimi bəhs edirsən, – deyə Şahbaz hayqırdı.
– Şahbaz, hirslənmək lazım deyil, mənə məntiqli sübutlar gətir. Keçmişdə çox şeylər görünməmişdi, indi görünür. «Tarixdə görünməmişdir, ona görə olmaz» bu bir dəlil deyil ki, sən gətirirsən. Mənçə sən həqiqəti gizlədirsən, qəlbindəkini açıb deməyirsən.
– Mən nəyi gizlədirəm? – deyə Şahbaz sordu.
– Sən hökm sürən bir sinfə mənsubsan, ağalıqdan düşmək istəməyirsən, mətləb buradadır.
– Doğru deyirsən, fəqət mən fikrimi gizlətməyirəm, çünki aydın inanıram ki, hökumət siz kommunistlərin əlinə düşsə, insanları böyük fəlakətə salacaqsınız. İş silah gücünə gəlirsə, məni öz sıranızda yox, müqabilinizdə görərsiniz.
Bu bəhslərdən sonra mən Şahbazdan çəkilməyə başladım.
Bir gecə firqə yoldaşımızın mənzilində gizli müşavirə edirdik. Qəflətən qapı döyüldü. Biz təşvişə düşdük, kim isə məni səslədi. Qapını açdıq, Şahbaz içəri girib dedi:
– Tez olun, kağızlarınızı tələf edin, jandarmlar gəlirlər…
Biz cəld kağızları sobaya atıb yandırdıq. Bir azdan sonra jandarmlar evi əhatə etdilər. İçəriyə soxulub aramağa başladılar. Elə heç bir şey düşmədi. Jandarmların biri Şahbaza diqqətlə baxıb dedi:
– Bu studenti mən buraya gələn gördüm. Yəqin bunlara bizim gələcəyimizi xəbər vermiş.
Şahbazı tutub apardılar. Hərçənd əldə bir sübut yox idi, mən yenə təşvişə düşdüm. Şahbazı bir gecə həbsdə saxlayıb buraxdılar. Mənim ilə görüşdükdə gülərək dedi:
– Hökumət əleyhinə işləyənlər siz, həbsə alınan mən. Bu ittifaq yoldaşlar arasında Şahbazın ehtiramını artırdı. Mən üçüncü kursda olanda ata və anam vəfat etmişdi. Sağ qalan bacım Tahirə idi. O da ali ibtidai məktəbi bitirmişdi. Onu hazırlaşdırıb özüm ilə Peterburqa götürdüm, mamaçalıq kursuna qoydum.
Şahbaz Tahirəni tez-tez teatrlara, konsertlərə aparardı. Onun namuslu bir cavan olduğu mənə mə’lum idi. Ona görə də bacım ilə gəzmələrinə mane olmazdım. Get-gedə Şahbaz ilə Tahirə arasında məhəbbət törədi.
Bunu bildikdə qorxuya düşdüm; çünki bunların evlənməsi geri-mümkün idi. Hərkah Şahbazın özü və ailəsi Həsənqulu ağa da rə’y versəydi, mən razı olmazdım. Ona görə Tahirəni ondan ayırıb görüşməyini qadağan etdim. Bu ittifaq bizim dostluğumuzu pozdu. Tahirə mamaçalıq kursunu bitirib vətəninə qayıtdı. Bu vaxt Fevral inqilabı başlandı. 4-çü kurs tibb tələbələrinə şəhadətnamə verib, Almaniya cəbhəsinə göndərdilər. Göndərilənlər sırasında mən də var idim. Cəbhədə əskərlər arasında bolşevizm və müharibəni yatırmaq propaqandası apardığım üçün məni tutub həbsxanaya saldılar. Oktyabr inqilabı məni həbsdən azad etdi. Sonra vətəndaş müharibəsi başlandı. Üç il Sibirdə, axırda Cənub cəbhələrində Qızıl Ordu içərisində həkimlik vəzifəsini icra edirdim. İyirminci ildə Qızıl Ordu ilə Azərbaycana daxil olduq. İyun əksinqilabi üsyanda mən hərbi lazaretdə həkimlik, bacım Tahirə isə şəfqət bacısı vəzifəsini ifa edirdi. Bacım Tahirə yoldaş Niyazi kimi həmin il bolşevik firqəsinə namizəd olmuşdu. Bir gün yaralılara baxıb yenicə odama girmişdim ki, bir qədər istirahət edəm, Tahirə daxil olub dedi:
– Yeni bir yaralı gətirmişlər, gəl bax.
– Yaxşı, get, bu saat gələrəm, – dedim.
– Xəstənin yarası ağırdır, hər dəqiqəsi xətərlidir, – deyə bacım yalvarıcı bir nəzərlə üzümə baxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-iki-dost-iki-dusmen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.
Laçın yuvasıDrama 3 pərdədə*İştirak edənlər
Birinci pərdəHadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.*Gövhər xanım** (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?
İkinci pərdəBirinci pərdənin səhnəsi.*Pəricahan xanım** (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!