İkinci pərdə
Страница 3 из 3 · 67%
Əmiraslan ağa. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?
Molla Sadıq. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.
Əmiraslan ağa. Çox xoş gəlmişsən. Gözüm üstə yerin var. Bu gün mənimlə bərabər tüfəng götürüb o dediyin dinimizi, şəriətimizi düşməndən mühafizə edəcəksən. Yoxsa, boş yerə nə və’z edirsən?
Mehrəli bəy. Əmiraslan ağa düz buyurur.
Molla Sadıq. Mən ömrümdə əlimə silah almamışam.
Hacı İmamqulu. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.
Əmiraslan ağa. İndi götürərsiniz.
Molla Sadıq. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir ağanın başına çevir, azad et. Mən də bu yolda ölənlərimizi dəfn edib, dua edərəm ki, allah onların günahlarından keçsin.
Hacı İmamqulu. Məni də arvad-uşaqların keşiyini çəkməyə tə’yin et.
Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.
Əmiraslan ağa. Səlim bəy, nə üçün qayıtdın?..
Səlim bəy. Heydər bəy qaytardı.
Əmiraslan ağa. Heydər bəy? Nə üçün?..
Heydər bəy. Muxtar bəyin dəstəsi qırmızılar tərəfindən əhatə olunub təslimə məcbur olmuşdur.
Əmiraslan ağa. Ah, nə fəna xəbər? Bəs Muxtar bəyin özü necə olubdur?
Heydər bəy. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri onu yaralı halında Qayadibi kəndinə aparmışlar. Xülasə, onun barəsində heç bir düz xəbər yoxdur.
Əmiraslan ağa. Uçurum dərəsini boşaltmamısan ki?
Heydər bəy. Xeyr, lakin qırmızılar çəmi qüvvəsini Qayadibi kəndinə atmış. Mənim müqabilimdə heç kəs yoxdur.
Əmiraslan ağa. Ona baxma, vaxt ki qırmızılar Qayadibini almaq fikrindədir, Uçurum dərəsinin böyük əhəmiyyəti var. İndi sənin qüvvəni daha da artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.
Heydər bəy. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb həlak edərəm, fəqət geriyə çəkilmərəm.
Əmiraslan ağa. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy, sən yaralısan, burada qal. Arvad-uşaqları «Laçın yuvası»na topla. Səlim bəy, biz də Qayadibinin köməyinə gedək.
Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.
Cəfərqulu. Ağa. Qayadibi kəndini bolşeviklər aldı.
Qorxurlar.
Molla Sadıq. Buradan qaçmaq! İndi buraya gələrlər.
Hacı İmamqulu. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.
Əmiraslan ağa. Sakit! Qorxaq yassarlar! Cəfərqulu, Qayadibi çox möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa dönüklük olmuşdur?
Cəfərqulu. Xeyr, ağa, bizimkilər çox mərdanə vuruşdular, ancaq iki səbəb təslimə baiş oldu. Biri, kəndin qaya tərəfi tutulub açılması...
Əmiraslan ağa. Qoşuna bələdçi olmasa, o yolu kimsə bilməz. Yəqin kəndçilərdən bir binamus çıxmışdır.
Cəfərqulu. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.
Əmiraslan ağa. Bəs kimdən çıxmış?
Cəfərqulu. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.
Bəylər. Ay binamus!
Molla Sadıq. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi, bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.
Hacı İmamqulu. Ah, oğlum sağ imiş, gəlib çıxdı.
Mehrəli bəy. Elə biqeyrət oğul heç gəlib çıxmayacaydı.
Əmiraslan ağa. İkinci səbəb?
Cəfərqulu. Ağa, soruşma, deməyə cür’ət etmirəm.
Əmiraslan ağa. Sənə əmr edirəm, de!
Cəfərqulu. İkinci səbəb qırmızıların başında duran şəxs...
Əmiraslan ağa. O kimdir?
Cəfərqulu. Cahangir ağa!
Hamı. Ah!
Əmiraslan ağa (əlini xəncərin dəstəsinə qoyur). Sus! Qorxudan gözlərinizə qaranlıq çökub, kimi isə mənim oğluma oxşatmışsınız. Mənim nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.
Ədil bəy və Hadi lələ daxil olurlar.
Ədil bəy. Bu partıltını, qurultunu eşitmirsiniz? Bu nə toplanıb söhbət etməkdir?
Mehrəli bəy. Biz sənin kimi millətə xain olub, vətəni satmamışıq. Onun uğrunda canlar fəda etməyə yığışmışıq.
Ədil bəy. Mehrəli bəy, bu yalançı sözləri burax. Mən sizin əsil məqsədinizi gözəlcəsinə bilirəm. Nə üçün «vətən, millət» deyə bağıraraq, bu məzlum kəndliləri qırdırırsınız? Onların çoxu hələ öz mənfəətlərini anlamamışlar, onun üçün də qırmızılarla müharibə edirlər. Fəqət tezliklə anlayacaqlar. Onda süngünü bolşeviklərə yox, sizin üzərinizə çevirəcəklər. Siz, qəhrəman, tac-taxtları zəlzələyə salan Qırmızı Ordunun müqabilindəmi durmaq istəyirsiniz? Neçə oldu kolçaqlar, yudeniçlər, denikinlər?
Məni bölük komandiri axırıncı dəfə olaraq sizin yanınıza göndərmiş. Qan tökülməmiş təslim olmağınızı tələb edir.
Səlim bəy. Bizə birinci dəfədir ki, təslim təklif olunur. Amma siz axırıncı dəfə olaraq deyirsiniz.
Ədil bəy. Birinci dəfə bu Hadi lələ təslim əmrini gətirmişdir.
Əmiraslan ağa. Elə təklif olmamış, ola da bilməz.
Ədil bəy. Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?
Hadi lələ. Bəli.
Əmiraslan ağa. Pəricahan mənə bir şey deməmişdir.
Hadi lələ. Xanım məktubu oxuduqdan sonra cırıb atdı.
Əmiraslan ağa. Ah, nə gözəl cavab! Yaşasın qəhrəman qızım! (Qışqırır.) Pəricahan!
Pəricahan xanım çərkəz libasında, üstü əsləhəli daxil olur.
Pəricahan xanım. Məni çağırırsan, əmücəm?
Əmiraslan ağa. Bəli, səni, qeyrətli qardaşımın igid qızı! De görüm, cırdığın məktub kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım, niyə dinmirsən?
Pəricahan xanım. Məktub qırmızıların komandiri Cahangirdən idi.
Əmiraslan ağa (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş! Ağalar, bu divarda çəkilmiş rəsmlərə baxınız. Bu, Rüstəm zalın, o da oğlu Söhrabın rəsmidir. Rüstəm müharibədə övladını tanımamış, onun sinəsini paralamışdır. Mən isə bu gün mənə xain olmuş ciyərparəmi bu xəncər ilə qətl edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca!
Ədil bəy və Hadi lələdən başqa qeyriləri çıxırlar.
Ədil bəy. Bacım Gövhər əhvalatı bilirmi?
Hadi lələ. Xeyr, xəstəliyi cəhətincə deməyi məsləhət bilmədim və başqalarına da tapşırmışam ki, deməsinlər.
Ədil bəy. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı yoxlayıb gəlirəm.
Çıxırlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-lacin-yuvasi-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.*Qafar**. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?
Türk birliyiBir pərdədə*Məişətimizdən bir şəkil*
Qaranlıqdan işığaBir pərdəli piyes*1921*
İki yolFaciə bir pərdədə*1922*
Стихи других поэтов
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
NərimanNəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür