Səhnə bir küçə göstərir. Molla Nəsrəddin sabiq ağaların əlindən xilas olduqdan sonra kommunxoz idarəsinə getmək istəyir. Lakin o sözü unudub, küçədən gedən adamlardan soruşmaq istəyir. Rəcəb ilə Cavadı dayandırıb soruşur.

Molla Nəsrəddin. A yoldaşlar, bircə dayanın, sizdən bir soruşmalım var.

Rəcəb. Bizim molla ilə yoldaşlığımız tutmaz. Bizim sənətimiz başqa şeydir.

Cavad. Rəcəb, qoy kişi sözünü desin. Kim bilir, bəlkə yoldaşlığımız tutdu. Görmürsən ki, bura adamına oxşamır. Bəlkə molla libasında... o söz.

Rəcəb. Doğru deyirsən. Molla əmi, buyur görək, bizdən nə soruşmaq istəyirsən?

Molla Nəsrəddin. Sizdən bir söz soruşmaq istəyirəm. Ancaq yadımdan çıxıbdır. Nə edim, qoca kişiyəm, hafizəm yoxdur. Pinəçi Qafar ilə Mirzə Fərəc öyrətdilər, yenə də unutdum. Belə qozdur, xozdur, buna oxşayan bir sözdür.

Cavad. Molla dayı, bizdən çəkinmə, malıyın əsil adını de.

Rəcəb. Molla əmi, biz də aramızda sövdə edəndə kuya qoz alırıq, kişmiş satırıq, deyirik. Lakin əsil alış-verişimiz başqa şeydir... o söz.

Molla Nəsrəddin. A balam, mən sizi başa düşə bilmirəm, açıq danışın.

Cavad. Düzü, biz qızıl alış-veriş edirik. Bizə spekulyant deyərlər. Sən, deyəsən, İrandan gəlmişsən. Qrandan, lirədən, dollardan nəyin var isə, qiymətini de, sövdəni başlayaq.

Molla Nəsrəddin. Düzdür, mən İrandan gəlmişəm, lakin siz deyən şeylər məndə yoxdur.

Rəcəb. Sənə deməmdim ki, bizim molla ilə yoldaşlığımız tutmaz. Onlardan kim xeyir görmüş ki, biz də görək.

Cavad. Rəhmətliyin oğlu bizi işdən, gücdən qoyubdur ki, nə var, sizdən söz soruşacağam.

Rəcəb. Gəl gedək. İndi Malakan bağında rəqiblərimiz işlərini düzəltdilər.

Cavad. İndi, Allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu!

Gedirlər

Molla Nəsrəddin. Bolşeviklərin də bu möhtəkirlərlə bacarmadıqlarını görürəm! (Erməni keşişini görüb.) Axper, bir dayan!

Keşiş. Qila niyə dayanmıram, dayanaram. Görürəm sən də mən dərdlisən. Gəl iki bədbəxt ürəyimizi bir-birimizə boşaldaq. Qila, a Molla! Gördün ki, bu şeytan bolşeviklər biz ruhanilərin başına nə gətirdilər?

Molla Nəsrəddin. Nə gətirdilər, axper?

Keşiş. Daha nə gətirəcəklər? Qila bu evi bərbad olmuş bolşeviklər çörəyimizi kəsdilər.

Molla Nəsrəddin. Necə?

Keşiş. İndi heç kəs gəlib bizə kəbin kəsdirmir. Hamı dindən, masapdan çıxıbdır. Qila, indi oğlan qıza deyir: Bana gələrsən? Qila, qız da oğlana deyir gələrəm. İş bunla qurtarır. Daha bizə işləri yoxdur.

Molla Nəsrəddin. Axper, burada təqsir kimdədir?

Keşiş. Kimdə olacaq? Əlbəttə bolşeviklərdədir.

Molla Nəsrəddin. Xeyr, axper, bizdədir. Biz din, məzhəb ilə alış-veriş edib, ciblərimizi pul ilə doldururduq. Molla ilə də keşişin cibinin böyüklüyü də zərb-məsəl olmuşdur.

Keşiş. Ban elə bildim ki, molladan bolşevik olmaz. Sən, qila, bolşeviklərin atasısanmış. Banım səninlə söhbətim tutmaz. Qila, xudahafis. (Gedir.)

Molla Nəsrəddin. Bizim mollalara həqiqəti söyləyəndə ya kafirsən, ya da babisən deyərdilər. İndi onların əvəzinə bolşeviksən deyirlər. (Me’mar keçir.) — Tovariş, baçaliska...

Me’mar. Kakoy çort ya tebe tovariş. Stolka let trudilsiya okonçil vısşeye uçebnoye zavedeniye i vdruq tovariş kakomuto staromu mulle! (Gedir.)

Molla Nəsrəddin. Mənə açığı tutdu. Görünür Qafar deyən həqiqi ruslardandır. (Çörəkçi başında çörəklə dolu tabaq oxuya-oxuya gəlir.) A çörəkçi qardaş, bir dayan!

Çörəkçi. Baş üstə! (Tabağı başından endirib yerə qoyur.) Molla əmi, indicə təndirdən çıxartmışam. Gör nə ağ çörəkdir. Xalis sarıbuğda unundan bişibdir. Deyəcəksən kirvənkəsi otuz min manata bahadır. Vallahi, kişi, baha deyil! İndiki otuz min köhnə pul ilə üç köpik edir. Bahadır?

Molla Nəsrəddin. A balam, mən çörək almıram. Səndən köhnə dumun yolunu soruşuram. Oraya gedəcəyəm.

Çörəkçi. Rəhmətliyin oğlu, işdən-gücdən avara edibdir ki, mənə köhnə dumun yolunu göstər. Bilirəm bizdən şikayət etmək istəyirsiniz. (Tabağı başına qaldırır.) Biz çörəkçilərlə nə köhnə dum, nə təzə dum, nə sovnarkom, nə kommunxoz, nə refkom, nə uçkom, nə domkom heç kəs bacara bilməz. Çörəyi gündə beş min artıracayıq. (Gedir.)

Molla Nəsrəddin. O dediyi sözlərin içində mən axtaran da var idi. Amma zalım oğlu oylə tez-tez dedi ki, bir kom, komdan başqa heç biri yadımda qalmadı. (İvanova gəlir.) Baçaliska, madam. Dom mini bakaçı, baydom domoy...

İvanova. Çto? Ax tı starıy çort! Menya domoy priqlaşayeş? Ya tebe seyças pokaju.

Molla Nəsrəddin. Bunun da açığı tutdu.

İvanova. Milisioner!

Milisioner gəlir.

Milisioner. Çto skajite tovariş?

İvanova. Etot starıy çort priqlaşayet menya k sebe domoy. Ponimayete.

Milisioner. Da ponimayu.

İvanova. Tak vozmite yeqo v rayon.

Milisioner. Molla, gedək!

Molla Nəsrəddin. Haraya?

Milisioner. Rayona!

Molla Nəsrəddin. Nə üçün?

Milisioner. Sən bu arvada satışmısan.

Molla Nəsrəddin. Mən ona satışmamışam. Söz soruşmuşam. Görünür, məni başa düşməmiş.

İvanova. Çto yeqo sluşayete? Vozmite v rayon, tam razberut.

Milisioner. Molla, gedək, orada mə’lum olar.

Molla Nəsrəddin. A balam, vallah, mənim təqsirim yoxdur.

Milisioner. Çox danışma. Orada mə’lum olar.

Üçü də gedir.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tutuquşu

Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa hardansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumağla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bəliğ nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb «Əhsən! Əhsən!» dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:– Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim.

1 мин
Qan bulağı

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, ə’zasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Əlalxüsus susuzluq gəncə artıq tə’sir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

6 мин
Ümid çırağı

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şö’ləsi bağçaya düşərək oranın zənkin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvrıcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

4 мин
Cəhalət qurbanı

Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə elə bir dərin tə’sir buraxmış, qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.Səkkiz yaşında uşaq ikən «Seyidli» adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

14 мин

Стихи других поэтов