Страница 1 из 3

Hadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.

Gövhər xanım (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?

Hadi lələ (mə’yus bir hal ilə). Xeyr, xanım, şəhərdə bir adam qalmadı ki, ondan Cahankir ağanı soruşmamış olam. Lakin bir şey hasil olmadı. Rusiya yolu hər tərəfdən bağlı, bir gediş-gəliş yox...

Gövhər xanım (ağlar səslə). Demək, heç ümid yox, çarə yox...

Hadi lələ. Xanım, birçə çarə var...

Gövhər xanım. O nə çarədir? Tez ol, de, ürəyim tab etmir!

Hadi lələ. Xanım, sənə mə’lumdur ki, Cahankir ağanı bu əllərim üstə böyütmüşəm. Gecələr nağıl deyib yatırtmışam. Gündüzlər gəzdirib muğayat olmuşam. Mən bilirdim ki, onun ayrılığına dözə bilməyəcəyəm. Onun üçün də Rusiyaya gedən zaman Əmiraslan ağanın ayaqlarına yıxılıb yalvardım ki, məni Cahankir ağadan ayırma, onunla Rusiyaya getməyə mənə də izin ver, razı olmadı. Bu əhvalat yadındadırmı?

Gövhər xanım. Bəli, yadımdadır. Sənin də yadındadırmı, mən onun ayaqlarına düşüb yalvardım ki, məni bədbəxt etmə, bu səkkiz il oxuduğu kifayət edər. Bir belə mal-dövlət sahibidir. Daha nəyə ehtiyacı var ki, cavan ömrünü qürbət ölkədə çürüdə. Mənim də sözümə qulaq asmadı. Dedi: «Gərək mənim oğlum universitet qurtara!» Özün də bilirsən ki, istər dünya alt-üst olsun, Əmiraslan ağa dediyindən dönməz.

Hadi lələ. Ağanın o xasiyyətini mən də bilirəm. İndi fikrim budur ki, Bakıya gedəm, oradan bir xəbər biləm. Bu da mümkün olmasa, Rusiyaya gedərəm, ağamı axtarıb taparam.

Gövhər xanım (təəccüblə). Sənmi!

Hadi lələ. Bəli, mən. Gecələr yata bilmirəm, xəyalıma çürbəçür fikirlər gəlir. Deyirəm, bəlkə o təhlükədədir, məni imdada çağırır, məncə burada istirahət edirəm. Yox, xanım, daha səbir edə bilmirəm, getməliyəm.

Gövhər xanım. Hadi lələ, Əmiraslan ağa səni buraxarmı?

Hadi lələ. Bilirəm, buraxmaz, lakin mən ondan izinsiz gedəcəyəm və bir də ağanın mənə nə ehtiyacı var? Qulluğunda duran xidmətçilər çoxdur. Mənim getməyimdən xəbəri olmayacaqdır. Sizin də bu sirri kimsəyə deməyəcəyinizə əminəm.

Gövhər xanım. Ondan arxayın ol, ancaq məni təşvişə salan bir tərəfdən Rusiya yollarının bağlanması, orada və Qafqazda törənən vuruşma, çarpışma, o biri tərəfdən də sənin qocalığındır. A kişi, bu sinində hara gedib çıxacaqsan?

Hadi lələ. Bunların hamısı düzdür, lakin Allahı da unutmamalı, hər bir şey onun əlindədir. Ya mərama nail olacağam, ya da bu yolda fot olacağam.

Gövhər xanım. Hadi lələ, sənin bu fədakarlığın məni bir tərəfdən şad edir, o biri tərəfdən qəmkin. Şadam ki, belə qorxulu üsyan zamanında sənin kimi fədakar, əməkdar xidmətçilərimiz var. Qəmkinəm ki, bu sinində istirahət əvəzinə, belə qorxulu və ağır səfərə gedirsən. Nə deyim? Get, Allah sənə yar olsun. Hərkah oğlumu tapıb mənə yetirsən, səni lazımınca razı edib, ölənə kimi yadımdan çıxarmaram. Yola götürməyə lazımından artıq pul və qızıl verəcəyəm ki, bəlkə onların küçü ilə bir iş görə biləsən.

Bu halda Əmiraslan ağa daxil olur.

Əmiraslan ağa. Yenə baş-başa verib nə plan çəkirsiniz?

Hadi lələ. Ağa, Gövhər xanım ilə mənim, Cahankir ağadan başqa nə söhbətimiz olacaq?

Əmiraslan ağa. Gerçəkdən, Cahankirdən bir xəbər yoxdur. Özüm də mat qalmışam.

Gövhər xanım. Əlbəttə, mat qalarsan. Sənin tərsliyindən indi mən bədbəxt ana çarəsiz qalmışam.

Əmiraslan ağa. Gövhər, sus, yenə övqatımı təlx etmə!

Gövhər xanım. Xeyr, bağışla, bu uzun müddət susduğum kifayət edər! Daha bəsdir! Səbir kasam dolub daşmış. Məni arvad yerində, xanım yerində qoymursansa, övladının anası yerində qoy. Onu da istəmirsənsə, bir yad qadın, bir məzlum insan yerində qoy. Qapındakı nökər qorxudan sənə söz qaytarmırsa da, heç olmasa üzünə baxa bilir, lakin mən ona da cür’ət edə bilmirəm. (Ağlayır.)

Əmiraslan ağa. Gövhər, məndən nə istəyirsən?!

Gövhər xanım. Səndən övladımı istəyirəm!

Əmiraslan ağa. Mən nə edim? Rusiya yolu bağlı, poçt, teleqraf da işləmir.

Gövhər xanım. Bəs bunu nə üçün əzəldən fikir etmədin? Niyə mənim məsləhətimə qulaq asmadın? Səkkiz il oxuduğu bəs idi. Pəricahan haçana kimi onu gözləsin?

Əmiraslan ağa. Bəs sənin istədiyin o idi ki, baqqal Səfdərqulunun nəvəsi Həsənəli məktəb qurtarsın, amma Hidayət ağanın nəvəsi Cahankir ağa yarımtəhsildə qalsın? O ki qaldı Pəricahana, o özü kimnaziyanı qurtarmış bir qızdır. Əmizadəsinin ali məktəbə getməsinə çox şad idi.

Gövhər xanım. Yaxşı, ona razı olmadın, bəs Hadi lələni nə üçün Cahankirdən ayırdın? İndi belə zamanda sən də, mən də arxayın olardıq.

Əmiraslan ağa. Elə bu ağılla mənim işlərimə qarışmaq istəyirsən? 19 yaşında cavana lələmi lazım idi? Bundan əlavə Hadi lələ bu sinində Rusiyada necə yaşaya bilərdi? Getmiş olsaydı, indi o da qırılanlardan biri idi.

Gövhər xanım (iztirabla). Demək Cahankirin diriliyinə ümid yoxdur?

Əmiraslan ağa. Onu demədim. O onun fərasətinə baxar: hərkah başında bir şey varsa, başqaları kimi xarici məmləkətə qaçıb canını qurtarar və bir də mənim oğlum rusların knyaz, qraf, baron və geyri nücəba övladlarından artıq və əzizmidir. Onlar necə olar, o da onlar kimi.

Hadi lələ. Ağa, Cahankir ağa dinc, rəhmdil və hamı ilə mehriban rəftar edən bir cavandır. Onunla kimin işi ola bilər?

Əmiraslan ağa. Belə hərc-mərclikdə onun kimi dilsiz-ağızsızlar tələfə gedə bilərlər. Cahankir mənə və mənim nəslimə əsla oxşamayıbdır. Bax, buna və bunun nəslinə oxşayıbdır. (Barmağı ilə Gövhər xanımı göstərir.) Mənim əcdadım atan, kəsən, vuran, yıxan, hökmdar bir nəsil olmuş. Əbəs yerə familiyamız «Şirzadə» deyildir. Bax, bizim nəsilə layiq mərhum qardaşımın qızı Pəricahandır: at minməkdə, tüfənk atmaqda cümləni heyrətə gətirir.

Bu halda Pəricahan xanım çərkəzi libasda, əlində qırmanc daxil olur və qaçaraq Əmiraslan ağanın boynuna atılır.

Pəricahan xanım. Əmuçə, sənə bir yaxşı xəbər gətirmişəm!

Gövhər xanım. Qızım, Cahankirdənmi?

Pəricahan xanım. Xeyr, əmuçə muştuluğuma nə verəcəksən?

Əmiraslan ağa. Qızım, hər nə istəsən.

Pəricahan xanım. Xaldar dayça mənim.

Əmiraslan ağa. Sənin, ingilis tüfənkim də üstəlik.

Pəricahan xanım. Hadi lələ, sən nə verəcəksən?

Hadi lələ. Xanım, mənim neyim var ki, nə də verim?

Pəricahan xanım. Sən də bu gecə mənə Mələkzadə nağılı kimi gözəl bir nağıl söyləyərsən.

Əmiraslan ağa. İndi söylə görüm nə xəbər gətirmisən?

Pəricahan xanım. Əvvəl mənə bir qəziyyə üz verdiyini söyləyim, sonra gətirdiyim xəbəri. Əmuçə, qaşqa at altımda qorqudan gəlirdim. Qarşıma bir kəndli çıxdı. Qaşqa atı çamura salmağa heyfim gəldi. Oğlana dedim: «Yoldan çıx!» Kəndli mənə açıqlı baxıb dedi: «Heyvanı məndən əzizmi tutursan, mən niyə çamura girim?» Bu cavabdan qan başıma sıçradı. Qaşqa atı tərkimləyib kəndliyə bir elə qırmanc çəkdim ki, özünü qurbağa kimi çamura atdı.

Əmiraslan ağa. Afərin, qızım, əcəb etmisən. Gərək qabağına salıb buraya gətirəydin. Cəzasını mən verərdim. Kəndlini tanıdınmı?

Pəricahan xanım. Bəli, Adil dayının sabiq rəiyyəti Həsənqulu idi. Daldan qışqırdı ki, «Dayanın, ay ağalar, vaxtınız yaxınlaşmışdır».

Əmiraslan ağa. Elə itaətsizlik ancaq Adil bəyin rəiyyətlərindən baş verir. İxtiyar verib kəndliləri başına çıxartmışdır.

Hadi lələ. Həsənqulu ilə atası Cənnətəli də bacarmayır. Davakar, sərt dəliqanlının biridir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Son ümid

Üç yoldaş… Çar hökumətindən qalma üç töhfə… zəhmətkeşlərin sabiq suluqları, yeni məişətin üfunətli mikrobları.Biri burjuaziya sinfinin zəngin və şöhrət sahibi, müvəkkili, ismi Həzrətqulu. Sabiqdə iki ağa kəlməsinin izafəsilə, biri başda, biri axırda, Ağa Həzrətqulu ağa.

7 мин
Bax mən buna yoxam

İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yorulmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamkildə bir qədər dinçini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60–70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü. Qulam ilə salamlaşıb xəstə çocuğunun halını soruşdu.

7 мин
Şərq qadını yeni yolda

Dörd ay davam edən Köln mətbuat sərgisi artıq bitmişdi. Köln şəhərindən hər tərəfə hərəkət edən qatarlar minliklərlə dolu idi. Kupelərdə davam edən söhbətin çoxu sərgidən idi. Hər kəs oradan aldığı zövq və tə’sirdən bəhs edirdi. Artıq məharət və səliqə ilə tərtib olunmuş, müxtəlif növlü Şura ekspontları hamının diqqətini cəlb etmişdi. Birinciliyi qazanan Şuralar mətbuatı az bir zamanda div addımları ilə irəlilədiyini sübuta yetirmiş idi. Bunu düşmənlər belə inkar edə bilməyirlərdi.Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində «Pari-Midi» müxbiri Müsyo Çujon və İnkiltərə qəzetlərindən «Yorkşayer Yunk nus» müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirdilər.

8 мин
Gənc maşinistka və qoca yazıçı

On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz. Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz. Çəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox. O, bir sözlə, Şura balasıdır. Adı Nərkiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərkiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzkihənki oynardı. Nərkiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm – demək əsərdən aldığı zövq, nəş’ə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar – demək əsərdən aldığı zövq, nəş’ə ona artıq tə’sir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar – bu da əsərdən aldığı bədii həyəcandır.Nərkiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda ağızları da bekar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə, həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.

3 мин

Стихи других поэтов