Əhvalat vaqe olur Göhər xanımın otağında... Sərvinaz xanım, Göhər xanım səndəl üstə əyləşmişlər.

Sərvinaz xanım (Göhər xanıma). Allah mənim oğluma insaf versin... Neyləyim, a başına dönüm?.. Vallah, billah, savaşıram da, yalvarıram da, əlac olmur... Bir az artıq-əskik də danışanda atam, anam qalmır... Sən də vaxt-bivaxt oturub-durub deyirsən ki, gedəcəyəm, qalmayacağam. Mən başıma nə kül töküm?

Göhər xanım. Mən bu iki ilin ərzində oğlundan bir xoş sifət görməmişəm. “Mırıldama, artıq danışarsan, dişlərini tökərəm”... Rəftarı belə olub... Canım, səbrdir, zülmdür, bəsdir. İndiyədək abır, ismət saxladıb məni. İndi dözə bilmirəm. Xilas olub getməkdən suvay əlac qalmayıb...

Sərvinaz xanım. Genə səbr lazımdır, qadan alım. Nə etmək gərək? Bizim bu xaraba şəhərimizdə az adam tapılar ki, xarici qızı saxlamasın.

Göhər xanım. İş onda deyil, Sərvinaz xanım. Külfət sahibində insaf olsun, nəinki hər məqamda “çox mırıldama” desin.

Sərvinaz xanım. Göhər xanım, qurban olum sənə, bax elə götür mənim özümü. Rəhmətlik ərim həftə səkkiz, mən doqquz döyərdi məni... Hətta bir yol öldürmək də istəyirdi ki, niyə genə qız doğmusan? Qaçdım təndirdə gizləndim, tapa bilmədi... Səfdərqulunun atası da onun kimi kənarda şarlatanlıq eləyib... Axırda peşman, genə qayıtdı uşaqlarının üstünə.

Göhər xanım. Mənim axır sözüm odur ki, burada qalmayacağam, xilas olub gedəcəyəm, vəssalam.

Sərvinaz xanım. A qız, sən məni lap təngə gətirdin ki, “gedəcəyəm, gedəcəyəm”.

Göhər xanım. İki il həbsxanada qaldığım bəsdir... Sizdə gərək insaf olsun, vicdan olsun.

Sərvinaz xanım (acıqlı). Sən məni təngə gətirdin. Sən gedəndə görək qarğalar qara geyəcək, dünya bərbad olacaq? Get, Allah yaxşı yol versin... Gedəndə özünü aparacaqsan, məni də aparmayacaqsan ki! Vaxsey, qızın tərsliyinə baxa!..

Göhər xanım. İndiyə kimi həya etdiyim kifayətdir, ta dözə bilmirəm...

Nurcahan daxil olur. Göhər xanım qaçır.

Nurcahan. Bu gəlin, a qız, məni görəndə nöşün qaçdı? Mən ki, adam yeyən deyil idim... Ona mən nə yamanlıq eləmişəm? Bıy, qadan alım! Qıza bax, qıza... Vaxsey!..

Sərvinaz xanım. Cəhənnəmə gora... Mən nə bilim nöşün qaçdı... Onun ucundan yediyim, içdiyim olub haram...

Nurcahan. Vaxsey! Nə olubdur məgər? Yediyin, içdiyin nöşün olsun haram?

Sərvinaz xanım. Buna bir deyən yoxdur ki, balam, mən neyləyim, gücnən səni oğlumu istədə bilmərəm ki! Xoşuna gəlmirsən, mənim taxsırım nədir?

Nurcahan. Sərvinaz xanım, mən şahidəm və Qurana and içərəm, bu yazıq gəlin sənin evinə gül kimi təmiz gəlib və gələndən bəri evdən kənara çıxmayıb... Belə də baxanda, Allah bəndəsinin heç bir yerində eybi yoxdur, gözəl, göyçək... Görünür ki, burda bir əngəl var.

Sərvinaz xanım. Həqdən keçmək olmaz. Adamın Allahı var, gül kimi cəvanəzəndir, taxsır oğlumdadır. O xanımanı xaraba qoyan oğlumdur. Gəlində zərrəcə günah yoxdur.

Nurcahan. Belə olan surətdə, balam, yəqin ki, oğluna qurd yağı sürtüblər, ya da ki, caduya salıblar... Deyirəm, gəlsənə bir möhübbət duası yazdırasan...

Sərvinaz xanım. Yazdırmışam, əlac olmayıb... Bax, getmişəm kor mollanın yanına, on beş manat qoymuşam ovcuna, yalvarmışam... Deyib arxayın ol, arvad, tas yaxşı göstərir. Kömək etməyib... Deyiblər İrandan bir duayazan dərviş gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb.

Nurcahan. Ta, balam, əlac nədir? Bir yol təlaqın veriniz, Allah bəndəsi çıxıb getsin evlərinə. O da yazıqdır axı...

Sərvinaz xanım. Elə bilirsən ki, təlaqını verəndə kəbindən əl səkəcəklər. Heç vaxt əl çəkməzlər... Kəbin də kəbin kimi deyil ki, sayasan qabaqlarına, deyəsən xoş gəldiniz, gediniz!

Nurcahan. İndi ki belədir, qoy Səfdərqulu onu hər gün döysün, incitsin, söysün, o qədər ki cana doyub desin kəbinim halal, canım azad, yola düşsün getsin.

Sərvinaz xanım. O günlərə daş düşəydi! Biz hara bəyzadə qızı hara?.. Məgər ona əl vurmaq olar? Hay, hay...

Nurcahan. Şəhərimizdə göyçək qızlar az idimi? Sizə nə düşmüşdü gedib bəy qızı aldınız?

Sərvinaz xanım. Nə bilim ki, iş belə olacaq. Dedim ki, oğluma bir nəcib yerdən qız alaram, o da kənarda gəzib, var-yoxunu dağıtmaz...

Nurcahan. Hər nə isə, yazıq arvad, yamanca bəlaya düşmüsən...

Sərvinaz xanım. Nə qədər ki, onun qoca dayısı gəlməmişdi, dinməz-söyləməz dolanırdı. O gələndən bəri qız dönüb od-alova... Qorxudan evə də gələ bilmirəm.

Nurcahan. O qoca evdə isə, çağır gəlsin görək o nə deyir... Bəlkə onun əlinən kəbindən əl çəkdirək.

Sərvinaz xanım. Yaman adamdır... Ağzından od tökülür, danışdırmalı qoca deyil... O saat ölkəni qarışdırır bir-birinə.

Nurcahan. Mənə də Nurcahan deyərlər, qorxma, çağır gəlsin. Ona bir dil tökərəm ki, özü də məhəttəl qalar.

Sərvinaz xanım. Yaxşı, çağırım... (Qapıya tərəf gedib.) Nurəddin əmi, ola bilərmi buraya zəhmət çəkəsən?

Nurəddin ağa (daxil olub). Mən Nurəddin... Nə buyurursunuz?

Nurcahan. Mən Səfdərqulunun xalasıyam, səninlə bir mətləb üstə danışmaq istəyirəm.

Nurəddin ağa. Buyura bilərsiniz...

Nurcahan. Ağa, sən bir dünyagörmüş, hər bir işlərdən xəbərdar adamsan, gərək cahillərə ögüd, nəsihət edəsən, ta ki bu evdə rahatlıq olsun və bu yazıq arvad təngə gəlməsin.

Nurəddin ağa. Kim bu evdə təngə gəlib, kim? İki ilin zamanında dörd divar arasında bu evdə dustaq olan kim? Hay, hay! Hələ şikayət də edirsiniz?

Nurcahan. Olan olub gedib, ağa... Bizim böyüyümüzsən, yol göstər bizə, o yolnan gedək...

Nurəddin ağa. Mən buraya gələn günü işlərdən xəbərdar olub Səfdərquluya dedim: oğlum, ömrə zarafat gözülə baxmaq yaramaz, ağlını başına yığ, gələcəyə bax. Atan bir quru balıq başına qane olub, dinini-imanını satıb, dövlət qoyub gedib, badi-fənaya vermə. Bir o dedi, bir mən dedim, axır sözü bu oldu: “Az danış, yoxsa çürük dişlərini tökərəm”.

Sərvinaz xanım. Bilirsən, atam, nə var?.. Səfdərqulunu mən dörd qızdan sonra tapmışam. Onun tək olmağına görə mən onu bir az ərköyün saxlamışam. Ona görə, mən ki, anayam, dünya dağılsa, mən o sözləri ona demərəm... Atasının malıdır, dövlətidir, istər saxlasın, istər dağıtsın...

Nurcahan. Ay ağa, məgər sən özün cahıl olmamısan? Axır hər kəsin bir nəqasası olar. Səfdərqulu cahildir, gec-tez qayıdar öz yoluna...

Nurəddin ağa. Bu sözlərin bizə dəxli yoxdur... Mən Göhəri əli qoynunda qoyub gedə bilmərəm.

Nurcahan. Bəs biz arvad olmamışıq? Vallah, döyülmüşük də, söyülmüşük də, amma ayaqlarımızı altımıza yığıb səbr etmişik...

Nurəddin ağa. Bacım, bircə mənə de görüm hansı arvad qəbul edər ki, onun sahibi onu bir otaqda qoyub, o biri otaqda bir qeyrisi ilə eyş-işrətə məşğul ola... Sən özün belə naməbut hərəkəti öz ərindən görsəydin, nə edərdin?

Nurcahan. Ona deyərdim canın çıxsın, gözlərin tökülsün, get hər nə bilirsən elə. Həlvət ağzıyın, gözləriyin suyu tökülə-tökülə geri gələrsən. Mən belə deyərdim.

Nurəddin ağa. Bacı, mən də indi xərabatıyam, zənənlərin ruhundan xəbərdar... Belə məqamlarda arvadlar da dinc olmazlar, amma bizim qız səhvən bəlaya düşmüş. Gör nə mərətəbədə həyalı, qeyrətli yaranmışdır ki, indiyədək ləkəsiz qalıb, səbr edib dayanıb.

Xəlil daxil olur, əlində zənbil.

Xəlil. Salam əleyküm, xozeynim buraya gəlməyib? Bir saatdır onu axtarıram, tapa bilmirəm.

Sərvinaz xanım. Onu axtarıb neyləyirsən, qoçaq?

Xəlil. Nə bilim, a başına dönüm? Lotular genə yığılıblar Roza xanımın qulluği-şərifinə. O da mənə deyib get bu saat Kotiki tap, iyirmi portağal, üç girvənkə jarenni püstə, altı butulka kaxetinski, alma, armud al gətir gəl...

Sərvinaz xanım. A gədə, qodux kimdir? Roza xanım nəçidir? Nə söyləyirsən?

Xəlil. Roza xanımı ki, sən yaxşı tanıyırsan... Oğluyun aşnası, yəhudi balası. O zalım qızı deyir ki, Səfdərqulu yaxşı ad deyil, xoşuma gəlmir. Onun adı bundan sonra gərək Kotik qalsın, yəni balaca pişik balası.

Nurcahan. Vaxsey, Səfdərqulu olub qodux?.. Bıy, qadam ağzına, kafir qızına bax a, a!.. Qodux özünsən, məlun!.. Atandır, anandır...

Nurəddin ağa. Din-imanını satıb dövlət, sərmayə qoyub gedən kişi, dur qəbirdən bax gör xanimanını necə bərbad olur... Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolda tarac olur sərmayə...

Nurcahan. Əmi, görünür sən bizim şəhər əhlinin işlərindən bixəbərsən. Hərgah bilseydin, onda Səfdərquluya şükür elərdin.

Nurəddin ağa. Bacım, nəinki bu şəhərin, tamam vilayətinizin halından xəbərdaram... Şükür etmək gərək ələlxüsus İravanda Səlim ağa, Qarabağda Əliqulu xana, Lənkəranda Məhəmmədtağı xana, Badkubədə Zəki oğluna, Dadaş oğluna, genə də filana-filana... Ey başlarında tozca ağlı olmayanlar, bir natəmiz arvadlardan ötəri şahanə mülkləri badi-fənaya verdiniz. Xalqınız, ölkəniz yolunda kəsdiyiniz qurbanlar hanı? Fəqir-füqəraya köməyiniz hanı?

Xəlil. Doğrudur, canım, doğrudur. Haqdan keçmək olmaz. Bərəkallah, qoca, ağlına qurban olum sənin, qoca.

Heydər (daxil olur). Cənab ağa genə yerdən, göydən dəm vurur. (Xəlilə.) Sən burada nə qayırırsan? Bu gün qonaqlarınız kimlərdir?

Xəlil. Ərz eləyim: biri Məşədi Qurban, yanında ruhirəvannı Olqa xanım. Biri Kərbəlayi Qulam, yanında nazlı Marqarita. Biri Hacı oğlu, qoltuğunda Maşka xanım.

Heydər. Elə isə, balam, durma get, yoxsa Roza xanım dədənə od vurar.

Xəlil. Yaxşı deyirsən, gedim görüm ağa Kotiki haradan taparam, Roza xanımın hökmünə necə əməl edərəm.

Heydər. Adə, Roza xanım Səfdərquluya “Kotik” deyir. Barı sən o adı onun üstünə qoyma, yoxsa camaat arasında adı Kotik qalar, rüsvay olub gedərik.

Xəlil. Zalımın qızı qoyur məgər? Buyurur ki, bir də Səfdərqulu desən, o saat səni raşot elərəm. O ad, deyir, məndən sonra gərək yadigar qala...

Heydər. Ta rədd ol get işiyin dalıncan!..

Xəlil gedir.

Heydər. Hm... Ağa, başla görək.

Sərvinaz xanım. Kişi qara geyib qan ağlayır ki, müsəlman əlində olan dövlət puç olur natəmiz yolda, xarici qızların uğrunda. Bu dövlətdən millətə, füqəraya kömək olunmur.

Heydər. O qızları ağa görməyib. Hərgah görsə, özü də o yolda şəhid olar, imanım haqqı...

Nurəddin ağa. Sən mənim sözlərimi qanmayıb hədyan eləyirsən. Ağıllı danış, namərbut... Bircə mənə de görüm halınız bu qərar ilə davam etsə və sizin qızlarınız bir naməşru iş görsə, onda kimdir müqəssir, biqeyrət, binamus həşərat, kimdir?

Nurcahan. Qoyunuz bir qəribə əhval mən sizə nağıl edim. Neçə gün bundan əqdəm getmişdim Ağa Cəfərgilə, girdim otağa, gördüm onun arvadı Gülbacı Rusiyət libasında öz-özünə danışır: “Razdivay pajalskə”. Soruşdum, a qız, dəli olubsan nədir? Nə danışırsan? Dedi neyləyim, başına dönüm, Nurcahan xala? Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Gedirsən xarici qızlarının yanına, adama elə naz-qəmzə edirlər ki, adamın ağlı başından çıxır... Elə danışırlar ki, adam valeh olur, bir portağal təklif edəndə deyirlər: “Jiri pajalskə”. Paltarlarını soyunmaq istəyəndə deyirlər: “Razdivay pajalskə”, yəni paltarlarımı soyundur, çəkmələrimi çıxart... İndi mən də öyrənirəm, əmi oğlum gələndə deyəcəyəm: “Razdivay pajalskə”, “isnimi pajalskə”. Bir alma da saxlayacağam, verib deyəcəyəm: “Jiri pajalskə”. Onda deyirəm bəlkə o mürtəd balalarından əl çəkib evdən qaçmasın.

Nurəddin ağa (qalxıb ayağa). Vay, vay! Nə yaman bədbəxtçilik, nə yaman müsibət! Xeyr, xeyr, canım, bu xarabadan baş götürüb qaçmaq gərək... Cənab Heydər, qalx ayağa, gedək şəriətxanaya. Bizə nə kəbin, nə cehiz lazım deyil. (qolundan tutub dartır.) Mən bir gün də burada qalmayacağam. (Gedirlər.)

Nurcahan. Sərvinaz xanım necə gördün məni? Buyurdu bizə nə kəbin, nə cehiz lazım deyil. Gözümüz aydın olsun, indi gəl görüm bozbaşdan-zaddan nəyin var. (Gedirlər.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 29

Dərvişin fəryadı**Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?..

19062 мин
Balaca mütəfərriqələr 30

– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.

19062 мин
Balaca mütəfərriqələr 31

Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.

19062 мин
Balaca mütəfərriqələr 32

– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?

19061 мин

Стихи других поэтов