Əvəzində
Növrəs İman:Ya mənim adımı, ya öz adını,Tut, böyük qardaşın ol əvəzində.Ayırma kənara məndən yadını,Gəzərəm dəryanı çöl əvəzində.
Abdulla:Əzizi-mükərrəm, ey nuri-eynim,Duraram əmrində qul əvəzində.Vücudi-bibəla, mühit ehtiram,Geyərəm girbasın şal əvəzində.
Növrəs İman:Əzəl iltimasım, bil, səndən budur,Aş de mətləbini, mən görüm nədir?Əgər ki, verməyə olmasa məğdur,Kəs götür başımı pul əvəzində.
Abdulla:Namə yazdın, məni saldın dərinə,Canım qurban mərd iyidin sərinə.And olsun müstafa, şərbət yerinə,İçərəm zəhrini bal əvəzində.
Növrəs İman:Elə bildim, yatıb mənim iqbalım,Qar alıb qapını, qarışıb halım.Qabağına qatmağa olmasa malım,Apar sat İmanı qul əvəzində.
Abdulla:Abdullayam, düşdüm haqqı-sayına,Qadir mövlam, fürsət vermə xayına!Döşərəm üzümü xaki-payına,Gəzərsən xanəndə pol əvəzində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/usta-abdulla-evezinde
Клавиши ← → для перехода, R — случайное стихотворение