Страница 2 из 2 · 50%

Dara düşübsən Koroğlu,
Yetişdik, budu yetişdik.
Hara düşübsən Koroğlu,
Yetişdik, budu yetişdik.

Aldı Koroğlu:
Yaxşı yetişdiz dadıma,
Bəlli Əhməd, Dəli Həsən.
Bəlkə çatam muradıma,
Bəlli Əhməd, Dəli Həsən!

Dəli Həsən:
Ağcaquzum şuqutmağa,
Düşman qanın axıtmağa,
Bu zindanı dağımağa,
Yetişdik budu yetişdik

Koroğlu:
Peymanamdı dolha-dolda,
Halqa zəncir bağlı qolda,
Məhbub, Şirin gözü yolda,
Bəlli Əhməd, Dəli Həsən!

Bəlli Əhməd:
Misri qılınclar toyladıq,
Dərin dəryalar boyladıq,
Keşikçiləri qoyladıq,
Yetişdik, budu yetişdik.

Koroğlu:
Koroğlu qaynayıb coşa,
Şeşpəri getməyə boşa,
Qaça qabağından paşa,
Bəlli Əhməd, Dəli Həsən!

Dəlilər Koroğlunun qollarını açıb, zindandan çıxartdılar. Koroğlu dedi:
– Gedək, Qıratı tapmaq lazımdı.
Deyirlər Koroğlu zindana düşəndə Məhbub xanımla Şirin xanım onun qılıncını, qalxanını gizlədib, Qıratı da ot-ələf verib saxlayırdılar.
Koroğlu dəlilər ilə Məhbub xanımın yanına gəldilər. Koroğlu
Məhbub xanımı görəndə aldı, görək nə dedi:

Yolum düşüb Çənlibelə,
Məhbub xanım, Şirin xanım.
Geyin gedək bizim elə
Məhbub xanım, Şirin xanım.

Aldı Məhbub xanım:
De görək, bu nə səfərdi,
Ay Koroğlu, ay Koroğlu,
Paşa bundan bixəbərdi,
Bay Koroğlu, bay Koroğlu...

Koroğlu:
Qızıb çəkərəm haşanı,
İndi qılın tamaşanı,
Bir muy saymaram paşanı,
Məhbub xanım, Şirin xanım!

Aldı Şirin xanım:
Düşman səndən qisas alar,
Meydan açıb, qılınc çalar,
Axan qanlar axır olar,
Çay Koroğlu, çay Koroğlu.

Koroğlu:
Koroğlu mayıl saçına,
Gözəlliyin şux tacına.
Qarğalar neylər laçına,
Məhbub xanım, Şirin xanım!

Məhbub xanım:
Gözəllər qadanı ala,
Eşqin dəryasına dala,
Qorxuram əməyin ola,
Zay Koroğlu, zay Koroğlu!

Koroğlu ayağa qalxdı. Qılınc bağladı, qalxanını keçirdi. Qıratın belinə qalxdı. Dəlilər də atlandılar.
Koroğlu üzünü dəlilərə tutub dedi:
– Bu yolda iyidlik, mərdlik göstərmisiniz. Məhbub xanımı, Bəlli Əhməd, sənə, Şirin xanımı da, Dəli Həsən, sənə verirəm. Götürün gedək.
Bəlli Əhməd Məhbub xanımı Ağcaquzunun tərkinə, Dəli Həsən
də Şirin xanımı Düratın tərkinə çəkib yola düşdülər. O tərəfdən
keşikçilərdən salamat qurtaranlar özlərini paşaya yetirdilər, dedilər:
– Çənlibeldən iki atlı gəlmişdi. Koroğlunu da zindandan çıxartdılar.
Paşa hökm elədi. Qoşun gecə gözü atlandılar yola düşdülər. Koroğlu gördü qoşun yetişir, aldı görək nə dedi:

Misri qılınc alın ələ,
Siz o yandan, mən bu yandan,
Al qanı döndərək selə,
Siz o yandan, mən bu yandan.

Paşanın qəddini bükək,
Başlar kəsib yerə tökək,
Müxənnətə qılınc çəkək,
Siz o yandan, mən bu yandan.

Dönüm mərd iyid başına,
Gəldiz Koroğlu xoşuna,
Qan udduraq bu qoşuna,
Siz o yandan, mən bu yandan.

Söz tamam oldu. Üç nəfər özlərini qoşuna vurdular. Gecə vaxtı Koroğlu bir yandan, Bəlli Əhməd bir yandan, Dəli Həsən də bir yandan qoşunu qırmağa başladılar. Koroğlu hərdən nərə çəkib qılınc vuranda qoşun əhli qorxusundan ağacda yarpaq əsən kimi əsirdi. Axırda dəlilər qoşunu yarıb aradan çıxdılar. Məhbub xanım Bəlli Əhmədin, Şirin xanım da Dəli Həsənin tərkində üz Çardaxlı Çənlibelə qoydular.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов