Səhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.

Qafar. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?

Mirzə Fərəc. Adə Məşədi Qafar, olmaya ağalar Molla əmini dolaşdırıb tutdurdular. Kişinin başbileti də yoxdur.

Qafar. Bəs mən verdiyim udasteverenni nədir?

Mirzə Fərəc. O kağız sənin adınadır, Molla əminin adına deyil ki?

Qafar. Molla əmi deyər ki, Məşədi Qafar mən özüməm.

Mirzə Fərəc. Molla əmi onu deməz, desə də inanmazlar. Çünki molla libasında başı əmaməli pinəçi olmaz. Mənim udasteverennim olsaydı, inanardılar. Çünki o da oxumuş adamdır, mən də. O da, abalı, qurşaqlıdır mən də.

Qafar. A Mirzə Fərəc, yenə oxumaqdan dəm vurursan? Mən sənin kimi oxumuşlara bir qara köpük də vermərəm. Kişi, sən düz kağız yazmağı da bacarmırsan.

Mirzə Fərəc. Adə, mən düz yaza bilmirəm? Mənim kimi məktub yazmağı heç sənin baban da bacarmaz!

Qafar. Mənim babam İranda molla imiş. Rəhmətlik sağ qalsaydı, indi müctəhid olmuşdu.

Mirzə Fərəc. Mənim də babam fərraş imiş. Rəhmətlik ölməsəymiş, indi Həmədanda hakim idi.

Şahsənəm. A Külpəri, görəsən bizi bu külbaşlara ərə verən zaman ağılları harada imiş?

Qafar. A Mirzə Fərəc, bu dünya gözəllərinə elçi gedib bəyənən vaxtı analarımızın gözləri harada imiş?

Bayırda avtomobil fit verir.

Şahsənəm (pəncərədən baxarkən). Qafar, qapımıza avtomobil gəlir. Bu nə işdir?

Qafar (baxır.) Nəmənə? Molla əmidir?! Avtomobildə gəlir?!

Mirzə Fərəc. Kişi, nə deyirsən? (Durub baxır.) Doğru.

Molla Nəsrəddin daxil olur.

Molla Nəsrəddin. Axşamın xeyir, a Şahsənəm! Külpəri, kefin necədir?

Şahsənəm. Aqibətin xeyir, a Molla əmi. Mənim bu evim, eşiyim sənə qurban olsun! Bu döşəkçənin üstə otur.

Molla Nəsrəddin oturur.

Qafar. Arvad, mütəkkəni qoy, Molla əmi söykənib, rahat olsun.

Şahsənəm. Bu saat.

Mütəkkə gətirib qoyur.

Mirzə Fərəc. Molla əmi, səndən çox nikaran idik. Dedik görəsən kişinin başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı.

Molla Nəsrəddin. Mirzə Fərəc, başıma çox qəzavü-qədər gəlibdir. Söyləyəcəyəm.

Şahsənəm çay tökub onun qabağına qoyur.

Şahsənəm. Molla əmi, bilirəm, Təbriz çayına öyrənmisən, bizim bu payok çayı xoşuna gəlməyəcəkdir. Kişi bazardan keç gəldi. Yaxşı çay ala bilmədik.

Molla Nəsrəddin. Şahsənəm, susuzluğum var. Hər nə çür çay olsa içəcəyəm.

Külpəri çay tökür, Şahsənəm də paylayır.

Qafar. Molla əmi! Mənim kağızım işə gəldi?

Molla Nəsrəddin. Çox yaxşı!

Qafar. Mirzə Fərəc, eşidirsənmi?

Mirzə Fərəc. Molla əmi, demək mollalığı atıb Pinəçi Qafar oldun?

Molla Nəsrəddin (gülür). Xeyr, Mirzə Fərəc, hiyləyi-şər qurdum. Sabiq ağalar mənə bihörmətlik etmək istədilər. Üstümə hücum etdikdə, Qafarın kağızını əlimə alıb dedim: — hər kəs bu möhürlü kağızın sahibinə əl qaldırsa, özünü çekada görər. Ağalar qorxudan özlərini itirib — xeyr, Molla əmi, biz səninlə zarafat edirik dedilər.

Gülüşürlər.

Qafar. Mirzə Fərəc, mənim kağızımın gücünü gördün?

Mirzə Fərəc. Sənin kağızın yox, Molla əminin ustalığı bəllidir.

Qafar. Sənin deməyinə görə kommunxozun kağızı sənin narkomprosunun kağızından alçaqdır.

Molla Nəsrəddin. Necə? Qafar o sözü bir də de!

Qafar. Kommunxoz.

Molla Nəsrəddin. Kommunxoz! Qoca Nəsirin başına bəla gətirən kommunxoz! A kişilər, oylə ki, ağaların əlindən xilas oldum, bazarı bir qədər dolandım. Küçələri çox natəmiz gördüm. Kommunxozun qulluğuna getmək fikrinə düşdüm. Lakin kommunxoz sözünü unutdum. Qocalıq əlaməti, hafizəsizlik bəlası.

Külpəri. Molla əmi, onda Mirzə Fərəcdən xəbərin yoxdur. Üç həftə bundan irəli kişi Qızxanım və Şahpəri üçün İrana kağız yazır. Qızxanımın kağızını Şahpərinin paketinə, Şahpərinin kağızını Qızxanımın paketinə qoyub başlarını bağlayır. Arvadlar poçta salırlar. Kişi onların davalarını indi də çəkir.

Gülüşürlər.

Molla Nəsrəddin. Hə, hər kəsdən köhnə dumun yolunu soruşdum, cavab əvəzinə məzəmmət aldım. Bir rus arvadından soruşdum, cavab əvəzinə qaradovoy çağırdı. Məni özü ilə çasta apardı.

Mirzə Fərəc. Molla əmi, qaradovoy yox, milisioner.

Qafar. A kişi, sözü yenə qələt deyirsən, «milisner».

Şahsənəm. Daha bəsdir, yenə mübahisəni başlamayın. Qoyun, kişi sözünü desin.

Molla Nəsrəddin. Qoyun, əhvalatı nəql edim. sonra ikinizin də qələtinizi tutacağam. Mən çasta gedəsi, Azərbaycanın daxili komissarı orada olası. O mənim əski dostumdur. Məni görcək dedi: A Molla əmi, sən bura xoş gəlmisən! Dedim: Ay oğlum xoş ilə gəlməmişəm, məni zor ilə gətiriblər. Əhvalatı nəql etdim. Çox güldü, dedi: Sən həmişə fəhlə-kəndli tərəfdarı olmusan. Biz sənin qədrini bilirik. Sonra mənə bir sizinki kimi, bir də başqa kağız verdi. Dedi: Molla əmi, indi hansı idarəyə istəsən gedə bilərsən, qüsurlarımızı da göstərə bilərsən. Biz tənqiddən qorxmarıq. Sonra öz avtomobili ilə buraya göndərdi. Yolda ağaların üçünü də bir yerdə gedən gördüm. Mənə elə bellərini bükub baş əydilər ki, heç keçmiş vaxt kəndli, fəhlə də onlara oylə baş əyməmişdi.

Gülüşürlər.

Mirzə Fərəc. Molla əmi, gərək mənim də işimə bir əncam çəkəsən.

Molla Nəsrəddin. Hansı işinə, a Mirzə Fərəc?

Mirzə Fərəc. Narkomprosa deyəsən məni şkola müəllim tə’yin etsin.

Şahsənəm. Elə bir o qalmışdı ki, sənin kimi qocalara uşaq tapşırsınlar!

Qafar. Arvad, sən bu işlərə qarışma...

Molla Nəsrəddin. Mirzə Fərəc! Şahsənəm doğru deyir. Sən ilə mənim mollalığım keçdi. İndi cavan adamlar lazımdır.

Mirzə Fərəc. Molla əmi, başına and olsun məndən çox qoca adamları müəllim tə’yin ediblər. Heç olmasa mən də gecə kurslarına dərs deyərəm.

Molla Nəsrəddin. İndi səni imtahan edərəm. Bu təzə dili bilsən, mən də təvəqqe edərəm. (Qoltuğundan dəftərçəsini çıxarıb baxır.)

Molla Nəsrəddin. De görüm idarələrin ən böyüyü hansıdır?

Mirzə Fərəc. Sovkom.

Molla Nəsrəddin. Qafar, belədir?

Qafar. Xeyr, Molla əmi, Narsovkom?

Mirzə Fərəc. Adə, sən get pinəçiliyini elə! Belə şeyləri bilməzsən. Molla əmi, sən ona qulaq asma, mən deyənə bax.

Qafar. Mirzə Fərəc, bir mənə qulaq ver. Kişi, bu yeni dildə «kom», «sov», «nar» sözləri çox işlənir. Mən bunların mə’nasını bilmirəm. Bunu boynuma alıram. Ancaq onu bilirəm ki, «nar» böyüklük göstərir. Hansı komun başına qonursa, onu böyük edir. İndi anladınmı?

Molla Nəsrəddin. A Şahsənəm, deyəsən bunların heç biri bu təzə dili yaxşı bilmir.

Şahsənəm. Molla əmi, yaxşı başa düşmüsən. Bunları qoyasan oylə mübahisə edələr. Mən də, Külpəri də bunların sözləşməsindən təngə gəlmişik. Kişi, belə söyüşməyə davaya çıxırlar. Həftələrlə küs baxılırlar.

Mirzə Fərəc. A Molla əmi, sən özün bizə həkəm ol. Mən deyirəm bu «damkom sözü bizim «dam» sözündəndir. Qafar deyir xeyr, urusun «dom» sözündəndir. Hansımız düz deyirik?

Molla Nəsrəddin. Hansınız düz deyirsiniz mən də bilmirəm. Ancaq bu gün məni bəlaya salan o «dom» sözü oldu. Oylə ki, o matışkaya dedim: — madam, baçaliska poydom domoy — mənim üstümə qışqırıb rayona apardı. O dostum böyük idarələrin adlarını dedi, mən də dəftərimə yazdım. Hə, tapdım «sovnarkom», gördünüz ki, ikiniz də qələt deyirsiniz.

Qafar. Molla əmi, sənin dostun səhv edir. Kişi, «nar» gərək başda dursun.

Şahsənəm. Aley, gül sənin o höccət başına. O hökumət adamı bilmədi, sən Pinəçi Qafar bildin?

Molla Nəsrəddin. Burada ən böyük idarənin adını yazmışam, amma özüm də oxuya bilmirəm. Tərs kimi zirzəbərin də qoymamışam.

Qafar. Molla əmi, sən ora-burasından de, mən düzəldərəm.

Molla Nəsrəddin. Baş kəlməni aydın oxuyuram. «Az»tsik...

Qafar. Hə, Aztsika.

Molla Nəsrəddin. Yox, Qafar, sən düz demirsən. Qoy qalsın. Bu dili yaxşı biləndən öyrənərik. Ay uşaqlar, dil bəlasını çəkdiyimiz zaman ortalığa əlifba bəlası gəldi. Deyəsən, bu ərəb əlifbasının dəyişilmək zamanı gəlib çatmışdır.

Mirzə Fərəc. Kişi nə danışırsan?

Molla Nəsrəddin. İran durur, sən durursan.

Şahsənəm. Molla əmi, izin ver, süfrəni salım.

Molla Nəsrəddin. Çox gözəl olar.

Şahsənəm ilə Külpəri süfrə salmağa məşğul olurlar.

Mirzə Fərəc. Molla əmi, bolşeviklər hər şeyə əl atırlar. Qorxuram, sən demiş bu əlifbaya əl atalar.

Molla Nəsrəddin. Mirzə Fərəc, əlifba məsələsi çoxdandır. Dəyişilməsi əski hökumətlərə sərfə deyil idi. Onun üçün də qoymayırdılar. İndi Şura hökuməti latın hərflərinə keçəcəklər.

Qafar. Molla əmi, bu bədbəxt heç indikini yaxşı bilmir. O təzəni necə öyrənəcəkdir?

Mirzə Fərəc. Qafar! Sən pinəçi adamsan nə üçün aləm işinə qarışırsan?

Şahsənəm. Molla əmi, süfrə hazırdır. Buyur.

Qalxıb süfrə tərəfə gedirlər.

Molla əmi, gəl irəli,
Şahsənəmin çan pitisi
Gör nə bişib lap yeməli
Dərdinə dərman pitisi.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов