Əfradi-əhli-məclis

Hüsenyəli xan
Bədircahan bəyim
Qulam.
Cavad bəy
Mirzə Həbib
Hacı Sadıq
Leyla xanım
Züleyxa xanım
Yusif.
İbrahim
Vəli kişi

Vaqe olur Hüseynəli xanın otağında. Xan və Bədircahan bəyim əyləşiblər səndəli üstündə.

Bədircahan bəyim. Allah sənin insafını kəssin, kişi! Yazıq qızı o məqama gətirdin ki, evdən qoyub qaçdı, gecə-gündüz gözlərindən yaş tökür...

Xan. Atasının əmrindən çıxan qıza hələ o da azdır. Elə qızın boğazına çatı salıb öldürmək də olar.

Bədircahan bəyim. Səndə insan sifəti bilmərrə yoxdur. Sən cəlladsan. Sən kiminlə əlləşirsən, de görüm? Bacarmazsan kişi, bu zaman o zaman deyil... Farağat otur yerində, yoxsa bəlaya düşərsən...

Xan (acıqlı). Çox qudurma, arvad. Atamın ərvahına and olsun, Zəhranın acığını səndən alaram...

Bədircahan bəyim. Vurram, öldürrəm, basaram, kəsərəm, boğaram... Bundan savay sən tamam ömründə hələ bir şey qanmamısan... Elə sözləri bəlkə Nikalay zamanında deyə bilərdin, indi nəfəsini də çəkə bilməzsən.

Xan. Əstəğfürullah! Lənət sənə kor şeytan ha! Arvad, səsini kəsməzsən?

Bədircahan bəyim. A kişi, bircə ağlın, insafın olsun, yazıq balam səndən ancaq xeyir-dua gözləyir, sözün nədir?

Xan. O məni dost-aşnalar yanında, qohum-əqrəba arasında rüsvay elədi, Allah ona lənət eləsin.

Bədircahan bəyim. Allah sənin özünə lənət eləsin ki, o təhər qızı vadar elədin qoşulub qaçmağa... Dünyayi-aləmi qarışdırdın bir-birinə... Camaatı bizə güldürdün, başı aşağı elədin, heç nahaq yerə... Genə də lənət sənə...

Xan. Arvad, bəsdir. Arvad, sən ki məni yaxşı tanıyırsan, bilirsən ki, bir yol hirsim vurdu başıma, əlimə düşəni parçalaram... Səsini kəs...

Bədircahan bəyim. Ciyərim odlanır, nəfsim darıxır, danışmaya bilmərəm... Zəhradan əl çəkək, a kişi, Allaha bax. Bir belə inadlıq olmaz ki, sən eləyirsən... Zəhra əvvəl-axır bir oğlana gedəcəkdi, ya yox? Axı Səfiqulu Mikayılın əlinə su tökməyə layiq deyil...

Xan. Səfiqulu mənə taydır, çoban oğlu mənə tay ola bilməz!.. Onunla qohum olandan sonra ayağı çarıxlı əqrəbası gələcəklər qulluği-şərifinə... Əyləşəcəklər yuxarı başda. Sən özünü ona tay edə bilərsənmi? Sən nahaq yerə zəhmət çəkirsən, arvad. Cəmi qohum-əqrəba, dost-aşnalar töküldülər üstümə, yalvardılar, qoymadılar məni o motalpapaq çobanın yurdunu tar-mar edəm...

Qulam (daxil olub). Ağa, bir neçə nəfər gəlibdir, sizi görmək istəyirlər.

Xan. Gəlsinlər... A arvad, sən dur buradan get...

Bədircahan bəyim gedir. Cavad bəy, Mirzə Həbib, Hacı Sadıq, Vəli kişi, tələbələr: İbrahim, Yusif, Züleyxa, Leyla daxil olurlar.

Cəmən. Salam əleyküm!

Xan. Əleykümməssalam! Cavad bəy, genə nə olubdu məgər? Yoxsa eşitmişsiniz ki, mənim mülk-maşımı əlimdən alıblar və tamam təmiratlarımı əlimdən çıxarırlar, ona görə gəlmişsiniz mənə başsağlığı verməyə?

Mirzə Həbib. Şükür Allaha, sizə nə olubdur ki, başsağlığı verək? Canın sağ olsun...

Xan. Bəs nə işdən ötəri təşrif gətirmişsiniz?

Cavad bəy. Xan, cənabınıza məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. Biməna, nahaq yerə... Bu biməna ədavətin yox olmağı bağlıdır cənabınıza... Bir dəfə buyursanız ki, iş qurtarıb. Sakit olsun, şək yoxdur, cəfakarlığa yer qalmaz... Bu barədə səndən rica edirik...

Mirzə Həbib. Xan, ədavətin davam etməyi hər iki tərəfə ziyandır. Bir də iş qurtarıb gedib... Nə lazım olub işi uzatmaq?..

İbrahim. Biz səkkiz nəfər tələbə “Mikayilliyyə” azarxanasında işləyirik. Çifayda, o həkim ki biz onun rəhbərliyində elm oxuyuruq, Səfiqulu xan onun haqqında böyük cəbr və cəfakarlıq edir... Hətta o dərəcədədir ki, öz azarxanasına gəlib-gedə bilmir... O günləri bir azarlını təşrif edən zaman bir yekə daş atdılar, o daş pəncərəni sındırıb dəydi Zəhra bəyimin çiyninə. Yaxşı ki, başına dəymədi... Yoxsa böyük xəta ola bilərdi... Cənabınızdan rica edirik, belə xətalardan bizi xilas edəsiniz... Ta ki biz rahat öz işimizə məşğul ola bilək...

Vəli. Xan ağa, mən Hacı Osmanın çobanıyam... Neçə gün bundan irəli Səfiqulu xan öz dəstəsi ilə gəlib, basqın eləyib bir çobanımızı yaralayıbdır... Əlli, altmış qoyunumuzu qırıb gedibdir. Vallah, bir elə köpəyimizi öldürüblər ki, o köpəyin əvəzində olardan üç-dördünü qırsaydıq, genə ürəyimiz dincəlməzdi... İş belə getsə, o köpəyin qanını biz yerdə qoymayacağıq...

Xan. Səsini kəs, heyvərə! Baxınız, belə heyvanlar ilə qızım məni qohum eləyib...

Hacı Sadıq (Vəliyə). A kişi, dəlisən, nədir, otur yeridə, axmaq...

Mirzə Həbib. Çoban ki, çoban... Belə vücuddan artıq nə gözləmək olardı?.. Axmağın biri...

Leyla xanım. Xan, cəmi bəşər, nəbatat, heyvanat arasında şəfqətsiz bir təbii qanun var: biri mübarizə əmridir, biri övladın baqi qalması uğrunda mübarizə və buna bağlı övlada biixtiyar məhəbbət... Bu qanuna görə siz Zəhra bəyimi sevməlisiniz, sevirsiniz və heç bir halda o məhəbbətdən əl çəkə bilməzsiniz... Nə qədər acıqlı olasınız, genə o qanunun altından qaça bilməzsiniz. Ölənədək: Zəhra, qızım, – deyib bağrınıza basacaqsınız. Belə olan surətdə çağırınız Zəhra bəyimi, ona xeyir-dua veriniz, Allah da sizdən razı olsun... Bununla bərabər ədavəti də aralıqdan götürünüz...

Yusif. Xan! Dünyada həkimanə, insana layiq rəftarın əvvəlinci şərti güzəşt etməkdir. Belə olmasa, xan, dünyada daş-daş üstə qalmazdı. Aləm bir-birinə düşmən olardı... Bizim yoldaşlar Mikayıl, Zəhra bəyim namünasib iş görməyiblər... Günah sahibi deyillər. Ona görə rica edirik ki, siz də həkimanə, şəfaətli olub köhnə işlərdən əl çəkib, güzəşt edəsiniz...

Züleyxa. Xan, insanın qiyməti onun əməlinə görədir... Xan, bağışlayasınız, Səfiqulu xanın halından, işlərindən müxbir olduq, belə qət elədik ki, onun qiyməti ikicə quruş da deyil... O ki qaldı Mikayıla, ona qiymət qoymaq olmaz... O gecə-gündüz azarxanada fəqir-füqəraya müalicə edib, bimənzur zəhmət çəkir... Xan, Şah Təhmasib babamızın zamanı keçib, güzəşt ediniz... Ədavəti puç ediniz... Mikayıl ilə bərabər azarxanada çalışanların biri də Zəhra bəyimdir... Onun xatirinə dəymək günahdır...

Xan. Bu balaca xanımın buyurmağına görə, mən köhnələr cümləsində oldum. Haqdır. Bizim ərənlərimizdən bizə irsdir: bir söz ki, ağzımızdan çıxdı, qurtardı getdi. O sözdən qaçmaq, ya o sözü dəyişmək ola bilməz... Səməd xana mən söz vermişdim ki, qızım Zəhranı verəcəyəm onun oğlu Səfiqulu xana... Zəhra mənim əmrimdən çıxıb getdi, bir qeyri oğlana yoldaş oldu. Ona görə ta o mənim evimə qayıda bilməz. Doğrudur, var-yoxum əldən gedib, amma nəslim itməyib və itə də bilməz. Məni öldürmək olar, həbsdə çürütmək olar, amma adımı dəyişmək olmaz.

Cavad bəy. Xan, eşitdiniz bu balaca xanımların nitqlərini? Beş-altı il bundan əqdəm mümkün olardımı bir belə məqam, bir belə halət? Xeyr, ağla da gəlməzdi... Bu nədir bəs? Nə əlamətdir? Buna təzə əsr deyirlər... Xan, Şərq oyanıb... Qara buluddək asimanda bərq şəfəqilə, göy gurultusu ilə nərə çəkib irəli gedir... Dayanmaz! O yerişi dayandırmaq mümkün olmayacaq. Nə xan, nə bəy, nə dərviş, nə seyid, nə molla, nə qazi, nə müctəhid, nə padşah... Əkinçi qardaşlar min ildən artıq zülmətdə, cəbr altında qalıb. İndi inqilabdan sonra gözlərini açıb, ixtiyarların qanıblar... İşçilər bədəstur elə... Oların gələcək yolları işıq, parlaqdır... Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... Xan, qoy köhnələr yansınlar, batsınlar... Cavanlarımız ayıq olub, çox yaşasınlar. Sazəndələr, qurban sizə, marş!..

Səhnənin dalında marş çalınır, cift-cift gedirlər.

Xan (tək). Qızım Zəhra, təzə əsr məni məğlub etdi. Gəl! Gəl, qızım, gəl ayaqlarından öpüm... Gəl... Taxsırımdan keç... Gəl, balam, gəl, əziz balam... (Bihuş yıxılır səndəli üstünə.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов