Страница 1 из 3

Birinci pərdənin səhnəsi.

Pəricahan xanım (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!

Hadi lələ daxil olur.

Hadi lələ. Uğurlar olsun, Pəricahan xanım.

Pəricahan xanım. Ah! Hadi lələ! A kişi, haraya getmişdin? Bir aydan artıqdır ki, yox olmusan.

Hadi lələ. Bakıya getmişdim.

Pəricahan xanım. Nə işə?

Hadi lələ. Cahangir ağadan xəbər bilməyə. De görüm Gövhər xanımın xəstəliyi nədir?

Pəricahan xanım. Nə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən biçarə əmməm şam kimi əriyir.

Hadi lələ. Gətirdiyim xəbərdən dirilər.

Pəricahan xanım. Cahangirdənmi xəbər gətirmisən?

Hadi lələ. Bəli.

Pəricahan xanım. Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. Mən sənin barəndə nə fikirdəydim! Əfv et.

Hadi lələ. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi?

Pəricahan xanım. Bəli, mən nə edim. Sən yox olmusdun. Əlbəttə, şübhəyə düşmək olardı.

Hadi lələ. Xanım, fikriniz səhv deyil.

Pəricahan xanım. A kişi, nə deyirsən? Doğrudanmı onlar tərəfə keçmisən?

Hadi lələ. Bəli.

Pəricahan xanım. Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən elə qaniçiçi, dünyanı oda tutub, ziran edənlər tərəfinə keçməzsən. Sən istəməzsən ki, belə gözəl yurdumuz tarmar olub, qızıl qana boyana.

Hadi lələ. Bu son sözlərinə mən də şərikəm. Lakin bolşeviklər qaniçiçi deyillər. Bunlar düşmənlərin iftirasıdır. Bolşeviklər məzlumlar, yoxsullar, füqareyi-kasibə tərəfdarıdırlar. Onların fikri işçi-kəndli sinfini azad etməkdir. Bu yolda öz qanlarını tökürlər. Məgər bu pis bir hərəkətdir? Pəricahan xanım, istəyirsən ki, doğrudan da əcdadının gözəl mülkü və belə binası sən deyən hala düşməsin, sənə həvalə olunan bir təklifi qəbul et. Mən onun üçün buraya göndərilmişəm.

Pəricahan xanım. O nə təklifdir? Səni kim göndərmişdir?

Hadi lələ. Sənə mə’lumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona görə də Qırmızı Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. Hər yerdə kəndlilər Qırmızı Ordu tərəfinə keçirlər. Təklif budur ki, Əmiraslan ağa qovğasız təslim olsun. Səndən başqa da onu bu yola gətirən şəxs tapılmaz. Bizə mə’lumdur ki, bu saat Əmiraslan ağa Nadir bəykildə bəylərlə birlikdə məşvərət edir.

Pəricahan xanım. Mənə bu təklifi kim edir?

Hadi lələ. Cahangir ağa,

Pəricahan xanım. Kim? Cahangir, mənim sevgilim, nişanlım, əmizadəm? Yox, yox, elə iş ola bilməz, inanmıram.

Hadi lələ. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir).

Pəricahan xanım (məktubu açıb oxuyur). Ah! Doğru. Cahangir bolşevik olub. Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir. Ah, ağlım çaşır! Otaq başıma fırlanır. Cahangir, Cahangir, hansı şeytana aldanıb belə alçaq, gədəyə yaraşan vəzifəni öhdənə götürmüsən?! Məni də, sevgili əmizadəni, məhəbbətin uğrunda atəşə yanan nişanlını da belə yola də’vət edirsən? Yox, yox, mən sənin kimi alçaq olmaq istəmirəm. Əcdadımın yurdunu, şərəfini sənin kimi düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram. Hadi kişi, ağan Cahangir məndən cavab istəyir. (Məktubu cırıb Hadi lələyə atarkən.) Bu mənim birinci cavabımdır. (Sonra boynundan qızıl medalyonu, içindəki Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi ürəyim üstə sevə-sevə saxlamışam. Gecələr onu bağrıma basıb əzizləmişəm, öpmüşəm. Ta hicran oduna dözüb, təsəlli tapmışam. Hadi kişi...

Hadi lələ. Pəricahan xanım, kifayətdir. Məni oda yaxma. Mən sənin lələnəm. Səni də Cahangir ağa kimi bu əllərim üstündə bəsləmişəm. Mənə Hadi kişi demə.

Pəricahan xanım. Bolşevik tərəfinə keçmiş lələni mən istəmirəm. Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?

Hadi lələ. Xeyr, xanım.

Pəricahan xanım. İndi görərsən, çıx, ey illərcə qəlbimdə məskən etmiş ilan! Çıx, ey zəhərli, məni atəşə yaxan məhəbbət. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi daha onun üçün qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.

Hadi lələ. Pəricahan xanım, belə etmə, gəl, sən bu qoca lələnin məsləhətinə qulaq as. Bu xanədanın dağılıb, pərakəndə düşməyinə bais olma.

Pəricahan xanım. Bais olan sənin ağan Cahangirdir. Bu nəsihəti ona et. Daha bitdi. Gedə bilərsən!

Hadi lələ. Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. Onda buyurunuz gedək, mənə verdiyin cavabı onun özünə ver, yoxsa, mən bu ağır məs’uliyyəti öhdəmə götürməkdən qorxuram.

Pəricahan xanım. Hə, indi başa düşdüm ki, Cənnətəlinin oğlu Həsəngulu nə üçün yoldan çıxmayıb, mənə elə sərt cavab verirdi. Demək, Cənnətəlinin ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış.

Hadi lələ. Bəli.

Pəricahan xanım. Mən, başına qırmanc çəkdiyim Həsəngulunun evinə getmərəm. Ağan Cahangirin cür’əti varsa, buyurub buraya gəlsin.

Hadi lələ. Cahangir ağanın cür’ətini sən məndən yaxşı bilirsən. Buraya gələrsə, ona heç bir xata toxunmaz, çünki sizi əhatə edənlərin hamısı onun tərəfdarlarıdır. Başından bir tük düşməyə qoymazlar. Əmiraslan ağanın bu saat harada olduğu və atdığı hər qədəm bizə mə’lumdur. Baş üstə cavabını Cahangir ağaya deyərəm, lazım bilsə gələr, bilməsə, qoşuna hücum əmrini verər. Daha başqa əmrin yoxdur ki?

Pəricahan xanım. Yoxdur.

Hadi lələ (gedərkən). Pəricahan xanım, fikirləş. Son peşmançılıq fayda verməz. (Çıxır.)

Pəricahan xanım (tək). Ah! Bu gün başlanacaq müharibəni xatirimə gətirməkdən qorxuram. Bütün bədənim titrəyir. Əmucəm yanında təslim adını çəkmək mümkündürmü? O öz əlləri ilə cəmi evini-eşiyini atəşə tutub yandırar, fəqət təslim olmaz. (Çağırır.) Əhməd! Əhməd! (Səs vermir). Səməd! Səməd! Bunlar harada batmışlar? Səfər! Səfər!

Sənəm daxil olur.

Sənəm. Nə buyurursan, xanım.

Pəricahan xanım. A qız, nökərlər haradadır? Heç səsimə səs verən yoxdur.

Sənəm. Xanım, evdə heç kəs yoxdur.

Pəricahan xanım. Haraya getmişlər? (Sənəm başını aşağı salıb cavab vermir.) Niyə cavab vermirsən?

Sənəm. Xanım, qorxuram.

Pəricahan xanım. Kimdən?

Sənəm. Ərim Əhməddən!

Pəricahan xanım. Nə üçün?

Sənəm. Xanım, xidmətçilərin hamısı bolşevikləri gözləyirlər. Onlar tərəfə keçəcəklər. Nökərlər Cənnətəlikilə getmişlər. Onun oğlu Həsəngulu bolşevikdir.

Pəricahan xanım. Sənəm, sən də onların tərəfdarısan?

Sənəm. Mən yox... Ancaq qorxuram. Əhməd deyir ki, bizim sirrimizi ağalara versən, səni öz əlimlə boğub öldürəcəyəm. Xanım, bir Hadi lələdən başqa heç kimə bel bağlamayın. O da burada yoxdur.

Pəricahan xanım. Ah, safqəlbli, sadədil Sənəm, indi heç özümə də inanmıram. Qorxma, sirrini bir kəsə demərəm, ancaq Əhmədi buradan rədd etmək lazımdır. Başqalarını da o, yoldan çıxarıbdır. Onu özüm kəndə göndərəcəyəm. Əmməm necədir?

Sənəm. Müdam böhran içindədir. Ayılanda da su istəyir. Xanım, izin ver, mən gedim.

Pəricahan xanım. Yaxşı, sən get, yanında ol, bir azdan sonra mən də gələcəyəm. (Sənəm gedir.) Ey zavallı ana, heç bilirsənmi ki, yolunu gözlədiyin oğlun nə fikirdədir? Baba yurdunu tapdayıb, sən xəstə anasının başına küllələr yağdıracaq! Yox, yox, əgər indi buraya gələrsə, sağ buraxmaram. (Divardan asılmış zinətli xəncəri əlinə alır.) Babamın bu şanlı silahı ilə onun xain qəlbini yırtmalıyam (Cahangir ağa daxil olur.) Ah, gəldi! (Xəncəri sıyırıb ona tərəf yönəlir.)

Cahangir ağa (döşünü gərib). Vur!

Pəricahan xanım. Sən nə ixtiyarla buraya qədəm basdın?

Cahangir ağa. Bura mənim yurdum deyilmi?

Pəricahan xanım. Yox. İrəlidə sən bu sarayın, bu yerlərin sahibi Hidayət ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və millət xaini — bolşevik, yoldaş Cahangirsən.

Cahangir ağa. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən. Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə döydüyün Həsəngulu kimi zəhmətkeş yoldaş Cahangirəm. Bəli, burası doğrudur, fəqət mən vətənimin, millətimin düşməni deyiləm. Onun məzlum, miskin, səfil, çılpaq əməkçilərini ən səmimi qəlblə sevən yoldaş Cahangirəm. Onları əsrlərcə zülm və cəhalətdə saxlayan zalımlardan azad etmək yolunda çalışan yoldaş Cahangirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов