Vaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.

Pirverdi (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...

Hacı Qurban (ayağa qalxıb). Çox xoş gəliblər, gözlərim üstə gəliblər! Pirverdi, lampanı götür get qabaqlarına. Ay uşaq, siz də itləri bağlayınız, tez, tez... Ev-eşiyim onlara qurban. (Hacı özü də gedir.)

Hacı Qurban (qıraqda). Pirverdi, necə oldu, itləri bağladınızmı? Çağırınız, tövlənin ağzını bağlayınız, tezcə ha...

Pirverdi (əlində lampa). Balaca xanım! Bəridən gəl, dərdin alım...

Camal bəy (qıraqda). Allah qonağı istərsiniz, ay hacı?

Hacı Qurban. Allaha da qurban olum, onun sizin kimi əziz qonaqlarına da... Buyurun, başınıza dönüm, buyurun, qadanızı alım... Ay uşaq, ay! O qara qoyunu kəsin, tez...

Hacı Qurban, Camal bəy və yoldaşları daxil olurlar.

Camal bəy. Qoyun-zad lazım deyil. Hacı, biz sənə yarımca saat qonağıq. Yolumuz uzaqdır, artıq qala bilməyəcəyik...

Hacı Qurban. Hələ bircə əyləşin, qoyun kəsilər, sonra işə baxarıq. Xanımlar, çox heyif olsun ki, siz bir qeyri məqamda mənim bu komama təşrif gətirməmisiniz. Neyləyim, neyləyim?.. Camal bəy, and olsun o duz-çörəyə, xanımları mən bu halda görəndə ağlamağım tutur... Neyləyim, neyləyim, Allah səbəbin evini tar-mar eləsin, yurdunu dağıtsın.

Camal bəy. Əlacım yox idi, hacı... Öyrənmişdim, öz haqqımda nalayiq söz eşitməyə tab edə bilmədim, o da düşmən qabağında... İndi naəlac qalıb, vətəndən və yoldaşlarımdan ayrılıb, balalarımın əllərindən tutub, baş götürüb bu vilayətdən gedirəm, vidaya gəlmişəm, səninlə görüşüb yola düşəm, gedəm.

Hacı Qurban. Təzə bir qorxulu iş olubdur məgər? Şükür Allaha olsun ki, naçalnikin boynuna vurub salıblar yola... Daha nə üçün vətəndən ayrılmaq istəyirsən, mən bilmirəm.

Camal bəy. Bilirəm, görmüşəm, hacı, təzə gələn Sərdarovdan da yaman olacaq, düşmən ölməyib... Hacı... Onlar qorxularından olmayan işləri mənim üstümə atıblar... Cəza dəstələri, kazaklar əhalini təngə gətiriblər, mən bais olmuşam, qala bilmirəm. Hacı, getmək lazımdır. Camaat yazıqdır, amma yoldaşlarımın adı çəkilmir, onlar qala bilərlər... Bir də hacı, insaf deyil onları vətəndən ayırmaq. Çiçəkli dağlardan, soyuq bulaqlardan necə ayırmaq olar? Mənim əlacım yoxdur, ayrılıram.

Cahangir bəy. Camal bəy, buyurursunuz bizim adımız divan hüzurunda çəkilməyib. Bağışlayın, yalandır, belə deyil... Qapılarını kəsib, əlimdə xəncər pul tələb etdiyim adamlar yəqin ki, yetiriblər yerinə. Belə olmamış da olsa, mən bir yol canımı Şahmar bəyə qurban demişəm. Ölmək var, dönmək yoxdur... Siz hara, mən də ora, nə qədər canım sağdır...

Xəlil. Ağa, bir tikə vaxtımızdan məni, İldırımı çörəkləyib saxlayıbsınız öz balan kimi. İndi çölə atmağı xahiş edirsiniz, yox, yox, öldürsən yaxşıdır, nəinki atıb getsən.

İldırım. Ayrı şey mən bilmirəm; köç iti kimi düşəcəyəm dalınıza. Ha vurun ki, qayıdacağam. Atam yox, anam yox, bir tək canımdır, o da sizə qurban, sən mənə atalıq etmisən, mən necə səndən ayrılım?..

Bəkir. Hacı! Mənim ev-eşiyimi tar-mar ediblər, var-yoxumu dağıdıblar, qalmışam quru yurdda. Bu halımda gedim hankı namərdə qısılım? Sizin kimi, Camal bəy, qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək.

Hacı Qurban. Yaşasın belə oğlanlar, belə yoldaşlar... Afərin! Analarınızın südü sizə halal olsun, balalar... Afərin. Maşallah!..

Pirverdi. Hacı! Bu cavanlar belə danışırlar ki, az qalıb mən də Gülçöhrəni boşayıb, qoşulam bunlara. Yaşasın belə oğlanlar!

Hacı Qurban. Camal bəy, görünür ki, siz doğrudan da gedəcəksiniz. Belə olanda bilirsiz, qadan alım, nə var?.. Qürbət vilayətdə sizi tanıyanadək, bir işə yapışanadək sizə pul lazım olacaq. (Cibindən dəsmalı çıxarıb verir Camal bəyə.)

Camal bəy. Hacı! Sən bizə o qədər xəcalət verdin ki, mən ölənə qədər onun altından çıxa bilməyəcəyəm. Hacı! Pulu qoy dursun yerində, qəbul edə bilmərəm.

Hacı Qurban. Camal bəy, vallah-billah, and içirəm, mən dövləti sənin sayəndə qazanmışam. Necə qəbul edə bilməzsən? Gərək qəbul edəsən.

Camal bəy. Genə təvəqqe edirəm, hacı, lazım deyil, zəhmət çəkmə, qəbul edə bilmərəm.

Pirverdi (pulu alıb). Ver bura! Mən özüm də gedirəm, Arazın yolunu məndən yaxşı bilən yoxdur, olmaz... O tayda yaxın dostlarım da var. Cahıllıqda mən də qaçaq olmuşam...

Hacı Qurban. Get, Pirverdi, sən də get, bunları bir yaxşı yerdə rahat edib, gələrsən.

Pirverdi. Buradan çıxıb o gorbagor Əliqulu xanın kəndinin yanından ötüb, hər yerdə dağ ətəyi, sabah axşama, Allah qoysa, Arazın qırağına çatarıq... İşdir, yolda bizə rast gələn oldu, başımda əmmamə, başlayacağam minacatı, guya çavuşam, Kərbəlayı müallaya züvvar aparıram.

Gülüşürlər.

Hacı Qurban (Pirverdiyə). Gör, qoyun necə oldu? Özün də hazırlaş. (Pirverdi gedir.)

Camal bəy. Allah Pirverdidən razı olsun, o bir yol bizi ölümdən qurtardı, indi də ki bizimlə getmək istəyir. İnşallah, mənzilə salamat çatarıq.

Hacı Qurban. Pirverdi dünyada tək yaranıbdır. Mən bir belə etibarlı, dəyanətli, təmiz, qoçaq insan görməmişəm, ona görə də heç bir işdə ona müzayiqə yoxdur...

Cahangir bəy. Mən görmüşəm o necə əjdahadır, mənim əlimdə tüfəng, onun belində xəncər, məni yaxın qoymadı ki, qoymadı. O kişi on adama cavab verər... onun bizimlə getməyi çox yaxşı olardı.

Şahmar bəy. Hacı, mümkün olaydı sənin və Pirverdinin xəcalətindən çıxa bileydik, qorxuram əlac olmaya.

Hacı Qurban. Allah qoysa qayıdarsınız vətənə, heç fikir etməyiniz.

Bəkir. And olsun Allaha, yola bələd olandan sonra elə bir ayağım burada olacaq. Belə yaxşılığı unutmaq olar?.. Bir də düşmənə gərək əvəz edəm, etməsəm bağrım çatlar.

Pirverdi (gəlir, başında əmmamə, əlində bayraq). Mən hazıram, kabab yeməyə macal yoxdur, ət götürmüşəm... Bizim xaraba qalmış uyezdi gərək gecə ötək.

Camal bəy (ayağa durub). Hacı! Ölüm-itimdir, bəlkə nəsib olmadı, bir də görüşmədik. Bizi halal elə! (Qucaqlayır.)

Hacı Qurban. Heç fikir etməyin, var-yoxumdan çıxıb ölənədək çalışacağam, arxayın gedin... (Kişilər ilə qucaqlaşır.)

Camal bəy. Bismillah-rəhmanir-rəhim! (Gedirlər.)

Bəkir. (qıraqda bayatı üstündə) –

Mən köçürəm, yurdum qalır viranə,
Viranə yurduma bax, ondan ağla!
Hərdən-birdən məni salıb yadına,
Xərabə yurduma bax, ondan ağla!

Ürəyim dərdlidir, sinəm yaralı,
Gözəl vətənimdən ayrılıram.
Ciyərim odludur, nəfəs qaralı,
Gözüyaşlı yarımdan ayrılıram.

Hacı Qurban ağlayır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 24

– Bu nə halətdir, ağa Dərviş, ağlayırsan?– Kərbəlayı! Bacılarımız, analarımız, tifillərimiz, qardaşlarımız əl-amanda, ac və həlakətdə. Ana döşündə aclıqdan süd kəsilib, əziz balası qucağında can verir! Vamüsibəta! Öz yerlərində, öz vətənlərində. “Tfu, bər tü, ey çərxigərdun, tfu!..”

19062 мин
Balaca mütəfərriqələr 25

– Salam əleyküm, ağa Dərviş! Oğlan, nə dərin fikrə getmisən?– Əyləş, kərbəlayı! Atam, bilirsən nə var? Səndən bir neçə sual edəcəyəm, ümidvaram ki, dürüst cavab eşidəcəyəm.

19061 мин
Balaca mütəfərriqələr 26

– Genə nə fikrə getmisən, ağa Dərviş? Bəs deyil? Məgər bilmirsən ki, el dərdi çəkənin gözlərinə qan damar? Özünü nə üçün öldürürsən, atam?– Kərbəlayı, bağışla məni, bu məsələ köhnə məsələdir və insana layiq deyil. Hər kəs el dərdi çəkməsə, müsəlman qardaş məni əfv etsin, adına öküz demək olar. Yaddan sənə yar olmaz. Əfəndim, çağır ellərin gəlsin...

19062 мин
Balaca mütəfərriqələr 27

Neçə kəlmə söz üzvlərimizə**Nuri-didələrim! Neçə gündən sonra təşrif aparacaqsınız Peterburqa. Gediniz, Allah sizə yaxşı yol versin, xudavəndi-aləm sizə yar olsun! Yolunuz uzaqdır, əfəndilərim, işiniz ağır zəhmətli. Gözümüz yolda, nicatı sizlərdən gözləyirik. Yüz ilin ərzində rus məmləkətində bir elə tayfa olmayıbdır ki, onun ixtiyaratı əlindən alınsın, o mərtəbədə nə qədər ki biz bədbəxt həmişə dövlətə müti müsəlmanıq. Ona görə zəhmətiniz həddindən ziyadə olacaq. Əvvəla o köhnə torlara ki biz düşmüşük, parə-parə etməlisiniz. Saniyən, təzə ixtiyarat tələb edib almalısınız. Bu işlərdə nə qədər fikirlər lazım!.. Zəhmət, cidd-cəhd lazım... Siz orada nə etməyi cürət edib ərz qıla bilməm. İş işi göstərəcək. Ancaq yəqinimdir ki, orada cəmi üzvlərimiz labüd gərək toplaşsınlar. Qeyri cürə ola bilməz, çünki cəmi xalqımızın dərdi müştərəkdir. Cümlənizin sədası bir gərək. Xudanəkərdə ayrılıq olsa, işlər zaydır. Gediniz mərdü mərdanə! Giriniz mərdü mərdanə meydana. Dua-sənadan sonra ərz edirəm:

19061 мин

Стихи других поэтов