İkinci şəkil
Səhnə Quba meydanının bir guşəsini göstərir. Vəli bəy qovrulmuş şabalıd, Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar.
Ağa Saleh. Halvası, halvası! Silatki halvası! Nastayaşni malmalat!
Vəli bəy. Jrinni kaştan! Kaştan!
Ağa Şirəli. Qovurma, qovurma! Yağlı qovurma!
Ağa Saleh. Şirəli, malıyın əsil adını desənə?
Ağa Şirəli. Ay onun adı batsın! Qovurma, qovurma! Adı yaman, özü dadlı!
Vəli bəy. Hey, get ey fələk, hey! Keçmişdə o hadim vaxtımda bir axşamçağı küçə ilə gedirdim. Qəflətən bir şey partladı. Dedim, yəqin məni atdılar. O vaxtı düşmənlərim çox idi. Baxıb gördüm ki, bir həmşəri şabalut qovurur. Duydum ki, məni ürəkdöyməyə salan şabalut partıltısı imiş. Şabalutu ayağımla vurub küçə ilə bir elədim. İndi qazanın işinə bax ki, özüm şabalut qovurub satıram. Hanı keçmiş dövran! Dəmlər o dəmlər idi, zaman o zaman idi!
Ağa Şirəli. Vəli bəy, mən də keçmişdə, o gözəl vaxtda bir gecə restoranda yoldaşlarımla (indiki yoldaşlarımı demirəm ha) kef edirdim. Hər çür içki içib sərxoş olan zaman həmin indi bu halva satan dostumuz Ağa Saleh gəlib çıxdı. Dedi: sizin hamınızı ştraf edəcəyəm, nə üçün mənsiz keyf edirsiniz. Gərək bu saat stol təzələnə! Konyak, vodka meydana gələ. Qovurmaçı Mehrinin də adı yaman, özü dadlı qovurması da burada hazır ola. Ağa Salehin də bir sözü iki olmazdı. Bəli, qovurma hazır oldu. Biz də təzədən lül gənbərqulu olduq. Ah, dəmlər o dəmlər idi, zaman o zaman idi!
Ağa Saleh. Düzdür, dəmlər o dəmlər idi. Fəqət biz də müdəm məst olub, bizə dərin quyu qazan bolşeviklərə kömək edən molla nəsrəddinləri vaxtında tələf etmədik.
Vəli bəy. Bunu Ağa Saleh doğru deyir. Molla Nəsrəddinin jurnalından kəndli-fəhlə məsələsi düşməyirdi.
Ağa Şirəli. Onda mənim də yanığım var. Ah! Bir gəlib buraya çıxaydı, onun o uzun hanalı saqqalında bir tük qoymazdım!
Vəli bəy. Mən də onun ala-bula əmmaməsini bu saça salıb, şabalut kimi qovurardım.
Ağa Şirəli. Aman! Ya rəbb! Odur, Molla Nəsrəddin gəlir.
Molla Nəsrəddin daxil olur, onlara diqqətlə baxır.
Molla Nəsrəddin. Salamaleykum, ey sabiq ağalar, xozeyinlər, indi qovurma, halva satan füqərayi-kasibə!
Ağa Saleh. Əleykumassalam, ey bizləri bu günə qoyan fitnə-füçur Xaçə Nəsir, qoca Nəsir!
Molla Nəsrəddin. Hə! İndi mən deyənə gəlmisiniz!
Vəli bəy. Oylə ki, sən biz bəylərə külünk vururdun, axırda bu günə düşəcək idik. Müdam biz mülkədarların əleyhinə yazdın:
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş
Toxum əkməyə dehqanları neylərdin, ilahi,
İş rəncbərin, küç öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin, ilahi.
Ağa Saleh. Fəhlələri də bizim üstümüzə qaldırmağa yazırdın:
Fəhlə, özünü sən də bir insanmı sanırsan?
Pulsuz kişi, insanlığı asanmı sanırsan?
O qədər belə yazdın ki, axırda onlar da üsyan edib, bizləri bu günə saldılar.
Molla Nəsrəddin. Hə, başa düşürəm. Siz ağa xozeyinlər mənə sud qurmuşsunuz. Onda mən müqəssirin də danışmağa haqqı varmı?
Ağa Şirəli. Var, söylə görək, nə deyəcəksən?
Molla Nəsrəddin. Ağa Şirəli, mən siz dövlətlilərə belə nəsihət etmədimmi?
Dövlətli, amandır! Özünü salma bəlayə
Fəhlə sözü haqq olsa da baxma o sədayə.
Ağa Saleh. A hiyləbaz molla, sənin bu gələcəyini biz də duymuşduq. Fəhlədə sənin sözlərini tərsinə anlamaq lazımdır.
Molla Nəsrəddin (kənara). Doğrudan da gələcəyimi duymuşlar. Görüm, bunların əlindən necə xilas oluram? (Onlara). İndi mənim barəmdə fikriniz nədir?
Vəli bəy. Mən əhd eləmişəm ki, sənin o əmmaməni bu şabalut qazanında yandıram.
Ağa Şirəli. Mən də səni xürd-xəşil edib, bu qovurma qazanında Molla Nəsrəddin qovurması bişirəm.
Ağa Saleh. Mən də Molla Nəsrəddin halvası yoğuram.
Vəli bəy şabalıd çömçəsini, Ağa Şirəli qovurma çömçəsini, Ağa Saleh halva bıçağını götürüb Molla Nəsrəddinin üzərinə hücum edirlər.
Molla Nəsrəddin. Qaradavoy, qaradavoy!
Vəli bəy. Sizlərin dövlətindən köhnə hökumət öz qaradavoyları ilə təşrif apardılar...
Molla Nəsrəddin (qoltuğundan Qafar verdiyi kağızı çıxarıb göstərir). Məni döymək olmaz! Bu möhürlü kağızı görürsünüzmü? Hünəriniz var, mənə bir çırtma vurun, hamınızı tutub çekaya salarlar.
Onlar kağızın nə olduğuna fikir verməyib, möhürdən qorxurlar.
Ağa Saleh. Molla əmi, biz səninlə zarafat edirdik.
Vəli bəy və Ağa Şirəli. Buyurunuz, bizə qonaq olunuz.
Molla Nəsrəddin. Görürəm, mənim gəlməyimdən ovqatınız təlx olubdur. Çox şadıq. Keçmiş günahlarımızı boynumuza alırıq.
Ağa Şirəli. Xeyr, xeyr. (Oxuyurlar.)
Söylədik aldatmayalım fəhləni, fəhləni,
Əldə də oynatmayalım fəhləni, fəhləni,
Yer verin azad eliyək kəndlini, kəndlini
Dəhridə dilşad eliyək kəndlini, kəndlini
Biz vəli bunlara qulaq vermədik, vermədik
Bu gələcək işləri biz görmədik, görmədik.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-molla-nesreddin-bakida-ikinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?
Üçüncü şəkilSəhnə Sadıq kişinin kumasını göstərir. Həyətdə Nazpəri corab hörür, Gülpəri paltar və Şahpəri də kömlək tikirlər. Şeytan səyyah libasında qoltuqunda bir qutu həyətə daxil olur. Qızları baş aşaqı işləyən halda gördükdə öz-özünə:Şeytan**. Nə gözəl fürsət! Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra—qızlarınızı düşmanlar aparmış—deyə fitnə salmalı... (Qızlara.) Yarəb, bunlar nə gözəl qızlardır? Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
Стихи других поэтов
Köhnə dostum M.Sadıq müəllimə*Qarışıb dünyanın yaxşı-yamanı,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Зохре и Манучехр, глава 1صبح نتابیده هنوز آفتابوانشده دیدۀ نرگس ز خواب
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,